XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

31 May 2016 - 15:57

Pəhləvilikdən Qacariyyəyə yüzillik yol:İran özünə qayıdır

 

Mahabad şəhəri sakinləri qarşısında çıxış edən İran prezidenti H.Ruhani bildirib ki, ölkə ərazisində yaşayan bütün mili azlıqların nümayəndələri öz dillərini öyrənmək imkanı əldə etməlidirlər.

Strateq.az-ın “Trend”-ə istinadən bildirdiyinə görə, məlumatı IRINN agentliyi yayıb.

Məlumata əsasən, prezident İran Administrasiyasının Təhsil Nazirliyi ilə birlikdə Konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması məsələsini yenidən gözdən keçirdiklərini etiraf edib. Bu isə o deməkdir ki, cənub qonşumuzda artıq digər azlıqlar kimi, Azərbaycan türkcəsinin də inkişafına imkan veriləcək. Zira 15-ci maddədə belə deyilir: "İranlıların rəsmi dili farscadır. Dərs kitabları və rəsmi yazışmalar bu dildə yazılmalıdır. Ancaq media və məktəblərdə fars diliylə yanaşı, digər dillərin də istifadəsi sərbəstdir "

Bəs, bu hədəfin reallaşdırılması nə qədər mümkündür? Azərbaycan xalqı qarşısında açılan bu perspektivə ümid bağlaya bilərmi?

Fikrimizcə, bu suala iki aspektdə cavab axtararsaq, doğru nəticəyə gəlmək olar:

1. İranda milli azadlıqların tarixi;

2. Bugünkü durumun tələbləri.

 

İranda milli azadlıqların tarixi

 

İranda tarixən milli azadlıq problemi yaşanmayıb. Təsadüfi deyil ki, Məmməd Əmin Rəsulzadə 1915-ci illərdə qələmə aldığı məqalələrindən birində Cənubi və Şimali Azərbaycan türklərinin qarşılarında dayanan problemlərdən bəhs edərkən, Arazın o tayındakı qardaşlarımızın bizdən fərqli olaraq, qarşılarında sadəcə siyasi problemlərinin dayandığını, İranın demokratikləşməsiylə bu məsələnin də öz həllinə qovuşacağını yazırdı.

Böyük mütəfəkkirin bu inamı səbəbsiz deyildi. 1925-ci ilə qədər indiki İran coğrafiyasının hakimi qacarlar idi. Hətta ölkənin adı da rəsmi sənədlərdə Qacariyyə kimi göstərilir, bir növ, türk xalqına məxsus torpaq olaraq xarakterizə edilirdi.

Qeyri-rəsmi sənədlərdə isə Məmaliki-Məhrusə ("Qorunmuş məmləkətlər") adından da istifadə olunurdu. “Məmalik” kəlimə olaraq, ərəbcə "məmləkət" sözünün cəm şəkilçisi qəbul etmiş formasıdır. Yəni "məmləkətlər" deməkdir. Bir ölkədən məmləkət kimi yox, məmləkətlər olaraq bəhs edilməsinin altında yatan hikmətə nəzər salanda, indiki terminlərlə desək, federativ dövlət quruluşundan söhbət getdiyini anlaya bilərik. Yəni Qacariyyə, bir növ, federativ dövlət idi. Onun ərazisi bir çox vilayət və əyalətlərdən təşəkkül tapırdı. Əyalətlərə Azərbaycan, Xorasan, Fars, Kirman və Bəlucistan məmləkətləri daxiliydi. Digər məmləkətlər isə vilayət statusu daşıyırdı. O dövrdə rəsmi konstitusiya olmadığından, dövlətin rəsmi dili də yox idi və hər məmləkət öz dilində danışır, mədəniyyətini inkişaf etdirirdi. Sözsüz ki, belə şəraitdə İran xalqının siyasi azadlıqlarını təmin etməsi, Məmməd Əmin Rəsulzadənin dediyi kimi, bu ölkənin müasir dünya dövlətləri sırasında yer alması üçün yetərliydi.

Nə yazıq ki, 19-cu əsrin sonlarından etibarən, qlobal imperializmin Şərq xalqlarını müstəmləkəyə çevirmək niyyətilə regiona təlqin etdiyi separatçı millətçilik ideyaları özünü dəyişdirmək, müasirləşmək və sənayeləşmək hədəflərini qarşısına qoyan Qacariyyəyə də öz zərbəsini vurdu. Hindistandan ta İstanbula qədər müxtəlif türk xalqlarının regional hegemonluğuna qarşı yürüdülən bu siyasətin nəticəsində 1925-ci ildə Qacariyyə süquta uğradıldı, yerində farsçılığı əldə rəhbər tutan Pəhləvi hakimiyyəti quruldu.

Pəhləviliyin İran coğrafiyasına gətirdiyi yeni düşüncə isə "Məmaliki-Məhsurə"nin yüz illərlə formalaşan etnik xarakterinə yad idi. Nədən ki, bu coğrafiyada farsçılığın hegemonluğu nəticəsində ölkənin 60%-dən çoxu azlıq statusuna düşürdü. Eynilə Suriya və İraqda tətbiq olunan bu siyasət İranda xüsusi etirazla qarşılanırdı. Çünki Suriya və İraqdan fərqli olaraq, İran ərazilərində yaşayan türklər əsrlər boyu bu coğrafiyada yaranan dövlətlərin qurucu subyektləri idi və birdən-birə idarə olunan, dilinə, milli mədəniyyətinə əl uzadılan azlıq halına gəlirdilər. Təbii ki, heç bir ağa qul olmaq taleyiylə asan razılaşmazdı. İran türkləri də razılaşmaq istəmirdilər.

Bu gün bir çoxumuzun fəxrlə dilə gətirdiyi Cənubi Azərbaycan türklərinin 1 əsrdə 4 dəfə inqilab etməsi faktı coğrafi xarakterə yad düşüncənin yerli sakinlərə zorla qəbul etdirmək istəyinə təpki olaraq doğurdu…

Nəhayət, 1979-ci illərə qədər davam edən bu zorakı farslaşdırma siyasəti nəticə verməyincə, İran İslam İnqilabının toxumları yetişməyə başladı. Nə qədər despotizm və imperializmə qarşı şüarla ortaya çıxsa belə, bu inqilabin ilk dövrlərində milli azadlıqlar mövzusu da ön planda idi. Digər inqilablar kimi…

İnqilabi proseslərdə fəal iştirak edən, hətta inqilab rəhbəri Xomeyniyə “böyük ayətullah” statusu verərək, ölümdən və həbsdən qoruyan dövrün ən nüfuzlu din adamı Şəriətmədari açıq şəkildə milli azadlıqlar məsələsini ortaya qoyur, türklərlə yanaşı, bəlucların, ərəblərin və başqa xalqların haqlarını müdafiə edir və yenidən Qacarlardan qalma Məşrutiyyətə (Konstitusiya) qayıtmağa, vilayət və əyalət sisteminin bərpasına çağırırdı. Bu, əslində İranın 55 illik öz məhvərindən uzaq düşməsinə etirazın ən yüksək tribunalardan yüksələn səsi idi…

İranın yeni siyasi iradəsi, faktiki olaraq, Qacariyyə sisteminə qayıtmağı tələb edən Şəriətmədarini aradan götürməyi bacarsa da, onun dilə gətirdiyi prinsiplərə boyun əydi, sözdə olsa belə, bu prinsipləri yerinə yetirmək, bu gün Həsən Ruhaninin üzərində dayandığı Konstitusiyanın 15-ci maddəni qəbul etmək məcburiyyətində qaldı.

Bununla belə, azlıqlara milli azadlıqlar verən 15-ci maddə indiyə qədər də ya tam olaraq həyata keçirilmədi, ya da gözdən pərdə asmaq xətrinə formal islahatlar aparmaqla kifayətlənildi. 15-ci maddənin bu cür gözdən uzaq tutulması isə əsasən 2 amillə əsaslandırıldı. Başlıca amil islami vəhdət prinsipi idi.

İnqilabdan sonra Xomeyninin müvəqqəti baş nazir təyin etdiyi Mehdi Bəzirganın mövzuyla əlaqədar görüşlərini ifadə etdiyi məqaləsində aşağıdakı sətirlər dindən milli şovinizm üçün necə istifadə olunduğunun açıq dəlilidir: "Milliyyətçilik və milli duyğularla yaşama, inqilaba və İslama qarşı olmaqla eyni mənaya gəlir… Bu düşüncə İrançılığı inkar etmək və vətənsevərliyi pis fikir kimi göstərmək, inqilaba qarşı olmaq deməkdir."

Bəzirganın bu sözləri xalq arasında ciddi fikir ayrılığına səbəb olunca, əks-inqilabi proseslərin başlaya biləcəyindən çəkinən Xomeyni dərhal ortaya çıxmış, həm onun, həm də narazı kütlənin fikirlərinə haqq qazandıraraq, xalqı sakitləşdirməyə çalışmışdı. İslam dinində, həqiqətən də, millətçiliyin yeri olmadığını deməklə yanaşı, o, həm də İranın etnik mozaikadan ibarət olduğunu qəbul edirdi: "İranda var olan qövmlər – lor, türk, bəluc və başqaları iki dildə danışan müsəlmanlardır".

Maraqlıdır ki, dini ehkamlardan istifadə edən fars şovinizmi nədənsə, Quranın nazil olduğu ərəbcəni deyil, farscanı dövlət dili elan edir, bu da azmış kimi, ölkədə yaşayan ərəbləri belə, assimilyasiya etmək siyasətindən geri qalmırdı.

İslam inqilabından sonra ciddi müzakirə predmetinə çevrilən milli azadlıqlar məsələsi 22 sentyabr 1980-ci ildə başlayan 8 illik İraq müharibəsi bəhanəsilə gündəmdən tamamilə çıxarıldı. Bütün diqqətlər vətənin müdafiəsinə yönəldiyindən, İran xalqı bir də bu barədə müharibədən sonra düşünməyə macal tapdı. Buna baxmayaraq, Haşimi Rəfsəncaninin hakimiyyəti dövründə belə bəzi mədəni islahatlar həyata keçirilsə də, əsas diqqət müharibənin vurduğu iqtisadi zərərləri aradan qaldırmağa yönəldi. Beləcə, İran rejimi indi yeni  – adına siyasi amillər deyə biləcəyimiz bəhanələrlə milli azadlıqları verməkdən imtina edirdi. Az sonra SSRİ-nin dağılmasıyla Şimali Azərbaycanın müstəqilliyini qazanması da "ölkənin bütünlüyünü qorumaq istəyən" hökumətin bu sahədə ciddi addımlar atmasını əngəlləyirdi.

1997-2005-ci illərdə başlayan Məhəmməd Hatəmi dövrü yenə milli azadlıqların verilməsi üçün ümid yerinə çevrilmişdi. Çünki Hatəmi hakimiyyətə milli azadlıqları qəbul edən bir platforma ilə gəlmişdi. Di gəl ki, Konstitusiyanın 15-ci maddəsinə bu dövrdə də əməl olunmadı, müxtəlif bəhanələr tapılaraq,  islahatlardan yayınıldı.

Hatəmidən sonra başlayan Mahmud Əhmədinecat dövrü isə Amerika və Qərblə siyasi ixtilaflar içərisində keçdi. İran xalqı ABŞ təhdidi və ağır iqtisadi sanksiyalar altında yaşadığından, milli azadlıqlar məsələsini ikinci plana atmalı oldu.

 

 Bugünkü durumun tələbləri

 

Hazırki prezident Həsən Ruhani dövrü isə ümidlərin ən çox cücərdiyi zamandır. İndi İran da əvvəlki kimi xarici basqı altında yaşamır və nüvə sazişi bağlamaqla iqtisadi sanksiyaları aradan qaldırıb. Bu isə milli azadlıqların verilməsi üçün münbit zəmin hazırlayır. Nədən ki, problemin yuxarıda zikr etdiyimiz qısa xronologiyasına nəzər saldığımız zaman bütün dövrlərdə eyni situasiya ilə qarşılaşırıq: rəsmi Tehran hər zaman xarici basqıları və ortaq təhdid prinsipini bəhanə edərək, bu azadlıqları verməkdən yayınıb. İndisə onun əlində tutduğu əsas kozır mövcud deyil.

Üstəlik, dünyanın getdikcə qloballaşması, İranın bu prosesdən kənarda qala bilməyəcəyi gerçəyi, sosial medianın gətirdiyi ünsiyyət rahatlığı istər-istəməz zorakı yolla milli dirçəlişin qarşısını almaq imkanını məhdudlaşdırır. Xüsusilə Türkiyə telekanallarının bu özünəqayıdış prosesində mühüm rol oynaması inkarı mümkün olmayan həqiqətdir. İran nə qədər milli islahatlardan qaçmağa çalışsa, bu ölkədə yaşayan türklər bir o qədər həmin ünsiyyətin təsiri altına düşəcəklər.

Zənnimizcə, bu amillər Tehranı istər-istəməz öz milli tərkibinə baxmağa vadar edir…

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə