XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 08:34

Narkotiklərlə bağlı yeni dövlət qurumunun yaradılmasına ehtiyac varmı? –ARAŞDIRMA

nakotika-66

Bugünlərdə ölkə mətbuatında yeni bir dövlət qurumunun – Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Dövlət Komitəsinin yaradılması, eləcə də “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” yeni qanunun hazırlanması və Cinayət Məcəlləsində narkotikayla bağlı nəzərdə tutulan tərkiblərin yenidən formalaşdırılmasına ehtiyacın olduğu haqda təklif səsləndirilib.

Diqqətçəkən hal odur ki, təklif müəllifi kimi, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə  müavini, professor Bəhram Zahidov çıxış edib. O Bəhram Zahidov ki, uzun illər prokurorluq orqanlarında məsul vəzifələrdə işləyib və üstəlik, elmi fəaliyyəti dövründə narkotiklərlə mübarizənin necə təşkil olunması ilə bağlı çoxsaylı əsərlərin – kitab və məqalələrin, proqram və kommentariyaların müəllifidir. Yəni, konkret desək, o, hal-hazırda Azərbaycanda həm narkotiklərlə bağlı mövcud olan qanunvericilik bazasının hazırlanmasında, həm də narkotiklərə qarşı mübarizənin institusional mexanizminin yaradılmasında rəy və təklifləri həmişə əsas götürülən şəxslərdən sayılıb. İndi hörmətli professorun hansı səbəbdən bir çox ölkələrin təcrübəsində özünü doğrultmadığından imtina edilən bir mexanizmin Azərbaycanda yaradılması təşəbbüsüylə çıxış etməsi, həqiqətən, çox maraqlıdır və ciddi ictimai müzakirəyə ehtiyac duyur…

 

Hansı daha faydalıdır: bir, yoxsa bir neçə qurum?

 

Xatırladaq ki, hazırda Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə bir yox, bir neçə dövlət qurumunun (DİN, Gömrük Xidməti, Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi) imkanlarından istifadə edilir və hər bir qurumun səlahiyyət və məsuliyyət məsələsi də müvafiq qanunlarla müəyyənləşib. Bu qurumlararası fəaliyyəti əlaqələndirən və ümumiyyətlə, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi orqan isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasıdır (sədr – Baş nazirin müavini Əli Həsənovdur).

Onu da bildirək ki, ölkəmizdə tətbiq edilən hazırki mexanizm, narkotiklərə qarşı mübarizənin güclü institusional əsaslarının olması faktı kimi, hələ 2014-cü il martında “GUAM ölkələrində narkotiklərlə bağlı statistik tədqiqatın nəticlərinin toplusu”nda da xüsusi qeyd edilib.

Son illər ərzində bütövlükdə narkotiklərlə mübarizə sahəsində BMT tövsiyəsinə uyğun olaraq ölkəmizdə aparılan institusional islahatlar isə məhz əks-mərkəzləşmə xarakteri daşıyıb. Hesab edilib ki, səlahiyyətlərin bir qurumun inhisarına verilməsi, monopoliyası və ifrat mərkəzləşmə spesifik sahə sayılan narkotiklərlə mübarizədə çox mühüm amil sayılan çevik fəaliyyət imkanlarını və təşəbbüskarlığı azaldır, bürokratiyanı çoxaldır, formalizmi ön plana çıxarır və nəticədə, narkotiklərlə effektiv mübarizə aparmaq imkanlarını məhdudlaşdırır.

Müxtəlif ölkələrin təcrübəsini təhlil edən mütəxəssislər belə qənaətə gəliblər ki, institusonal mexanizmlər nəzərdən keçirilən zaman narkotiklərə qarşı mübarizənin çoxşaxəliliyi və spesifikliyi mütləq nəzərə alınaraq, müvafiq qurumlar yetərincə səlahiyyətləndirilməli, daha çox müstəqilləşməli və milli səviyyədə güclü koordinasiya səlahiyyətlərinə malik qurum tərəfindənsə bu fəaliyyətlər əlaqələndirilməli, ümumi strateji çərçivə müəyyənləşdirilməlidir – yəni, eynən hazırda Azərbaycanda tətbiq edilən mexanizm kimi…

 

Özünü doğrultmayan Rusiya təcrübəsi

 

Xatırladaq ki, bu sahə üzrə mütəxəssislərin son zamanlar ən çox istinad etdikləri təcrübə qonşu Rusiyada həyata keçirilən dəyişikliklərdir. Belə ki, Rusiya prezidentinin 20 sentyabr 2002-ci il tarixli fərmanı ilə Rusiya Federasiyası DİN-nin nəzdində Narkotik Vasitələrin Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komitəsi yaradılmışdı. Ancaq Komitənin fəaliyyəti özünü doğrultmadığından, 2004-cü ildə ayrıca Narkotik Vasitələrin Dövriyyəsinə Nəzarət Üzrə Federal Xidmət də yaradıldı. Bu il – 2016-cı ilin 5 aprelində isə bu qurum da ləğv edilərək, onun səlahiyyətləri və funksiyaları bütövlükdə DİN-ə verildi.

Sözsüz ki, üzərindən 14 il keçdikdən sonra narkotik vasitələrin dövriyyəsinə nəzarətin yenidən DİN-ə həvalə edilməsi təsadüfi deyildi və bu qərarın verilməsi ciddi araşdırmalara, təhlillərə və obyektiv meyarlara söykənirdi.

Qərarı əsaslandıranlar uzun araşdırmalardan sonra müəyyənləşdirmişdilər ki, Narkotik Vasitələrin Dövriyyəsinə Nəzarət Üzrə Federal Xidmətin səlahiyyətlərinin hədsiz genişlənməsinə, maliyyə təminatının yaxşılaşmasına baxmayaraq, bu qurum narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ciddi nailiyyətlər əldə edə bilməyib. Aparılan təhlillər üzə çıxarırdı ki, bu sahədə DİN indiyədək fəaliyyət göstərən bütün qurumlardan daha effektiv fəaliyyət göstərib. Statistika da narkotiklərlə bağlı cinayətlərin üçdə iksinin məhz DİN tərəfindən aşkar olunduğunu ortaya qoyurdu. Narkotik maddələrin müsadirəsində, bu sahəyə dair əməliyyat məlumatlarının əldə edilməsində və effektiv tədbirlərin həyata keçirilməsində də DİN digər qurumları üstələyirdi…

Hələ Federal Xidmət ləğv edilməmiş rusiyalı ekspertlər ayrıca bir quruma imtiyazların və xüsusi səlahiyyətlərin verilməsinin bu strukturun tez bir zamanda narkomafiyanın lobbiçilərinə çevrilməsinə gətirib çıxardığını da xüsusi təhlükəli hal kimi vurğulayırdılar. 2013-cü ilin payızında Moskva şəhərinin şimalında Federal Xidmət əməkdaşlarının maşında huşsuz vəziyyətdə və 100 kq narkotik vasitəylə tapılmasından sonra isə bu səpkili müzakirələr daha geniş və açıq xarakter aldı…

Federal Xidmətin DİN-lə rəqabət aparmaq üçün statistika saxtalaşdırmasına yol verməsi halları da ekspertlərin diqqətini çəkmişdi. Belə ki, Federal Xidmətin işinin 2015-ci ildə prezident Putin tərəfindən tənqid olunmasından sonra yeni “daha yaxşı” statistikanın açıqlanması bu müzakirələrin genişlənməsinə rəvac vermiş və xeyli tənqidə səbəb olmuşdu.

Federal Xidmətin səlahiyyətlərinin DİN-ə verilməsi təklifi haqda fikirləri öyrənilən ekspertlərdən Rusiya İctimai Palatasının İctimai Təhlükəsizlik Üzrə Komissiyasının sədri Anton Çvetkov isə bildirmişdi ki, narkotiklərlə mübarizədə DİN Federal Xidmətin işinin öhdəsindən daha asanlıqla gələ bilər: “Federal Xidmətə həvalə edilmiş bütün əməliyyat işini daxili işlər orqanlarının strukturlarına verilməsi məqsədəuyğundur. Bununla biz fəaliyyətlərin təkrarından qurtula bilərik. Profilaktik fəaliyyələtlər isə profil üzrə işləyən QHT-lərə verilməlidir”…

Bütün bu müzakirələrin yekunu olaraq, yuxarıda qeyd etdiyimiz kimi, bu ilin 5 aprelində Federal Xidmətin səlahiyyətləri və funksiyaları bütövlükdə DİN-ə verildi…

 

Yeni dövlət qurumunun yaradılması və cəzanın yüngülləşdirilməsi təklifinə Azərbaycanda necə baxırlar?

 

Bəs, narkotiklərlə effektli mübarizə aparmaq üçün ayrıca dövlət qurumunun yaradılması, həmçinin nakotikdən istifadə edənlərə tətbiq edilən məsuliyyətin yüngülləşdirilməsi təklifinə Azərbaycanda necə baxırlar?

Strateq.az mövzu ilə bağlı hal-hazırda müxtəlif sahələrdə fəaliyyət göstərən 3 tanınmış hüquqşünasın rəyini öyrənib.

fazil-esas

Narkomaniyaya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizənin ayrıca götürülmüş bir qurum deyil, bütövlükdə cəmiyyət tərəfindən aparılmalı olduğunun gərəkliyini deyən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa həm yeni qurumun yaradılmasını, həm də cinayət qanunvericiliyinin yumşaldılmasını mövcud şəraitdə ziyanlı sayır: “Bəzi yüksək inkişaf etmiş Qərb ölkələrində, məsələn, Kanadada, Portuqaliyada, Hollandiyada, həmçinin ABŞ-ın bəzi ştatlarında narkotikanın açıq satışına və istifadəsinə icazə verilib, narkotikadan istifadəyə görə məsuliyyət isə nəzərdə tutulmur. Ancaq bu, o ölkələrdir ki, orda yüksək hüquqi düşüncə var, cəmiyyətləri xeyli inkişaf edib, cinayət törətmə faziləri ən aşağı həddədir. İndi inkişaf etmiş o ölkələrin təcrübəsini bizə – geridə qalmış, hüquqsuzluğun, tamahkarlığın, sosial baxımdan kəskin təbəqələşmənin və cinayətə meylliliyin hökm sürdüyü bir cəmiyyətə gətirmək istəyirlərsə, bundan ancaq hər kəs ziyan görər. Qanun hələ bu qədər sərtdir, ancaq yenə də həm narkotikdən istifadə edənlərin, həm də birbaşa və dolayısı ilə narkotikayla bağlı cinayətlərin sayı hər il durmadan artır. Bu qənaətdəyəm ki, cəmiyyətdə hüquqi düşüncə hakim olmadan cəza qanununun yumşaldılması sui-istifadələrə yol açacaq. Mən sadəcə xəstə insanların, narkotik asılılığı olan şəxslərin effektiv müalicəsi üçün qanunvericliyin dəyişdirilməsinə tərəfdaram və düşünürəm ki, yalnız onlarla bağlı hansısa yüngülləşdirici hallar olmalıdır. Məsələn, elə dərmanlar var ki, narkotik tərkiblidir, ancaq xəstə onu tapa bilmədiyindən gedib “qara bazar”dan  narkotika əldə edir, ona qurşanır, sonda isə qatı cinayətkara çevrilir”.

Deputat Fazil Mustafa narkotik maddələrin dövriyyəsinə qarşı mübarizənin də sərtləşdirilməsinin tərəfdarıdır və Azərbaycandakı mövcud institutsional mexanizmin bu mübarizənin təşkili üçün yetərli olduğu qənaətindədir: “Bu qədər mübarizə aparan qurum varsa, ayrıca quruma nə ehtiyac? Sadəcə, mövcud mexanizmlərin işləkliyi, narkotiklərin dövriyyəsinə qarşı real mübarizə aparmaları təmin edilməlididr”.

ilyas-1.jpg

Ölkəmizdə cinayət hüququ sahəsində nüfuzlu mütəxəssislərdən sayılan Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru, əvvəllər  Respublika prokuroru, Ədliyyə naziri və deputat olmuş İlyas İsmayılov da hesab edir ki, problemin həllində çıxış yolu ayrıca dövlət qurumunun yaradılması deyil: “Azərbaycanda mövcud olan institusional mexanizm əksər və daha böyük cinayətlərə yol açan narkotiklərlə mübarizə aparmaq üçün yetərlidir. Əsas odur ki, qanunla bu cinayətlə mübarizə aparmaq səlahiyyəti verilmiş qurumların işçiləri öz peşələrinə, vəzifə borclarına məsuliyyətlə, vicdanla yanaşsınlar. Hesab edirəm ki, cinayətin istənilən növünə qarşı mübarizə aparmaq səlahiyyəti olan hüquq-mühafizə orqanı əməkdaşı öz vəzifəsinə şəxsi maraqları baxımından deyil, qanunun tələbiylə yanaşsa, bizə həllolunmaz görünən bir çox problemlərimiz bəribaşdan həllini tapar. Hazırda Azərbaycanda narkomaniyaya və narkotik vasitələrin yayılmasına qarşı bir neçə səlahiyyətli dövlət qurumu mübarizə aparır və məncə, daha çox onların fəaliyyətinin effektivliyini təmin etməyə çalışmaq lazımdır”.

Hələ sovetlər vaxtı – Respublika prokuroru olduğu illərdə də narkotikadan istifadə edənlərin cinayət məsuliyyətininin qanunvericilikdə əksini tapıb-tapmamasının gərəkliyi haqda geniş müzakirələr getdiyini, hazırda Azərbaycan qanunvericiliyində narkotikdən şəxsi istehlak məqsədiylə istifadəyə görə cinayət məsuliyyətinin nəzərdə tutulmadığını deyən İ.İsmayılov, Cinayət Məcəlləsində mövcud olan narkotik vasitə saxlamaya və satışa görə nəzərdə tutulan cəzaların yüngülləşdirilməsinin əleyhinədir: “Marksın belə bir fikri var: “Ağıllı qanunverici odur ki, cinayəti bədbəxtliyə, bədbəxtliyi cinayətə çevirməsin”. Narkomanlıq bir bədbəxtlikdir və biz də bu bədbəxtliyin cinayətə çevrilməməsi yollarını tapmalıyıq. Cinayətlərin statistikasının təhlili göstərir ki, narkotika getdikcə cəmiyyəti kütləvi şəkildə məhv edən qarşısıalınmaz bir bəlaya çevrilir və Azərbaycanda da bir çox ağır cinayətlərə yol açan təməl, bünövrə rolunu oynayır. Belə bir bəlaya qarşı mübarizənin sərtliyi qanunda da öz əksini tapmalıdır. Bir də görürsən, biri narkotikanın təsiri altında çox sürətlə avtomobil idarə edir, vurub nə qədər insanı öldürür… Yaxud narkotikanın təsiri altında ya silaha, ya hansısa zorakılığa əl atır. İnsanları bu cinayətlərdən çəkindirmək üçün qanunda narkotikayla bağlı çəkindirici qadağaların olması vacibdir. Bu qadağaların yumşalması narkotikaya tələbatı artırdığından, tələbatın artması da onun ticarətini stimullaşdırdığından, narkotikayla bağlı güzəştə getmək olmaz”.

nuriyev.jpg

Rəyini öyrəndiyimiz başqa bir tanınmış hüquqşünas – “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, Əfv Məsələləri üzrə Dövlət Komissiyasnın üzvü Əliməmməd Nuriyev də təkliflərlə tanış olduğunu, ancaq bunun gerçəkləşməsinin indiki məqamda xeyirdən çox, ziyan gətirəcəyi düşüncəsindədir: “Əvvəla, yeni dövlət qurumu əlavə çox böyük inzibati xərclər – binaların tikilməsi, yeni avadanlıq, xüsusi forma və fərqlənmə nişanları, nəqliyyat vasitələri, bürokratik aparat, idarəetmə xərcləri deməkdir. Nəzərə alınsa ki, hazırda ölkədə struktur islahatları çərçivəsində oxşar funksiyalara malik qurumlar ləğv edilir, profili oxşar strukturlar birləşdirilir, yeni dövlət qurumun yaradılması bu islahatlar kontekstinə uyğun gəlmir. Yeni dövlət qurumunun yaradılması onsuz da məhdud olan resursların izafi istifadəsinə səbəb olduğundan, ilk növbədə, buna görə mən təklifin reallaşacağını düşünmürəm.

Digər tərəfdən, əksər dünya ölkələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə daxili işlər orqanlarına həvalə edilir. Çünki narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumilikdə cinayətkarlığa qarşı mübarizə kontekstində nəzərdən keçirilir. DİN ölkə üzrə geniş maddi-texniki bazaya, inzibati resurslara, həmçinin geniş kadr heyətinə və təbii ki, həm də əməliyyat məlumatlarına çıxış və əlaqələndirmə potensialına sahib olduğundan, o, bu mübarizəni daha effektli təşkil edə bilir”.

Ə.Nuriyev hesab edir ki, aidiyyəti qurumlar narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni təşkil edərkən, bu sahənin xarakteri və spesifikasını da mütləq nəzərə almalıdırlar: “Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin xarakterini və spesifikasını ölkəmizin narkotranzit yollarının üzərində yeləşməsi müəyyən edir. Azərbaycan Əfqanıstan və İrandan Avropaya, Rusiyaya uzanan böyük narkotik yolunun üstündədir. Narkotik vasitələrin böyük əksəriyyəti ölkəyə kənardan gətirilir. Ona görə də ölkə üzərindən narkotik qaçaqmalçılığına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə daha çox diqqət ayrılmalıdır. Bu şərait isə tələb edir ki, DİN-lə yanaşı, Sərhəd, Gömrük və Təhlükəsizlik xidmətləri fəaliyyətlərini, əməliyyatlarını əlaqələndirsinlər. Ümumiyyətlə, mən hesab edirəm ki, Azərbaycanda hal-hazırda mövcud olan mexanizm narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kifayət qədər səmərli mübarizə aparılmasına imkan verir. Sadəcə, mövcud strukturların işləkliyi təmin edilməlidir”.

Ə.Nuriyev hesab edir ki, Azərbaycan kimi tranzit ölkələrdə ayrıca bir qurumun olması onun beynəlxalq narkomafiyaların, iri narko-kartellərin təsirinə düşmə riskini də xeyli artırdığından, təklifin reallaşması ölkəyə daha çox ziyan vura bilər: “Bir qurumla cinayət əlaqəsinə girmək iri mafiyalar üçün daha tez və asan başa gələn işdir. Ancaq bir neçə qurum buna qarşı mübarizə aparanda, bu, narkokartellərin də işini çətinləşdirir”.

Qeyd edək ki, digər hüquqşünas həmkarları kimi, Ə.Nuriyev də narkotik vasitədən istifadə üçün məsuliyyətin yüngülləşdirilməsinə qarşıdır: “Praktika göstərir ki, qanunda sərt qadağalar çəkindirmək baxımından çox ciddi rol oynayır. Yumşalmalar isə əhali arasında sui-istifadələrə, dövlət qurumları arasında isə korrupsiyaya, rüşvətxorluğa yol açır. Odur ki, mən istənilən halda narkotik istifadəçilərinin məsuliyyətinin yüngülləşdirilməsini nəzərdə tutan dəyişikliklərin tərəfdarı deyiləm”…

 

Mövzunu davam etdirəcəyik.

 

Zaur İbrahimli

Strateq.az