XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 01:17

Almaniyanın “erməni soyqırımı”nı tanımaq qərarı kimə qarşı yönəlib –Türkiyəyə, yoxsa Azərbaycana?

 

'Ermeni Soykırımı' oylamasının sonucu belli oldu!

Almaniya parlamenti qondarma "erməni soyqırımı"nı tanıdı. Bundestaqın bu qərarının heç bir tarixi əsasa söykənmədiyi barədə çox yazılıb, çox deyilib. Odur ki, hər kəsin bildiyi faktları təkrarlamağa ehtiyac duymadan, tamamilə başqa mətləbləri fikir süzgəcindən keçirməyə çalışacağıq.

Sual oluna bilər: “Soyqırım” məsələsi bu qədər mübahisəyə açıq və parlamentdən daha çox, tarixçilərin müzakirəyə çıxaracağı mövzu olduğu halda, nədən tez-tez dünyanın müxtəlif ölkələrində gündəmə gətirilir, qardaş ölkə bu qədər sıxışdırılır? Ən əsası isə, məlum qərarın Almaniya Bundestaqı tərəfindən qəbul olunması ermənilər üçün niyə bu qədər önəmli idi?

Zənnimizcə, mövzunun müzakirəsinə elə ilk sualdan başlamaq lazımdır. Çünki Almaniya Türkiyə üçün xüsusi əhəmiyyətə malik ölkədir və problemin Bundestaqa daşınmasının bir sıra səbəbləri var.

 

İlk məsələ: Türkiyəyə dost zərbəsi

 

Əvvəla, Almaniya türklərin tarixi müttəfiqi olub. Xüsusilə də soyqırım kimi təqdim olunan 1915-ci il hadisələri zamanı bu iki dövlət eyni ittifaqda yer alıb. Bu qərarın ən yaxın müttəfiqə qəbul etdirilməsi ermənilərə psixoloji üstünlük qazandırmaqla yanaşı, həm də bənzər qətnamələrin dünyanın digər dövlətləri tərəfindən daha rahat tanıdılmasına yol aça bilər.

Zənnimizcə, bu gün atılan addımın altında yatan başlıca məkrlərdən biri budur. Almaniya Bundestaqının həmin qərarından sonra erməni kartından istifadə edən qüvvələr digər ölkə parlamentlərinə bu faktı nümunə göstərib, “baxın, tarix boyu Türkiyənin ən yaxın müttəfiqi olan, hətta “soyqırım” zamanı türklərin yanında yer alan bir ölkə 1915-ci ildə baş verən hadisələrin həqiqi qiymətini verdi” deyə biləcəklər.

Qətnamə mətninə diqqətlə nəzər salanda bu məkrli niyyəti aydın şəkildə görmək mümkündür. Mətndə ermənilərə qarşı soyqırım aparmaqda ittiham olunan təkcə türklər deyil, həm də hadisələr zamanı Osmanlıya dəstək verən Almaniya imperiyasıdır. Bir növ, Almaniya "cinayəti" törədənlərdən birinin varisi kimi günahını boynuna alır və bu məsələdə heç bir şübhəyə yer qoymur. Məsələnin bu şəkildə təqdim olunması isə Türkiyənin əlini-qolunu bağlayır.

 

2-ci məsələ: Hədəfdə kim var?

 

Əlbəttə ki, alman “etirafı” özünə qarşı yönəlməyib. Sabah "törədilən cinayətin" bədəli tələb olunanda da onu ödəmək Berlinin çiyinlərinə düşməyəcək. Almaniya sadəcə "cinayətin" şahidi olaraq ifadə verən tərəf qismində qınanacaq, qondarma soyqırım nəticəsində, guya, erməni torpaqlarını özününküləşdirən Türkiyə isə hansısa güzəştlərə məcbur ediləcək.

Bu güzəştin nədən ibarət olacağı isə indidən bəllidir. Təbii ki, ermənilərin Türkiyədən ərazi iddialarının yerinə yetirilməsi nə faktiki olaraq mümkündür, nə də ssenaristlər əslində bunu istəyir. Onlar sadəcə Türkiyəni basqı altında saxlayıb iki məqsədə nail olmağa çalışırlar:

1. Qarabağ məsələsində Ankaranı neytral vəziyyətə salmaq və Azərbaycanı təkləmək;

2. Türkiyənin Qarabağ problemini əsas gətirib tətbiq etdiyi embarqonun ləğvinə nail olmaq.

Sözsüz ki, Türkiyənin bu məsələlərdə güzəştə getməsinin ən böyük zərəri Azərbaycana dəyə və ölkəmiz Qarabağ probleminin həllində yeganə müttəfiqini də itirə bilər.

 

3-cü məsələ: Ssenarist kimdir?

 

Bundestaqın məlum qərarı bir həqiqəti də ortaya qoydu. İndiyədək ABŞ və digər xarici dövlətlər “erməni soyqırımı"yla bağlı hər hansı qərar qəbul edəndə bunu lobbiçilik fəaliyyətilə əsaslandırırdılar. İddia edirdilər ki, guya, həmin qərarlara imza atan dövlətlərdə erməni lobbiləri güclü olduğundan və bu istiqamətdə ardıcıl siyasət yürütdüklərindən, ölkə siyasiləri seçkilərdə səs qazanmaq üçün onların nazıyla oynamağa məhkumdurlar. Almaniyanın bu addımı isə tamamilə başqa mətləqlərdən xəbər verir.

Məlum olduğu kimi, Almaniya türk mühacirlərinin ən çox yaşadığı Qərb ölkəsidir. Burada 3 milyondan çox türkiyəli məskunlaşıb. Cənubi və Şimali Azərbaycandan, həmçinin digər islam ölkələrindən Almaniyaya pənah aparanları da hesaba qatsaq, türk lobbisinin əhatə dairəsini xeyli genişləndirmək olar. Bundestaqdakı səsvermənin nəticələrinə nəzər salanda isə bu təsir imkanının qətiyyən işə yaramadığını görə bilərik. Məlumata görə, 631 millət vəkilindən yalnız biri layihənin əleyhinə səs verib, bir nəfər tərəfsiz qalıb. Digər millət vəkilləri isə yekdilliklə qətnaməyə “hə” deyiblər.

Şəkildə: Yaşıllar partiyasının həmsədri Cem Özdemir sinəsində "erməni soyqırımı" nişanı ilə Bundestaqda çıxış edərkən

 

Bu faktı Türkiyənin öz diaspora işini yetərli səviyyədə qura bilməməsiylə izah etmək mümkün deyil. Parlament üzvlərindən türkəsilli 11 millət vəkilinin də, faktiki olaraq, Türkiyənin əleyhinə səs verməsi, hətta onlardan birinin – Yaşıllar Partiyasının həmsədri Cem Özdemirin layihənin lehinə çıxış etməsi bu kimi qərarların lobbiçiliklə əlaqəsi olmadığını təsdiqləyir. Ən azı ona görə ki, Türkiyənin lobbisi ola biləcək qüvvələr onun əleyhinə səs veriblər. Öz iradələrinə qalsa, əlbəttə ki, buna getməzdilər. 

Buradan belə bir nəticə hasil olur: “Erməni soyqırımı” qərarları hansısa sosial bazanın səsini əldə etmək istəyindən doğmur. Əksinə, hansısa güclü iradə hətta bu layihələrə qarşı olanları belə, öz istəklərinin ziddinə addım atmağa məcbur edir. Deməli, zorla Türkiyə və Azərbaycana qəbul etdirilən, yaxud etdirilməyə çalışılan soyqırım yalanı böyük güclərin əlində təzyiq vasitəsidir.

Bütün bu faktlar erməni kartının dünya gücləri tərəfindən türk xalqlarına qarşı istifadə edildiyini, əsas hədəfin isə Türkiyə və Azərbaycan olduğunu təsdiqləyir. Məqsəd ərəb dünyasının baş ağrısına çevrilən yəhudi məsələsinə bənzər süni problem yaratmaq və sabahın ən ciddi qlobal siyasi qüvvəsi kimi ortaya çıxması gözlənilən türk gücünün inkişafının qarşısını almaqdır.

 

Heydər Oğuz

Strateq.az