XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 02:13

“Dostluq” parkının ərazisini satan şəxs həbs edildi – Prezidentin göstərişinin icrası bir çoxlarını təşvişə salıb! (Özəl)

Məlum olduğu kimi, bu ilin 19 mayında Binəqədi rayonu ərazisində baş vermiş faciəli yanğın hadisəsinin araşdırılması ilə bağlı yaradılan Dövlət Komissiyasının iclası zamanı Prezident İlham Əliyev çox sərt çıxış edərək, açıq şəkildə ölkədəki bir sıra qanunsuzluqların və özbaşınalıqların başında vəzifəli şəxslərin, məmur korpusunun durduğunu bildirmiş və hətta buna misal kimi, Səbail rayonu ərazisində yerləşən “Dostluq” parkının ərazisinin qanunsuz zəbt olunması və orada villalar tikilməsini göstərmişdi.

Xatırladaq ki, Prezident həmin iclasda bildirmişdi: “…İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki, heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının – heç kimin xəbəri yoxdur! Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən, vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, “Dostluq” parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın… Bütün tikilən villalar qanunsuzdur! Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun! İndi o gün gəlirəm, görürəm ki, yenə də düz “Dostluq” parkının yanında – yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı! Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq! Heç kim çıxmadı! Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun! Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar! Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə, vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər…”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu müşavirədə, eləcə də Respublika Günü ilə bağlı keçirilən tədbirdəki çıxışında bundan sonrakı mərhələdə məmur özbaşınalığına, qanunsuzluqlara qarşı sərt tədbirlərə əl atılacağının və bu işdə də təkcə aidiyyəti qurumlardan deyil, cəmiyyətdən də dəstək gözlədiyinin anonsunu vermişdi.

Dünən eşitdiyimiz bir xəbər isə başı Avropa Oyunlarına qarışmış hüquq-mühafizə orqanlarının Prezidentin göstərişlərini heç də unutmadıqlarını, əksinə, Avropa Oyunlarından sonra fəaliyyətlərində ciddi qanun pozuntularına yol vermiş şəxslərə qarşı sərt tədbirlərin həyata keçirilməsi üçün yaxşı bir hüquqi zəmin əldə etdiklərini göstərir.

Belə ki, Strateq.az-ın əldə etdiyi məlumata görə, Prezidentin göstərişlərinin icrası ilə əlaqədar yaradılmış xüsusi əməliyyat qrupu “Dostluq” parkının ərazisini müxtəlif şəxslərə satan əsas fiquru – Tərlan Hüseynov adlı şəxsi müəyyənləşdirərək, artıq həbs edib, istintaq prosesi aparılır…

O da bildirilir ki, Tərlan Hüseynovun həbsi qanunsuz torpaq satışında əli olan şəxsləri bərk təşvişə salıb.

Məsələ ilə bağlı hər hansı yenilik əldə etdikcə, oxucuların diqqətinə çatdıracağıq.

Strateq.az