XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 09:04

“İnqilabi xarakterli addımlar atılmalı idi”-Sabiq Maliyyə naziri Fikrət Yusifovla müsahibə

Fikrət Yusifov: Azərbaycanın sabiq maliyyə naziri olan bu insan ölkəmizin iqtisadi potensialına vaqif bir neçə iqtisadçıdan biridir. Ən azı ona görə ki, bir zamanlar ölkəmizin bütün pulları bu insanın nəzarəti altında öz ünvanına çatırdı. Keçmiş təcrübəsi və elmi potensialı Fikrət müəllimə iqtisadi durumumuzu daha yaxşı analiz etmək imkanı verir. O isə bir çox iqtisadçılarımızdan fərqli olaraq, ölkəmizin inkişaf potensialına nikbin yanaşır. Bəs bu nikbinlik hardan qaynaqlanır?

Sabiq nazirlə bir saata yaxın davam edən söhbətimizə də elə bu sualla başladıq:

 

– Nikbinliyimin kökündə dayanan əsaslar var. İlk öncə onu qeyd edim ki, 2004-cü ildən etibarən yürüdülən iqtisadi siyasət nəticəsində Azərbaycanda qeyri-neft sektorunun inkişafını təmin edə biləcək infrastruktur yaradıldı. Həmin infrastruktur üzərində real iqtisadiyyatımızı qurmaq bundan sonra çətin olmayacaq. Mən bunu deyərkən, heç də iddia etmirəm ki, Azərbaycanın iqtisadi inkişafı tam ideal şəkildə gedib. Bir çox həyata keçirilməsi tələb olunan işlər bəlkə də görülməyib. Dünya enerji bazarında qiymətlərin aşağı düşməsindən sonra ölkəmizdə yaşanan iqtisadi çətinliklər də sübut etdi ki, bir sıra iqtisadi proqramları daha sürətlə həyata keçirmək olardı. Bununla belə, bu illər ərzində iqtisadiyyatın təməli sayılan infrastruktur qurulub. Bu isə real iqtisadi sektorun inkişafı üçün münbit zəmin yaradır. Bilirsinizmi, istənilən sahənin inkişafı yaradılan münbit zəmindən başlayır. Məsələn, bir torpağı əkib becərmək üçün ilk öncə onu daşdan-kəssəkdən, duzdan-şorandan təmizləməlisən. Yalnız bundan sonra əkəcəyin torpaqdan yüksək məhsuldarlıq gözləyə bilərsən. Mən neft bumu dönəmində Azərbaycanda aparılan iqtisadi quruculuq fəaliyyətini buna bənzədirəm. Bir çoxları indiyə qədər ölkəmizə gələn neft pullarının boş-boşuna israf olunduğunu bildirirlər. Fikrimcə, bu cür yanaşma ədalətli deyil. 2004-cü ildən bu yana bir sıra ciddi proqramlar çərçivəsində həm regionların, həm paytaxtın sosial iqtisadi inkişafına yatırılan investisiyalar, aparılan işlər məhz bu münbit şəraitin, bazanın yaradılmasına xidmət edib.

– Hesab edirsiniz ki, son 12 il ərzində o baza yaradıldı?

– Bəli, praktik olaraq, yaradıldı. Bu gün ölkənin praktik olaraq bütün bölgələrində enerji, su və qaz təchizatı problemləri həll edilmiş, minlərlə kilometr yollar çəkilmiş və başqa kommunikasiya vasitələri istifadəyə verilmişdi. Bu sadalananlar dediyimiz münbit şəraitin yaradıldığına əyani sübutdur. Bilirsiniz ki, biz aqrar ölkəyik. Bir aqrar ölkədə torpaqların suvarılmasıyla əlaqədar problem yaşanarsa, əkinçilikdən, maldarlıqdan söhbət gedə bilməz. Son illər, görün, nə qədər su anbarları tikilib. Kənd təsərrüfatının inkişafını stimullaşdıracaq bu su anbarlarına yüz milyonlarla manat vəsait xərclənib. Bunun nəticəsini ən yaxşı şəkildə yaxın gələcəkdə görəcəyik. Ümumiyyətlə, infrastruktur layihələrinə qoyulan investisiyalar cari məqsədlərə yox, perspektiv hədəflərə hesablanır. Yalnız uzaqgörən insanlar təkcə bu günüylə yaşamaz, perspektiv nailliyyətlərə can atar. Bəzən məsələyə sadəlövh yanaşıb deyirlər ki, bütün bu işləri qısa zaman içərisində həyata keçirmək mümkün idi. Halbuki, bir ölkənin infrastruktunu müasir tələblərə cavab verəcək bir səviyyədə yenidən qurmaq, yeniləşdirmək üçün 10 illərlə zaman lazımdır. Bizdə isə bunu sadəcə bir neçə ilə reallaşdırmaq mümkün olub. Qısa zaman ərzində bu qədər böyük layihələri reallaşdırmağın səbəbi qarşıya qoyulan hədəflərə hesabatlı yanaşmadır. Xatırlayırsınızsa, 2004-cü ilin yanvar ayının əvvəlində Nazirlər Kabinetinin 2003-cü ilin yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev öz kursunu bəyan etdi. Hələ o zaman yenicə Prezident seçilmiş İlham Əliyev bildirmişdi ki, biz işimizi neft asılılığından azad olmaq istiqamətində qurmalıyıq, elə zənn etməliyik ki, heç neft ölkəsi deyilik. İlham Əliyev  Prezident seçildiyi ilk günlərdən bu hədəflərlə yola çıxmışdı və onun ardıcıl şəkildə gördüyü işlər də elə real iqtisadiyyatın infrastrukturunu müasir tələblərə cavab verə biləcək bir səviyyədə qurmağa hesablanmışdı. Mən bir dəfə Peterburqda keçirilən beynəlxalq konfransda çıxışım zamanı Azərbaycan Prezidentinin bu uzaqgörən kursunun nəyə hesablandığını əsaslandırmışdım. Müzakirələr zamanı konfrans iştirakçıları belə bir kursun hər bir neft ölkəsi üçün nə qədər əhəmiyyətli olduğunu xüsusi vurğuladılar. Əsas olan budur ki, Prezident İlham Əliyev hədəfi düzgün seçib və getdiyi yolun hara apardığını bilir. Hesab edirəm ki, bu işlərin başlanğıcında iqtisadi inkişafımızın ən optimal variantı seçilmişdi. Bunu son 5 ilin nəticələri də göstərir. Son 5 il ərzində qeyri-neft sektorunun ÜDM-dakı payı 20% artıb. Dünyanın  hansı ölkəsində nə vaxtsa ÜDM strukturu qeyri-neft sektorunun lehinə bu qədər dəyişə bilib? Heç bir ölkədə. Bəzi adamlar bu dəyişikliyi görmədən  “bizdə qeyri-neft sektorunun inkişafı üçün hökumət heç nə etmədi” kimi əsassız fikirlər söyləyirlər.

– Bəlkə də ona görə ki, bəhs etdiyiniz dəyişikliklərin real nəticəsini vətəndaşlar öz həyatlarında görə bilmirlər.

-Ola bilər. Amma iqtisadi inkişaf elə şeydir ki, onun nəticəsini dərhal görmək olmur. Üstəlik, insanların həyat şəraiti tədricən dəyişildiyinə görə, müsbət tendensiyalar hər kəsin istədiyi şəkildə gözə çapmır. İqtisadi inkişafın nəticələrini istədiyimiz səviyyədə görə bilməməyimizin səbəblərdən biri budur ki, ÜDM-un strukturunda belə ciddi dəyişikliyin baş verməsinə baxmayaraq, bu, hələ bizim real sektordakı ixrac potensialımızın artırılmasına gətirib çıxarmayıb. Bu dəyişiklik hələlik bizim daxili tələbatımızın ödənilməsinə xidmət edə bilib. Bu isə özlüyündə az iş deyil. Biz daxili istehsal hesabına hansısa məhsula olan tələbatımızı ödəyiriksə, deməli, onun xaricdən alınıb gətirilməsinə valyuta sərf etmirik. Unutmayaq ki, bütün sənaye ölkələri inkişafa ilk öncə daxili tələbatı ödəməkdən başlayıb. İnkişaf sürətləndikcə, xarici bazar axtarışı başlayıb və ixracat bu axtarışlar nəticəsində ortaya çıxıb. Azərbaycanın iqtisadi inkişafı özünün ilk mərhələsini tamamlamayıb. Rəsmən təsdiqlənmiş hesabatlara nəzər salanda görərik ki, bu gün Azərbaycanda inşaat sektorunda tələb olunan məhsulların əksəriyyətini özümüz istehsal edirik. Ərzaq məhsulları sahəsində də 10 il bundan əvvəlki mənzərə indi yerli istehsalın xeyrinə xeyli yaxşılaşıb. Elə məhsulları var ki, özümüz özümüzü təmin edirik. Məsələn, mal, quş əti və başqa ərzaq məhsulları sahəsində biz idxalatdan ya heç asılı deyilik, ya da qismən asılıyıq.

– Amma, gəlin, onunla da razılaşaq ki, Azərbaycan indi iqtisadi böhranla üz-üzədir.

– Böhran tək Azərbaycanda getmir. Bütün dünya iqtisadi böhran içindədir. Ümumiyyətlə böhranları iki qismə ayırmaq olar: məhəlli problemlərdən doğan böhranlar, qlobal böhranlar. Qlobal böhranların qarşısını almaq ölkə hakimiyyətlərindən asılı deyil. Dünyada gedən bir proses istər-istəməz bütün ölkələrə təsir göstərir. Hakimiyyətlərin uğuru bu proseslərdən nə qədər yayına bilmək imkanlarıyla ölçülür. Bilirsiniz ki, 2007-2008-ci ildə ABŞ bank sistemində başlamış ciddi problemlər sonradan bütün dünyanı ağuşuna alan qlobal maliyyə böhranı ilə nəticələndi.  Biz o dövrün böhranından yan keçə bildik. Çünki dünya enerji bazarında elə bir ciddi dəyişiklik hələ  baş verməmişdi. Amma gözlənilən idi ki, bu proseslər bütün dünyanı iqtisadi tənəzzülə aparır. Sonradan bu prosesin mənfi iqtisadi problemlərilə yanaşı, siyasi motivləri də ortaya çıxdı. Qlobal böhranın real nəticələri ilə beynəlxalq güc mərkəzlərinin siyasi mübarizəsi, xüsusilə də Qərbin Rusiyanı çökdürmək planları çuğlaşıb daha dəhşətli böhrana səbəb oldu. Neftin qiymətlərinin gözlənilmədən bir neçə dəfə aşağı salınması istər-istəməz iqtisadiyyatı enerji mənbələrindən asılı olan ölkələrə ciddi təsir göstərdi. Sual oluna bilər: belə bir durumda nə etmək lazım idi? Məncə, inqilabi xarakterli addımlar atılmalı, qərarlar qəbul edilməliydi. Çünki artıq geriyə yol qalmamışdı. 10 il əvvəl başlayan prosesləri daha sürətli aparmaq tələb olunurdu. Çox yaxşı haldır ki, bu, baş tutdu.

– Hansı addmları nəzərdə tutursunuz?

– Aparılmasına 2015-ci ilin sonlarından başlayaraq start verilmiş bir çox ciddi addımları nəzərdə tuturam. Bu qısa müddət ərzində ölkə rəhbəri tərəfindən 30-dan çox mühüm qərarlar verildi, fərmanlar, sərəncamlar imzalandı. Mən sadəcə bir neçəsi üzərində durmaq istəyirəm. İlk növbədə iş adamlarının fəaliyyətinin yoxlanılması 2 il müddətində dayandırıldı. Hökumət sahibkarıların çoxsaylı şikayətlərini nəzərə alıb bu addımı atdı. Zənnimcə, bu,  həm də bir sınaq olacaq. O, eyni zamanda müəyyən etmək istədi ki, bu iki il müddətində yoxlamaların sayının belə kəskin azaldılması hansı nəticələrə gətirib çıxaracaq. Bu müddət ərzində sahibkarlar əgər ciddi iqtisadi nailiyyətlərə imza atarlarsa və dövlət qarşısında vergi öhdəliklərini tam, vaxtlı-vaxtında yerinə yetirərlərsə, deməli, 2 ildən sonra liberallaşmanın daha da genişləndiriləcəyini gözləmək olar. Bu addımın həm də iş adamlarının fəaliyyətini yaxşılaşdırmaq üçün yeni qanunlar hazırlandığı bir dövrdə atılması ölkə rəhbərinin sahibkarlara qayğısının göstəricisidir. Aparılan ən böyük islahatlardan biri “ASAN” xidmətin yaradılmasıdır. Bu gün faktiki olaraq, bu xidmətin nəticəsində iş adamlarımız öz hüquq və vəzifələrini daha rahat həyata keçirə bilir, məmur özbaşınalıqlarıyla üzləşmirlər…

– Sizə elə gəlmir ki, bu addımlar bir qədər gec atıldı? Azərbaycan böhrana düşdükdən sonra atılan bu addımlar nə qədər effektli ola bilər?

– Təbii ki, belə sürətli islahatlara neftin qiymətləri dünya bazarlarında aşağı düşməyə başlayanda start verilsəydi, daha yaxşı nəticələr əldə etmək olardı. Lakin heç kim proqnozlaşdıra biməzdi ki, bu qiymətlər belə sürətlə və bu qədər aşağı düşəcək. Bir həqiqət də var ki, adətən,   çətinliklər ortaya çıxandan sonra onların aradan qaldırılması üçün qərarlar qəbul olunur. Bizim hər birimiz də həyatda belə edirik.  Amma çətinlikləri aradan qaldırmaq üçün atılan istənilən addım gec deyil. Özəlliklə o zaman ki, sən görəcəyin işin münbit zəminini yaratmısan.

– Bayaq bir başqa gözəl fikir də ifadə etdiniz. Dediniz ki, 2007-2008-ci illərdə qlobal maliyyə böhranı baş vermişdi. Yəqin razılaşarsınız ki, bu böhran sənaye ölkələrində ortaya çıxmışdı. Sənaye ölkələrində başlayan böhranın neft istehsal edən ölkələrə sıçraması gözlənilən idi. Çünki, sənaye böhranı istər-istəməz enerji qaynaqlarına tələbatı azaldacaqdı. Bu da qiymətin ucuzlaşmasına yol açacaqdı. Sanki, Azərbaycan hakimiyyəti “gəlirəm” siqnalı verən bəlanı görmək istəmirdi. 2008-dən 2015-ə qədər 7 il vaxt keçib. Bu müddət ərzində xeyli addımlar atıla bilərdi…

– Hesab edirəm ki, hər şeyi qara rəngdə görmək obyektivliyə kölgə salar. Azərbaycan hakimiyyəti  2008-ci ildə “gəlirəm” deyən bəlanı görürdü və ölkəni bu bəladan sığortalamaq üçün müəyyən addımlar da atmışdı. Bu addımların nəticəsində valyutamız sabit qaldı, iqtisadiyyatımız öz axarıyla getdi və şaxələndi.  Bayaq dediyim kimi, elə həmin böhranın getdiyi 5 il ərzində qeyri-neft sektorunun ÜDM-da xüsusi çəkisi 20% artdı.   Deməli, hökumət hələ o illər ölkəmizə doğru irəliləyən böhranı hiss edib zəruri addımlar atıb. Ümumiyyətlə, Prezident İlham Əliyev bu uzaqgörən siyasətinə hakimiyyətinin ilk günlərindən start verib. O başqa məsələdir ki, əldə etdiyimiz bu uğurlara baxmayaraq, qeyri-neft sektorundan ixrac sahəsində elə ciddi irəliləyişlərə nail ola bilməmişik. Nəticədə indi neft böhranı yaşanan bir zamanda “qara qızıl”dan gələn valyutanın azalmasını başqa alternativlərlə kompensasiya edə bilmədiyimizdən müəyyən maliyyə çətinlikləri yaşayırıq. Bu gün çatışmayan budur. Bunu da tədricən aradan qaldırmaq mümkündür. Hazırda istər aqrar, istər sənayenin ayrı-ayrı sahələrində,  istərsə də turizm, tranzit yükdaşımaları və sair sektorlarda aparılan bütün işlər məhz bu istiqamətə yönəlib. Hədəf – iqtisadiyyatımızı elə şaxələndirməkdir ki, neftdən asılılıq azalsın. Bu, çox çətin prosesdir. Demək asandır, amma yerinə yetirmək çox çətindir. Bütün neft ölkələrini gözünüzün önünə gətirin. Kim öz iqtisadiyyatını bizim kimi şaxələndirə bilib?

– Fikrət müəllim, neft ölkələrinin ən böyüyü Səudiyyə Ərəbistanıdır. Ot bitməyən sərhanın ortasında qurulan bu ölkədə nə var ki, iqtisadiyyatını da şaxələndirə bilsin? Allah bizə zəngin təbiət verib. Biz niyə özümüzü Ərəbistanla müqayisə edirik?

– Onda gəlin, başqa paralellər aparaq. İsrail də Səudiyyə Ərəbistanıyla eyni coğrafiyada yerləşir. Özü də ərazi baxımından onun kiçik bir hissəsi qədər də deyil. Amma az qala, bütün dünyanı kənd təsərrüfatı məhsulları ilə təchiz edir. Mən Rusiyada 15 il yaşamışam. Hansı böyük supermarketə və ya hipermarketə girirsən, İsraildə yetişdirilən tərəvəz, meyvə, hər cür ərzaq məhsullarıyla qarşılaşırsan. Sözümün canı odur ki, istək olanda coğrafiyanın o qədər mühüm əhəmiyyəti yoxdur. İnsan çox böyük qüdrətə malikdir, istəyəndə sərhada meşə də sala bilər. Lap deyək ki, kənd təsərrüfatı məhsullarını yetişdirməyə təbiət, relyef şərtləri imkan vermir. Bəs, sənaye müəssisələri yaratmağa nə mane olur? Mane olan yeganə məsələ neft istehsalından qeyri-neft sektoruna keçidin yaratdığı çətinlikdir. Bu cür dönüşü etmək hər iradəyə nəsib olmur.

– Razıyam sizinlə. Amma gəlin, mövzudan çox uzaqlaşmadan söhbətimizin qaldığı yerə qayıdaq. Bayaq son bir neçə ayda hakimiyyətin apardığı islahatlardan danışırdınız. Daha hansı addımlar atıldı?

– Addımlardan biri gömrükdə yaradılan şəffaflıqdır. İndi bir çox adamlar sual verir ki, gömrükdə şəffaflıq yaratmaq bu qədər asan idisə, niyə indiyə qədər bu addım atılmırdı? Gəlin, bu suala maksimum real prizmadan yanaşaq. Biz 25 ildir müstəqilliyə qədəm qoymuşuq. Bu müddətin, haradasa, 3-4 ili daxili siyasi münaqişələrlə keçdi. 4-5 il iqtisadiyyatda özünübərpa prosesinə getdi. Praktiki olaraq, biz neft pullarını neçənci ildən sonra almağa başlamışıq?

– Belə deyirlər ki, neft bumu 2006-cı ildən başlayıb.

– Bəli. Hətta daha gec. Neft ixracından valyuta isə ölkəyə praktik olaraq 2008-dən sonra gəlməyə başlayıb. Bu o zaman idi ki, artıq dünyada qlobal maliyyə böhranı başlamışdı. O dövrdən sonra da bizdə qeyri-neft sektorunda inkişaf qeydə alınıb. Belə olan halda hansı məntiqlə neft gəlirlərinin doğru istiqamətlərə xərclənmədiyini iddia etmək olar? Neft gəlirlərinin gəldiyi 6-7 il ərzində inqilab edib böyük bir iqtisadi möcüzəyə imza atmağı gözləmək nə qədər realdır?

– Amma gəlin, bir az da obyektiv olaq, Fikrət müəllim. Bəli, siz dediyiniz kimi, neft gəlirləri son 6-7 il ərzində ölkəmizə axıb. Bu vəsaitlə ölkənin infrastrukturu qurulub. Amma infrstrukuru yaratmaq bir neçə məmura tapşırılıb. Nəticədə bir neçə məmur hədsiz dərəcədə zənginləşib, monopoliyalar yaranıb. İqtisadi inkişafın kökündə azad rəqabət mühiti dayanmalıdır. İnhisarlaşmaq isə buna imkan vermir. Hətta Avropanın iqtisadi cəhətdən ən güclü ölkəsi Almaniya belə, səhv etmirəmsə, bir iş adamını zənginləşdirən iri müəssisələrdənsə, bir çox sahibkarın çörək ağacına çevrilən kiçik şirkətlərin fəaliyyətini stimullaşdırır…

– Dediyiniz iqtisadi siyasəti tək Almaniya yürütmür. Dünyanın bir çox ölkələrində eyni iqtisadi düşüncə hakimdir. Amma gəlin, onunla da razılaşaq ki, son 10 il ərzində ölkədə kifayət qədər xırda və ya orta müəssisələr də qurulub. Deməli, bizdə inhisarlaşma o səviyyədə deyil ki, böyük şirkətlər kiçikləri tamamilə sıradan çıxartsın. Bilirik ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə nə qədər layihələrə kreditlər ayrılıb. Bütün bunlar ölkə iqtisadiyyatının şaxələnməsinə xidmət edir. Təkcə, bu il 2 milyard manat dəyərində bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur. Bu, indiki maliyyə durumunda, neftin qiymətlərinin ucuzlaşdığı bir zamanda real iqtisadiyyata yatırılması nəzərdə tutulan böyük həcmi investisiya deməkdir.  Prezident bundan artıq nə etməlidir? Mətbuatı özünüz də izləyirsiniz. Demək olar ki, Prezident real sektorun inkişafı üçün praktik olaraq hər gün yeni qərarlar qəbul edir. Bu qərarlar bir qayda olaraq iş adamlarının, sahibkarların fəaliyyət meydanını daha da münbitləşdirməyə yönələn addımlardır. İş adamları arxalarında ölkənin ən güclü adamını görüb daha həvəslə quruculuq fəaliyyətinə keçə bilirlər. O ki, qaldı məmur özbaşınalığına, burada da heç kim toxunulmaz deyil artıq. Son zamanlar ölkədə baş verən hadisələr bunun belə olduğunu bir daha sübut etdi. Bu gün hansısa məmur ona göstərilən etimaddan sui istifadə etməyi özünə rəva bilirsə, oğurluq edirsə, bilməlidir ki, onun da hesab vaxtı çatacaq.

– Bəli, Prezident sənəd imzalayır. Amma məmurlar bu sənədin həyata keçməsində ya çox ləng tərpənirlər, ya da  öz ənənəvi neqativ fəaliyyətlərini davam etdirirlər. Paradoksallıq da burdan yaranır.

– Mənə bir tədbirdə də eyni sualı soruşmuşdular. Cəmiyyətdə həqiqətən də məmurlardan bu cürə narazılıqlar var. Amma unutmayaq ki, problemlər təkcə hansısa qərarları qəbul etməklə həll olunmur. Belə olsaydı onda dünyada heç bir problem qalmazdı. İstənilən islahatların həyata keçirilməsi üçün cəmiyyətin bu prossesdə aktiv iştirakı və ictimai nəzarət çox mühüm bir məsələdir. Məmur isə öz vəzifə borcunu yerinə yetirməlidir.

– Məsələ burasındadır ki, bizdə bir çox hallarda məmur həm də iş adamı deməkdir. Sizə elə gəlmir ki, bu vəziyyət ortadan qaldırılmayana qədər islahatlar da nəticəsiz qalacaq? Yəni, “icra mexanizminin islahatına məmurları iş dünyasından ayırmaqdan başlanmalıdır” fikrinə necə baxırsınız? Belə deyək, iri məmurlar həm özləri özlərinin fəaliyyəti üçün qanun hazırlayırlar, həm həmin qanunun həyata keçməsinə özləri nəzarət edirlər, həm də ondan özləri yararlanırlar. Bu da hakimiyyət səlahiyyətinin bölünməsi prinsipinə ziddir və bütün bəlalar da burdan qaynaqlanır.

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az