XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 10:53

Səudiyyə Ərəbistanı Rusiyaya üz tutur – Riyadla Kremlin “mutə nigahı” Yaxın Şərqdəki vəziyyəti dəyişə bilər (Təhlil)

Səudiyyə Ərəbistanının Müdafiə naziri vəliəhd Məhəmməd ibn Salman Putinlə görüşmək üçün Moskvaya gedəcək. 30 yaşlı gənc vəliəhdin bu görüşdə Rusiya prezidentindən Bəşər Əsəd rejimini devirmək üçün yardım istəyəcəyi gözlənilənilir. Vəliəhdin üzərində dayanacağı əsas arqument isə, sözsüz ki, Rusiyanın Əsədə verdiyi dəstəyin İŞİD-in işinə yaraması olacaq.

Qeyd edək ki, Suriyada başlayan münaqişədə Rusiya ilk gündən Dəməşqin yanında olmuş, bütün beynəlxalq tədbirlərdə onu müdafiə etmiş, müttəfiqindən hərbi və sivil yardımlarını əsirgəməmişdir. Səudiyyə Ərəbistanının iştirakıyla ilə bu gün də yürüdülən həmin müharibənin 4 ildir davam etməsi və indiyə qədər heç bir nəticə hasil olmamasının ən önəmli səbəblərindən biri Rusiyanın bu dəstəyidir. Görünür, Səudiyyə Ərəbistanı bu məsələni kökündən həll etmək qərarına gəlib və bu məqsədlə düşmən qapısına getməyi belə, gözə alıb.

Müdafiə nazirinin bu səfəri ölkəsinin müttəfiqi sayılan ABŞ-ın siyasi iradəsinin ziddinə atılmış addım kimi qiymətləndirilir. Zira nə qədər hərbi xarakterli görünməsinə baxmayaraq, səfərin əsas məqsədinin rəsmi Riyadla Kreml arasında körpülər yaratmağa hesablandığı güman olunur.

Halbuki, indiyə qədər Rusiyaya tətbiq olunan sanksiyaların əsas yükü Səudiyyə Ərəbistanının çiyinlərinə düşürdü. Dünyanın ən böyük neft hasilatçısı olan krallıq “qara qızılın” istehsalını artıraraq neftin dünya bazarında ucuzlaşmasında önəmli yer tuturdu. Beynəlxalq sanksiyalarla üzləşən Rusiyanın embarqodan daha çox, bu qiymət düşürülməsindən əziyyət çəkdiyi bilinir.

ABŞ-ın Rusiyanı çökdürmək layihasində əsas fiqura çevrilən bir qüvvənin indi birdən-birə yön dəyişərək Kremlə “him-cimə” başlaması, təbii ki, qlobal neft bazarında bir çox balansı kökündən dəyişə bilər. Gözləmək olar ki, Moskvada reallaşacaq görüşlərdə tərəflər ümumi razılığa gələcək, Rusiyanı ciddi narahat edən problemlərdən biri öz həllini tapacaq.

Səudiyyə Ərəbistanının bu “U” gedişi əslində qarşı-qarşıya qaldığı zərurətlərdən doğur. Artıq bir ildir ki, Rusiya əleyhinə tətbiq olunan sanksiyalar istənilən nəticəni vermir. İlk başda iqtisadi cəhətdən xeyli itkilərlə üzləşən Rusiya qısa müddətdən sonra özünü toparlaya bildi. ölkə iqtisadiyyatını bürüyən inflyasiyanın qarşısını aldı, rus rublunun devalvasiyasını dayandırmağı bacardı. Orta və Uzaq Şərq ölkələriylə genişləndirdiyi ticari-iqtisadi əlaqələr ona yeni bazarlar qazandırdı.

Rus iqtisadiyyatı çətin vəziyyəti adladığı kimi, rəsmi Moskva hərbi sahələrə yatırdığı investisiyaları da artırdı. Bir müddətdən sonra hərbi potensialını yenidən modernləşdirəcəyi düşünülən Rusiyanın öz düşmənlərinə qarşı daha aktiv mübarizə aparacağı sirr deyil. Hər halda iqtisadi cəhətdən olduqca kritik durumda olan bir ölkənin hərbi yatırımlara getməsini başqa amillərlə izah etmək mümkün deyil.

Rusiyanın ABŞ və onun müttəfiqlərinə qarşı birbaşa müharibə aparmaq ehtimalı yoxdur. Eyni sözləri anti-rus koalisiyasının üzvləri haqqında da demək olar. Onlar da nüvə arsenalına sahib Rusiya ilə birbaşa kəllə-kəlləyə gəlmək istəməzlər. Cəbhələrarası hesablaşmalar, böyük ehtimalla, dolayı olacaq və üçüncü dövlətlərin ərazisində aparılacaq. Hazırda qlobal güc mərkəzlərinin isə öz aralarındakı ziddiyyətə aydınlıq gətirəcəyi iki əsas poliqon var: Ukrayna və Yaxın Şərq.

Həm bulunduğu coğrafi mövqe, həm də siyasi təmayül baxımından Yaxın Şərq konfliktinin tam ortasında yer alan Səudiyyə Ərəbistanının isə güclü Rusiya qarşısında hədəfə çevrilmək həvəsi yoxdur, ola da bilməz. O, sadəcə, bu zamana qədər dünyanın super gücü hesab etdiyi ABŞ-ın qələbəsinə inanıb səhv addım atmağının girovuna çevrilib. Zənnimizcə, Səudiyyə vəliəhdinin Moskvaya gözlənilən səfəri də bu girovluqdan canını qurtarmaq məqsədi daşıyır.

üstəlik, rəsmi Riyadın Rusiyanın əleyhinə neft hasilatını artırmaq siyasəti də özündən çox, ABŞ-ın maraqlarına xidmət edirdi. Neftin dünya bazarında qiymətinin düşməsiylə nəticələnən bu siyasət Rusiya qədər olmasa belə, Səudiyyə Ərəbistanına da ciddi zərər vurur. “Qara qızılın” qiymətinin, təxminən, yarıbayarı ucuzlaşması sayəsində krallıq ən çox neft istehsal edən ölkə kimi həm də ən çox ziyana düşən tərəf oldu.

Səudiyyə Ərəbistanı bir tərəfdən özünə iqtisadi cəhətdən sərf etməyən, digər tərəfdən milli təhlükəsizliyi üçün xeyli riskli gördüyü və sırf müttəfiqlik xətrinə atdığı bu addımın əvəzini də müttəfiqindən ala bilmədi. Heç gözləmədiyi halda, ABŞ nüvə ölkəsinə çevrilmək istəyən İrana yaşıl işıq yandırdı. Baxmayaraq ki, həmin İran həm Səudiyyə Ərəbistanı, həm İsrail, həm də ABŞ-ın ortaq düşməni idi. Bir növ, ən yaxın dostu tərəfindən tora salındığını düşünən rəsmi Riyad, görünür, “ziyanın yarısından qayıtmaq” üçün Moskvaya yollanmaq və ona “dünyanın ən çarəsiz ölkəsi olan Suriya”dansa, “dünyanın və bölgənin ən varlı ölkəsi” olan özüylə qol-boyun olmaq təklifi verməyə çalışır.

Bəs, görəsən, Rusiya bu “mutə nigahı” təklifini qəbul edəcəkmi?

Suala birmənalı cavab vermək mümkün deyil. Müasir beynəlxalq siyasət mənəvi dəyərlərdən çox, praqmatik əlaqələrə üstünlük verdiyindən, Rusiyanın müəyyən çərçivələrdə Səudiyyə Ərəbistanıyla əlaqələr quracağı gözləniləndir. Fəqət onun yeni partnyor xətrinə Suriyadan vaz keçməsi də asanlıqla qəbul ediləcək durum deyil.

Əvvəla, ona görə ki, ABŞ-la tarixi əlaqələrə sahib Səudiyyə Ərəbistanına bel bağlamaq olmaz. O, istənilən an yenə Rusiyanı İsrailə, ABŞ-a dəyişmək qabiliyyətinə sahibdir. ümidini tamamilə Moskvaya bağlamış Suriya isə bu mənada daha etibarlı müttəfiqdir.

Digər tərəfdən, rəsmi Moskvanın dünya hegemoniyasının açarı hesab olunan Aralıq dənizində yeganə hərbi bazası Suriya ərazisində yerləşir. 2008-ci ildə iki ölkə arasında bağlanan müqaviləyə əsasən, Rusiya Suriyanın Tartus limanında 10 hərbi gəmisini yerləşdirib. Təyyarədaşıyan bu hərbi gəmilər təkcə Aralıq dənizini yox, həm də Qırmızı dənizi, Hind və Atlantik okeanlarını nəzarət altında tutur. Rusiya hərbi gücünün ən böyük hissələrindən sayılan bu donanma Aralıq dənizini öz hegemonluğu altında tutan ABŞ-ın maraqlarına qətiyyən cavab vermir. Bəzi hərbi ekspektlərə görə, Suriyanın altını üstünə çevirən müharibənin önəmli səbəblərindən biri də elə Rusiyanın Aralıq dənizində ABŞ-ın əl-ayağına dolaşmasına verilmiş reaksiyadır.

Sözsüz ki, Rusiya rəsmi Riyadın şirin dilinə aldanıb bu yağlı tikəni əlindən qaçıracaq qədər sadəlövh deyil. Amma ən doğrusunu yenə zaman göstərəcək…

Heydər Oğuz

Strateq.az