XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 15:10

Qoca Nazarbayevin qorxulu röyasına çevrilən dustaq:Toxtar Kuleşov kimdir?

kulesov

Toxtar Kuleşov böyük qızı Sevillə 

 

Qazaxıstanın Aktoba şəhərində bu günlərdə baş vermiş qanlı insidentin arxasında məşhur iş adamı və hazırda həbsdə olan Toxtar Kuleşovun durduğu haqda məlumatlar həm Rusiya, həm də Qazaxıstan saytlarında geniş yer almaqdadır.

 

Kimdir Kuleşov?

 

Qazaxıstan ictimaiyyəti onun haqqında ilk dəfə ancaq 2006-cı ilin iyununda – Amerika-Qazaxıstan “Sultan Bəybars” blokbasterinin yekunlaşan çəkilişi haqda məlumat yayılarkən xəbər tutdu. Onda bilindi ki, filmin ideyası və prodüseri “Şımkent Pictures” şirkətinin sahibi Toxtar Kuleşovdur. Bu da məlum oldu ki, biznesmen əvvəllər baş rolları Erik Roberts, Kerri Taqava, Bolo Yanq və Devid Kerradayn kimi ulduzların ifa etdiyi “Yaxın döyüş” filminin meydana çıxmasında da  iştirak edib.

Sultan Bəybars” filminin büdcəsi isə 130 milyon dollar təşkil edib.

Toxtar Kuleşov idman funksioneri kimi də çıxış edib. O, 2007-ci il martın 23-də Tayvan paytaxtı Taypedə baş tutmuş Həvəskar Boksçuların Beynəlxalq Assosiasiyasının (AIBA) konqresində yekdilliklə assosasiyanın komitələrindən birinin rəhbəri seçilib. AIBA prezidenti onu “uğurlu biznesmen, mahir təşkilatçı və çağdaş ideya və istiqamətlərin generatoru” kimi səciyyələndirib.

 

Mafioz qruplarla işbirliyi

 

Maraqlı bir detal: o vaxtlar AIBA-nın icraçı vitse-prezidenti məşhur özbək iş adamı (indiki Rusiya vətəndaşı), ABŞ Xəzinədarlığının “Qardaşlıq çevrəsi” birləşmiş cinayətkar qruplaşmasının rəhbərlərindən biri  və özbək narkoticarətinin lideri adlandırdığı Qafur Rəhimov idi.   

qafur

Avstraliya hökuməti əvvəllər Qafur Rəhimovu arzuolunmaz şəxs elan etmiş və 2000-ci ildə Sidney Olimpiya oyunlarına ona viza verməkdən imtina etmişdi.

Təəccüblü deyil ki, 2010-cu ildə YouTube-da görünmüş kadrlarda Toxtar Kuleşovun doğum günündə əsas qonağın Qafur Rəhimiovun olduğu üzə çıxmışdı. Ekspertlərin fikrincə, bu kadrların meydana çıxması Kuleşov və Qafurova diş qıcamış Qazaxıstan polisinin xidmətidir. Ehtimal ki, Qazaxıstan polisi ilə münaqişə Kuleşovu Rusiyada daha tez-tez olmağa məcbur etdi.

 

Rusiya əlaqələri

 

O, tərcümeyi-halında göstərir ki, RF Dövlət Dumasında iki Ekspertlər Şurasının sədri, Qazaxıstan Kazak İctimai Birlikləri İttifaqınlın baş atamanının müşaviri olub və Qazaxıstanın “Rus icması” ilə əlaqəsi var idi.

Kuleşovun həmin illərdə Rusiya mətbuatına verdiyi müsahibələrdə Qazaxıstanda rus dilinin, guya, sıxışdırılması haqda qayğılı fikirlər yer alır.

Bundan sonra Kuleşovun rus nəşrlərində müsahibə və rəyləri müntəzəm şəkildə görünməyə başlayır. 2013-cü ildə Terrorçu Təhlükələrin və Azintensivlikli Münaqişələrin Təhlili Mərkəzinin direktoru Ramil Latipovla (yeri gəlmişkən, bu adam Azərbaycanda arzuedilməz şəxs elan olunub) birlikdə Rusiya Yaum TV-də Əfqanıstana həsr edilmiş “Panorama” proqramının iştirakçısı olur.

Bir qədər sonra internetdə onun “Avrasiya inteqrasiyası. Gələcəyin qurulması” adlı kitabı ortaya çıxır. Müəllif yazır: “Avrasiya məkanının indiki pərakəndə durumda inkişaf edə biləcəyini yalnız səriştəsiz adamlar  iddia edə bilər. İqtisadi-mədəni təcrid kürəsəlləşmənin çağrışına tamamilə qeyri-adekvat cavabdır”.

Kuleşov o zaman Liviyadakı girovların azad edilməsi əməliyyatında iştirak edir və buna görə 2015-ci ilin avqustunda “Sülhyaradıcı” ordeninə layiq görülür. Ordeni İnterpolun Rusiya şöbəsinin rəhbərlərindən biri, general-polkovnik Vyaçeslav Pavlov təqdim edir və bu fakt Rusiyanın aparıcı KİV-lərində geniş işıqlandırılır.

Toxtar Kuleşov hamilik fəaliyyətinə də yad deyil. 2015-cin ilin iyununda Monakoda Rusiya İli tədbirlərində şımkentli biznesmen əsas sponsorlardan biri oldu. Onun yardımı və iştirakı ilə “Les Grimaldi et la mer Noire” ("Qrimaldi və Qara dəniz”) kitabı işıq üzü gördü. Monte-Karlo sakinləri Kuleşovun sayəsində Böyük Teatrın balet ulduzlarına tamaşa edə bildilər.

Toxtar Kuleşovun Şımkentdə həbsinə Qərb və Rusiya KİV-indən reaksiya bir anda baş verdi. Hadisəyə ilk reaksiya verənlərdən biri "Reuters" agentliyi oldu. Agentliyin məlumatını dərhal “Deutsche Welle” və "Коммерсанть", hətta “Amerikanın səsi” yaydı. Amerikalılar faktın qeydiyyatı ilə kifayətlənmədi və bildirdilər ki, biznesmenin həbsi Moskva ilə Astananın münasibətlərini ciddi şəkildə qəlizləşdirə bilər.

 

Kuleşovun aktivləri

 

Onun çox məşhur müəssisələrindən biri ölkədə ən böyük pivə istehsalçısı şirkəti “Şımkent” MMC-dir. Kuleşov şirkətin həm təsisçisi, həm də 2002-ci ildən direktorlar şurasının sədri olub.

"ФИНАМ" Rusiya holdinqinin məlumatına əsasən, “Şımkentpivo” MMC 2006-cı ilin oktyabrında Özbəkistanda meyvə şirələri və qazlı içkilərin ən böyük istehsalçısı "Marvel Juice" ASC-nin səhmlərinin 42.3%-i alıb və ilin axırında öz payını 50%-ə çatdırıb. Öz məhsulunu Tip Top brendi ilə buraxan "Marvel Juice" şirkəti Namanqanda və Əndicanda yerli bazarda 20-25% payla istehsal gücünə malikdir. Qazaxıstan KİV-i 2014-cü ilin dekabrında xəbər verdi ki, Toxtar Kuleşov 2007-ci ildən bu gün daha çox “Darhan Group” adıyla məşhur olan “Holdinq Darhan” MMC-nin də sahibidir və təkcə Qazaxıstanın iri şəhərlərində deyil, Özbəkistan paytaxtında da filialları var. Kokşetau və Ust-Kamenoqorskun biznes portalları yazır ki, “Darhan Group” topdan satış ticarət şirkəti həm də yaşayış və inzibati binaların inşası ilə məşğul olur…

 

Strateq.az