XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 08:03

Fikrət Yusifov:“Növbəti islahat Kənd Təsərrüfatı Nazirliyində aparılmalıdır” - Müsahibə

 

Fikrət Yusifov: Azərbaycanın sabiq maliyyə naziri olan bu insan ölkəmizin iqtisadi potensialına vaqif bir neçə iqtisadçıdan biridir. Ən azı ona görə ki, bir zamanlar ölkəmizin bütün pulları bu insanın nəzarəti altında öz ünvanına çatırdı. Keçmiş təcrübəsi və elmi potensialı Fikrət müəllimə iqtisadi durumumuzu daha yaxşı analiz etmək imkanı verir. O, isə bir çox iqtisadçılarımızdan fərqli olaraq, ölkəmizin inkişaf potensialına nikbin yanaşır. Bəs bu nikbinlik hardan qaynaqlanır?

Sabiq nazirlə bir saata yaxın davam edən söhbətimizə də elə bu sualla başladıq.

Fikrət Yusifovun Strateq.az-a müsahibəsini təqdim edirik:

(Əvvəli bu linkdə: http://strateq.az/manshet/65083/inqilabi-xarakterli-addimlar-atilmali-idi.html)

 

– Məsələ burasındadır ki, bizdə bir çox hallarda məmur həm də iş adamı deməkdir. Sizə elə gəlmir ki, bu vəziyyət ortadan qaldırılmayana qədər islahatlar da nəticəsiz qalacaq? Yəni, “icra mexanizminin islahatına məmurları iş dünyasından ayırmaqdan başlanmalıdır” fikrinə necə baxırsınız? Belə deyək, iri məmurlar həm özləri özlərinin fəaliyyəti üçün qanun hazırlayırlar, həm həmin qanunun həyata keçməsinə özləri nəzarət edirlər, həm də ondan özləri yararlanırlar. Bu da hakimiyyət səlahiyyətinin bölünməsi prinsipinə ziddir və bütün bəlalar da burdan qaynaqlanır.

– Sözsüz ki, bütün sahələrdə olduğu kimi, dövlət idarəçiliyində də vəzifə, əmək bölgüsü işin həm sürətini, həm də keyfiyyətini artıran amildir. Cəmiyyətlər inkişaf etdikcə, idarəçilikdə də səlahiyyət bölgüsü yaranmış və bəşəriyyət daha rahat tərəqqi yoluna qədəm qoymuşdur. Bu gün Azərbaycan dövləti də ümumbəşəri prinsipə çevrilən idarəçilik bölgüsünü öz həyatında tətbiq edir. Konstitusiyamıza görə, hakimiyyətin 3 qolu var və bu qollar öz fəaliyyətlərini müstəqil şəkildə davam etdirirlər. Mümkündür ki, bəzi hallarda məmurlar səlahiyyətlərinə aid olmayan işlərə də əl atır və bundan şəxsi maraqları üçün istifadə etməyə çalışırlar. Amma bu, yalnız Azərbaycana aid problem də deyil. Dünyanın bütün ölkələrində eyni təşəbbüslərin ortaya çıxma ehtimalı var və dövlət mexanizmiləri bu neqativ halların qarşısını almaq üçün dərhal hərəkətə keçirlər. Haqqında danışdığınız neqativliyin qarşısını almaq cəhdi bizim ölkəmizdə də müşahidə olunur. Özü də birbaşa ən yüksək siyasi iradə tərəfindən. Bunun ən bariz nümunəsi “ASAN xidmət”in yaradılmasıdır. Prezident İlham Əliyev tərəfindən yaradılan bu mexanizm, özünüz də bilirsiniz ki, məmur özbaşınalığının qarşısını almaq məqsədi daşıyır. Nə qədər iş adamı, sadə vətəndaşlar bu gün həmin mexanizmin imkanlarından istifadə edərək, ümumiyyətlə, məmurların üzünü görmür. Bu da qüdrətli məmur anlayışını getdikcə cəmiyyətimizin düşüncə sistemindən çıxarır. Məlumdur ki, tamah insan xislətindən irəli gələn xüsusiyyətdir. Bəzən yaranmış kiçicik bir fürsət insanları öz tamahına boyun əyməyə vadar edə bilər. Sözsüz ki, məmurlarımız da bu xislətdən xali deyillər. Deməli, korrupsiya və rüşvətxorluqla mübarizə çərçivəsində elə bir mexanizm yaradılmalı idi ki, məmurların bu neqativ niyyətlərini həyata keçirmək imkanı olmasın. Hesab edirəm ki, “ASAN xidmət” bu istiqamətdə atılmış ən radikal addımdır. Dünən cənab Prezident yeni bir sərəncam imzaladı. Xaricdən gələn iş adamları daxil, bütün əcnəbilərə vizaları “ASAN xidmət” verəcək. Onlar məmur üzü görməyəcəklər. Yəqin, bu sahədə neqativliklər vardı və bu, Prezidentin qulağına çatırdı ki,  həmin addımı atdı.

– “ASAN xidmət”in səlahiyyətlərinin bu qədər genişləndirilməsi belə bir təəssüratın yaranmasına yol açır: sanki ölkədə alternativ bir hökumət qurulur. Sizcə, mövcud hökuməti saxlamaqla onun alternativini yaratmaq sabah ziddiyyətli məqamların ortaya çıxmasına yol açmazmı?

– Bilirsinizmi, bütün islahatların ali məqsədi olur. Bu məqsədə çatmağın ən səmərəli yolu isə prossesləri ardıcıl və tədrici bir metodlarla aparmaqdır. Bəzən radikal niyyətlər tədrici metodlarla həyata keçiriləndə daha effektli nəticələr əldə etmək olur. Dinimiz İslam da bir sıra radikal dəyişiklikləri tədrici metodlarla həyata keçirib. Məsələn, içkinin qadağan edilməsi 3-4 mərhələdən keçib. Əvvəl şərabın ziyanının xeyirindən çox olduğu dindarlara ilahi mesajla çatdırılıb. Sonra namaz qılınan ərəfədə içki içməmək tövsiyyə olunub. Daha sonra isə radikal həll metodu işə düşüb: içki tamamilə qadağan edilib. İstənilən cəmiyyətin yeni həyat tərzinə öyrəşməsi üçün bu cür metodlardan istifadə olunması çox uğurlu nəticələrə gətirib çıxarır. Prezident İlham Əliyevin bu tapıntısı da radikal islahat niyyətini tədrici metodla həyata keçirmək yoludur. Üstəlik, yeni siyasi idarəetmə mexanizmi sadəcə “ASAN xidmət”in səlahiyyət dairəsini genişləndirməklə də məhdudlaşmır. Bir sıra nazirliklərin öz sahələrindəki sonsuz səlahiyyətləri əllərindən alınıb, yeni strukturlara verilir. Bunun ən bariz nümunəsi Nəqliyyat Nazirliyi sistemində aparılan islahatlardır. Faktiki olaraq, bu nazirliyin səlahiyyətində elə bir iş qalmadı, hamısı müxtəlif strukturlar arasında bölündü. Sizin “iri məmurlar kiçik və orta iş adamlarını sıradan çıxara bilər” tezisinizə veriləcək ən yaxşı cavab elə bu nümunədir. Bir zamanlar nəqliyyat naziri ən iri məmurlardan biri idi. Halbuki, onun vəzifəsi nəqliyyat sistemiylə bağlı strategiyalar hazırlayıb təqdim etməkdən ibarətdi və bu strategiyalar rəsmən qəbul olunduqdan sonra onun icrasına nəzarət fünksiyasını yerinə yetirməliydi. Keçmiş sovet dövründən qalan ənənədə isə nazirliklərin səlahiyyətləri işə nəzarətlə qalmır, həm işin icrası da onlara tapşırılırdı. Həmin ənənənin yaratdığı oliqarxlaşma hazırda cəmiyyətimizin inkişafında başlıca problemə çevrilib. Bu tendensiyanın qarşısı mütləq alınmalıydı, Prezidentin Nəqliyyat Nazirliyi strukturunda apardığı islahatlar artıq bu niyyətin həyata keçirilməyə başlanmasından xəbər verir. Yəqin ki, yaxın gələcəkdə eyni təcrübədən digər nazirliklərdə də istifadə olunacaq və o zaman sizin dediyiniz səlahiyyət bölgüsü də daha mükəmməl şəkil alacaq. Mənim şəxsi qənaətimə görə, növbəti bənzər islahat Kənd Təsərrüfatı Nazirliyində aparılmalıdır. Çünki ölkəmiz aqrar ölkədir. Aqrar sahənin inkişafı üçün təcili addımlar atılmalıdır. İlk addım isə bu sahəyə baxan nazirliyin vəzifə və səlahiyyətləriylə bağlı olmalıdır. Kənd Təsərrüfatı Nazirliyi əkinçilik və heyvandarlıq sahəsində fermer təsərrüfatlarının yaradılması, xaricdən toxumluq taxıl, gübrə və dərmanların, cins mal-qaranın alınıb gətirilməsi ilə məşğul olmamalıdır. Bu nazirlik sadəcə ölkədə aqrar sahənin inkişaf strategiyasını işləyib hazırlamalıdır. Aqrar sektordakı təsərrüfat məsələləri isə ən yaxşı halda dövlət adından yaradılan, lakin dövlət orqanı olmayan publik hüquqi şəxslər tərəfindən icra edilməlidir. Məsələn, baytarlıq xidməti kimi çox mühüm bir xidmət heç bir halda Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olmamalıdır. O, tam müstəqil və çox böyük səlahiyyətlərə malik bir qurum kimi fəaliyyət göstərməlidir.  

Bir sözlə hər bir nazirlik, komitə öz işiylə məşğul olarsa, ayrı – ayrı  sahələrin də inkişafına maneə olan məqamlar aradan qalxar.

– Məni bir məsələ də çox maraqlandırır. Bilirsiniz ki, biz neftimizi və qazımızı xammal kimi satırıq. Yaxşı olmazmı ki, ölkədə aqrar sahə, tranzit yükdaşımalar, turizm kimi sahələrlə yanaşı, neft-kimya müəssisələrinin yaradılmasına da xüsusi diqqət ayrılsın və biz bu sahənin hazır məhsullarını dünya bazarlarına çıxaraq?

– Çox gözəl bir məqama toxundunuz və mənim üçün də çox maraqlı ola biləcək bir sualı verdiniz. Bu gün neft-kimya sənayesinin inkişafı üçün Azərbaycanda o qədər böyük perspektivlər var ki, bu layihələr özünü doğruldandan sonra ölkəmiz iqtisadi cəhətdən inanılmaz möcüzəni reallaşdıra biləcək. Bilirsiniz ki, Sumqayıtda yeni sənaye  zonası, Neft-Kimya Kompleksi yaradılıb. Məqsəd isə ondan ibarətdir ki, neftdən və qazdan son məhsul hazırlayıb dünya bazarına çıxaraq. Bu da bizə böyük həcmdə valyuta gətirəcək. Hardasa,  xammal satışından 10 dəfələrlə artıq valyuta gəlirlərindən söhbət gedir…

– Bəli, əgər xammal olaraq, bir barrel neft 50 dollara satılırsa, hazır mala çevirəndə 5000 dollar əldə etmək mümkündür…

– Əmin olun ki, Azərbaycanda sizin dediyiniz istiqamətdə ciddi işlər gedir. Həm də bu işlər yeni başlamayıb. Hardasa, 10-12 il bundan əvvəl bir çox müəssisələrin təməlləri atılıb, bəzi köhnə fabrik və zavodlar modernləşdirilib. Bunun üçün çox böyük investisiyalar yatırılıb. Məni optimist əhval-ruhiyyəyə kökləyən səbəblərdən biri də budur. Baxmayaraq ki, son 4 ayın içərisində iqtisadiyyatımızda 4%-dən yuxarı azalma qeydə alınıb, amma ölkəmizin qarşısında ciddi perspektivlər var və hakimiyyət də bu istiqamətdə öz işini aparır. Çox yaxşı haldır ki, hökumət baş verən bu böhran şəraitində pessimizmə qapılmadı və quruculuq işini daha sürətlə aparmaq yolunu tutdu. Siz əgər ABŞ Prezidenti Barak Obamanın Beynəlxalq Xəzər neft-qaz sərgisinin açılışı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu oxusanız, Azərbaycanın bu sahədə apardığı ciddi işlərin böyük dövlətlər tərəfindən necə etiraf edildiyinin şahidi olarsınız. Məktubun bir bəndində deyilir: ““Mən “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi məqsədilə göstərdiyiniz səyləri alqışlayıram və Azərbaycanın tam potensialına nail olmaqda, o cümlədən şaxələndirilmiş iqtisadiyyatı təşviq etməkdə, sərmayə mühitini təkmilləşdirməkdə, hesabatlığı və qanunun aliliyini gücləndirməkdə və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarını yaxşılaşdırmaqda atdığınız davamlı addımlarınızı dəstəkləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır”.

Göründüyü kimi, Obamanın bu məktubunda da qeyd olunur ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində ciddi addımlar atmışıq. Dünya Bankı, Beynəlxalq Valyuta Fondunun rəhbərlikləri də bunu etiraf edirlər ki, Azərbaycan post-neft dövründə çox düzgün yol tutub. Bununla belə, təssüf ki, bayaq sizin də qeyd etdiyiniz kimi, bəzi məmurllar bu gün Prezidentin çalışmalarına adekvat addım atmağı bacarmırlar. Onların passivliyi və bəzən də neqativ fəaliyyətləri həm görülən quruculuq işlərini xeyli ləngidir, həm də vətəndaşların incikliyinə yol açır. Belə məmurlar ya öz idarəçilik metodlarını yeni dövrün tələblərinə uyğunlaşdırmalı, ya da öz kürsülərini tərk edib getməlidir.

– Biz nə qədər qeyri-neft sektorunun inkişafından danışsaq da, ortada olan bir həqiqət var: hələ də ölkəmizin iqtisadiyyatı neftdən kifayət qədər asılıdır…

– Bu fikirlə qismən razıyam. Azərbaycan getdikcə neft ölkəsi olmaqdan çıxır və çıxmalıdır. Ancaq qeyri-neft sektorunun ixrac potensialının real gücə tam çevrilməməsi də bir həqiqətdir. Təsəvvür edirsinizmi, biz indi qeyri-neft sektorundan ixrac hesabına yalnız 1.5 milyard dollar valuta qazana bilirik. Bu, olduqca kiçik bir rəqəmdir. Bu göstərici özlüyündə iqtisadiyyatımızın neftdən asılılığının hansı səviyyədə olduğunu xarakterizə edir. Elə bu səbəbdəndir ki, hökumət postneft dövründə ölkə iqtisadiyyatının inkişafının praktik olaraq yeni modelini ortaya qoydu. Bu gün hökumətin iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etmək istiqamətində qəbul etdiyi qərarlar və atdığı qətiyyətli addımlar yaxın bir neçə il ərzində bu sahədə vəziyyətin əsaslı şəkildə dəyişməsini hədəfləyib.

– Fikrət müəllim, elə sualım da bu bununla bağlıdır. Büdcə layihəsi qəbul olunanda bir barrel neftin qiyməti 25 dollardan götürülmüşdü. İndisə qiymətlər 50 dollar həndəvərində dolaşır. Bu yüz faizlik artım deməkdir. Əldə olunan əlavə valyuta, sizcə, hansı sahələrə yönəldilməlidir?

– Bəli, dürüstləşdirilmiş büdcə layihəsində neftin qiyməti 25 dollardan götürülüb. Əvvəl 50 dollar idi, sonra neftin qiymətinin kəskin enməsiylə hökumət proqnozunu 25 dollara qədər endirdi. İndi qiymətlərdəki tendensiya yüksəlişə doğrudur. Qiymətlərin ilin sonuna qədər 60-70 dollara qədər yüksələcəyi güman olunur.  Təbii ki, bu, bizə ən aşağı həddə götürdüyümüz proqnozlardan daha artıq valyuta gətirəcək. Amma bu, büdcədə nəzərdə tutulan xərcləri dəyişdirməyəcək. Bəs, onda bu artım bizə nə vəd edir? Qısa desək, bu artım maliyyə sistemimizə, iqtisadiyyatımıza, vətəndaşlarımıza güvən verəcək. Bayaq qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun inkişafında atılan bugünkü addımların bariz nəticələrini biz bir neçə ildən sonra görə bilərik. Bu müddət ərzində dediyiniz qiymət amili hesabına valyuta rezervlərimizin artıması islahatların daha rahat aparmasına şərait yaradacaq. İlk növbədə milli valyutamız sabitliyini qoruyacaq. Post-neft dönəminə keçid mərhələsi üçün bu, çox vacib şərtlərdəndir. Çünki milli valyuta sabit olmayan yerdə nə iş adamı iş görmək istəyir, nə də ölkəyə xarici investorlar gəlir. Nəticədə iqtisadiyyatda ciddi durğunluq, hətta tənəzzül yaranır. Neft qiymətlərinin artması hesabına yaradılacaq əlavə valyuta ehtiyatları isə milli valyutaya olan güvəni  daha da artırmış olacaqdır.  

– Böhran şəraitində rezervləri artırmağın başqa nə kimi faydası ola bilər?

– Rezervlərin artmasının müsbət tərəfi odur ki, Azərbaycanın beynəlxalq maliyyə müstəvisində nüfuzu artacaq, kredit reytinqlərimiz yüksələcək və nəticə etibarilə vacib saydığımız layihələrə daha asan bir şəkildə kredit almaq şansımız kifayət qədər böyük olacaq. Yadınızdadırsa, Prezident Respublika günü münasibətilə çıxışından qeyd etdi ki, Cənub Qaz Dəhlizi layihəsi üçün 1 milyard dollar vəsait lazım idi və bu vəsaiti bir həftənin içində aldıq, istəsəydik, 2 milyard da verərdilər. Bilirsiniz, bizə o qədər vəsaiti verməkdən niyə çəkinmirlər? Çünki bilirlər ki, arxamızda ən azı 40 milyard dollar həcmində valyuta ehtiyatlarımız var. Belə kreditləri Ermənistanın və ya Gürcüstanın alması üçün, yəqin ki, aylarla, illərlə danışıqlar aparılmalı idi. Hətta bundan sonra da onların bu həcmdə kreditləri ala biləcəkləri şübhə doğurur.

– Amma Cənub Qaz Dəhlizi həm də Qərbə lazım idi. Yəqin ki, bir az da ona görə tez ala bilmişik…

– Əlbəttə, bu, onlara da lazım idi. Cənub Qaz Dəhlizi Avropanın enerji şaxələndirməsi layihəsidir və həmin kredit ayrılmasında, sözsüz ki, bu amilin də rolu az olmayıb. Bununla belə, biz istədiyimiz layihə üçün həmin məbləğdə kredit ala bilərik. Səbəb odur ki, bizim bu vəsaiti geri qaytarmaq problemimiz yoxdur. Bunun təminatı isə valyuta rezervlərimizdir. Neft qiymətlərinin bahalaşmasıyla artan valyuta rezervimiz beynəlxalq maliyyə müstəvisində kredit reytinqlərimizin artmasını təmin etməklə, xarici investorların ölkəmizə daha güvənli şəkildə yatırım qoymasına şərait yaradır.

– Fikrət müəllim, görünür, mən iqtisadiyyata ədəbi gözlə baxdığıma görə, bir mətləbi anlaya bilmirəm. Niyə bizə lazım olan vəsaiti öz cibimizdən götürmürük, qonşudan borc alırıq? Qonşumuz da borcun üstünə faiz qoyaraq onu bizə müəyyən müddətə verir…

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az