XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 04:59

Rəsul Quliyevlə bağlı sensasion qərar:İnterpol eks-spikerin adını axtarış siyahısından çıxardı!

resul-quliyev-1

1996-cı ilin sentyabrında Milli Məclisin sədri postundan könüllü olaraq istefa verərək, Azərbaycanı tərk edən və daha sonra barəsində cinayət işi açıldığından 20 ildir ölkəyə qayıdışı əngəllənən eks-spiker Rəsul Quliyevlə bağlı mühüm qərar verilib.

Strateq.az xəbər verir ki, “Musavat.com” saytının yaydığı məlumata görə, 1998-ci ildən barəsində axtarış elan olunan R.Quliyevin adı iyunun 9-dan etibarən, İnterpolun həm baş, həm də Baki ofisinin rəsmi web-səhifələrindən çıxarılıb.

Eks-spiker Rəsul Quliyevlə bağlı verilmiş bu qərarı bir müddət əvvəl keçmiş deputat Rza İbadovla bağlı baş verən proseslə müqayisə edən sayt, İnterpolun addımını həm də "Rəsul Quliyevin ölkəyə dönüşü üçün siyasi hakimiyyətin razılığı kimi" qiymətləndirib.

Xatırladaq ki, Rəsul Quliyev mərhum prezident Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıtmasında və o hakimiyyətin möhkəmlənməsində müstəsna rolu olan simalardan sayılıb. Ancaq 1996-cı ildə naməlum səbəblərdən aralarında yaranmış narazılıq bir-biriylə çox yaxın olan bu iki şəxsin yollarının qəfil ayrılmasına gətirib çıxarıb və eks-spiker o vaxt Konstitusiyayla hakimiyyətdə ikinci önəmli vəzifə sayılan postundan istefa verərək, "müalicə olunmaq" adıyla ABŞ-a gedib.

1997-ci ildə "Demokratiyaya doğru yol" adlı kitabıyla Rəsul Quliyev Heydər Əliyev hakimiyyətinə qarşı sərt müxalifətçilik mövqeyinə keçdiyini bəyan edib, 1998-ci ilin prezident seçkilərini boykot qərarı verən 5 əsas iddiaçıdan olub. Elə həmin vaxt da Bakıda ona cinayət işi qaldırılıb və barəsində axtarış qərarı çıxarılıb.

2005-ci ilin parlament seçkiləri ərəfəsində – 17 oktyabrda Rəsul Quliyevin xüsusi reyslə Bakıya qayıdacağı gözlənsə də, o, son anda bundan imtina edib və yanacaq üçün Ukraynaya enən təyyarəsində yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Ancaq bir neçə saat sonra sərbəst buraxılıb və təkrar ABŞ-a dönüb.

Son 10 il ərzində də dəfələrlə Rəsul Quliyevin hakimiyyətlə barışdığı və ölkəyə qayıdacağı xəbərləri yayılsa da, bunlar şayiədən o tərəfə keçməyib. İndi – son günlər Azərbaycan hakimiyyətinin Qərblə təmaslarının ilıqlaşması, siyasi məhbus sayılan bir çox insanın həbsdən azad edilməsi və Dağlıq Qarabağla bağlı danışıqların kritik mərhələyə keçməsi fonunda Rəsul Quliyevin adının da İnterpolun axtarış siyahısından çıxarılması, həqiqətən, siyasi dairələrdə ciddi rezonans doğurub və çoxsaylı müzakirələrə rəvac verib.

Strateq.az