XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 07:01

Fikrət Yusifov:“Nəyə görə biz 10 milyardı itirməliydik?”

 

Fikrət Yusifov: Azərbaycanın sabiq maliyyə naziri olan bu insan ölkəmizin iqtisadi potensialına vaqif bir neçə iqtisadçıdan biridir. Ən azı ona görə ki, bir zamanlar ölkəmizin bütün pulları bu insanın nəzarəti altında öz ünvanına çatırdı. Keçmiş təcrübəsi və elmi potensialı Fikrət müəllimə iqtisadi durumumuzu daha yaxşı analiz etmək imkanı verir. O, isə bir çox iqtisadçılarımızdan fərqli olaraq, ölkəmizin inkişaf potensialına nikbin yanaşır. Bəs bu nikbinlik hardan qaynaqlanır?

Sabiq nazirlə bir saata yaxın davam edən söhbətimizə də elə bu sualla başladıq.

 

Fikrət Yusifovun Strateq.az-a müsahibəsini təqdim edirik:

(əvvəli:   Fikrət Yusifov:“Növbəti islahat Kənd Təsərrüfatı Nazirliyində aparılmalıdır” – Müsahibə 

 “İnqilabi xarakterli addımlar atılmalı idi”-Sabiq Maliyyə naziri Fikrət Yusifovla müsahibə)

 

 

-Fikrət müəllim, görünür, mən iqtisadiyyata ədəbi gözlə baxdığıma görə, bir mətləbi anlaya bilmirəm. Niyə bizə lazım olan vəsaiti öz cibimizdən götürmürük, qonşuya borca gedirik? Üstəlik, qonşumuz da borcun üstündə həm faiz qoyur, həm də onu bir müddətdən sonra  verir…

-Üzr istəyirəm, bu, bir qədər bəsit yanaşmadır. İlk baxışdan həqiqətən də adamın beynində belə bir fikir formalaşır. Amma ingilislərin bir deyimi var: mən biznes üçün öz pulumu xərcləyəcək qədər ağılsız deyiləm. Bu, məsələnin, əlbəttə, loru izahıdır. Məsələnin daha dərin izahına gəlincə, istənilən xarici kredit həyata keçiriləcək layihəyə daha məsuliyyətli yanaşım tələb edir. Ən azından ona görə ki, götürülən kreditin geri qaytarılması bu layihənin uğurlu icrasından çox asılı olur.     Cənub Qaz Dəhlizi kimi bir çox qlobal maraqların toqquşduğu layihələrə asanlıqla xarici kreditlərin alına bilməsi isə bu kreditləri ayıran maliyyə qurumlarının belə layihələrin gələcəyinə tam güvəndiyinin göstəricisidir. Bu qəbildən olan layihələr üçün krediti alan tərəf də çox yaxşı bilir ki, götürdüyü kreditin özünü də, faizini də ödəyəcək, ondan qat-qat artığını da qazanacaq. Öz valyuta rezervlərimiz isə beynəlxalq müstəvidə Azərbaycanın reytinqini yüksələdəcək, daxildə isə güclü təhlükəsizlik yastığı rolunu oynayacaq. Ona görə də bu rezervlərin qorunması və artması ölkəmizin xeyrinədir…

-Amma rezervlərimiz  qorunmur axı. Bəzən görürük ki, dünyada və ölkəmizdə gedən iqtisadi proseslər nəticəsində “əriyir”…

-Mühüm bir məqama toxunduğunuz. Rezervlərimizin “əriməsilə” bağlı mənim mövqeyimi, yəqin ki, mətbuatdan siz də izləmisiniz. Mən bir mütəxəssis kimi Mərkəzi Bankın bu istiqamətdə apardığı siyasətlərdən xeyli narazı qaldım və onu çox ciddi şəkildə tənqid etdim. Yazılarımın birində qeyd etmişdim ki, 1 ilin içərisində 10 milyard dollara qədər rezervi “əridib” manatı iki kəskin devalivasiyadan qoruya bilməmək Mərkəzi Bankın yaranmış şəraitə uyğun qeyri-çevik və qeyri-peşəkar hərəkətlərinin nəticəsidir. Nəyə görə biz 10 milyardı itirməliydik?  Yaxşı, deyək ki, birinci devalivasiya baş verəndə panika yarandı, müxtəlif xoşagəlməz və gözlənilməz təsirlər oldu, kimlərsə fürsətdən istifadə edib məkrli oyunlar oynadı, bəs, niyə biz dərhal üzən məzənnəyə keçmədik, ikinci daha ağır devalivasiya yaranana qədər manatın kursunu inzibati yolla sabit saxlamaq siyasətini davam etdirdik? Bu addımı vaxtında atsaydıq, ikinci devalivasiya baş verməyəcək, həyata keçirilən üzən məzənnə siyasəti nəticəsində manat öz həqiqi dəyərini tapıb sabit qalacaqdı. Milli Bankın bu qədər rezervi də əriməyəcəkdi. Buna görə də Milli Bank çevik siyasət yürütməyi bacarmalıdır. Söhbət təkcə fəaliyyətdə çeviklikdən yox, həm də proqnozlaşdırmaq, baş verəcək hadisəini əvvəlcədən görmək qabiliyyətindən gedir…

-Belə çıxır ki, Milli Banka rəhbərliyinin bu qabiliyyətdə olmadığını iddia edirsiniz?

-Mən bu barədə fikrimi dəfələrlə səsləndirmişəm. Bir daha sizin sayt vasitəsilə təkrarlayıram: Milli Bankın bu sahədəki fəaliyyəti qeyri-qənaətbəxş idi. Bu qurumun rəhbərliyi hadisələri düzgün proqnozlaşdıra bilmir, praqmatik yanaşma tərzindən uzaq siyasət aparırdı. İndi heç olmasa keçmiş səhvlərdən nəticə çıxartmaq lazımdır.

-Yenidən büdcə məsələsinə qayıtmaq istəyirəm. Sanki büdcə dürüstləşdirilərkən, azalan neft gəlirlərinin yeri iş adamlarının vəsaiti  hesabına dolduruldu. Bunu nə dərəcədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılmış addım hesab etmək olar?

-Bu fikri nəyə əsasən deyirsiniz? Büdcə iş adamlarının hesabına necə dolduruldu?

-Belə deyək: neftdən 8 milyard dolar gələcəyi gözlənilirdi. Qiymətlərin ucuzlaşmasıyla proqnoz 6 milyarda endirildi. Əvəzində iş adamlarının vergi yükü artırıldı…

 -Yox, elə bir şey olmadı. Vergi yükü artırılmadı. Sadəcə neftdən gələcəyi gözlənilən vəsait azaldıldı. İş adamları öz fəaliyyət həcmlərinə görə yenə əvvəlki vergi dərəcələrini ödəyəcəklər. Deyək ki, 18% əlavə dəyər vergisi nəzərdə tutulubsa, neftin qiyməti qalxsa da, ensə də, sahibkar eyni verginini verəcək.

-Sizcə, 18% çox deyil?

-Bu standartdır. Bütün dünya ölkələrində aşağı-yuxarı eyni vergi dərəcələri tətbiq olunur. Azərbaycanda isə nəinki vergi yükü artırılmayıb, əksinə azaldılıb. Məsələn, Prezident investisiyaların təşviqi haqqında sərəncam imzaladı. Nə deməkdir bu? Siz hansısa layihəni yerinə yetirmək istəyirsinizsə, bunun üçün müəyyənləşdirilmiş 5 zonadan birini seçib layihənizi İqtisadiyyat Nazirliyinə verirsiniz. Nazirlik sayılı günlər içərisində sizə rəyini bildirir, siz o rəyin əsasında təşviq sənədi alırsınız. Təşviq sənədi əsasında ölkəyə gətirəcəyiniz bütün avadanlıqlar vergi və gömrük rüsumundan azad olunur. Əsl vergi güzəşti budur. Eyni zamanda quracağınız müəssisənin aldığı krediti qaytaracağı müddət ərzində də heç bir vergi ödəmirsiniz…

-Bəs, onda supermarketlər niyə üsyan bayrağı qaldırmışdılar? Yanılmıramsa, onlar vergi dərəcələrinin artırılmasına etiraz edirdilər.

-Supermarketlərin bu müraciətinin heç bir əsası yox idi. Mən onların “qiyamına” elə eyni qaydada cavab vermişdim. Bu yaxınlarda vergilər nazirinin müavini bir mətbuat konfransı keçirdi. Konfransda mənə də əvvəlcədən bəlli olan bəzi məlumatlar səsləndirildi. Nazir müavininin bildirdiyinə görə, üsyan qaldıran həmin supermarketlərdə aparılan xronometraj zamanı bəlli olub ki, onların bəziləri dövriyyəni 40 dəfəyə qədər vergidən gizlədiblər. Təsəvvür edirsinizmi, söhbət 40%-dən yox, 40 dəfədən gedir. Yəni 4000% vergidən yayınma halı qeydə alınıb. Onlar isə hələ bu azmış kimi, sənəddə göstərdikləri dövriyyənin belə, 18%-lik vergisini də ödəmək istəmirlər. Vergilər Nazirliyi haqlı olaraq sahibkarların bu tələblərinə qarşı çıxır, deyir ki, sən hələ dövriyyəni düzgün göstər, alıb-satdığın məhsulların sənədini ortaya qoy, biz də qanuna uyğun şəkildə sənə vergi güzəşti tətbiq edək. Sən heç bir sənəd ortaya qoymursansa, nazirlik nəyə əsasən bu addımı atsın?

-Maraqlıdır, hansısa qeyri-hökumət təşkilatı vergidən yayınırsa, olduqca ağır cəza alır. Eyni hadisəni supermarketlər təkrarlayanda, hətta dövriyyəni 40 dəfə gizlədəndə isə xeyli nəzakətlə xəbərdarlıq edilirlər. Bu qədər yayınma halı varsa, həmin vergi cinayətini törədənlər niyə cəzasız qalırlar?

-Kim deyir ki, cəzasız qalacaqlar? Qanunvericilik nə tələb edirsə, yəqin ki, supermarketlərə də eyni cəza tədbiri tətbiq olunacaq.

-Əmin ola bilərik buna?

-Əlbəttə. Başqa yolu yoxdur. Əgər xronometraj keçirilib, ciddi vergidən yayınmalar təsdiq olunub və bu, rəsmən bəyan edilibsə, mütləq cəza tədbirləri də görüləcək. Ən azı, vergidən yayındırılan həmin məbləğ ödətdiriləcəkdir.

-Fikrət müəllim, mənim bu sualı verməyim səbəbsiz deyil. Baxmayaraq ki, hansısa sahibkarın cəzalandırılmasını mən də istəmirəm. Amma bəzi kəsimlər üçün yaradılan cəzasızlıq mühiti, qanunların müxtəlif çevrələrə fərqli tətbiqi inhisarlaşmanın başlıca səbəblərindən biridir. Siz ümumiyyətlə necə fikirləşirsiniz, hökumətin inhisarlaşmaya qarşı mübarizəsini qənaətbəxş hesab etmək olar?

-Azərbaycanda bu istiqamətdə çox ciddi işlər gedir. Mən tez-tez müxtəlif iş adamlarıyla görüşüb onların iş mühitilə maraqlanıram. Onlar inhisarçılığın tamamilə aradan qaldırıldığını etiraf edirlər. Bildirirlər ki, dünənə qədər inhisarçılıq mövcud idi və bu səbəbdən daxildə istehsal etdikləri məhsullarını sata bilmirdilər. Mallarını satıb vergiləri, işçilərin maaşını verənə qədər çox əziyyət çəkirdilər. İndisə hətta ölkənin böhrana sürüklənməsinə baxamayaraq, məhsullarını bazara çıxarmağa belə ehtiyacları qalmayıb. Ticarətçilər özləri gəlib fabriklərdən mal alırlar. Hətta elə olur ki, qapıda növbələr yaranır. Gömrükdəki inhisarçılıq aradan qalxandan sonra bir çox iqtisadçılar yerli istehsalatın tamamilə çökəcəyindən çəkinirdilər. Çünki hər kəsin ixracata yönələcəyi və bu da yerli mallara tələbatı azaldacağı güman olunurdu. Amma tam tərsinə proses baş verdi. Bu islahatdan ən çox qazanan yerli istehsalçılar oldu. Ona görə ki, yerli istehsal müəssisələri daha rahat şəkildə ölkəyə avadanlıqlar gətirə bilir və bunun üçün vergi, rüsum ödəmirlər. İstehsal etdikləri məhsullar isə idxal olunan eyni mallardan daha ucuz olur. Nəticədə satıcılar gedib xarici ölkələrdən mal gətirmirlər. Yerli bazar elə öz müəssisələrimiz hesabına təmin olunur. Bu onunla bağlıdır ki, idxal edilən mal xeyli baha başa gəlir. Bir çox ticarətçilər bazarda yerli malların daha avantajlı satışını görüb özləri istehsala yönəlirlər. İqtisadi inkişaf, yerli istehsalın qurulması və şaxələnməsi də elə budur. Ancaq bu o demək deyil ki, yerli sahibkarların qarşısında heç bir problem qalmayıb. Etiraf edək ki, inhisarçılıq tam aradan qalxmayıb, tez bir zamanda qalxa bilməz də. Sadəcə dünənin inhisarçılarıyla rəqabətə girməyə çalışan və aparılan islahatlar sayəsində getdikcə güclənən rəqiblər ortaya çıxır. Azad rəqabətə şərait yaranır və ölkə iqtisadiyyatı güclənir. İcra mexanizmindəki boşluqlar da tədricən ortadan qalxacaq. Əsas odur ki, dövlət artıq yeni dövrə keçidə qərar verib və bu istiqamətdə düşünülmüş siyasət aparır.

-Qarşımızda hardasa bütün dünyanın sanksiyalar tətbiq etdiyi Rusiya var. Rusiya bazarında yaranmış qıtlıq bizim sahibkarların da işinə yarayır. Sizin özünüz də bayaq dediyiniz kimi, iqtisadi inkişafın ikinci mərhələsi ixracat potensialını artırmaqdır. Hökumət Rusiya bazarından istifadə edib bu mərhələyə rahat şəkildə adlaya bilər. Necə düşünürsünüz, bu istiqamətdə qaneedici işlər görülürmü?

-Düzdür, Rusiya bazarı bizim ixrac potensialımızı artırmağımızda mühüm rol oynaya bilər. Xüsusilə kənd təsərrüfatı məhsulları sahəsində onun rolunu danmaq mümkün deyil. Amma mən təkcə Rusiyaya açılmağın da tərəfdarı deyiləm. İstehsal sahələrimiz təkcə kəmiyyəti deyil, həm də keyfiyyəti artırmalıdır. Sanksiyalarla üzləşən bir ölkənin bazarına özümüzü alışdırsaq, keyfiyyətli mal istehsalı ikinci plana düşə bilər. Nəticədə sabah Rusiyaya qarşı sanksiyalar ortadan qalxdıqdan sonra bu bazarı yenidən itirmək təhlükəsi yaranar. Fikrimcə, Rusiya bazarının tələbatından istifadə edə-edə məhsullarımızın keyfiyyətini artırmaq barədə düşünməli, digər ölkələrə də ixracatımızı artırmalıyıq.

Son

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az