XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 08:37

“Qaynar Qazan”da jurnalist Kənan Kazımoğlu:"Mətbuatın rolu tərifləmək deyil, tənqid etməkdir"

Kənan Kazımoğlu: ““Azadlıq” radiosunun dünyanın cəmi bir neçə ölkəsində bürosu yoxdur – İran, Özbəkistan, Türkmənistan, Azərbaycanda…”

DSC00366

 

Kənan Kazımoğlu haqqında uzun illərdir yalnız eşitmişdim. Onunla görüşmək, onu dinləmək mənim özüm üçün də çox maraqlı idi. Azərbaycan mətbuatı haqqında nə düşünür, hansı planları var, nə etmək istəyir? Bu görüşümüz – Helsinki səfəri o baxımdan, çox uğurlu oldu. Kənan Kazımoğlu ilə də görüşdük və onun düşüncələrini öyrənmək imkanlarımız oldu.

Azərbaycan mətbuatının və ümumən, problemlərin üzərinə maraqlı gedişi var Kənanın. Doğru təsbitləri, dəqiq analizləri vəziyyətin kritikliyini özündə ehtiva edir. Bu da onun uzun illərdir Avropanın, Amerikanın mətbu ənənələri ilə tanış olmasından, bir növ, azad söz məkanının içində fəaliyyət göstərməsindən irəli gəlir, hər halda.

Kənan Kazımoğlu Azərbaycan milli ənənələrini Amerika-Avropa ənənələri ilə çulğalaşdıran həmkarlarımızdandır. Bu qısa müsahibə boyu onu hiss etməmək mümkün deyil.

İndi də ciddi mətbu layihələrin gerçəkləşməsi ilə məşğuldur Kənan. Yeni layihənin üzərində işləyir və o layihə yaxın günlərdə fəaliyyətə başlayacaq. Bu, telelayihədir – “Azadlıq” radiosunun rus dilində televiziya layihəsi – “Настоящее время”, – “İndiki zaman” layihəsi. O layihənin icraçı redaktorudur Kənan. Bu, mətbu sahədə çox önəmli görəvdir ki, Kənana həvalə olunub.

Harada olursa-olsun, hələ də şirin Naxçıvan ləhcəsini unutmayıb. Onun Heydər Əliyevlə və İlham Əliyevlə də xüsusi münasibətlərinin olduğunu bilirdim. Hətta mətbu çevrələrdə onlar haqqında gəzən hekayətləri də dinləmişdim. Onlar haqqında da soruşdum Kənandan, amma kamera qarşısında yox. Hər halda Heydər və İlham Əliyevləri şəxsən tanımaq, onlarla şəxsən təmasda olmaq və buna baxmayaraq, yenə azad və müstəqil qalmaq çox çətin məsələdir. Nə qədər qəribə səslənsə də, bir naxçıvanlı üçün, Heydər Əliyevə simsar olan biri üçün bu, lap çətin olmalıdır. Kənan Kazımoğlu bunu bacarıb. O, indiyə kimi özünü Xəzər dənizinin sahilləri ilə öpüşən binalarda tikilən mənzillərə təslim etməyib. Heç, deyəsən, buna görədir ki, hakimiyyətlə ciddi problemləri olmasa da, ölkəyə də gəlmir. Bunlar zatən kiminlə ciddi, kiminlə qeyri-ciddi problemləri var – kimsəyə bəyan etməzlər ki…

“Qaynar Qazan”ın növbəti qonağı Helsinki səfərimizin sonuncu iştirakçısı, “Azadlıq” radiosunun əməkdaşı Kənan Kazımoğludur…

 

Əvəz Zeynallı

 

 

ABŞ Rusiyaya qarşı televiziya açır

DSC00186

– Kənan bəy, sizi “Qaynar Qazan”da xoş gördük.

– Çox sağ olun. Amma heç bir vaxt qaynar qazanda olmamışam. (Gülür…) Olmayanlar başıma gəlir.

– Amma əslində azad media da “Qaynar Qazan” deyilmi?

– Elədir, düzdür.

– Neçə ildir Azərbaycandan kənardasan?

– Mən 1997-ci ildən Amerika Birləşmiş Ştatlarında çalışırdım. Orada “Turan” İnformasiya Agentliyinin müxbiri idim. Eyni zamanda “Azadlıq” radiosu, “Amerikanın Səsi”, BBC ilə əməkdaşlıq edirdim. Sonra bir müddət “Amerikanın səsi”ndə işlədim. Daha sonra Praqada “Azadlıq” radiosunun Praqadakı qərargahında radionun Azərbaycan xidmətində müxbir, prodüsser və uzun illər xidmətin rəhbəri olaraq çalışdım. 2014-cü ilin avqust ayından indiyə kimi də “Azadlıq” radiosunun rus dilində televiziya layihəsi var – “Настоящее время”, – “İndiki zaman” layihəsinin icraçı redaktoruyam. Rəhbərlik etdiyim bu layihə əsasən, Birləşmiş Ştatların rus dilində televiziya yayımının bir hissəsidir. Hal-hazırda telekanalın formalaşması üzərində iş gedir. Yayımımız Baltik ölkələrində, Ukraynada, Gürcüstanda, Orta Asiyadakı bölgələr üçün nəzərdə tutulub. Orada bizimlə tərəfdaş televiziyalar vasitəsilə layihə həyata keçiriləcək. Eyni zamanda da peyk vasitəsilə rus dilində bu ilin avqust ayından yeni bir televiziya kanalı işə düşəcək. Əsas auditoriya hədəfimiz Rusiyadır və rusdilli insanlardır. Hal-hazırda bu layihə üzərində işləyirəm. Amma eyni zamanda “Azadlıq” radiosunun Azərbaycan xidmətinin də rəhbəriyəm. Belə deyək, uzun müddət bu xidmətin yaradılmasında, qurulmasında və inkişafında iştirak etmişəm. Onu da eyni zamanda davam etdirirəm.

– O zaman Azərbaycan mövzusundan bir az da olsa uzaqlaşmısınız…

– Azərbaycan mövzusundan uzaqlaşmaq çox çətindir. (Gülür…) Yəni istər-istəməz biz özümüzü bu mövzudan ayıra bilmirik. Hətta indi rəhbərlik etdiyim layihədə də Azərbaycanla bağlı tez-tez reportajlar hazırlayırıq. Çünki Azərbaycanda da kifayət qədər rus dilində məlumat almaq istəyən, məlumat alan insanlar var. Eyni zamanda Azərbaycanla bağlı baş verən hadisələri, Azərbaycan ətrafında baş verən hadisələri istər Rusiyada, istər Ukraynada, istərsə də digər ölkələrdə işıqlandırırıq. Amma bilavasitə Azərbaycanla bağlı işlər də aparılır.

– Azərbaycana gəlmək imkanları varmı?

– Azərbaycana sərbəst gedib-gələ bilərəm. Lakin buna ehtiyac olanda edirəm…

 

Azərbaycan hökuməti ilə bir problemim yoxdur

 

– Yəni ölkəyə gəlməklə bağlı Azərbaycan hökuməti ilə elə bir ciddi problem yaşamırsınız ki?

– Yox, yox, mənim Azərbaycan hökuməti ilə elə bir ciddi problemim yoxdur. Mən bu gün də Azərbaycan vətəndaşı olaraq qalıram. Eyni zamanda yaxınlarımız, qohumlarımız Azərbaycanda yaşayırlar və onlar da tez-tez bura gəlirlər.

– Deməli, 1997-ci ildən Azərbaycanda olmamısan?

– Yox, olmuşam. Dəfələrlə Azərbaycana gəlmişəm. “Azadlıq” radiosu Bakıda fəaliyyət göstərdiyi dövrdə istər işimlə istərsə də şəxsi məsələlərlə bağlı Azərbaycana səfər etmişəm. Bu barədə sıxıntılarım yoxdur.

– Kənan bəy, elə bugünkü mövzumuz da azad söz, sərbəst ifadə azadlığı, müstəqil mətbuatdır. Siz illərdir ki, bu sahə ilə bağlı ABŞ, Avropa təcrübəsini görmüş, iri layihələrə rəhbərlik edən bir jurnalist olaraq, Azərbaycanın mətbuatını kənardan necə görürsünüz, gedən proseslərlə bağlı nələri müşahidə edirsiniz?

– Azərbaycan mətbuatını ümumiləşdirmək mümkün deyil. Var dövlətin inhisarında olan, dövlət tərəfindən yaradılan mətbuat, var müstəqil mətbuatın can verən elementləri. Biz hazırda Azərbaycanda gedən bu prosesləri görürük və çox təəssüfedici bir vəziyyətdir. Hətta 1990-cı illərin sonları və 2000-ci illərin əvvəlləri ilə müqayisə etsək, Azərbaycanda azad mətbuat üçün daha geniş yer var idi…

– O zaman daha geniş idi azad mətbuatın sərhədləri…

– Bəli, müxtəlif düşərgələrdə qəzetlər çıxırdı.

 

Texnologiya mətbuat üzərindəki nəzarəti tam həyata keçirməyi imkansız edəcək

DSC00372

– Hətta televiziya kanallarında da azad fikrə, düşüncəyə yer verilirdi. 

– Bəli, bəli… O zaman daha sərbəstlik var idi. İndi bu proses özünü daha çox sosial mediada göstərir. Azərbaycanda çap mətbuatı, elektron mətbuatı, radio-televiziya, demək olar ki, 95-99 faiz hakimiyyətin nəzarətindədir. Bu da ondan irəli gəlir ki, əsas maliyyə resursları hakimiyyətdə olduğu üçün istədiyi mətbuatı, görmək və eşitmək istədiyi mətbuatı yaradır, istədiyi məlumatları da yazdırıb, oxutdurur. Ancaq normal dövlətlərdə mətbuat, təbii ki, bu cür fəaliyyət göstərmir. Bu boşluğu müəyyən mənada xarici media – “Azadlıq” radiosu, BBC, “Amerikanın Səsi” doldurmağa çalışır, çünki Azərbaycanda bu böşluğu doldurmaq istəyən bütün resurslar, demək olar ki, yox dərəcəsindədir. Amma son zamanlar  xarici media vasitələrinin də Azərbaycandakı fəaliyyəti məhdudlaşdırıldı və demək olar ki, sıradan sıxışdırılıb, çıxarıldı. Bu gün də mətbuat deyəndə, ayırd eləməliyik ki, söhbət çap mətbuatından, sosial mediadan, yoxsa televiziyadan gedir. Sosial medianın özü mətbuat azadlığının böyük bir funksiyasını öz üzərinə götürüb. Bu gün Azərbaycanda facebookda, tvitterdə olan 1 milyona yaxın insan var. Yaxşı ki, bu sahəyə də o cür məhdudiyyətlər tətbiq olunmayıb. Amma bundan da heç bir sığorta yoxdur və çox güman ki, nə vaxtsa buna da getmək istəyən qüvvələr tapılacaq. Amma sosial şəbəkələrin mövcudluğu imkan verir ki, hansısa bir formada – istər fərdi formada, istər qrup və təşkilat formasında müəyyən mənada ifadə azadlığının elementlərini biz görürük. Bunun qarşısını tamamilə almaq mümkün deyil. Hesab edirəm ki, texnologiya getdikcə inkişafı ümumiyyətlə, mətbuat üzərindəki nəzarəti tam həyata keçirməyi imkansız edəcəkdir.

– Yəni deyirsiniz ki, nəzarət etmək mümkün olmayacaq?

– Mümkündür. Çin, Rusiya, Azərbaycan modelləri var. Məsələn, sən facebookda istədiyin şeyi yaza bilərsən. Amma sonra da fikirləşməlisən ki, bu yazını yazandan sonra, sənin fikirlərinə görə səni həbs edə bilərlər, yoxsa yox. Belə hadisələr də dəfələrlə baş verib.

– Bəli… Bir neçə jurnalist, blogger buna görə həbsdə olub. İndi də həbsdə olanı var.

– Elələri var ki, facebook-dakı bir statusuna görə, həbs olunub, təzyiqlərə məruz qalıblar. Yəni fikir azadlığını bu formada da məhdudlaşdıra bilirlər. Azərbaycan bütün beynəlxalq təşkilatların illik hesabatlarında “qeyri-azad” ölkə kimi göstərilir. İstər mətbuat, istərsə də siyasi azadlıqlar məsələsində… Amma ölkədə hansısa ciddi islahatlar, dəyişikliklər baş verməyənə qədər yəqin ki, hakimiyyətin mətbuat üzərində tam olmasa da, böyük bir monopoliyası davam edəcəkdir. Bu, anormal bir haldır. Çünki Qərbdə, digər inkişaf etmiş ölkələrdə, heç uzağa da getmək lazım deyil – Gürcüstanda həm hakimiyyətin mövqeyini yayan mətbuat orqanları var, eyni zamanda da müstəqil televiziyalar, radiolar, qəzetlər fəaliyyət göstərir. Bu cür bizdə də – Azərbaycanda da olub. Məsələn, 1990-cı illərin əvvəllərində “Azadlıq” qəzeti var idi, sizin rəhbərlik etdiyiniz “Xural” qəzeti var idi, digər mətbuat da var idi. Lakin indi bu, daha çox sosial mediada hiss olunmağa başlayıb. Bu da normaldır. “New-Yourk Times” qəzeti əsas xəbərlərini çap mətbuatında yox, birinci facebook səhifəsində yayır. Nə üçün? Çünki oxucu auditoriyası oradadır. Mən hesab edirəm ki, texnologiyanın inkişafı mətbuat üzərində hansısa avtoritar, diktatorial rejimlərin nəzarətini getdikcə zəiflədəcəkdir. Hətta İranın özündə “Azadlıq” radiosu qadağan olunub. Orada “Azadlıq” radiosunun nə bürosu, nə də əməkdaşları var. Ümumiyyətlə, “Azadlıq” radiosunun dünyanın cəmi bir neçə ölkəsində bürosu yoxdur – İran, Özbəkistan, Türkmənistan, Azərbaycanda…

 

Hətta Əfqanıstanda “Azadlıq” radiosunun bürosu var…

DSC00192

– Maraqlıdır…

– Halbuki Azərbaycan onların hər birindən öndə gedən dövlətdir. Hətta Əfqanıstanda “Azadlıq” radiosunun bürosu var, amma Azərbaycanda yoxdur. Çox pis təsiredici vəziyyətdir.  

– Gözlənilir ki, ABŞ İran üzərindən sanksiyanı götürəndən sonra “Azadlıq” radiosu fəaliyyətini qura bilər.

– Mən belə tezliklə məsələlərin öz həllini tapacağına inanmıram. Əlbəttə, ümid edirik. Amma İran hələ də jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri olaraq qalır. Qısa müddətdə bu siyasətin dəyişəcəyinə ümid də azdır. Onu demək istəyirəm ki, bu gün İranda “Azadlıq” radiosunun Azərbaycan xidmətinin milyonlarla oxucusu var. Baxmayaraq ki, İranda bu qadağa var və “Azadlıq” radiosunun internet səhifəsinə də qadağa qoyulub və onu açmaq mümkün deyil. Amma texnologiya da ona imkan verir ki, insanlar sadə texnoloji addımlar atmaqla – "proksi" deyilən saytlara girib, istənilən məlumatları əldə edə bilirlər. Yəni doğru, düzgün, dürüst məlumat axtaran onu hər zaman müasir dünyada tapa bilər. Düzdür, Şimali Koreya modeli də var. Orada da mətbuat azadlığı çox məhduddur. Bizim üçün ən çox ağrılı gələn odur ki, Azərbaycan bu ölkələrlə bir sıradadır. Lakin olmamalıdır. Azərbaycanda mətbuat ənənəsi, mətbuat tarixi var.

– Biz Koreya deyilik…

– Əlbəttə… Biz heç İran da deyilik. Biz bütün bu ölkələrdən irəlidə olmuş bir ölkəyik. Bu ölkənin demokratik ənənəsi olub. Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” dərgisi bütün Qafqazda birinci olub, müsəlman dünyasında isə ilk olub. Yəni bizim belə bir mərhələyədək gəlməyimiz çox ağrılıdır. Amma ümidsiz də deyilik. Yenə deyirəm, texnologiya imkan verir ki, insanlar müstəqil mediadan əldə edə biləcəklərini əldə etsinlər.

 

Cəmiyyət dəyişiklik etmək istəyirmi?

DSC00190

– Elə bayaqdan da onu sual vermək istəyirəm. Azad medianın nümayəndəsisiniz. ABŞ-ın, Qərbin media dairələrinə də yaxınlığınız var. Müşhidələrinizi bilmək istərdim. Azərbaycanı yaxın gələcəkdə mətbuat və digər sahələrdəki islahatlar sayəsində, siyasi məhbusların azadlığı sayəsində xoş günlər gözləyirmi? Bununla bağlı hansısa məlumatınız varmı?

– Kənardan baxanda Azərbaycandakı vəziyyət o qədər də ürəkaçan deyil. Siz bəlkə içəridən daha yaxşı görürsünüz. Çox şey, yəqin ki, siyasi iradədən və cəmiyyətin iradəsindən asılı olacaq. Cəmiyyət dəyişiklik etmək istəyirmi? Hakimiyyət islahatlara getmək istəyirmi? Hansısa azadlıqlara yer vermək niyyəti varmı? Kənardan hər şey çox bədbin görünür. Əslinə baxanda isə, bir daha deyirəm, Azərbaycan dövləti, Azərbaycan xalqı indiki vəziyyətə layiq deyil.

– Yəni deyirsiniz ki, xalqdan, cəmiyyətdən çox şey asılıdır? “Səndən hərəkət, məndən bərəkət…”

– Bu, bütün cəmiyyətlərdə eynidir. Çox aktiv və çox passiv cəmiyyətlər var. Tutaq ki, Rusiya və Belarus… Onları müqayisə edəndə görürsən ki, Rusiya daha aktivdir. Halbuki eyni şineldən çıxmış ölkələrdir. Eləcə də Gürcüstanda cəmiyyət daha fəaldır. Mən niyə tez-tez Gürcüstanı misal çəkirəm? Çünki Gürcüstan Azərbaycanla qonşu ölkədir. Belə söhbətlər olanda da, çox vaxt deyirlər ki, “Bizi ABŞ-la müqayisə etməyin…” ABŞ-la müqayisə emək lazım deyil, amma Gürcüstan qonşu ölkədir və orada gedən prosesləri analiz etmək bunu deməyə əsas verir. İstər korrupsiyaya qarşı mübarizədə, istər sadə biznesin qeydiyyata alınmasında, istər mətbuata verilən azadlıqlar, qat-qat Azərbaycandan yüksəkdir. Bizdə də elə ola bilər. Azərbaycanın maddi gəlirləri – neftdən əldə etdiyi gəlir, digər sahələrdən – tranzitdən əldə etdiyi gəlir daha yüksəkdir. Amma bu vəsait necə istifadə olunur? Çox adamları da narahat edən bəlkə də bunun açıqlanmasdır. Sonuncu böhran da onu göstərdi ki, ölkədə nə qədər ciddi problemlər var. Hətta bu qədər var-dövləti olan bir ölkə bu cür böhranlara, kataklizmlərə hazır deyil. Nə üçün? Çünki bu istiqamətdə düşünülmüş bir siyasət yoxdur. Bu qədər var-dövləti olan bir ölkə mütəmadi olaraq özünə yatırım qoymağı bacarmalıdır və bunu da etməlidir. İstər təhsil sahəsi olsun, istər səhiyyə… Yəni ölkədə inkişaf hiss olunmalıdır. Sərmayə ilk öncə insan resurslarına qoyulmalıdır. Ümid etmək ki, neftin qiyməti hər zaman yüksək qalacaq, əlimiz boşa çıxacaq. Yəni neftə ümid edən ölkələrdə – Venesuelada da, Nigeriyada da böhrandır. Amma Norveçə baxanda neftin qiymətinin düşməsinə baxmayaraq, böhran hiss olunmur. Nə üçün? Norveçdə də, bizdə olduğu kimi, Neft Fondu var. Amma Neft Fondunun gəlirlərinə yanaşma tərzi fərqlidir. Onlar Azərbaycan kimi pulları havaya sovurmurlar. Amma Azərbaycan bu neftdən nə qədər gəlir əldə etdi? Necə oldu ki, sıradan bir böhran hadisəsi Azərbaycanı bu cür silkələdi, insanlar bir günün içərisində müflisləşdilər? Bunları düşünmək lazımdır. Əlbəttə ki, kənardan məsləhət vermək və yaxud da problemləri qabartmaq çox asan gəlir. Bunu deməyimiz bəlkə də düzgün olmazdı. Amma kənardan bədbin görünməsinə baxmayaraq, ümid də etmək lazımdır ki, vəziyyət düzələcək. Ümid etmək lazımdır ki, Azərbaycan özünə layiq olan səviyyəyə gedib çıxacaq. Mən hesab edirəm ki, Azərbaycan həm müstəqilliyinin uğrunda mübarizə aparıb, eyni zamanda demokratik dəyişikliklərə malik bir cəmiyyətə məxsusdur. Bu keyfiyyətləri ilə Azərbaycan başqa inkişaf etmiş dövlətlərlə eyni sırada olmalıdır. Azərbaycan bu gün qeyri-azad ölkələrin siyahısında olmamalıdır. Azərbaycan bu gün azad mətbuatı boğan, jurnalistləri həbs edən dövlətlərin sırasında olmamalıdır. Azərbaycan bu gün qabaqcıl və inkişaf etmiş Avropa dövlətlərindən biri olmalıdır. Bunun üçün də, mənə elə gəlir ki, Qərbə yaxınlaşmaq çox vacibdir. Qərb İnstitutlarına, Avropa Birliyinə, NATO-ya… Nəyə görə bu gün Gürcüstan NATO-ya can atır? Çünki bu, onların təhlükəsizliyinin dövlət olaraq təminatıdır. Azərbaycanın dövlət təhlükəsizliyinə təminat verəcək hər hansı bir beynəlxalq qurum yoxdur. Biz də BMT-dən tələb edirik ki, Qarabağla bağlı verdiyiniz qətnamələri gəlin yerinə yetirin. Haqlı tələbdir. Amma bunu icra edən hər hansı bir mexanizm yoxdur. Qonşu dövlətlər də Azərbaycan torpaqlarında at oynadırlar. Təhlükələr də günbəgün artır. Belə baxanda, kiçik dövlətlərin, kiçik xalqların taleyi, bəzən böyük dövlətlərin istəyindən, maraqlarından, siyasətlərindən asılı olur.

 

Nə üçün Rusiya bu ölkədə özünü silah monopolisti kimi aparmalıdır?

DSC00191

– Bunu biz aprel döyüşlərində də gördük. Açıq şəkildə, heç nədən çəkinməyərək ultimatum verdilər ki, döyüşləri dayandırın, ordunuzu öz torpaqlarınızdan çıxarın.

– Heç bilinmədi də ki, kim bu döyüşləri başladı və kim dayandırdı. İndi qarşılıqlı ittihamlar var. Amma bu konfliktin tarixçəsi var ki, onun kökündə nələr dayanır. Nəyə görə Rusiyanın Baş naziri Dmitri Medvedev Bakıya gəlir, oradan da Yerevana gedir və bəyan edir ki, bu bölgədə bizdən başqa heç kim silah-sursat sata bilməz?! Nə üçün Rusiya bu ölkədə özünü silah monopolisti kimi aparmalıdır?! Çox maraqlıdır. Amma açıq siqnallar verilir ki, Azərbaycan torpaqlarında kimlər ağalıq etməlidir. Tarixən elə olub. Azərbaycan müstəqil dövlətdir. Onun gələcəyi…

– Öz əlindədir…

– Öz əlində olmağı da onun yaratdığı alyanslardan, ittifaqlardan asılıdır…

– Hansı təhlükəsizlik zolağının içində yer alacağından asılıdır…

– Əlbəttə, Azərbaycanın özündən çox şey asılıdır. Türkmənistan neytral olduğunu bəyan etdi. Neytraldırmı? Belə baxanda, yox. Bu gün biz deyə bilərik ki, Azərbaycanın güclü ordusu var, güclü ordusunun olması da vacibdir. Amma bütün bunlar Azərbaycanın öz təhlükəsizliyini təmin etməsi üçün kifayətdirmi? Çox mürəkkəb bir məsələdir. Qıraqdan baxanda, bəlkə də Azərbaycan ən mürəkkəb coğrafi mövqedə yerləşir. Bu situasiyadan “sağ-salamat” çıxmaq da çox çətin məsələdir…

Əvvəlcə mətbuatdan danışdıq, sonra da keçdik siyasətə…

 

Azərbaycanın ən böyük problemlərindən biridir korrupsiya…

 

– Həyatımız da belədir. Çünki azad sözlə siyasət – hakimiyyət və rejim iç-içədir. Azad mətbuat olmayan yerlərdə belə problemlər də meydana çıxır.

– Mənə elə gəlir ki, Azərbaycanın ən böyük problemlərindən biridir korrupsiya… Kənardan baxanda da bu, çox açıq şəkildə görünür. Hesab edirəm ki, bu gün jurnalist Xədicə İsmayılın həbsdə olması böyük bir ləkədir (Müsahibə götürüləndə Xədicə İsmayıl həbsdə idi – Red.). Xədicə İsmayıl ölkədə korrupsiya ilə bağlı araşdırma yazılar işləyib və bu da “Azadlıq” radiosunda Azərbaycan xidmətinə rəhbərlik etdiyim dönəmlərdə olub. Biz faktiki olaraq, problemləri göstərmişik. Göstərmişik ki, nə üçün Azərbaycanın dövlət büdcəsinə gəlməli olan bu pullar yarı yolda yoxa çıxır. Onlar niyə xarici banklara və yaxud da dövlət maraqlarına xidmət etməyən sahələrə qoyulur. Bir də görürsünüz ki, hansısa şirkət peyda olur və guya, bunun Azərbaycanda aktivləri var. Xədicənin araşdırmaları, faktiki olaraq, bir növ dövlətə köməkdir. O, dövlətə göstərir ki, bax, sənin  belə problemlərin var. Əvəzində isə o həbs olunur. Belə olmamalıdır. Mətbuatın rolu və işi budur. Azərbaycanda o qədər çox pul var ki, neftdən, tranzitdən və s. məmurlar hesab edirlər ki, bütün bunlar onlara məxsusdur və bu barədə də heç kəs danışmamalıdır. Hamı bunların əməllərini qanun kimi qəbul etməlidir. Mətbuatın rolu o deyil ki, bunlara, “siz dahisiniz, möhtəşəmsiniz”, – desin. Mətbuatın rolu tərifləmək deyil, tənqid etməkdir. Mətbuatın rolu odur ki, bütün neqativləri araşdırsın, tapsın və dövlətə göstərsin ki, bu kimi problemləri var. Dövlət də bu problemlərin aradan qaldırılmasına çalışmalıdır, nəinki danışan mətbuatı susdurmaqla… O, heç nə əldə edə bilməz. Hakimiyyət mətbuatı ona “züy tutan” kimi görmək istəyirsə, o zaman öz mətbuatını yaradıb, istədiyini də edə bilər. Amma müstəqil mətbuat bunu etməyəcəkdir. Azərbaycanda kifayət qədər müstəqil çalışmaq istəyən jurnalist var. Olub, olacaq da… Bunları susdurmaq da mümkün deyil. Çünki Azərbaycan cəmiyyəti geridə qalmış bir cəmiyyət deyil.

– Susmağa öyrəşən millət deyilik…

– Əslinə qalanda bu məsələdə regionda lider dövlətik. Bu sahədə azadlıqlar verilsə, demokratik dövlət kimi Azərbaycan regionun lider dövlətlərindən biri ola bilər. Mən inanıram ki, olacaq da…

– Çox daha önə gedə bilərik.

– Təbii ki…

– Regionu da aşa bilərik…

– Bayaq da qeyd etdim ki, bunun tarixi var, ənənəsi var. Azərbaycanın tarixi mübarizə yolu var. Azərbaycanın müstəqilliyi 20 Yanvardan keçib. Adamlar bunu qəbul etmirlər ki, hər il dövlət büdcəsindən 30 milyon xərcləyib, Gül Bayramı keçirirlər. Axı bu 30 milyon Azərbaycanın daha başqa, yararlı məqsədləri üçün istifadə oluna, xərclənə bilər. Bu gün ölkədə nə qədər problem var. Elə müstəqil mətbuatın inkişafına istiqamətləndirilə bilər, amma onun da tərəfində deyiləm ki, jurnalistlərə ev tikib, mənzil verməklə səslərini boğsunlar.

 

Jurnalistə mənzil paylamaq – peşə etikasına ziddir

DSC00195

– Bu, azad mətbuata qoyulan vəsait deyil…

– Bəli. Bir tərəfdən jurnalisti araşdırma yazılarına görə həbs edirsən, digər tərəfdən bəzilərinə ev tikib, mənzil paylayırsan. Mən başa düşürəm ki, hamının problemləri var. Jurnalistlərə də hansısa dövlət qayğısı olmalıdır. Amma bu formada yox… Jurnalistlərin sərbst faliyyəti üçün imkan verilsə, ölkədə reklam bazarı monopolistlərin əlinən alınıb formalaşdırılsa, öz problemlərini özü həll edər.

– Özünü təmin edər…

– Burada da qəzetlər var. Onların hansı dövlətdən ev alır? Bu cür yanaşma jurnalistin peşə etikasına ziddir. Yenə də irad tuta bilərlər ki, “oturmusan Amerikada, kefdəsən, burada olanlardan da xəbərin yoxdur”. Amma mən də Azərbaycanda uzun illər jurnalist olaraq çalışmışam. Bilirəm ki, çox çətindir, həqiqətən də çətindir. Lakin bəzi dəyərlər var ki, onlar satılmır. Kimsə satmaq istəyirsə, satır. Bu, hər kəsin öz seçimidir. Xədicə də asan yolu seçərdi. Görün, indi onu nəyə görəsə dilə tuta bilərsinizmi? Ya da sizi. Mümkün deyil. Çünki dəyərlər var və onlar da satılmır. Əgər kimsə fikirləşirsə ki, hamını almaq olar, hamını susdurmaq olar, məncə, yanılır… Mənə elə gəlir ki, bütün diktatorların, avtoritar rəhbərlərin, hətta kiçik məmurların, icra başçılarının, MİS müdirlərinin “balaca padşah” olmaq arzusu olub. Ən böyük, ən güclü hakimiyyət məhz özünü məhdudlaşdıran hakimiyyətdir.

– Təşəkkürlər…

– Çox sağ olun. Sizə də uğurlar. “Qaynar Qazan” layihəsi haqqında eşitmişəm, sevinirəm və ümid edirəm ki, sizin də auditoriyanız artacaq və biz də hansısa formada sizə dəstək ola bilərik. Buna da hər zaman hazırıq. Təşəkkür edirəm…

 

 

Strateq.az

Fotolar Strateq.az-a məxsusdur