XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 14:11

Neft niyə bahalaşır:Yüksəliş trendi hansı həddədək davam edəcək? - Təhlil

 

Petrolde arz kesintisi son 5 yılın zirvesinde

Ötən il qiyməti 27 dollara qədər enən neft xüsusilə son zamanlar bahalaşmağa başlayıb. May ayından bu yana artım 5 dollardan çox olub. Hal-hazırda Brend markalı neftin bir barreli təxminən 52 dollara satılır.

Halbuki, mütəxəssislər bir müddət öncə tamamilə başqa proqnozlar verir, qiymətlərin enəcəyini gözləyirdilər. Rusiyanın hasilatı azaltmaq təklifinə OPEK-in rədd cavab verməsi, bu da azmış kimi, Səudiyyə Ərəbistanının gündəlik satışlarını 20% artıraraq, 12.5 milyon barrelə çıxaracağını bəyan etməsi, eynilə sanksiyalardan yenicə canını qurtaran İranın gündəlik istehsalı 2 dəfədən çox artırmağa çalışması bu gözləntilərin başlıca səbəblərindəniydi.  

Üstəlik, qlobal böhran enerji mənbələrinə duyulan tələbi də azaltmışdı. Bu amil də qiymətlərin aşağı düşəcəyi ehtimalını yaradırdı.

Bütün gözləntilərə rəğmən, neftin qiymətlərinin getdikcə bahalaşması onu istehsal edən ölkələrdə yenidən “qara qızıl"a ümidləri artırır. Azərbaycan iqtisadçıları da ümidlənənlər sırasındadır. Hakimiyyətə yaxın ekspertlər qiymətlərin bu ilin sonuna qədər 60-70 dollara qədər yüksələcəyini proqnozlaşdırırlar.

Bəs, görəsən, bu ümid nə dərəcədə realdır?

Zənnimizcə, bu suala cavab vermək üçün ilk öncə başqa bir müəmmaya aydınlıq gətirilməlidir: Bütün iqtisadi göstəricilərə rəğmən, qiymətlər niyə bahalaşır?

ABŞ-ın Enerji İnformasiya İdarəsi (Eİİ) bu gün yayınladığı hesabatında bahalaşmanın səbəblərinə kifayət qədər işıq tutub.

Strateq.az-ın məlumatına görə, hesabatda başlıca səbəb kimi qlobal neft bazarında təklifin azalması göstərilir. Bildirilir ki, azalma son 5 ildə ən yüksək səviyyəyə çatıb. Qısası, bir çox ekspertlərin irəli sürdüyü tezislərin xilafına, qiymətlərin ucuzlaşması iqtisadi qanunauyğunluqdan kənara çıxmayıb. Əksinə, bəzi iri neft istehsalçılarının hasilatı artırmasına baxmayaraq, tələb təklifi üstələyib ki, bu da bahalaşma üçün yetərli səbəbdir.

O halda ikinci sual ortaya çıxır: Qiymətlər qeyd olunduğu kimi, yüksəliş trendini davam etdirə bilərmi?

Bu sualın cavabı da bazardakı təklif-tələb münasibətlərindən asılıdır. Əgər tələb indiki kimi təklifi üstələyərsə, suala veriləcək cavab da “bəli” olar. Yox əgər təklif tələbi ödəyərsə, qiymətlər sabit qalar, dəngə indikinin əksinə çevrilərsə, ucuzlaşar.

Gəlin, indisə bu 3 ehtimalın hansının reallığa yaxın olduğuna nəzər salaq:

Eİİ-nin son hesabatından belə anlaşılır ki, balansın təklifin xeyrinə pozulması heç də qlobal sənayenin inkişafı, dolayısıyla enerji mənbələrinə tələbin artması ilə bağlı deyil. Sadəcə təklif həcminin əvvəlki dövrlərə nisbətən azalmasıyla bağlıdır. Təklifdəki kəsinti may ayından etibarən, gündəlik orta hesabla  3.6 milyon barrelin üstünə çıxıb. Bu da 2011-ci ilin yanvarından indiyə qədər qeydə alınan ən yüksək azalma göstəricisidir.

Neft təklifindəki azalmanın səbəbləri bir neçə amillə əsaslandırılır. Hesabata görə, səbəblərdən biri Kanadadakı meşə yanğınlarıdır. Yanğınlar səbəbiylə ölkənin neft hasilatı may ayında gündəlik orta hesabla 800 min barrel azalıb.

İkinci səbəb Nigeriyada neft boru xəttlərinə qarşı təşkil olunan terror hücumlarıdır. Bu hücumlar nəticəsində yaranan dağıntı hər gün qlobal neft bazarına axan neft həcminin eynilə Kanadadakı kimi 800 min barrel kəsilməsinə yol açır.

Hesabatda qlobal neft bazarında təklifin azalmasına yol açan digər səbəblər bu cür sıralanır: İraqın Bəsrə bölgəsindəki mənfi hava şərtləri və Liviyanın şimal-şərqindəkı neft terminallarda yaşanan axsaqlıqlar, Küveyt, Braziliya və Qanada neft istehsalındakı müvəqqəti kəsintilərin meydana gəlməsi, ABŞ-ın xam neft hasilatının aşağı düşməsi.

Göründüyü kimi, qiymət artımına yol açan amilləri iki qismə ayırmaq olar:

  1. Müvəqqəti və mövsümi xarakter daşıyan amillər,  
  2. Uzun müddət davam edəcəyi gözlənilən amillər.

Sənəddə bildirilir ki, Kanadadakı meşə yanğınları və İraqın Bəsrə bölgəsindəki mənfi hava şərtləri iyunun sonuna qədər başa çatacaq. Ancaq Liviya, Nigeriya, Şimali İraq, Cənubi Sudan və Yəməndəki siyasi problemlər illərlə sürə bilər.

ABŞ-ın neft hasilatının azalmasının hansı kateqoriyaya aid edilməsi barədə hesabatda heç bir fikir olmasa belə, zənnimizcə, onu da uzunmüddətli amillər sırasında göstərmək mümkündür. Nədən ki, ABŞ-ı neft hasilatında son zamanlar dünya birincisi halına gətirən başlıca faktor şist neftidir. Onun istehsalı isə xam neftlə müqayisədə həm baha başa gəlir, həm də quyuların istismarı tez başa çatır. Odur ki, ABŞ-ın Rusiyaya zərbə vurmaq üçün həyata keçirdiyi hasilatı artırmaq siyasətini uzun zaman sürdürə bilməsi həm faktiki olaraq mümkün deyil, həm də ciddi iqtisadi fədakarlıqlar tələb edir. Məlumata görə, şist neftinin bir barreli 40 dollardan baha başa gəlir. Qiymətlərin indiki həddən aşağı olması isə ABŞ istehsalçılarını çətin vəziyyətdə qoyar, bir çoxlarını müflisləşməyə doğru aparar. Görünür, ölkənin neft ixracatının azalmasının başlıca səbəbi də elə bununla bağlıdır və ABŞ şirkətləri istəsələr də, istəməsələr də hasilatı artırmaq gücündə deyillər.

Məsələyə bu aspektdən nəzər salanda bizi maraqlandıran suala cavab tapa bilərik. Belə ki, uzunmüddətli amillərin kifayət qədər çox olması və qlobal neft bazarının təklif həcmində mühüm yer tutması qiymətlərin yaxın zamanlarda 40 dolların altına düşməsinə imkan vermir. Ən azı o səbəbdən ki, ABŞ üçün 40 dollardan aşağı satış rentabelli deyil.

Bununla belə, qiymətlərin yaxın zamanlara qədər 60-70 dollara qədər yüksəlməsi də inandırıcı görünmür. Çünki hazırda neft bazarında təklif-tələb arasında yaranmış mövcud dəngəsizliyin bir müddətdən sonra aradan qalxması mümkündür. Hesabatda qeyd olunduğu kimi, bu ayın sonuna qədər Kanada və Bəsrədə hasilatın azalmasına yol açan problemlərin ortadan qaldırılması yenidən təklifi artıracaq. Üstəlik, Səudiyyə Ərəbistanı və İranın arasındakı rəqabət də bazara çıxarılan neft həcmindəki azalmanı ortadan qaldıracaq.

Hesabatda əks olunan rəqəmlər də bu ehtimalı qüvvətləndirir. Qeyd olunduğu kimi, hazırda dünya neft bazarında əvvəlki dövrlə müqayisədə gündəlik 3.6 milyon barrel neft çatışmazlığı yaranıb. İranın yaxın dövlərdə gündəlik hasilatı 1.5 milyon barreldən 4 milyon barrelə, Səudiyyə Ərəbistanının isə 10 milyon barreldən 12.5 milyon barrelə yüksəltməyi hədəfləməsi yaranan boşluqdan daha artıq məhsulun (3.6 milyon barrelə qarşı 5 milyon barrel) bazara çıxarılması deməkdir ki, bu da qiymətlərə ya mənfi təsir göstərə, ya da onu sabit saxlaya bilər.

 

Heydər Oğuz

Strateq.az