XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2015 - 09:34

Səudiyyə Ərəbistanı da nüvə ölkəsinə çevrilir – Təhlil

Səudiyyə Ərəbistanının vəliəhdi, ölkənin müdafiə naziri Məhəmməd ibn Salman ibn Ədbüləzizlə Putinin gözlənilən görüşü baş tutub. Verilən məlumata görə iki ölkə arasında çox mühüm müqavilələrə imza atılıb. İmzalanan 6 müxtəlif anlaşma arasında Səudiyyə Ərəbistanında nüvə enerjisi təsisatlarının yaradılması xüsusilə diqqət cəlb edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bir neçə ay öncə Tehranla “altılıq”lar arasında imzalanan nüvə anlaşmasından xeyli narahat olmuş, bunu İranın nüvə ölkəsinə çevrilməsi istiqamətində atılmış addım kimi qiymətləndirmişdi. özünün Yaxın Şərqdəki önəmli müttəfiqi hesab etdiyi ABŞ-ın İrana bu haqqı verməsini heç cür qəbul edə bilməyən rəsmi Riyad İsrailə qoşulub bütün beynəlxalq tədbirlərdə bu məsələni gündəmə gətirir, varılan anlaşmanın qarşısını almağa çalışırdı. Görünür, bu səyləri heç bir nəticə verməyincə, krallıq son çarə kimi nüvə İranına qarşı öz alternativ nüvə potensialını yaratmağa qərar verib.

İranla “altılıqlar” arasında əldə olunan nüvə razılaşmasından sonra rəsmi Riyadın nüvə ölkəsinə çevrilmək cəhdi yalnız Rusiyada reallaşan bu görüşlə də məhdudlaşmır. Xarici mətbuatın yazdığına görə, Səudiyyə krallığı bundan əvvəl Pakistanla gizli danışıqlar aparmışdı. Bəlkə də aparılan həmin danışıqların mətbuata sızmasından sonra o, çuvalduzun çuvalda gizlədilməsinin mümkün olmayacağını başa düşüb, səylərini açıq müstəviyə keçirib. Mümkündür ki, dünyanın idarə olunmasında Pakıstanın rolunun məhdudluğu Səudiyyə krallığını daha güclü və etibarlı tərəfdaş axtarışına yönləndirib və o, ən uyğun partnyor kimi Rusiya üzərində dayanıb.

Nüvə energetikasının hərbi, iqtisadi, siyasi cəhətdən strateji bir sahə olduğunu və Səudiyyə krallığının həyati tellərlə bağlandığı ABŞ-ın Rusiyaya qarşı düşmənçilik siyasəti yürütdüyünü nəzərə alanda, Moskvada bağlanan bu anlaşmanın gəlişigözəl məqsədlərlə imzalanmadığı ortaya çıxır. Ən azı ona görə ki, ölkəsindəki hər an fors-major hallara açıq olan və bu durumda bütün ölkəyə fəlakətlər gətirə biləcək nüvə təsisatlarının inşasını kiminsə ixtiyarına vermək həm də onun üzünə heç vaxt ağ olmamaq deməkdir. İmzalanan sənəddə nəzərdə tutulanların reallaşması əslində rəsmi Riyadı təsirindən heç vaxt çıxa bilməyəcəyi qədər Rusiyadan asılı vəziyyətə salacaq. Yəni bu anlaşma, bir növ, onun Kreml qarşısında cızığından çıxmayacağına dair verdiyi ən güvənli təminatdır.

Sual oluna bilər: ABŞ-ın beynəlxalq arenada Rusiyaya qarşı ittifaqlar formalaşdırdığı bir zamanda ən yaxın müttəfiqinin bu addımı hansı zərurətlərdən doğurdu və dünya siyasətinə nə cür təsir göstərəcək?

Zənnimizcə, özünə ən uyğun hesab etdiyi Pakistanla gizli danışıqların perspektivli olmadığı ortaya çıxınca, rəsmi Riyadın məcburən getdiyi nüvə dövlətinə çevrilmək strategiyası qarşısında iki seçənək qalmışdı. O, öz arzusunu ya ABŞ-la, ya da Rusiya ilə reallaşdıra bilərdi. Son zamanlar ABŞ-ın dünya siyasətində aparıcı mövqedən geri çəkilmək təmayülləri və idarəetmə orqanlarındakı kiçik bir kadr dəyişikliyilə regional siyasətlərini də kardinal şəkildə dəyişdirməsi onun Səudiyyə krallığının nəzdində “ipinin üstünə odun yığılmaz tərəfdaş” obrazını yaradırdı. Rusiya isə bu mənada daha etibarlı müttəfiqdir. Moskva hətta ən çətin anlarında belə, bütün dünyanın iradəsinin ziddinə gedərək, müttəfiqi olan Suriyadan dəstəyini çəkməmiş, Bəşər Əsədi bacardığı qədər müdafiə etmişdir.

üstəlik, Rusiyanın öz müttəfiqlərində demokratiya adı altında saman altdan su yeritmək azarı da yoxdur. Əksinə, özünkü hesab etdiklərinin sarsılmaz və amansız diktatura qurmasını dəstəkləyir. Bir zamanlar ABŞ da Yaxın Şərqdə eyni siyasəti yürütdüyündən, başda Səudiyyə Ərəbistanı olmaqla, bütün ərəb krallıqları bundan faydalanıb sülalə hakimiyyətləri qurublar. İndi isə dövran dəyişib. ABŞ-ın Yaxın Şərqdə başlatdığı “ərəb baharları” domino daşları kimi bütün krallıqları bir-bir aşırır. Tankların, hərbi texnikaların tır-tırları altında şumlanan ölkələrdə əkilən demokratiya toxumlarından məzhəb savaşları, daxili müharibələr cücərir. Onsuz da bütün sahələrdə saqqalı ABŞ-ın əlinə verən Səudiyyə taxt-tacının sahibləri bir də ölkənin təhlükəsizliyinin əsas qarantı olacaq nüvə potensialını ona həvalə etsə, taleyin hökmünə ümid bağlamaqdan başqa çarələri qalmayacaq.

Krallığı ən çox narahat edən məsələlərdən biri də İsraillə ABŞ arasındakı münasibətlərdir. Bu gün tale Yaxın Şərqin bu iki dövlətini eyni cəbhədə birləşdirsə də, hər halda Riyadla Təl-əviv arasında təbii bir düşmənçilik də var. İsrail, nəyin bahasına olursa olsun, ən böyük və varlı ərəb ölkəsinin nüvə dövlətinə çevrilməsini arzulamaz. İran təhlükəsi bu əzəli düşmənləri hələlik xeyli yaxınlaşdırsa da, hər iki tərəf bu “dostluğun” çomağı əldən yerə qoyduracaq qədər irəliləyəcəyinə də inanmır. Təhlükə sovuşduqdan sonra tərəflər yenə kəllə-kəlləyə gələ bilər. İsrail üçün Səudiyyə Ərəbistanıyla qalıcı dostluq münasibətlərinin formalaşdırılmasının yeganə qarantı ölkənin təhlükəsizliyinin ona həvalə edilməsi olardı. Hətta bu məqsədlə Təl-əviv öz “mehriban” düşməninin ərazisində raketdən müdafiə sistemləri qurmağı belə təklif etmişdi. “Dəmir qübbə” adlanan bu havadan müdafiə qalxanının Səudiyyə Ərəbistanın milli təhlükəsizliyini tamamilə İsraildən asılı vəziyyətə salacağını düşünən krallıq təklifi birmənalı şəkildə geri çevirmişdi.

İsraillə münasibətlərə bu qədər həssas yanaşan krallığın ABŞ-la nüvə razılaşmasına getməsi də məhz bu səbəbdən mümkün deyil. Hazırda nə qədər Vaşinqtonla Təl-əviv arasında soyuq yellər əssə də, bunun müvəqqəti hal olduğunu düşünən rəsmi Riyad ABŞ-da dərin bir yəhudi iradəsinin mövcud olduğunu bilir. Sabah hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə, yəhudi lobbisinə yaxın dairələrin yenidən iqtidara gəlməsi supergücün Yaxın Şərq siyasətini büs-bütün dəyişdirməsinə səbəb ola bilər. Bu baxımdan, ABŞ-la nüvə sahəsində strateji müttəfiqliyin perspektivi real və cazibədar görünmür.

Krallığın geopolitik münasibətlərdə səf dəyişməsi kimi anlaşılan bu addımı qlobal qübtləşmədə qüvvələr nisbətinə ciddi təsir göstərmək imkanına malikdir. Daha konkret desək, bu nisbəti Rusiyanın xeyrinə dəyişdirə bilər. Bunun ilkin əlamətləri belə artıq görünməyə başlayıb: Rusiya öz ətrafında yaradılan sanksiyalar haləsini Səudiyyə Ərəbistanyla əlaqə quraraq ən azı nəzəri olaraq yarmış oldu.

ötən yazımızda da qeyd etdiyimiz kimi,* Rusiyanın beynəlxalq sanksiyalardan ən çox təsirləndiyi sahə neft qiymətlərinin endirilməsi olmuşdu. Səudiyyə Ərəbistanı və Fars körfəzində yerləşən digər ərəb dövlətlərinin hasilatı art
ırması dünya bazarında neftin qiymətlərinin düşməsində önəmli rol oynamışdı. Ərəb vəliəhdinin bu səfərində əsas müzakirə mövzularından birinin məhz bu məsələ olacağı təxmin edilirdi*.

Görüşlə bağlı verilən məlumatlar da bu proqnozu təsdiqləyir. Məlumata görə, görüşdə tərəflər müştərək enerji proyektlərinin reallaşdırmaq haqqında razılığa gəliblər. Rusiyanın enerji naziri Aleksadr Novak potensial tərəfdaşının Rusiyanın neft və qaz layihələriylə ilgiləndiyini bildirib. Rusiyalı nazir həmçinin neft və qaz sahəsindəki ənənəvi əməkdaşlıq etdikləri partnyorlarının yerinə kimisə qoymacaqlarını desə də, Səudiyyə Ərəbistanının diqqətinə laqeyd qalmayacaqlarının siqnalını da verib.

Səudiyyə Ərəbistanının Rusiyanın nəzarəti altında nüvə ölkəsinə çevrilməsi Yaxın Şərqdə məzhəblərarası münaqişəni də səngidə bilər. Həm İranın, həm də Səudiyyə krallığının nüvə proqramının həyata keçirilməsinə eyni qüvvənin rəhbərlik etməsi onlar arasındakı mübarizədə nüvə imkanından istifadəni istisna edəcək və bu da öz növbəsində aradakı ziddiyyəti ortadan qaldırmaq zərurətini ortaya çıxaracaq. Bu mənada müsəlman ölkələrinin hər birinin atom potensialına sahib olması İslam dünyasının ümumi maraqları baxımından müsbət hadisədir. Nüvə silahlarına sahiblik onlarla müstəmləkəçi dövlətlər arasındakı ən önəmli fərqi ortadan qaldıra və təhlükəsizliklərinin əsas təminatına çevrilə bilər.

Heydər Oğuz

Strateq.az

* Səudiyyə Ərəbistanı Rusiyaya üz tutur – Riyadla Kremlin “mutə nigahı” Yaxın Şərqdəki vəziyyəti dəyişə bilər (Təhlil)