XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 19:11

Türkiyə-Rusiya əlaqələrinə fərqli baxış:Bir təyyarənin güdazına gedən fürsət

 

Jurnalist həmkarım Ülkər İsmayılqızının “Türkiyə və Rusiya üçün son şans: Müttəfiqlikdən başqa çarə yox!” adlı məqaləsini oxudum. Müəllif yazısında haqlı olaraq iki dövlət arasında yaşanan gərginliyin həm onların iqtisadi inkişafına ciddi ziyan vurduğunu, həm də Türk dünyası arasındakı inteqrasiya perspektivlərini təhlükəyə atdığını vurğulayır, iki ölkə liderini münasibətlərə yenidən nəzər salmağa çağırır.

Təyyarə böhranından əvvəl və sonra Türkiyə-Rusiya iqtisadi əlaqələri barədə statistik rəqəmlərə nəzər salanda irəli sürülən iddianın nə qədər həqiqət olduğunu görə bilərik. Belə ki, ötən ilin 30 sentyabr tarixinə qədər iki ölkə arasında illik ticarət dövriyyəsi, hardasa, 40 milyard dollara yaxın idi. Bağlanan müqavilələrə görə, yaxın gələcəkdə bu rəqəmin 100 milyarda qədər yüksəldilməsi gözlənilirdi. Rus təyyarəsi vurulduqdan sonra isə getdikcə böyüyən iqtisadi münasibətlər durdu. Rusiya prezidenti Vladimir Putinin “Türkiyə bunun əvəzini ağır ödəyəcək” sözündən sonra qardaş ölkənin mallarından imtina edildi. Türkiyə də buna cavab olaraq eyni qadağanı Rusiyaya tətbiq etdi. Nəticədə uduzan hər iki tərəfin iş adamları və iqtisadiyyatı oldu.

 

Əsas zərbə hansı sektorlara dəydi?

 

Bu suala cavab vermək üçün, gəlin, iki ölkənin məlum böhran öncəsi idxalat-ixracat statistikasına nəzər salaq:

Türkiyədən Rusiyaya satılanlar:

  1. Əkinçilik və heyvandarlıq malları – 1.068 milyon dollar,
  2. Tekstil malları   –                           910.7 milyon dollar,
  3. Avtomobil və hissələri –                  680.8 milyon dollar,
  4. Mexanika və təchizat malları –        610.7 milyon dollar,
  5. Kimyəvi maddə və məhsullar –        378.6 milyon dollar,
  6. Geyim malları –                             303.2 milyon dollar,
  7. Plastik və rezin məhsulları –           297.7 milyon dollar

Toplam:  5 milyard 943 milyon dollar

 

Rusiyadan Türkiyəyə satılanlar:

  1. Təbii qaz –                                      11.697 milyon dollar,
  2. Xam neft –                                        4.763 milyon dollar,
  3. Metal –                                             3.106 milyon dollar,
  4. Əkinçilik və heyvandarlıq malları –      1.601 milyon dollar,
  5. Qida və içki –                                   1.103 milyon dollar,
  6. Tullantıların və makulaturadan regenerasiya –   1.207 milyon dollar,
  7. Kimyəvi maddə –                              1.013 milyon dollar.

Toplam: 25 milyard 288 milyon dollar.

 

Bu statistikada əks olunmayan bir də turizm var ki, böhrana qədər Türkiyə Rusiyayla iqtisadi münasibətlərdə ən çox pulu bu sahədən qazanırdı. Rusiyanın 2012-ci ilə aid rəsmi statisikasına görə, hər il bu ölkədən dünyanın müxtəlif yerlərinə 40 milyondan artıq turist gedir və 43 milyard dolların üzərində pul xərcləyir. Təyyarə böhranından əvvəl Türkiyəyə hər il gələn rusların 4 milyona yaxınlaşdığını nəzər alsaq, bu hardasa ümumi sayın 10%-i edər. Sözsüz ki, onların Türkiyədə xərclədikləri də ümumi xərcin 10%-nə yaxın olmalıdır. 43 milyardın 10%-i 4.3 milyard dollara bərabərdir. Bunu da Türkiyədən satılanlara əlavə etsək, məbləğ 10 milyard dolları ötər.

CUMHURİYET DÖNEMİ TÜRKİYE – RUSYA İLİŞKİLERİ

İlk baxışdan, Rusiyanın itkisi Türkiyədən daha çox görünür. Amma Rusiyadan idxal olunan malların xarakterinə nəzər salanda, bunun belə olmadığı aydınlaşır. 25 milyard 288 milyon dollarlıq ümumi idxalatın böyük hissəsini enerji daşıyıcıları təşkil edir və Türkiyə bu sahədə Rusiyadan asılı olduğundan, həmin maddələrin idxalarına qadağa qoymayıb, qoya bilməz də. Zira Türkiyənin idxal etdiyi təbii qazın və neftin 60%-ni Rusiyadan alır. Şimal qonşumuzdan alınan təbii qaza ödənən məbləğin 11.6 milyard olduğunu, neftə isə 4.7 milyard dollar xəcləndiyini nəzərə alsaq, bu, hardasa 16.3 milyard dollar edər. Bu rəqəmi ümumi idxal miqdarından çıxsaq, 9 milyard dollar qalar. İki ölkənin ixrac rəqəmlərini qarşılaşdırsaq, Türkiyə yenə 1 milyard dollar daha çox itirir.

Sözsüz ki, Türkiyə kimi bir dövlətin milli maraqları konteksində itirilən bu məbləğ heç də böyük deyil. Amma beynəlxalq aləm tərəfindən təcrid edilən, ağır sanksiyalara məruz qalan Rusiyanın düşdüyü durumunun qardaş ölkə qarşısında yaratdığı avantajı fikirləşsək, bunun hesabını çıxartmaq mümkün deyil. Nədən ki, Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar Türkiyənin qarşısında ağır sənaye mallarından tutmuş, tekstilə, qida məhsullarına, turizmə qədər çox böyük bazar açmışdı. AB-Rusiya arasındakı ticarət dövriyyəsinin sanksiyaların tətbiq olunduğu 2014-cü ildən əvvəlki statistikalara nəzər salsaq, çox ciddi rəqəmlərlə qarşılaşarıq. Rusiya 2013-cü ildə Avropa Birliyi ölkələrindən 12 milyard dollarlıq təkcə qida və kənd təsərrüfatı malları almışdı ki, sanksiyalardan sonra Moskva məcburən üzünü Türkiyəyə çevirmişdi. Təbii ki, həmin malların böyük qismini Türkiyənin təmin etmək perspektivi vardı.

Ümumiyyətlə isə, Avropa Birliyi-Rusiya arasında ticarət həcmi 100 milyard dollarla ölçülür. Avropa Statistika Ofisi “Eurostat”-ın bildirdiyinə görə, ötən il 2014-ci ilə müqayisədə Rusiya-Avropa Birliyi arasındakı ticarət həcmi 26% azalaraq, 284,6 milyard avroya enmişdi. Sanksiyalardan əvvəlki vəziyyəti hesablasaq, bu məbləğ 300 milyard dolları ötüb keçər.

Yenə həmin statistikaya görə, 2014-cü ildəki ticarət dövriyyəsinin 80 milyard dollara yaxın hissəsini Avropadan alınan müxtəlif məhsullar təşkil edirdi.

Sözsüz ki, sanksiyalardan sonra yaranmış bu boşluğu Türkiyə doldurmağa çalışaraq, iqtisadi gücünü xeyli böyüdə və dünya nəhənglərindən birinə çevrilə bilərdi. Bəlkə də elə rus təyyarəsinin vurulması da qardaş ölkənin sözügedən potensialının qarşısını almağa hesablanmışdı.

Belədə isə sual yaranır: Türkiyə hava sərhədlərini pozan və Suriyadakı türkmənləri bombalayan Rusiyanın bu özbaşınalığına susmalı idimi?

Əlbəttə, yuxarıdakı fikirləri söyləyərkən, heç də Türkiyənin öz milli maraqlarını iqtisadi fürsətlərə qurban verməsini, rus “qabadayılığı”na qarşı laqeyd qalmasını iddia etmək fikrində deyilik. Sadəcə, hesab edirik ki, Türkiyə-Rusiya münasibətləri sağlam prinsiplər üzərində qurulsaydı, Moskva heç Suriyaya hərbi müdaxilə fikrinə düşməz, düşsəydi belə, planını Ankarayla razılaşdırılmış şəkildə formalaşdırardı. Daha aydın təbirlə desək, Rusiya Suriyada oynanan oyunların öz enerji maraqlarına qarşı yönəldiyini, Türkiyənin də bu oyunda mühüm rol aldığını düşünmüş və bu addımı atmışdı.

Bildiyimiz kimi, Avropanın qaz ehtiyacının 50%-dən çoxunu təmin edən Rusiyanın bu inhisarçılığının qarşısını almaq üçün ABŞ bir neçə istiqamətdə iş aparırdı. Hədəfə çatmaq üçün ilk növbədə Avropanın enerji ehtiyacını ödəyəcək yeni alternativlər tapılmalı və bundan sonra rus qazından imtina edilməliydi. Ən yaxşı alternativ isə Yaxın Şərqin təbii qazı idi.

Əsasən Qətər və Səudiyyə Ərəbistanında toplanan qaz ehtiyatının Avropaya daşınması üçün ən təhlükəsiz marşrut isə Suriyadan keçə bilərdi. Bəşər Əsəd hakimiyyətinin ölkə əhalisinin 15%-lik şiə qismini təmsil etməsi, ilk baxışdan, bu coğrafiyada da rahatlıqla “ərəb baharı” rüzgarlarının əsdirilə biləcəyi qənaətini yaradırdı. Sünni əhali isə Türkiyə və Səudiyyə Ərəbistanının əliylə “inqilabi” proseslərə qalxa bilərdi. Nə yazıq ki, Suriya hadisələrinin ilk dövrlərində Türkiyə də Osmanlı mirasına yenidən sahib çıxmaq üçün münbit şəraitin yarandığını düşündüyündən, bu proseslərdə yer aldı. Moskva ilə Ankara arasındakı ilk qırılma nöqtəsi də elə bu oldu. Türklərin öz təbiriylə desək, “evdəki hesab çarşıya uymayınca” qırılma nöqtəsi daha da dərinləşdi.

İkinci qırılma nöqtəsi isə Ukrayna böhranından sonra ortaya çıxdı. Prinsip etibarilə, Ukrayna böhranı da Avropanın rus qazından imtinası üçün həyata keçirilən layihənin tərkib hissəsi idi. Zira Rusiyadan Avropaya axan qazın 60%-dən çoxu Ukraynadan keçirdi. Faktiki olaraq Ukraynanı Rusiya təsirindən uzaqlaşdıran ABŞ və onun Qərb müttəfiqləri iki dövlət arasında yaranan düşmənçilik siyasəti nəticəsində qaz kəmərlərinin bağlanmasına nail oldular.

Rusiya alternativ layihə kimi “Cənub Qaz axını” projesinə yönəldi. İlk əvvəl bu layihənin Bolqarıstandan keçirilməsi nəzərdə tutulurdu. Avropa Birliyinin təzyiqlərilə rəsmi Sofiya bu layihədən imtina etdi. Rusiya məcburən Türkiyəyə üz tutmalı oldu.

Adına “Türk axını” deyilən layihə ilk əvvəl Ankara tərəfindən çox isti qarşılandı. Hər şey öz axırında getdiyi bir zamanda birdən-birə Türkiyə və Rusiya yetkililəri arasında anlaşılmazlıqlar yarandı. Bunun səbəbi üzərində çox dayanmadan, konkret belə demək olar ki, Moskva sözügedən anlaşılmazlıqların baş tutmayacaq “Türk axını” ilə başının qatılması üçün həyata keçirildiyini, Suriyada isə artıq Bəşər Əsədin devrilmək üzrə olduğunu anladı və ABŞ-ın Rusiyanın əleyhinə oynadığı oyunların qarşısını vaxtında almaq niyyətilə Suriyaya hərbi müdaxilə etməyin vaxtı çatdığına qərar verdi. Hədəf olaraq da Bəşər Əsəd rejiminə gələ biləcək əsil təhlükəni sıradan çıxarmağı seçdi.

Bəşər Əsədə isə əsl təhlükə İŞİD və kürd separatçılarından deyil, “mülayim müxalifət”dən gəlirdi. Təəssüf ki, Suriya siyasətinin indiki mərhələyə gəlib çıxacağını əvvəlcədən hesablaya bilməyən Türkiyə hökuməti “mülayim müxalifət”in sırasına suriyalı türkmənləri də qatmışdılar və beləcə, Rusiya-Türkiyə ixtilafının əsası əvvəlcədən yaradılmışdı.

Ziddiyyətlərin bu səviyyədə qalması belə, beynəlxalq güc mərkəzlərinə, xüsusilə də ABŞ-a sərf etmirdi. Türkiyəni iqtisadi cəhətdən gücləndirəcək, Rusiyanı isə ağır sanksiyalardan xilas edəcək əlaqələri daha dərindən qoparmaq üçün növbəti addım atılmalıydı və atıldı da. Söhbət rus təyyarəsinin vurulmasından gedir.

Təyyarə böhranından dərhal sonra Türkiyə hökumətinin nigarançılığı, NATO-ya və ABŞ-a üz tutması həmin insidentin törədilməsinə Ankaranın hazır və dolayısıyla bunda çox maraqlı olmadığından xəbər verirdi. Amma olan artıq olmuşdu. Ərdoğanın və Putinin güzəştə meylli olmayan xarizmaları iki ölkə arasındakı bütün bağları qoparmışdı. İki ölkəni də böyüdə biləcək iqtisadi əməkdaşlıq perspektivləri tamamilə ortadan qalxmışdı. Ən böyük zərər isə Türkiyəyə dəymişdi.

Nədən ki, Suriyada çəkilməsi gözlənilən qaz kəmərlərinin qarşısının alınması Avropanı rus inhisarından azad etmədi. Artıq bu qitənin bir sıra ölkələri Rusiyaya qarşı sanksiyaların faydasızlığından açıq şəkildə danışmağa başlayıblar. Fransa senatının bu yaxınlarda böyük səs çoxluğuyla (16- əleyhinə, 301 lehinə) qəbul etdiyi bir qətnamə bunun ən bariz sübutudur. Tövsiyə xarakteri daşımasına baxmayaraq, fransız siyasi iradəsinin mövqeyini göstərən qətnaməyə görə, Rusiyaya tətbiq olunan sanksiyalar Fransa iqtisadiyyatına zərər vurduğu üçün yumşaldılmalıdır.

Eynilə, Almaniya da faktiki olaraq rus qazının şimal xəttinin çəkilməsinə investisiya qoyub, Moskva ilə müttəfiqlik edir. Sanksiyalardan ən çox əziyyət çəkən İspaniya da həmçinin ziyanın yarısından qayıdaraq, əvvəlki əlaqələrini bərpa etməyə çalışır. Hətta o, Türkiyənin itirdiyi rus turistlərinin böyük hissəsini qəbul etmək yarışında Yunanıstanla rəqabət aparır. Yəni Türkiyənin yeyə bilmədiyi paya sahib çıxmaq uğrunda artıq Avropada əsil dava başlayıb. Və bu dava adi yorğan davası da deyil. Söhbət milyardlarla dollarlıq qazancdan gedir.

Əslində heç ABŞ da əvvəlki kimi antirus əhval-ruhiyyəsində deyil. Faktiki olaraq neftin qiymətini ucuzlaşdıraraq, Rusiyanı çökdürmək planından geri çəkilən Vaşinqton indi sadəcə öz təbii sərvətlərinin bazarını əldən verməmək uğrunda iqtisadi mübarizəyə üstünlük verir. Ən pisi isə odur ki, ABŞ Suriya siyasətində də rus cizgisinə yaxınlaşıb. Türkiyə isə səhv siyasətinin bədəllərini öz sərhədləri daxilində ödəyir.

Hərçənd, rəsmi Ankara da artıq bu siyasətin səhv olduğunu anlamağa başlayıb. AKP hakimiyyətinin Əhməd Davudoğlundan imtina etməsinin bununla bağlı olduğu bildirilir. Güman olunur ki, uzun illər boyu Türkiyənin xarici siyasətinə yön verən bu adamın birdən-birə baş nazirlikdən uzaqlaşdırılması bütün günahın onun üzərinə atılması cəhdidir. Sanki Ərdoğan bu addımı atmaqla öz yanlışından geri çəkilmək istəyir.

Bəs, görəsən, Putin yenidən Türkiyə-Rusiya əlaqələrini möhkəmlətmə siyasətinə geri qayıdacaqmı?

Nə yazıq ki, bu suala müsbət cavab vermək asan deyil. Görünən budur ki, Rusiya artıq Avropayla əlaqələrini bərpa etmək üzrədir. Üstəlik, onun Çinlə və Asiyanın digər nəhəngləriylə əlaqələrini inkişaf etdirmək perspektivi də var. “Bir suya ikinci dəfə girməyin mümkün olmadığı” isə hələ Demokritin yaşadığı antik çağlardan məlumdur…

Heydər Oğuz

Strateq.az