XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 09:19

ABŞ-ın yeni həmləsi:Rusiya Aralıq dənizindən çıxarılır

 

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Aralıq dənizinə təyyarə gəmiləri göndərməsinə sərt reaksiya verib.

Strateq.az-ın bildirdiyinə görə, nazirliyin Avropa Əməkdaşlıq Dairəsinin rəhbəri Andrey Kelin bunu “əzələ nümayişi” kimi xarakterizə edib.

O, ABŞ-ın bu təşəbbüsünün təsadüfi olmadığına, 8-9 iyulda Varşavada keçiriləcək NATO zirvəsi öncəsində xüsusi olaraq həyata keçirildiyinə inanır və Vaşinqtonun münasibətləri qəsdən qışıdırdığını düşünür.

Qeyd edək ki, ABŞ bir müddət əvvəl "USS Harry S. Truman" və "USS Dwight D. Eisenhower" adlı təyyarə gəmilərini İŞİD-lə mübarizə və Avropadakı milli təhlükəsizlik maraqlarını qorumaq məqsədiylə Aralıq dənizinə göndərəcəyini açıqlamışdı.

FILE:  2015: Aircraft carrier USS Harry S. Truman in the Strait of Hormuz. (U.S. Navy via AP)

Andrey Kelin isə açıqlamasında bunun qəbuledilməz olduğunu və Rusiyanın adekvat cavab verəcəyini bildirdirib.

Əslində rus diplomatını anlamaq mümkündür. Onun bu hadisəni əzələ nümayişi kimi qiymətləndirməsi yalnız rus diplomatlarına aid mövqe deyil. Vaşinqtonun həqiqətən bu niyyətdə olduğunu ölkənin ən ciddi qəzetlərindən sayılan və ən iri finans çevrələrinin maraqlarını qoruyan “Wall Street Journal” da etiraf edib.  Qeyd edək ki, İki gün öncə ortalığı qarışdıran həmin məlumati da elə “Wall Street Journal” yaymış və xəbərə belə başlamışdı:

“ABŞ “Harry Truman” təyyarə gəmisini Aralıq dənizinə göndərərək Rusiyaya qarşı əzələ nümayişi etmək istəyir. Vaşinqton bununla silahlı qüvvələrinin nə qədər elastik və genişmiqyaslı olduğunu Rusiyaya göstərəcək. Alınan məlumatlara görə, ABŞ bu şəkildə Rusiyanın bölgədəki fəaliyyətini də tormozlamağa çalışacaq”.

Qəzet onu da etiraf etmişdi ki, ABŞ Silahlı Qüvvələrinin 9 təyyarə gəmisi var və onlardan 6-si aktiv fəaliyyətdədir.

Sonradan Pentaqon tərəfindən də təsdiqlənən xəbərdən belə aydın olurdu ki, ABŞ Aralıq dənizinə 1 yox,  2 təyyarə gəmisi göndərmək niyyətindədir və bu gəmilər dövriyyə xidmətində bir-birini əvəz edəcəklər. ABŞ-ın öz hərbi dəniz donanmasının ən aktiv və təsirli gücünün hardasa 3/1-ni Aralıq dənizinə göndərməsi və bunu İŞİD-lə mübarizə kimi təqdim etməsi, sözsüz ki, beyinlərdə ciddi suallar yaradır. Rus diplomatını danışdıran da əslində bu suallardır.

Axı, İŞİD-ə qarşı mübarizə aparmaq üçün ABŞ-ın regionda kifayət qədər hərbi hava qüvvəsi var. Bu qüvvəyə aid olan təyyarələr İraqın və Türkiyənin hərbi bazalarında yerləşdirilib, lazım olduğu anda onlar uçaraq, rahatlıqla Suriyadakı İŞİD mövqelərini də bombalayırlar. Prinsip etibarilə, Aralıq dənizində lövbər salacağı gözlənilən təyyarə gəmilərindən Suriyadakı İŞİD qüvvələrinin yerləşdiyi məkanlara qədər olan məsafə də həmin bazalardan daha yaxın deyil. Deməli, məqsəd də heç İŞİD-ə qarşı hava hücumlarını daha rahat hala gətirmək deyil. Suriyada hərbi əməliyyatlara başlayan Rusiyanın hərbi gəmilərini məhz Aralıq dənizində yerləşdirməsi əsl məqsədin nədən ibarət olduğuna işıq tutur. Belə aydın olur ki, hədəf İŞİD yox, Rusiyanın əl-ayağına dolaşmaq, onun Aralıq dənizindəki hakimiyyət sahəsini daraltmaqdır.

ABŞ-ın belə bir niyyətdə olduğunu “STRATFOR” analitik mərkəzinin sahibi Corc Fridmanın bir neçə il əvvəl qələmə aldığı aşağıdakı fikirlər də təsdiqləyir:

“Amerika gücünün əsasını qlobal su hegemoniyası təşkil edir. Okeanlarda qurulan hegemoniya digər dövlətlərin ABŞ-a hücum etməsinin qarşısını alır, lazım olanda Vaşinqtonun başqa yerlərə müdaxilə etməsinə şərait yaradır və ona beynəlxalq ticarəti idarə etmək imkanı verir. ABŞ-ın bu gücündən istifadə etməsinə ehtiyac yoxdur, amma başqa birinin istifadəsinə də icazə verməməlidir. ABŞ bütün okeanlara nəzarət etməlidir. Tarixdə heç bir güc bunu etməyib. Bu nəzarət yalnız ABŞ-ın təhlükəsizliyi deyil, eyni zamanda beynəlxalq sistemi formalaşdırmaq gücünün əsası deməkdir. Əgər ABŞ icazə verməzsə, heç kim dünya okeanlarında istədiyi yerə gedə bilməz. Dənizlərdə nəzarəti davam etdirmək ABŞ üçün ən əhəmiyyətli geosiyasi hədəfdir”.

Super gücün geostrateji hədəflərinin hazırlanmasında ciddi əməyi olan Corc Fridmanın bu fikirləri də sübut edir ki, ABŞ öz dünya ağalığını qoruyub saxlamaq üçün ona bu özəlliyi bəxş etmiş qlobal su hegemoniyasını rəqiblərinin təsir dairəsindən çıxartmalıdır. Xüsusilə də Aralıq dənizindən. Çünki bu dəniz qlobal su hegemonluğunun ən önəmli parçalarından biridir. Avropanı Şərqə bağlayan, dünya neft və qaz ehtiyatlarının yarısına qədərini özündə cəmləşdirən Yaxın Şərqə nəzarət imkanı verən, dəniz ticarətinin önəmli hissəsinin keçdiyi Aralıq dənizi həm də Rusiyanın isti sulara çıxa biləcəyi yeganə qapıdır. Həmin qapı Moskvanın üzünə bağlanmadıqca ABŞ özünü dünyanın həqiqi sahibi kimi hiss etməyəcək, öz hegemonluğunu Rusiyayla paylaşmış olacaq. Əslində iki dövlətin Qara dəniz sahillərində yerləşən Şərqi Avropa uğrunda mübarizəsinin kökündə də məhz bu hegemonluq davası dayanır.

Bu zamana qədər Aralıq dənizində Rusiyanı birbaşa deyil, regionda dəstəklədiyi müxtəlif qüvvələr vasitəsi sıxışdırmağa çalışan ABŞ-ın bu addımı “tələ sahibi”nin səhnəyə çıxması təəssüratını yaradır. Rusiya isə adətən “tələ”yə qarşı sərgiləmədiyi aqressivliyi, “tələ sahibi”nə göstərməkdən çəkinmir, bunu öz hərbi imicinin ən vacib elementi sayır. Onun son zamanlar Baltik dənizində ABŞ gəmilərinə və təyyarələrinə qarşı təhdidedici manevrləri də bunu sübut edir. Aralıq dənizində iki gücün üz-üzə gəlməsi bu mənada xeyli nigarançılıq doğurur.

Nigarançılığı artıran başlıca amillərdən biri isə ABŞ-ın və onun müttəfiqlərinin Baltik dənizindən fərqli olaraq, Aralıqda daha güclü mövqeyiylə bağlıdır. Aralıq dənizindəki qüvvələr nisbətinə və yayılma arealına nəzər salanda NATO qüvvələrinin Rusiyayla müqayisəedilməz dərəcə güclü olduğunu görürük. Qara dəniz hərbi donanmasına aid gəmilərlə Aralığa nəzarət edən Rusiya əsasən bu su hövzəsinin şərqini, NATO qüvvələri isə qərbini əldə tutmağa çalışır. ABŞ-ın təyyarə gəmilərini İŞİD-lə mübarizə üçün bölgəyə göndərməsini bildirməsi artıq dənizin şərqinə də nəzarət etmək iddiasından xəbər verir. Bu isə Rusiyanı ciddi şəkildə qıcıqlandıra bilər.

Fəqət qüvvələr nisbətindəki ciddi fərq Moskvanın Baltikdəki “zarafat”larının Aralıqda cavabsız qalmayacağı ehtimalını gücləndirir. Hər halda NATO öz üzvü Türkiyə vasitəsilə rus təyyarəsini vurmaqla Aralıq dənizində “zarafat”dan xoşlanmadığını ortaya qoyub və Rusiya bölgəyə Türkiyənin müttəfiqlərini cəlb etmək xətrinə hərbi qüdrətinin simasına dəyən bu şilləyə göz yumub. Moskvanın eyni səbrliliyini davam etdirməsi isə Aralıqdan imtinayla nəticələnə bilər.
Qısası, görünən budur ki, yaxın zamanlarda ya Aralıq dənizində sular xeyli isinəcək, ya da Rusiya şələ-şüləsini toplayıb, öz qınına- Qara dənizə çəkiləcək.

Di gəl ki, Rusiyanın yaxın gələcəkdə itkisi təkcə Aralıq dəniziylə də bitmir. NATO-nun təxminən bir ay sonra keçirəcəyi toplantıda Qara dənizin də taleyinin müzakirəsi gözlənilir. Toplantıdan sonra, böyük ehtimalla, Qara dənizi russuzlaşdırmaq dövrü başlayacaq. ABŞ üçün ən çətin mərhələ isə məhz bu dövr olacaq. Nədən ki, Qara dəniz böyük ölçüdə Rusiyanın nəzarəti altındadır. Baxmayaraq ki, hərbi strateji baxımından Aralıqsız Qara dənizin qara qəpik qədər də dəyəri yoxdur…
 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə