XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 16:20

“Ağ ölüm”ə qarşı mübarizədə yeni çağırışlar: Azərbaycanda daha hansı işlər görülməlidir?  - Araşdırma

Narkoman-22

Dünyada narkotik maddələrdən istifadə edənlərin sayı və narkotik maddələrin qanunsuz dövriyyəsində indiyə qədər görünməmiş artım müşahidə olunur. Bir çox ekspertlər artıq dünyanın qlobal narkotik təhlükəsi ilə üz-üzə qaldığını belə, söyləməkdən çəkinmirlər.

Son illərdə narkotik istifadəçilərinin və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı  statistika da həyacan təbili çalmağa əsas verir.  BMT-nin məlumatlarına görə, hazırda dünyada 300 milyondan çox narkoman var.  Bu statistikaya ömründə bir dəfə naktorik maddə qəbul edənlər də daxil edilib. Bunların 27 milyon nəfərini isə müalicəyə ehtiyacı olan narkotik maddə aludəçiləri təşkil edir. Hər il artıq dozada narkotik qəbul edilməsindən və narkotiklərin qəbulu ilə bağlı yaranan digər problemlərdən 200 min nəfər vəfat edir. Narkomaniyanın geniş yayılması QİÇS-ə yoluxma hallarının da sayının artmasına səbəb olur.

2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) məlumatına görə, Əfqanıstanda narkotiklərin istehsalı ilə bağlı tarixi rekord əldə olunub: 224 min hektar sahədə tiryək xaşxaşı, 150 min hektar sahədə isə çətənə əkilməsi qeydə alınıb.  Narkotik aludəçiləri arasında gənclərin və qadınların sayının artması xüsusi narahatlıq doğurur.

 

Narkotiklərə qarşı mübarizədə yeni çağırışlar

 

Bütün bu problemlər qlobal müstəvidə narkomaniya və narkotiklərin yayılmasına qarşı strategiya dəyişikliyi, mübarizə tədbirlərinin əlaqələndirilməsi ilə bağlı müzakirələrin başlamasına start verib. Bu müzakirələr BMT-nin Narkotiklərə Nəzarət Üzrə Beynəlxalq Komitəsinin 2011-ci il  üzrə hesabatının açıqlanması ilə xüsusi aktuallıq kəsb edib.

Hesabatdan görünürdü ki, bir çox dünya ölkələrində, xüsusən inkişaf etmiş dövlətlərdə narkotik vasitələrdən istifadə ilə bağlı qanunverciliyin yumşaldılması, yüngül narkotiklərin sərbəst satışına icazə verilməsi praktikasının genişləndirilməsi tendensiyası qabarıq nəzərə çarpır. 

Bu tendensiya ilə bağlı aparılan müzakirələr göstərdi ki, son illər narkotiklərdən istifadənin sürətlə artması və bunun meydana gətirdiyi çağırışlara adekvat reaksiya verilməsi ilə bağlı fikir ayrılıqları  getdikcə dərinləşir.

Yanaşmalar fərqli olsa da, son 10 ildə narkotiklərin yayılmasına qarşı qlobal mübarizə səylərinin və BMT-nin təşəbbüslərinin özünü doğrultmadığı hamı tərəfindən qəbul olunur. Beynəlxalq müzakirələr və BMT müstəvisində aparılan diskussiya, məsələhətləşmələrdə xüsusilə vurğulanır ki, qloballaşmanın daha geniş vüsət alması ilə dünya ölkələri tərəfindən hamılıqla qəbul edilmiş “narkotiklərə qarşı total müharibə strategiyası” kifayət qədər bəhrə vermir. Narkomanların sayı artır, narkotik maddələrin qanunsuz dövriyyəsi isə genişlənir. Bu yeni çağırışlar qlobal müstəvidə narkotiklərə qarşı da yeni strategiyanın hazırlanmasını zəruri edib.

Bununla belə, bir çox dünya ölkələri, xüsusən inkişaf etməkdə olan dövlətlər BMT-nin səyi ilə yaradılmış naktoriklərin dövriyyəsinə nəzarət üzrə qlobal nəzarət mexnizmlərini, strategiyasını əsas götürməklə onun yeni reallıqlara adaptasiyasını məqbul hesab edirlər.

Bütün bu müzakirələr sonunda bu il 19-21-də apreldə BMT Baş Assambleyasının dünyada narkotiklər probleminə və onunla mübarizəyə həsr olunan 30-cu xüsusi sessiyasının keçiriməsi ilə nəticələndi. 30-cu xüsusi sessiyanın yekununda BMT Baş Assambleyası tərəfindən “Dünyada narkotik probleminin həlli, narkotiklərlə qarşı effektiv mübarizədə bizim ümumi səylərimiz”  adlı Yekun Sənəd qəbul olundu.

 

BMT-nin 30-cu sessiyası: Ənənəvi və yeni strategiyaların mübarizəsi

 

30-cu xüsusi sessiyada aparılan müzakirələr göstərdi ki, dünya ölkələrinin əksəriyyəti narkotiklərlə bağlı yeni yanaşmaların vacibliyini qəbul etsələr də, indiki mərhələdə köklü strategiya dəyişikliyinə getməyə hazır deyillər. Xüsusən də narkotiklərlə bağlı cinayət qanunvericiliyinin yumşaldılması, narkotiklərin satışının leqallaşdırılması praktikasının genişləndirilməsini tələskənlik sayırlar.

Bu mövqe  BMT Baş Assambleyası 30-cu sessiyasının  Yekun Sənədində də əks olunub.  Sənəddə qeyd olunur ki,  dünya ölkələri BMT-nin Konvensiyalarına sadiqdirlər. Xüsusi olaraq vurğulanıb ki, BMT-nin Konvensiyaları “narkotiklərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq nəzarət sisteminin məhək daşıdır”.

Yeni yanaşmalarla bağlı mübahisələrin kökündə isə əsas etibarı ilə BMT Konvensiyaları ilə qanunsuz dövriyyəsinə icazə verilməyən narkotik maddələrin satışının leqallaşdırılması məsələləri durur.

Mövcud praktikaya görə, bu Konvensiyalara qoşulan ölkələr BMT tərəfindən siyahısı müəyyənləşdirilən narkotik maddələrin, vasitələrin sərbəst satışı, istifadəsinə icazə verməməlidirlər. Bununla bağlı hər bir ölkə konkret öhədliklər götürüb. Lakin son illər bu praktikadan əhəmiyyətli kənaraçıxmalar müşahidə olunur.

Bu yanaşma tərəfdarları hesab edirlər ki, sərt qadağalar sistemi işləmir və yüngül narkotik maddələrin, vasitələrin sərbəst satışı, istifadəsinə icazə verilməlidir. Portuqalya, Hollandiya, Kanada, həmçinin ABŞ-ın bir sıra ştatlarında artıq bu praktika tətbiq olunur. Yeni yanaşma tərəfdarları sübut etməyə çalışırlar ki, bu yanaşma narkotiklərlə bağlı cinayətlərin sayını azaldır.

Ənənəvi yanaşma tərəfdarları,  xususən Rusiya, Misir, İran kimi ölkələr ötən əsrin 70-ci illərini misal gətirərək bu praktikanın uğurlu olmadığını qeyd edirlər. Bu zaman alkaqol və tütündən istifadə ilə bağlı təcrübəyə də istinad olunur. Qeyd edilir ki, sərbəst satışa və  istifadəyə icazə verilməsinə baxmayaraq, alkaqol və tütün aludəçiliyi azalmır, əksinə getdikcə artır.  Bu mövqedən çıxış edən ölkələr sərbəst satışı, saxlanmaya icazə verilməsinin geniş yayılmasının qlobal miqyasda da narkotik vasitələrin istehsalı və qanunsuz döviyyəsinin daha da artacağına səbəb olacağından ehtiyat edirlər. Qeyd olunur ki, bunu zərbəsi daha çox inkiaf etməkdə olan və yoxsul ölkələrə dəyəcək.

BMT Baş Assambleyasının 30-cu sessiyası əsas strateji vəzifə kimi isə narkotiklərə tələbin azaldılmasına nail olunmasını müəyyən edib. Sessiyanın Yekun Sənədində də bu məsələyə ayrıca diqqət yetirilib. Tələbin azaldılması dedikdə narkotiklərə qarşı fərdlər, ailələr səviyyəsində təşviqat aparılması, preventiv tədbirlər sisteminin gücləndirilməsi, narkomanların müalicəsi üçün səmərli mexanizmlərin yaradılması və ən əsası, narkotiklərin yayılmasına qarşı mübarizənin gücləndirilməsi nəzərdə tutulur.

 

Azərbaycanda narkotiklərlə mübarizədə yeni çağırışlar

 

Yuxarıda qeyd edilən problemlər Azərbaycan üçün də aktualdır. Rəsmi məlumata görə, 2015-ci ildə narkotiklə bağlı 3 min 187 fakt aşkarlanıb. Onlardan 916-sı satış məqsədilə bu maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; 2 min 62-si satış məqsədi güdmədən narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama; 193-ü narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə başqa faktlardır. İl ərzində cinayət məsuliyyətinə 2 min 587 nəfər cəlb olunub. Onlardan 7-si 18 yaşadək, 565 nəfəri 30 yaşadək, 2 min 15-i 30 yaşdan yuxarı olanlardır.

Keçən il Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 2 min 118 nəfər qeydiyyatdan çıxıb, 2 min 17 narkotik istifadəçisi qeydiyyata alınıb. Beləliklə, ölkədə qeydiyyatda olan narkomanların ümumi sayı 101 nəfər azalaraq 28 min 555 nəfər olub.  

2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555 nəfər olub. 2015-ci ildə narkotik istifadəçilərinin 592 nəfəri, 2014-cü ildə 554-ü, 2013-cü ildə 539-u qadın olub. Ümumilikdə, narkotik istifadəçiləri arasında 30-39 yaş arası insanlar üstünlük təşkil edir.

BMT Baş Assambleyasının 30-cü xüsusi sessiyasında narkotiklərə tələbin azaldılması ilə bağlı qeyd edilənlər Azərbaycan üçün də mühümdür. 

Qeyd edək ki, bir neçə gün əvvəl Strateq.az saytında Azərbaycanda narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilində mövcud olan institutsional mexanizmin üstün və faydalı tərəflərindən bəhs etmiş, həmçinin bu istiqamətdə verilən bəzi təkliflərin ziyanlı yönlərinə də Rusiya təcrübəsini və ekspert rəylərini təqdim etməklə işıq tutmuşduq (Bax:http://strateq.az/manshet/63922/narkotikl%C9%99rl%C9%99-bagli-yeni-dovl%C9%99t-qurumunun-yaradilmasina-ehtiyac-varmi.html)…

Yazının verilməsindən sonra bu sahə üzrə bir çox mütəxəssislər və ekspertlər mövzu ilə bağlı rəylərini saytımıza göndərərk, "ağ ölüm", "artıq hər kəsin qapısının ağzını kəsən bəla" adlandırdıqları narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq üçün daha nələrin edilməli olduğu haqda təkliflərini də bildiriblər.

Bu təkliflərdə əsasən o vurğulanır ki, Azərbaycanda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı effektli fəaliyyət göstərmək üçün aidiyyəti qurumlar, xüsusən də DİN, DTX, DGX, DSX öz işlərində ciddi dönüş yaratmalı, narkotik maddələrin ölkəyə gətirilməsi və satışının qarşısının alınması üçün sərt tədbirlərə əl atmalı, paralel şəkildə isə həm də xüsusən fərdlər, ailələr, icmalar səviyyəsində maarifləndirmə tədbirlərinin təşkili, preventiv tədbirlərin genişləndirilməsi, narkotik asılılığı olan şəxslərin könüllü müalicəyə cəlb olunması, bu sahədə tibb xidmətinin əlçatanlığının təmin edilməsi əsas vəzifələr sırasında durmalıdır.

Narkoloji  tibb xidmətinin effektivlyinin və işinin müasir üsullarla aparılmasının təmin edilməsi də çox mühüm vəzifə kimi irəli sürülür…

Doğrudur, son illər yeni çağrışlara cavab olaraq, Azərbaycan hökuməti tərəfindən bir sıra addımlar atılıb: cnayət törətmiş şəxslərin məcburi müalicəyə cəlb olunması, narkotiklərin qaçaqmalçılığı ilə mübarizə sahəsində Dövlət Gömrük Komitəsinə əlavə səlahiyyətlərin verilməsi, Səhiyyə Nazirliyinin narkoloji tibb xidməti sahəsində maddi-texniki imkanlarının genişləndirilməsi və s. qeyd oluna bilər.

Ancaq aparılan təhlillər və müşahidələr göstərir ki, indiki mərhələdə narkotik aludəçiləri həm də daha çox sosial yardıma, qayğıya ehtiyacı olan kontingent kimi nəzərdən keçirilməlidir və sosial yanaşma ön plana çıxamalıdır.

Ekspertlər narkotiklərlə mübarizədə yeni strategiya dedikdə, məhz sosial-tibbi tədbirlərin ön plana çıxmasını nəzərdə tuturlar. Yeni strategiya tərəfdarları hesab edirlər ki, bütün səylər əsas etibarı ilə narkotik istifadə edən insanların məhsuldar həyata qaytarılmasına yönəldilməlidir. Narkotiklərdən istifadə edənlər üçün cəmiyyətə reinteqrasiya yolu hər zaman açıq qalmalıdır…

Digər vacib məsələ isə narkotik cinayətləri ilə bağlı məhkəmə hökmlərinin verilməsi praktikasında yeniliklərə ehtiyacın olmasıdır

Eyni zamanda narkotik aludəçilərinin könüllü müalicəyə cəlb olunması istiqamətində əlavə səylərə də ciddi ehtiyacın olduğu bildirilir.

 “Zərərin azaldılması” tipli proqramların ölkə səviyyəsində geniş tətbiqi, narkotiklərlə bağlı  genişmiqyaslı tədqiqatların aparıması, daha yaxşı statistik məlumatların toplanması da zəruri tədbirlərdən sayılır…

 

Zaur İBRAHİMLİ

Strateq.az