XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 20:45

Sabiq YAP-çı nazirdən sensasion açıqlamalar:"Plan qurulmuşdu ki, gecəylə Elçibəyi öldürüb, eyvandan atsınlar"

naqiyev-2

Yeni Azərbaycan Partiyasının qurucularından sayılan və 1993-cü ildən 2006-cı ilədək partiyanın sədr müavini olmuş Əli Nağıyev 1993-cü ilin iyun hadisələri ilə bağlı Moderator.az-a maraqlı müsahibə verib və sonrakı müzakirələrə rəvac verəcək sensasion fikirlər səsləndirib.

Xatırladaq ki, Əli Nağıyev 1996-2006-cı illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Belarus Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri, 2009-cu ildən isə Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrində çalışıb. 2006-cı ildə diplomatik fəaliyyətə başlamasıyla əlaqədar Yeni Azərbaycan Partiyası sədrinin müavini vəzifəsindən və partiya sıralarından azad edilib, 2012-ci ilin may ayında YAP sıralarına yenidən qəbul edilib.

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir: 

 

– Əli müəllim, 15 İyun tarixi ətrafında hələ də müxtəlif söhbətlər gedir. İstərdik ki, o dövrün canlı şahidi kimi, Milli Qurtuluş Gününün tariximizdəki əhəmiyyətindən danışardınız? 

– 15 iyun hadisəsi niyə baş verdi, çünki 15 iyunu yaradanlar yaratdı. Mən indiyədək verdiyim müsahibələrdə dəfələrlə demişəm ki, Rusiya istəməsə, Dağlıq Qarabağ məsələsi həll olunmayacaq. Bunu bu gün də deyirəm və mən deyəni artıq indi hamı deyir, bir qədər başqa formada olsa belə. 15 iyun prosesini də Azərbaycanın daxilində yaradan var idi və hamısı da aydın oldu. Bu gün həmin proseslərin ən qatı iştirakçısı Əlikram Hümbətov, Şahin Musayev Moskvanın qucağında oturub. Onlar hamısı Rusiya kəşfiyyatının agentləri idi. Eyni zamanda Surət Hüseynov da bilərəkdən və ya bilməyərəkdən Moskvaya xidmət edirdi. Yəni iyun hadisələrini bunlar idi yaradan və hamısı da aydın idi. Bir tərəfdən Rusiya, digər tərəfdən İran Azərbaycanı parçalamaq, silmək istəyirdilər, məqsədləri bu idi. 

Heydər Əliyev hakimiyyətə gəlməsəydi, müstəqil olsa belə Azərbaycanın Dağlıq Qarabağdan başqa daha iki Dağlıq Qarabağı olacaqdı, biri yuxarı Car-Balakən, biri də aşağı Talış-Muğan. Ssenari belə qurulmuşdu. Digər tərəfdən də Naxçıvanla Gəncəbasarı da erməni işğal edəcəkdi. Bakı da odun içindəydi, bir qədər sonra neft də qurtaracaqdı, gəl indi ondan sonra baş verəcəklərdən baş çıxar görüm. 

Heydər Əliyev hakimiyyətə gəlməsəydi, neft kontraktı da olmayacaqdı. 1994-cü ilin oktyabrında Prezident Aparatının qabağındakı mitinqdə mən bu sözü dedim ki, neft kontraktları Azərbaycan üçün Dağlıq Qarabağ qədər vacib məsələdir, bütün bu fitnə-fəsad o neft kontraktlarına görədir. Əgər qaldırsalar, televiziyanın arxivində də bunlar var. Həmin gecə rəhmətlik Rafael Allahverdiyev çıxışımdan sonra gəlib əlimi sıxdı. Düzünü deyim ki, onda Rafaelin sevinclə əlimi sıxmasını başa düşmədim. Həmin günün səhərisi Heydər Əliyev məni çağırdı ki, orada ən düz sözü sən dedin. Heydər Əliyev mənə o sözü deyəndən sonra başa düşdüm ki, Rafaelin əlimi sıxması da buna görə imiş. Neft kontraktları olmasaydı, bu günkü Azərbaycan olmayacaqdı. 

O zaman Cənubumuz da, Şimalımız da Azərbaycanın müstəqilliyinə qarşı idi. Hərəsinin öz maraqları, öz ssenariləri var idi. Bu gün İran Azərbaycana Dağlıq Qarabağ məsələsində vasitəçilik etmək istəyir. Halbuki Yaqub Məmmədovun İranda Ter-Petrosyanla danışığı olan gün Şuşa əldən getdi. Rəfsəncaninin Yaqub Məmmədovla Ter – Petrosyanı görüşdürdüyü məqamda Şuşa işğal olundu, bunun hesabatını İran indiyə qədər də verməyib. 

Heydər Əliyevin 15 iyunda hakimiyyətə gəlməsəyilə bağlı səsləndirilən fikirlərə gəldikdə isə, bu günkü sazəndələr, çömçəsini qabağa dürtənlər müxtəlif sözlər danışa bilərlər. Halbuki 1993-cü ilin 15 iyununda hərəsi bir deşikdə gizlənmişdi. Bu gün Milli Məclisdə də, başqa zümrələrdə də elə sazəndələr var ki, sabah Mütəllibov və ya başqa birisi hakimiyyətə gəlsə, onlara sazəndəlik edəcəklər. 

– Həmin gün olmasaydı, Azərbaycan öz müstəqilliyini yenidən itirə bilərdimi?

– Həmin dövrdə Azərbaycan odun içindəydi, müstəqil qalıb qalmayacağı da şübhəliydi. Müstəqil qalsaydı belə, elə gündə olacaqdı ki, “Ay Rusiya, qurbanın olum, məni qucağına götür” deyəcəkdi, ya da İran deyəcəkdi ki, bura mənimdir. Heydər Əliyev belə bir vəziyyətdə hakimiyyətə gəldi və Heydər Əliyev Azərbaycanı həmin xaosdan xilas edə biləcək yeganə şəxsiyyət idi. Mən bu işlərin tam içindəydim, Heydər Əliyevin ətrafında baş verən proseslərin hər biriylə əlaqəm var idi. Hətta Gəncədən Surət Hüseynovun adamlarından da mənim yanıma gəlib Gəncəyə getməyimi təklif eləmişdilər. O zaman bunu Heydər Əliyevə məruzə edəndə mənə dedi ki, sənin bu işlərlə məşğul olmağın lazım deyil. Bu məsələ getdikcə dərinləşəndə isə biz artıq Gəncəyə beş-altı nəfərdən ibarət nümayəndə heyəti göndərdik. Onda Heydər Əliyev hələ Naxçıvanda idi. Nümayəndə heyətinin tərkibində rəhmətlik İmam Mustafayev, Səfiyar Musayev, Fərəməz Maqsudov vardı. Səhv etmirəmsə, Asya Manafova da onların arasında idi. Həmin nümayəndə heyəti qayıdıb gələndə dedilər ki, vəziyyət çox ağırdır. Və birmənalı şəkildə təkid etdilər ki, məsələni ancaq Heydər Əliyev həll edə bilər. 

– Həmin ərəfədə Əbülfəz Elçibəy Heydər Əliyevlə danışmışdımı?

– Allah Əbülfəz Elçibəyə rəhmət eləsin, mən o adam haqqında heç vaxt mənfi danışa bilmərəm. Elçibəy təpədən dırnağa müsbət adam idi, ancaq səriştəsiz dövlət başçısı idi. Əbülfəz Elçibəy öz ətrafına yığdığı iblislərin məngənəsində qalmışdı, çabalayırdı. Onun vəzifəyə oturtduğu adam gecəylə onu öldürüb aradan götürmək istəyirdi. Hesab edirəm ki, vəzifə verdiyi adamlar arasında Əbülfəz Elçibəyə sədəqətlə xidmət edən yeganə şəxs Əli Kərimov idi. Elçibəy həmin ərəfədə baxdı ki, neyləsin, nə nəticə çıxarsın və sonda düz qərar qəbul etdi. Əbülfəz Elçibəy istəməsəydi, Heydər Əliyev hakimiyyətə gələ bilməzdi, Elçibəy özü Heydər Əliyevin ardınca təyyarə göndərdi. Ancaq məcburiyyətdənmi göndərdi, yoxsa ürəyinin diktəsiylə etdi, bu, tamam başqa bir mövzudur və bunun ətrafında bir kitablıq danışmaq olar. 

İsus Xristosun İvangeldə bir pritçası var, həmin pritçanın nəticəsi odur ki, dost gözüylə baxarsan, pisdə də yaxşı taparsan, düşmən gözüylə baxsan, yaxşını da pis görərsən. O vaxt Əbülfəz Elçibəyin hansı niyyətlə Heydər Əliyevin arxasınca təyyarə göndərməsini bu günkü gün “sazəndələr dəstəsi” müxtəlif cür yoza bilərlər. Həmin o “sazandələr dəstəsi” bayağı tərifləri ilə prezident İlham Əliyevə də zərbə vururlar. ("Ağladandan qaçma, güldürəndən qaç").  Həmin şərəfsizlər İlham Əliyevin xoşuna gəlmək üçün deyirlər ki, yox e, Elçibəy kimdir. Halbuki o vaxt Heydər Əliyev ətrafında cərəyan edən hadisələrin içində birincilərdən biri də mən idim. O vaxt işləri təşkil edən, İmam Mustafayevin qapısına rəhmətlik Səfiyar Musayevlə mən getmişdim. Əbülfəz Elçibəyin Heydər Əliyevi çağırmasını ancaq filosofcasına çözmək lazımdır. Bunun məcburiyyət qarşısında qalmaq məqamı da, millət sevgisi olan məqamı da, Heydər Əliyevin böyüklüyünü anlamaq məqamı da var idi. Yenə deyirəm, o zaman Elçibəy istəməsəydi, Heydər Əliyev hakimiyyətə gələ bilməzdi və bu, birmənlı şəkildə belədir. 

– Hətta deyəsən Əbülfəz Elçibəy prezident seçilməmişdən əvvəl də Heydər Əliyevi dəvət edib ki, gəlib prezident olsun… 

– Yox, mən bu söhbətə inanmıram, çünki o hadisələrin içindəydim. Əbülfəz Elçibəy faktor idi, müxalifəti birləşdirən yeganə kişi idi. O dövrdə Əbülfəz Elçibəyin yanında olanlardan ən azı üç-dörd nəfər var idi ki, Elçibəyin sinəsindən basıb özləri hakimiyyətə gəlmək istəyirdilər. Ali Sovetin iclasında Tofiq Qasımov da ağzına gələni danışırdı və bu gün Milli Məclisdə oturub Heydər Əliyevi tərifləyənlər isə ona demədilər ki, tərbiyən olsun. Bircə Arif Rəhimzadə etiraz elədi, o birilər, hansı ki, indi sinələrini cırırlar, ağızlarına su alıb oturdular. Bütün bunların hamısı aşkar məsələlərdir. Konkret  bu sualla bağlı isə heç bir məlumatım yoxdur, Heydər Əliyevlə bizim bu mövzuda saatlarla söhbətlərimiz olub. Heydər Əliyev mənə deyirdi ki, istəsəydim, o vaxt hakimiyyətə gələrdim, ancaq onlar məni işləməyə qoymayacaqdılar. 

– Dediyiniz o üç-dörd nəfər indi hansı mövqe tutublar?

– Həmin o üç-dörd nəfər indi masakaları yırtılmış adamlardır.

– Zaman cəzalandırıb demək?

– Zaman cəzalandırıb deyəndə, onları Allah cəzalandırmışdı zatən. Xəyanətin cəzasını birinci Allah verir. Sən əgər Allaha inanırsansa, inam içindən olmalıdır. Allah adamın ürəyində olur, dilində yox. Xəyanətin cəzasını da Allah verir. Əvvəldə də dedim, o şərəfsizlərdən biri plan qurmuşdu ki, gecəylə Elçibəyi öldürsünlər, eyvandan atsınlar. Sonra da desinlər ki, içib keflənib, eyvandan yıxılıb. Həmin gecə də hakimiyyəti ələ keçirsinlər. Bunları Vaqif Axundov yaxşı bilməlidir. 

– 1989-cu ildə Elçibəyin evində axtarış aparan zaman Elçibəyin iş stolunun üstündə Heydər Əliyevin şəkli olmuşdu…

– Elçibəyin müsahibəsi var və o müsahibəsində bu suala cavab verib. Deyib ki, Heydər Əliyev o vaxt ilk türk oğlu türk idi ki, gedib siyasi büroya çıxa bilmişdi. O vəzifəyə türk oğlu türkün gedib çıxması çox çətin məsələ idi. Digər tərəfdən də Heydər Əliyev Romanov kimi antitürkün arxasını yerə qoymuşdu. Əbülfəz Elçibəyin cavabı səhv etmirəmsə, təxminən belə idi.

– Əli müəllim, 15 iyunun məhz Qurtuluş Günü adlandırılması ideyası kimdən gəlmişdi? 

– İdeyanın kimdən gəldiyini dəqiq bilmirəm. Ancaq sizə bir dəfə demişəm ki, YAP-ın adını rəhmətlik Sirus Təbrizli qoymuşdu. O vaxt "Novaya Ukraina" yaranmışdı və elə ordan çıxış edərək rəhmətlik Zahid Qaralovun kabinetində dedi ki, partiyanın adını "Yeni Azərbaycan" qoyaq. Bunun şahidiyəm, Qurtuluş gününü isə kimin dediyini bilmirəm, ancaq bu ad məna ilə tam uyğundur. Hesab edirəm ki, ideyanı verən tam düz deyib, çünki Azərbaycan o gün sözün əsl mənasında qurtuldu. Xəyanətdən qurtuldu, iblislərin əlindən qurtuldu, Azərbaycanı məhv eləmək məqsədi güdən xəyanətkar siyasətlərin məngənəsindən qurtuldu. 

– 1992-ci ildə iyun qiyamı baş verməsəydi, Qurtuluş Günü də olmayacaqdı… 

– Bu artıq fala baxmaq kimi bir məsələdir. Mən yenə deyirəm, əgər Əbülfəz Elçibəyin ətrafında sağlam mühit olsaydı, Elçibəy vaxtında Heydər Əliyevi Ali Sovetin sədri vəzifəsinə gətirsəydi və onunla məsləhətləşsəydi, bəlkə də hakimiyyəti davam edərdi. 

– Deməli, iyun qiyamı olmasaydı belə, sonrakı aylarda hakimiyyət çevrilişi ola bilərdimi?

– Bu sualın yüz cavabı var. Bəlkə də bir ildən sonra bu hadisə baş verə biləcəkdi. Mənim içimdə Əbülfəz Elçibəyə qarşı bir rəğbət var və bunu gizlətmirəm. Bəlkə də o rəğbətdən dolayı belə düşünürəm ki, o, Heydər Əliyev kimi adamları vaxtında ətrafına yığmalıydı. Onlarla məsləhətləşərək hakimiyyəti idarə etsəydi, işlər yaxşı gedərdi, düz gedərdi. O zaman vəziyyət sonrakından daha yaxşı idi, hələ Kəlbəcər də getməmişdi. Hələ Sürət Hüseynov, Əlikram Hümbətov adlı bəlalar əmələ gəlməmişdi. 

Həmin dövrdə müxtəlif hadisələr baş verə bilərdi, Şerbak Gəncədə oturmuşdu, bəlkə də elə fitnə-fəsad törədərdi ki, Azərbaycana rus qoşunları girərdi. Yeltsin o zaman birmənalı şəkildə Azərbaycanın Rusiyaya tabe olaraq mövcud olmasını istəyirdi. Hələ Aşqabadda Heydər Əliyevlə üz-üzə gələndə Heydər Əliyev onun cavabını vermişdi və MDB-nin sammitində qalmaqal yaranmışdı. 

–  Bu gün Heydər Əliyevin 1992-ci ilin 15 iyununda qoruduğu Azərbaycan onun adına layiqdirmi?

– Bu günkü Azərbaycana, gözəl Bakıya baxanda, əlbəttə ki, Heydər Əliyevin ruhu şaddır. Bu gözəl Bakı elə Heydər Əliyevin istədiyi kimidir, o da Bakını belə arzulayırdı. Bu gün İlham Əliyevin Angela Merkel ilə Almaniyada yan-yana durmasını və Heydər Əliyevin Helmut Kol ilə yan-yana durmasını göz önünə gətirərək müqayisə aparıram. O zaman heç kim deyə bilməzdi ki, Heydər Əliyev Azərbaycanın prezidentidir, Helmut Kol isə Almaniya kimi nəhəng dövlətin. Eyni səviyyədə mən bu dəfə İlham Əliyevlə Merkeli gördüm, İlham Əliyev Merkelin yanında necə qürurla dayanmışdı. 

Bu gün Azərbaycan məhz Heydər Əliyevin arzuladığı, görmək istədiyi Azərbaycandır, nəhəng enerji layihələrinin uğurlarını indi də çoxşaxəli nəqliyyat projeləri əvəz edir, Azərbaycan Avropa ilə Asiyanın körpüsü rolunu oynayaraq qədim İpək Yolunun yenidən həyata vəsiqə qazanmasında həlledici söz sahibinə çevrilir. Sözsüz ki, bunlara görə Heydər Əliyevin ruhu şaddır. 

Ancaq narazı qaldığı bəzi məsələlər də olar. Bu gün Kənd Təsərrüfatı Nazirliyi Cəlilabadda pambıq əkmək istəyir. Hansı ki, Heydər Əliyev hakimiyyətinin birinci dönəmində Sabirabadda, Saatlıda, İmişlidə, Zərdabda şoran torpaqlar drenaj olunaraq duzdan yuyulub, məhz pambıq üçün hazırlanıb. Və bu işə mərkəzi büdcədən milyardlarla pul xərclənib. O torpaqlarda başqa bitkilər əkmək olmaz, çünki həmin torpaqlarda selləmə suvarma aparılanda, o torpaqlar təkrar şoranlaşmaya məruz qalar, necə ki, artıq bir hissəsi sıradan çıxıb. Əksər sahələrdə təsərrüfatsızlıq var, hansı ki, bir manatlıq iş beş manata başa gəlir, o da yarım mənzil. Sözsüz ki, bunlardan Heydər Əliyev narazı qalardı. Mən bu məsələlər barədə dəfələrlə demişəm və hesab edirəm ki, dediklərimdə nə dövlətin, nə millətin, nə prezidentin ziyanına bir kəlmə belə yoxdur. Mən yalaq, daban yalayan, əvvəldə dediyim kimi “sazəndələr dəstəsi”ni tənqid etmişəm və haqlı olaraq da tənqid etmişəm. Yaxşıya yaxşı, pisə də pis demək lazımdır. Dahi Nizaminin çox gözəl bir fikri var:

 

“Çox yaxşı şeysə də eybi gizlətmək,

Dot-dostun eybini örtməsin gərək.

Bu dostluq aynası göstərir ki, sən

Eybini özündən kənar edəsən.”

 

Çörçilin də yaxşı bir sözü var: “Tənqid xoşa gələn olmasa da, vacibdir, çünki o bədənin ağrısı kimi, sağlam olmayan şeyləri sənə göstərir”. 

 

Rumiyyə MİRASLAN

Moderator.az