XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 09:22

“Qaynar Qazan”da Əli Əliyev:"Azərbaycanda maliyyə amnistiyası tətbiq edilməlidir"

qq-de eli eliyev2

Onu hələ AMİP adlı Azərbaycan siyasətinin nəhəng partiyasında gənclər təşkilatının sədri olduğu illərdən tanıyıram. Mən Türkiyədə oxuyanda çox fəal idim və hər Azərbaycana gələndə demək olar ki, bütün gənclər təşkilatları və siyasi partiyalarla görüşür, onlardan Türkiyə mətbuatı üçün müsahibələr alırdım. Əli Əliyevlə də o zamanlar tanış olmuşduq. Amma xasiyyətindəki qapalılıq, adamayovuşmazlığı və quruluğu daha çox yaxınlaşmağımıza imkan vermədi. Zatən çox keçmədi ki, AMİP-in vəzifə eşalonlarında yüksəldi, irəlilədi və partiyanın önəmli adamlarından biri oldu. Bizim siyasi fəlsəfədə isə yüksələn insanlar dostluq tellərini bərkitməzlər, əksinə, mümkün olduğu qədər yumşaldarlar. Ki, biz onunla heç dost da deyildik.

Zaman-zaman Etibar Məmmədovun yanında müstəsna səlahiyyətli adamlardan oldu. Ondan şikayətlər başladı və yaxşı yadımdadır, “Xural”da AMİP-in ağır toplarından Həsən Bayramoğlunun və digərlərinin onu da hədəf götürən müsahibələri yayınlandı. Sonra AMİP-dən ayrılma prosesi başladı və biz o zaman qəzet olaraq da Əli Əliyevin əleyhinə yer aldıq. Nə onda, nə də ondan sonra heç bir zaman Əli Əliyevi dəstəkləmədik, imkan olduqca tənqid etdik. Münasibətlər bütün zamanlarda bumbuz, soyuq olaraq qaldı. Onun siyasətini anlamadıq, anlamağa təşəbbüs də göstərmədik.

Azərbaycan siyasətinin boz-bulanıq yollarında son 10 ili partiya sədri olaraq addımlayır Əli Əliyev. Son günlər hiss olunacaq dərəcədə aktivləşib və sərtləşib. Düzdür, özü bunu facebook sosial şəbəkəsinin varlığına bağlayır, amma mən bilən facebook son aylar yox, son illər Azərbaycanda mövcuddur və Əli Əliyevin fəallaşması illərin yox, ayların işidir. Fəallaşmaqla yanaşı, münasibətlərinə bir həlimlik qatıb, normal ünsiyyətlər yaradır, adama yovuşur indinin Əli Əliyevi…

Zaman-zaman bloklarda və siyasi birliklərdə olsa da, parlaya bilməyib. Onu indiki siyasi mühitin gənc nəslinə aid etmək olar. Müsahibəmiz də elə bu mövzu üzərində quruldu. Niyə siyasətə atıldı və nəyə nail oldu? Gücü nə qədərdir? Ənənəvi siyasətdən onu fərqləndirən nələrdir? 10 ildir qurduğu partiya ilə nəyə nail ola bilib? Mən şəxsən bu sualların heç birinə qaneedici cavab almadım. Hələ də Etibar Məmmədov kompleksi daşıdığının şahidi oldum. Bir neçə dəfə təkrarlasam da, “Etibar Məmmədovu özünüzün müəlliminiz hesab edirsinizmi” sualına cavab ala bilmədim. Amma Etibar Məmmədovdan xeyli danışdı və üz-üzə gəlib müəyyən məsələləri aydınlaşdırmaq niyyətində olduğunu dedi. Hansı ki, Etibar Məmmədovun haqlılıq məsələsində onunla bir yerdə oturacağını və nəyisə aydınlaşdıracağını gözləmək əbəslə iştiyaqdır – məncə.

Siyasi və tərs suallara dözümsüzdür. Bir cəbhəçinin sualına verdiyi cavab və ümumən, tənqid tonlu suallara reaksiyası içində iri bir totalitarın yatdığının göstəricisidir. Eynilə müəlimi Etibar Məmmədov kimi. Bir sualla Əli Kərimli haqqında elə şeylər dedi ki… Görünür, qarşıda AXCP ilə olacaq ciddi bir savaş onu elə də çəkindirmir…

Etibar Məmmədova söz atan, Əli Kərimliyə sətir altında və üstündə hədə-qorxu gələn, Lalə Şövkət kimi liderləri tənqidə səsləyən, Elçibəyi iki simada görən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir “Qaynar Qazan”ın qonağı. O danışır, Azərbaycan siyasətçilərinin gənclər nəslinə aid olan bir siyasət adamı…

Qazanın qapağını qaldırın və baxın…

Əvəz Zeynallı

 

II sonuncu hissə

 

Milli Şura 100 faizlik Rusiya projesi idi

qq-de eli eliyev7

– Biz bir qədər əvvəl bu haqda danışdıq. “Qafqaz-Qafqaz” adlı profildən sizə belə bir sual ünvanlanıb: “Əli bəyi, Sərdar bəyi və Lalə xanımı Milli Şura ilə bir yerdə görmək istərdim. Sizlər də  – Cəmil müəllim, Gültəkin Xanım, Əli Bəy kimi etibarlı və ləyaqətli insanlar hesab edirəm. Təəssüf ki, sizin potensialınızdan milli dövlət üçün istifadə olunmadı”. Bu, hər halda maraqlı bir məqamdır. Siz Milli Şura ilə bir yerdə ola bilərsinizmi?

– Milli Şuranın fəaliyyəti iki dövrə bölünməlidir. Onun Rüstəm İbrahimbəyovun rəhbərliyi dönəmi var ki, o da müəyyən siyasi hərəkatlarla bağlı idi. Həmçinin Cəmil Həsənlinin rəhbərliyi altında olan siyasi dönəmi var. İbrahimbəyov dönəminə qarşı Milli Şuraya ən radikal mövqedə duran da Azərbaycanda mən olmuşam. Mən bunu beynəlxalq görüşlərdə, tədbirlərdə, mətbuatda da səsləndirmişəm ki, o vaxt Moskvanın Azərbaycanın daxilində olan bir qrupun və Azərbaycan müxalifətinin bir kəsiminin Azərbaycan hakimiyyəti tərəfindən hazırlanan bir layihənin qarşısını almaq üçün ortada bir təşəbbüsü var idi. Burada hər bir tərəf öz marağını güdürdü.

– Siz də Milli Şuranı Rusiya projesi hesab edirsiniz?

– 100 faiz bunu Rusiya projesi hesab edirəm.

– O Milli Şuranı?

– Bəli, İbrahimbəyovun dönəmində olan Milli Şuranı. Bunu özüm ifadə etsəm, bir qədər yanlış başa düşülə bilər, subyektiv qiymətləndirilər. Mən həmin layihənin müəlliflərinin dili ilə danışmaq istəyirəm. Misal üçün, aprel ayında İbrahimbəyov siyasi təcrübəsizlikdən irəli gələn bir yanlış məlumat verdi və bəyanatda Milli Şuranın “Milyarderlər Klubu”nun koordinatoru rolunda özünün çıxış etdiyini mətbuata bildirdi.

– Bəli.

– Və ikinci bir bəyanat da Pənah Hüseyn tərəfindən oldu. Pənah Hüseyn Azərbaycan siyasətində sıradan şəxs deyil. O bildirdi ki, biz ilk dəfədir ki, müəllifi olmadığımız layihənin həyata keçirilməsində iştirak edirik. Bu, Pənah Hüseynin bəyanatıdır. Bunların mabədində duran başqa bir bəyanat da oldu. Milli Şuranın siyasi tərəfdən iki təsisçisindən biri olan İsa Qəmbər 2013-cü ilin sentyabr ayında Şuradan çıxdıqdan sonra dedi ki, biz Milli Şurada iştirakımızla Moskva layihəsini Azərbaycan layihəsinə çevirə bildik və bu da bizim nailiyyətimizdir. Bunu da İsa Qəmbər səsləndirdi. Yəni Milli Şuranın təməlini quran 3 adamın – yadınıza salım ki, həmin vaxt Pənah Hüseyn də İsa Qəmbərlə bugünkündən fərqli münasibətdə idi və onun İsa bəyin yürütdüyü siyasətə təsiri də hamıya bəllidir – belə bəyanatlar verməsi aydın göstərdi ki, Milli Şura Moskva layihəsidir. Bundan başqa əlamətlər də oldu. Mən bu prosesi dərindən izlədiyimdən, bir detalı da yadınıza salım. YAP seçkilərdə namizədini müəyyənləşdirdiyi qurultayı 2013-cü il avqust ayının ilk ongünlüyünə təyin etmişdi. Bunu mətbuata YAP yetkililəri Aydın Mirzəzadə, Siyavuş Novruz və Mübariz Qurbanlı bildirmişdi. Mayın 31-də YAP-ın İcra katibi Əli Əhmədovun ABŞ səfiri Morninqstarla bir görüşü oldu. O görüş də mətbuata açıqlandı. Lakin detallar deyilmədi. O görüşdən sonra bir həftə ərzində – iyun ayının əvvəllərində YAP qurultayını keçirdi və YAP İlham Əliyevin prezident seçkilərində namizəd olacağını bəyan etdi. Bunlar çox mühüm detallardır. Bütün bunlardan gəldiyim qənaət odur ki, ABŞ Azərbaycan siyasi rəhbərliyinə bu üçlü tandemin, yəni Moskvanın, Azərbaycan müxalifətinin bir hissəsinin və hakimiyyətin daxilində İlham Əliyevin ola biləcək namizədliyinə qarşı vahid mövqenin hakimiyyət üçün çox böyük təhlükə ola biləcəyini gördü. Və qurultayın birdən-birə deyildiyi vaxtdan iki ay ertələnməsi, iki ay önə çəkilməsi və iki ay əvvəldən İlham Əliyevin namizədliyinin irəli sürülməsindən sonra “Milyarderlər Klubu” fəaliyyətini dayandırdı, Putin avqust ayında çox nümayişkəranə şəkildə…

– Qəfildən…

– …hərbi gəmi ilə, bayraqları endirmədən Bakı körfəzinə daxil oldu, Bakı limanına gəldi. Və hiss olundu ki, o, Azərbaycandan çox narahat gedir. Çünki Rusiyanın planları ilə bağlı Azərbaycandan istədikləri şeylər var idi və mən sevinirəm ki, Putin Azərbaycandan həmin dönəmdə əliboş qayıda bildi.

– Yəni Milli Şurada ola bilərsinizmi?

– Bilirsinizmi necədir? Milli Şuradakı siyasi ardıcıllıq nöqteyi-nəzərindən orada olmağımız bir az düzgün deyil. Çünki Milli Şura İbrahimbəyovun Milli Şurasının varisidir. Ancaq mən belə hesab edirəm ki, Azərbaycan müxalifəti öz imkanlarını cəmləməsə, toparlamasa, akkumulyasiya etməsə, bu hakimiyyətlə mübarizə aparmaq çox çətin olacaq. Mən də Azərbaycan müxalifətinin bir arada olmasının tərəfdarıyam. Bunun necə olmağının o qədər də əhəmiyyəti yoxdur.

– Burada Nəsimi Məmmədli də sizin bayaq dediyiniz məsələ ilə bağlı bir sual verib: “Əli müəllimə mənim çox böyük hörmətim var. Müxalifət düşərgəsində savadına və təcrübəsinə qiymət verdiyim insandır. Sualım bu olacaq ki, niyə müxalif düşərgədəki liderlər öz ambisiyalarını kənara qoyub, birləşə bilmirlər və nəyi gözləyirlər?”

– Sağ olsun, Nəsimi bəy, həm sualına və həm də münasibətinə görə… Mən də hesab edirəm ki, Azərbaycanın maraqları bizlərin şəxsi ambisiyalarımızdan çox yüksəkdə durur. Hesab edirəm ki, Azərbaycan müxalifəti daxilində bu umu-küsülərə əsas yaradan, “mən yaxşıyam, sən pissən” – kimi lazım olmayan mükalimələrə yol açan mövqedən çəkinməlidir. Onsuz da bizim bugünkü resurslarımız, hər bir partiyanın daxilində olan imkanlar təkbaşına hakimiyyət formalaşdırmağa zəmin yaratmır. Üstəlik, bütün hallarda imkanların ümumiləşdirilməsi, imkanların cəmlənməsi potensialı artıran bir siyasi xəttdir. Qarşıdan çox mühüm bir prezident seçkiləri gəlir. 2018-ci ildə keçiriləcək prezident seçkiləri – unutmaq lazım deyil ki, adı haqqında müzakirə apardığımız M.Ə.Rəsulzadənin qurduğu dövlətin 100 illiyinə təsadüf eləyir.

 

Müxalifət liderlərinin heç birindən aşağı deyiləm

qq-de eli eliyev6

– Namizədliyinizi irəli sürəcəksinizmi?

– O asılı olacaq müxalifət düşərgəsinin durumundan.

– Murad Rəsulzadə soruşur ki, “Özündə prezidentlik gücünü görürmü?”  

– Mən öz siyasi imkan və potensialımı Azərbaycanın müxalifət liderlərinin heç birindən aşağı hesab eləmirəm. Bu məsələnin bir tərəfi. İkinci bir tərəfdən, hesab edirəm ki, bugünkü şəraitdə Azərbaycanın müxalifət düşərgəsində olan heç bir siyasi liderin – içi mən qarışıq – Azərbaycanı təkbaşına idarə eləmək gücü yoxdur. Çünki siyasi idarəçilik bir şəxsin fəhmi ilə, imkanları və intellekti ilə bağlı olan məsələ deyil. Bu, mövcud dünyada beynəlxalq şərtlərlə, ölkənin iqtisadiyyatındakı iştirak payı ilə, kadrların idarəçilik təcrübəsi ilə, cəmiyyətin dəstəyi ilə, cəmiyyətin fəal hissəsinin verdiyi təkanla bağlı olan məsələlərdir. Ona görə hesab edirəm ki, bu gün Azərbaycan siyasətində bir qədər fərqli taktika seçilməlidir. Mənə elə gəlir ki, bu gün öz tərəfimdən Azərbaycanı dalana dirəməyəcək, istənilən siyasi xətti dəstəkləyən və namizədliyini irəli sürməyə hazır olan bir tərəf olmalıdır.

– Yəni demək istəyirsiniz ki, belə şərtlər olan zaman Milli Şuraya gedə bilərsiniz?

– Mən Milli Şuraya girməyi bir az yanlış sayıram. Mənə elə gəlir ki, yeni bir format formalaşmalıdır. Milli Şurada əsasən AXCP mövcuddur və orada başqa təşkilatların olmasına iddia etmək bir az yanlışdır.

 

2018-ci il prezident seçkiləri üçün gecikirik

 

– Yeri gəlmişkən, 2018-ci il yaxınlaşır və namizədlik, digər məsələlərdə yubanmırsınızmı?

– Mənə də elə gəlir ki, vaxtımız o qədər çox deyil. İctimai şüurda inikas olması üçün, qəbul olunmaq üçün qarşıdan gələn dövr o qədər də böyük vaxt kəsimi deyil. Yəni bundan sonra cəmi iki ilə artıq seçki kampaniyasının qaynar bir dönəmi başlayacaq. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan hakimiyyətinin uzun müddət idarəçiliyinin tərkib elementlərinin biri kimi müxalifətin yanlışlıqları da durur. Bizim səhv taktikamız da durur. Bizim narazı elektoratı qəlpələməyimiz hakimiyyətin çox asan şəkildə seçkini mənimsəməsinə yol açır. Bu baxımdan, mən müxalifətin seçəcəyi taktikanı çox vacib və həlledici sayıram. Hesab edirəm ki, Azərbaycan müxalifətinin seçəcəyi formul, düstur, onun gələcək uğurunun və yaxud da hakimiyyətin uğursuzluğunun rəhni, təməli ola bilər. Bu baxımdan, 2018-ci il prezident seçkiləri çox mühüm seçkilərdir.

– LDP lideri Lalə Şövkətlə bir yerdə seçkilərə getmək niyyətiniz varmı?

– Mən bu gün siyasi mənzərənin necə olacağını söyləyə bilmərəm. Azərbaycanda kifayət qədər mənim etimad göstərdiyim siyasi partiya liderləri var. Bunların biri də Lalə xanımdır. Ədalət partiyasının sədri İlyas İsmayılovla çox gözəl münasibətlərim var. İlyas müəllimi Azərbaycanda dövlətçilik təcrübəsi olan azsaylı müxalifətyönlü liderlərindən biri sayıram. ADP lideri Sərdar Cəlaloğlu ilə çox gözəl münasibətlərimiz var. Sərdar bəyi Azərbaycanın ən mütaliəli siyasətçisi sayıram. Siyasi fəhmi, siyasi bacarığı, intellekti çox yüksək səviyyədədir. Mən bu şəxslərlə birlikdə seçkilərə qatılmaq imkanına malikəm. Digərlərini də hesab edirəm ki, Azərbaycana fayda verə bilər. Pənah Hüseyni yüksək qiymətləndirirəm, Mirmahmud bəyi də həmçinin…

 

Müxalifət yeni bir formatda birləşməlidir

qq-de eli eliyev1

– Amma deyirsiniz ki, yeni bir siyasi qurum olmalıdır?

– Yeni bir format olmalıdır ki, orada hamı çox qəlb rahatlığı ilə iştirak edə bilsin. “Gəl mənim bayrağımın altından keç” – kimi bir yanlış bir təxəyyül olmamalıdır.

– Rəşad Qədirli deyir ki, adı olub, özü olmayan partiyası ilə həyatda məqsədi nədir?

– Müxtəlif şəxslər sosial şəbəkələrdə fikirlərini müxtəlif cür ifadə edə bilərlər.

– Yeri gəlmişkən, sizin də tərəfdarlarınızda mən hiss elədim ki, başqalarının fikirlərinə dözümsüzlükləri, dərhal müdaxilələri var. Belə şikayətlər əsasən AXCP və sədri Əli Kərimlidən olur. Amma mən baxıram, sizin də tərəfdarlarınızda belə aktivlik var.

– Bilirsinizmi necədir? Biz bu ədalət məsələsi uğrunda hakimiyyətlə köks-köksə dayanan partiyayıq. Bizim partiya ümumiyyətlə, AMİP-in daxilində formalaşan zaman məhz ədalət prinsipi dalğasında formalaşıb. Ona görə bizim insanların ədalətsizliyə dözümsüzlüyü başa düşülməlidir. Bu, bizim siyasi fəaliyyətimizin, mövcudluğumuzun, şəxsiyyətimizin çox həlledici bir keyfiyyətidir. Misal üçün, tanımadığım bu şəxs olmayan bir partiyadan danışır. Partiyanın olmadığını iddia etmək üçün dəlillər olmalıdır.

– Bu məsələ ilə əlaqədar bir sualı da verim.

 

28 may tədbirinə 31 nəfərlə qatıldıq

 

– Buyurun, buyurun…

– Ağaşirin Tarverdioğlu yazır: “Salam Əli bəy. Partiyanızın gücü və üzvləri varsa, niyə 28 May – Respublika Günü  tədbirinə 3 nəfərlə gəlmişdiniz? Yoxsa, tədbirin zəif keçməsi üçün hər hansı bir öhdəlik götürmüşdünüz?”

– Mən bu qəbildən olan sualları normal sayıram, olmayacağını da pis qarşılayıram. Bu sualların daxilində qərəz var.

– Tədbirə neçə nəfərlə gəlmişdiniz ki?

– Biz “Antiböhran” koalisiyasında həmin tədbirə hazırlığı müzakirə etmişdik. Partiyalar müxtəlif öhdəliklər götürmüşdülər. Mən yoldaşlarıma demişdim ki, 30 nəfər adam gətirəcəm. 30-31 nəfərlə biz həmin tədbirə qatılmışıq.

– Mən özüm də həmin tədbirdə iştirak edirdim. Adam az idi. Ümumilikdə koalisiyadan gələnlərin sayı az idi.

– İndi mən öz tərəfimdən deyirəm ki, mənim 30 nəfər nümayəndəm olub və bunu da kiməsə hesabat nöqteyi-nəzərindən demirəm, hara neçə nəfərlə getməyimi də özüm müəyyənləşdirirəm. Kiminsə kənardan verdiyi qiymətə o qədər də önəm vermirəm. O ki qaldı partiyanın gücünə və real imkanlarına, indi mən sizə dəqiq rəqəmləri açıqlayacam…

– Ümumiyyətlə, partiyanızın neçə üzvü var?

– Hansı partiyanın neçə üzvü var sualına heç bir partiya dəqiq cavab verə bilməz. Çünki bölgələrdə çox böyük passivlik var. Hətta mən deyərdim ki, insanlarda qorxu var, xof var. Partiya üzvlərimizin əksəriyyəti bir çox hallarda siyasi mənsubiyyətlərini gizlətmək məcburiyyətində qalırlar. Bu maddi çatışmazlıq ucbatından rayonlarla, əyalət təşkilatlarımızla mütəmadi əlaqə saxlamaq imkanlarımız, gediş-gəliş imkanlarımız, əvvəlki kimi aparat-təşkilat münasibətlərimizin bərqərar olması mümkün deyil. Bu da hakimiyyətin ümumilikdə siyasi təşkilatlara diqtə etdiyi şərtlərdən irəli gəldiyi üçün, partiyalar öz mövcudluqlarını seçkilərdə ortaya qoyurlar. Misal üçün 2010-cu ildə bizim partiya parlament seçkilərində 50-yə yaxın namizəd irəli sürüb. Ümumilikdə bizim blokun MSK-ya müraciət eləmiş 83 namizədi var idi. Onlardan 50-yə yaxını bizim partiyanın namizədləri idi. 2015-ci ildə biz yenidən parlament seçkilərinə qatıldıq. Qatıldığımız seçki bloku da “Azadlıq” Seçki Bloku idi. Orada 7 partiya təmsil olunurdu. Bu blokdan 80-90 namizəd irəli sürülmüşdü, onlardan 26-sı bizim partiyanın nümayəndəsi idi. Nəzərə almaq lazımdır ki, blokda təşkilatlanmış partiyalar olması səbəbindən bəzi dairələr üzrə biz öz namizədlərimizi geri çağırmışdıq. Və 24 namizədlə seçkilərə qatıldıq. Başqa bir misal da deyim. Biz 2013-cü il prezident seçkilərində namizədliyimizi irəli sürən zaman 100-dən artıq dairə ərazisindən və 70-dən artıq inzibati vahid ərazisindən qanunvericiliyin tələblərinə uyğun olaraq, 50-dən artıq imza toplamışdıq.

 

Azərbaycan müxalifətində Azərbaycan bazarında olduğu kimi bir monopoliya ovqatı hökm sürür

qq-de eli eliyev4

– 50 mindən?

– Yox, 50-dən. Hər dairədən minimum 50 imza yığılmalıdır. Və bu minvalla biz 70-dən artıq rayon ərazisində imza toplamağa müvəffəq olmuşduq. Bunu da rayon təşkilatlarımız vasitəsilə etmişdik. Belə olduğu təqdirdə, bu cür sualları qərəzli adlandırmamaq olmur. Nəzərə alın ki, prezidentliyə namizədliyi irəli sürülən 14 nəfərdən biri olmuşam. Baxın, kimlərin qeydə alınması məsələsi Prezident Aparatında müəyyən olunduğu vaxt, nədənsə mənim namizədliyim qeydə alınmır və imzalar da kənara qoyulur. Çox qəribədir ki. özünü radikal müxalifət adlandıran və yaxud da başqa statusda olan adamların namizədliyi qeydə alınır. Mən bu haqda məhkəmədə də demişəm, sonralar şikayət ərizələrimdə açıq göstərmişəm ki, mənim imzalarım bir-bir qapılardan yığılan imzalar olub. Hakimiyyət bu imzalarda qüsur tapa bilməyib. Ən qeyri-düz imzası çıxan namizəd də mən olmuşam. Hakimiyyət o qədər saxtakarlıqdan sonra mənim imzalarımı 40 mindən aşağı salmaq üçün müəyyən bir rəqəmə söykəndi, ancaq imzaları az çıxan qeydə alınmayan namizədlərdən birincisi olmuşam. Bu baxımdan, bizim partiyanın zəif olduğunu iddia eləmək, yalnız opponentlərimizin niyyətidir və onlar cəmiyyətə təlqin etməyə çalışırlar ki, bu partiyalar mövcud deyil və s. Mən də buna əks arqument olaraq başqa bir arqument göstərmək istəyirəm ki, hansı bir partiya ölkədə ciddi fəaliyyət müəllifi olub ki, biz onu edə bilməmişik. Hamının adlı-sanlı partiyalarının mitinqlərə 400-500 adam cəlb elədiyinin bütün Azərbaycan ictimaiyyəti canlı şəkildə şahidi olub. Gülünc müxalifətdaxili mübahisələr əvvəla onu deyim ki, idarəolunandır və bu, kiminsə ağlına gələn fikirlər deyil. Və Azərbaycan müxalifəti daxilində də Azərbaycan bazarında olduğu kimi bir monopoliya ovqatı hökm sürür. Kimlərsə çalışır ki, fikir müəllifi olsunlar və bunların opponenti olmasın, bunların ideya sürmək hakimliyinə şərik olmamalıdır. Ona görə də bu iddiada olan təşkilatları bu yolla, bu cür cılız yollarla hörmətdən salmağa cəhd göstərirlər.

 

Heydər Əliyev dönəmi ilə İlham Əliyev dönəmində çox ciddi fərq var

qq-de eli eliyev3

– Əlaqəli suallar var. Samir Kuman yazır: “Xalq tərəfindən tanınmayan, güclü komandası olmayan siyasi partiyaların əhəmiyyəti, vacibliyi nədir? Əgər güclü komanda varsa, niyə tanınmır? İdeologiya birliyi ətrafında birləşmək mümkün deyilmi?” Bizim tanınmış yazarlardan Elçin Rüstəmli də bir sual göndərib: “Müxalifətin hakimiyyətə qarşı mübarizə tarixində iri partiyalar davam gətirməyərək, parçalanıb, kiçilib. Siz də həmin partiyaların vaxtilə birində olmusunuz. Siyasi fəaliyyət imkanlarının da tam məhdudlaşdığını nəzərə alanda iri partiyalar, birliklər ciddi bir nəticə ala bilmirlər. O zaman siyasi səhnədə kiçik partiyaların rolu nədir? Vətəndaş və İnkişaf Partiyası kimi partiyaların siyasi cəmiyyətə töhvəsi nədir? Heç nəyə nail ola bilmirsinizsə, o zaman partiya sədri kimi qalmağın, partiya saxlamağın anlamı nədir?”

– Əslində, bu suallar cəmiyyəti narahat edən aktual suallardır. Əvvəla, onu deyim ki, bu hakimiyyətin yürütdüyü siyasət elə bir siyasətdir ki, Azərbaycanda siyasi opponent olmamalıdır. Onlar anlayırlar ki, onların qeyri-demokratik, dünyanın tələblərinə uyğun olmayan avtoritar üsul-idarəsinin dəyişilmə yolu daxili mexanizmlərin olmasından keçir. Bu yerdə prezident İlham Əliyevin son günlər verdiyi açıqlamanı xatırlatmaq istəyirəm. Mənə də qəribə gələn bu açıqlamada ilk dəfədir o deyir ki, “Azərbaycanda siyasi qərarları mən qəbul edirəm və hədəfdə də mənəm”. Yəni hədəfdə olduğunu ifadə edir. Həqiqətən də İlham Əliyev hədəfdədir. Çünki Azərbaycanda institusional olaraq, mexanizmlər formalaşdırılmayıb. Hətta YAP-ın Azərbaycanda hakimiyyətə gəldiyi dövrə – 1993-cü ilə qədər formalaşmış siyasi institutlar bu hakimiyyət dönəmində məhv edilib. Burada məqsəd birdir və ondan ibarətdir ki, hakimiyyətə iddialı ola bilən komanda, qurum mövcud olmasın. Çünki belə qurumların mövcudluğu hakimiyyətin özü üçün təhlükədir və burada xüsusi qeyd eləmək istəyirəm ki, bu məsələyə münasibətdə Heydər Əliyev dönəmi ilə İlham Əliyev dönəmində çox ciddi fərq var. H.Əliyev böyük dövlət adamı idi. Biz onun yürütdüyü siyasəti qəbul edib-etməyə də bilərik, amma onun siyasi təcrübəsini, siyasi məharətini, bacarığını etiraf etməmək, sadəcə olaraq insanın özünə hörmətsizlik gətirir. H.Əliyev bilirdi ki, dövlət adına, demokratiya adına olan, müasir cumhuriyyət adına olan quruluşlarda siyasi sistem mövcud olmalıdır. O, bu və ya digər şərtlərlə bir neçə partiyanın mövcud olmasına, onun hakimiyyətinə qədər özünü təsbit eləmiş, bərqərar olmuş təşkilatlatrın mövcudluğuna mane olmurdu. Əksinə, müəyyən qədər stimullaşdırırdı. Özü siyasi baxımdan o qədər güclü idi ki, onların mövcudluğu onu narahat etmirdi. Əksinə, müəyyən mənalarda onlardan manipuliyasiya edirdi…

– Mübarizə görüntüsü yaradırdı…

– Mübarizə görüntüsü yaradırdı… Onun siyasi gücü bu cür davranmağa onu şərtləndirirdi. Ancaq İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ildən sonra siyasi institutlar dağıdılmağa başlandı. Siyasi institutlar maddi resurslardan məhrum edildi. Partiya üzvləri amansızcasına sıradan çıxarıldı, həbs maşınından keçirildi. Təşkilatların maddi-texniki bazası əlindən alındı. Onlara yaxın olan media qurumları məhv edildi və siyasi partiyalarda olmaq bir təhlükə anlamına gətirildi. Təbii ki, bu, H.Əliyev dönəmindən sonra siyasi hakimiyyətin zəifiyini biruzə verən, üzə çıxaran ən böyük göstəricidir. Əgər hakimiyyət belə güclüdürsə, niyə müxalifəti məhv eləyir? Onu da nəzərə almaq lazımdır ki, zəif dövlətlərdə müxalifət olmur. İlham Əliyev Almaniyada olarkən etdiyi çıxışda, “Azərbaycanda sosial rifah o qədər yüksəkdir ki, müxalifət partiyalarını cəmiyyət dəstəkləmir” – kimi yanlış bəyanat vermişdi. Bunu da dünya mediası qarşısında etmişdi. Mənə bir güclü dövlət göstərə bilməz ki, orada güclü müxalifət olmasın. İstər bu, ABŞ olsun, istər Böyük Britaniya olsun. İnkişaf etmiş dünyanın bütün güclü dövlətlərində güclü müxalifət olur və hətta bəzi dövlətlərdə belə partiyaların olmasını “kölgə kabineti” adı ilə hökumət açıq şəkildə maliyyələşdirir. Bu baxımdan, Azərbaycanda müxalifət partiyalarının sıradan çıxarılması hökumətin yanlış, dövlətçiliyə ziyanlı, yalnız öz hakimiyyətinin qorunmasına xidmət etmək məqsədlərindən irəli gələn bir siyasi xəttdir. O ki qaldı bizim mövcud olmağımızın səbəbinə… Mən belə hesab edirəm ki, gedib fərdi fəaliyyətlə məşğul olmaqla yanaşı, hər bir azərbaycanlı vaxtının, intellektinin, imkanlarının bir hissəsini cəmiyyətə xərcləməyə borcludur. İctimai maraqlara təhkim etməyə borcludur. Bu baxımdan, bugünkü şərtlər daxilində partiyaların bir-birilə fərqi o qədər də böyük deyil. Bir dəfə müxalifət partiyalardan birinin lideri bizə qarşı bu iddiada olanda mən ona açıq şəkildə bildirdim. Masa ətrafında 6-7 partiya rəhbəri əyləşmişdi. O adam mənə zəif olduğumuzu iddia edəndə mən dedim ki, “biz hamımız birlikdə bir rayonun polis rəisi qədər imkanlara malik deyilik. Belə olduğu təqdirdə, bizim aramızda bu cür deferensiyanın aparılması ancaq müxalifətin zəiflədilməsinə xidmət edir”. Yenə də o məsələyə qayıdıram ki, bu kimi suallar ancaq müxalifətin zəifləməsinə və ayrı-ayrı admların müxalifət hakimiyyətində monopoliyasına xidmət edən suallardır. Mənim getməyə alternativ yerim var. Mən institut müəllimiyəm və mənim alimlik fəaliyyətim olub. Mən bu gün siyasətdən uzaqlaşaramsa, bu gün olduğu qədər də siyasətdən kənarda dolanışacağıma heç bir təsiri olmayacaq. Əksinə, yaxşılaşma olacaq. Ancaq mən hesab edirəm ki, vicdanı olan istənilən azərbaycanlı, bugünkü hakimiyyətin Azərbaycan xalqına qarşı törətdiklərini dərk eləyən, istənilən özünü güc sayan insan siyasətə gəlməlidir. O adam istəyir bir QHT formalaşdırsın, istəyir bir mətbuat qurumu yaratsın. Bu mübarizədə olmaq hamı üçün bir görəvdir. Ona görə də mən siyasətdə olmağa qərar vermişəm. Bu, mənim vətəndaşlıq mövqeyimdir. Bu, mənim vətəndaşlıq vəzifəmdir və gələcək nəsillər qarşısında borcumdur.

 

“Apar qaytar”lıq bir təşkilat varsa, o da AXCP-dir

 

– Nabatəli Qulamoğlu sizi, “apar qaytar” silsiləsindən qiymətləndirib. Sonra da əlavə edib ki, AMİP-dən sağlam çıxan tək funksioner olaraq İlqar Məmmədovu tanıyıram.

– Bu şəxs AXCP-nin Məclis üzvüdür.

– Eləmi?

– Hə. Mən deyən məsələdir. Bilirsinizmi, düz hər zaman əyrini kəsib. Mən indi nə AXCP-nin, nə onun rəhbərinin, nə də onun üzvünün ünvanına bir şey demək fikrində deyiləm və bunu yanlış sayıram. Amma aparıb qaytarılması lazım bilinən bir təşkilat varsa, o da AXCP-dir. Çünki bu hakimiyyətin bərqərar olunmasında o partiyanın rəhbərliyində duran şəxslər qədər heç kəs xidmətdə olmayıb. Mən detallara varmaq istəmirəm. Məsələni dərinləşdirmək də istəmirəm. Bu adamlar yanlış yoldadırlar. Onlar bizi fikirlərimizdən də daşındıra bilməzlər, yolumuzdan da döndərə bilməzlər, ruhdan da sala bilməzlər. Hesab edirəm ki, bu yolla bu şəxslər ancaq müxalifətin parçalanmasına xidmət edirlər. Bu fikri bildirən şəxsi mən də şəxsən tanıyıram. “Azadlıq” blokunda olanda o adam dəfələrlə qarşımızda – sədrlərin qarşısında çıxış eləyib. Keyfiyyətini də bilirəm, mənşəyini də bilirəm, peşəsini də bilirəm ki, riyaziyyatçıdır. Belə şeyləri ona rəva bilmirəm. Amma əgər yazıbsa, hesab eləyibsə ki, belə demək lazımdır, o zaman mən də hesab edirəm ki, qaytarılması lazım bilinən bir təşkilat varsa, o da AXCP-dir. Çünki biz nə liderimizə, nə yolumuza, nə də məfkurəmizə heç bir vaxt dönük, sapıq çıxmamışıq.

– Ağır ittihamlar səsləndirirsiniz… Cəbhəçilər…

– Bu məsələnin “amma”sı var… Mən deyilənlərə cavab olaraq bildirirəm. Yaraşmır ki, belə fikirlər səsləndirsinlər. Biz ən azı 5 il birlikdə fəaliyyət göstərmişik. Kim də bilməsə, cəbhəçilər bilirlər ki, mən siyasi mövqeyimdə heç bir vaxt yanılmamışam. Əgər istəyirlərsə, bir yerdə olmamağımızın səbəblərini də mətbuata açıqlaya bilərəm. Əli Kərimlinin mənə etdiyi təklifləri cəmiyyətə açıqlaya bilərəm.

– Bəlkə ilk olaraq bizə açıqlayasınız?

– Yox, ehtiyac yoxdur. Hələ ki, buna ehtiyac yoxdur.

 

Azərbaycan siyasətində tıxac var

qq-de eli eliyev5

– Baba Allahnəzərov yazır: “Sizə demək istərdim ki, tutduğunuz yer yox, getdiyiniz yol əsasdır. Əgər yeni yol görürsünüzsə və gedə biləcəksinizsə, bu yolla gedin. İndiki yolda “probka”dır, keçə bilməzsiniz…”

– Baba müəllimə təşəkkür edirəm. O da köhnə hərəkatçı yoldaşlarımızdandır. Bu gün bizim vəzifəmiz yaranmış bu tıxacı təmizləməkdir. Həqiqətən də Azərbaycan siyasətində bir tıxanma mövcuddur. Bu tıxanmanın qarşısını yalnız mübarizə ilə almaq olar və diqqət yetirsəniz görərsiniz ki, Azərbaycan siyasətində həqiqətən də harada durmaq əsas deyil. Əsas mövqedir. Əsas səsləndirilən tezislərdir. Əsas bu hakimiyyətin fəaliyyətinin ifşa edilməsidir. Hakimiyyət ifşa edildikcə, onun zəifləməsi baş verəcək və bu tıxacın da aradan qaldırılması yolu yalnız hakimiyyətin ya özünün, ya da siyasətinin dəyişdirilməsindən keçir. O da yalnız mübarizə ilə əldə edilə bilər. Mən hesab edirəm ki, hakimiyyətə qarşı olan bütün güclər bu hakimiyyətin hakimiyyətdən kənarlaşdırılmasına yönəlməlidir. Bu bəladan qurtarmağımızın reseptini aramalıdırlar və bu yolun təmizlənməsi üçün nələr etmək lazım olduğunu axtarmalıdırlar.

– “Politika.az” saytının əməkdaşı Xəyyam Salmanzadə soruşur: “Hər bir vətəndaş kimi Əli bəy də müşahidə edir ki, ölkəmizdə insanlar çox ağır durumdadırlar. Bankların dollar krediti ilə bağlı vətəndaşları çarəsiz duruma salmağı, cəbhədəki vəziyyət, konkret düşmənlərin aktivləşməsi, iş ştatlarının ixtisara salınması, işsizlik, sosial problemlər artıq vətəndaşların bir nömrəli problemləridir. Özünü müxalifət lideri kimi cəmiyyətə təqdim edən Əli Əliyev bu problemlərdən çıxış yolu görürmü və hansısa addımlar atırmı? Yoxsa, hələ cəmiyyət Əli Əliyevin simasında bu liderlərlə neçə illərini boş yerə xərcləyəcək?”

– Azərbaycan həqiqətən də çox mürəkkəb durumdadır və bu hakimiyyətin fərsizliyi ucbatından Azərbaycan kimi zəngin bir dövlət çox böyük təsirli iki devalvasiya dalğası yaşadı. Bu gün faktiki olaraq, iqtisadiyyatımızda çöküntü mövcuddur. Yeni devalvasiya dalğasının olması gündəmdədir. İndi düzdür, hakimiyyət ideoloqları hər şeyin yaxşı olduğunu düşüncələrə yeritməyə çalışırlar, ancaq mən hesab eləmirəm ki, hər şey yaxşıdır. Çox qəribədir ki, prezident İ.Əliyev neftin belə tez ucuzlaşmasını gözləmədikləri bəyanatı ilə çıxış edir. SOCAR-ın – ARDNŞ-in vitse-prezidenti olan zaman beynəlxalq münasibətləri yaxşı bilən İlham müəllim bilməli idi ki, istənilən beynəlxalq müqavilələrdə fors-major hadisələr də nəzərdə tutulmalıdır. Hətta kiçik maşın istehsal edən mühəndislər də sürücülərin təhlükəsizliyini təmin etmək üçün fors-major halları düşünürlər. Necə ola bilər ki, bu boyda dövlətin rəhbərliyi neftin ucuzlaşmasından şok yaşayır? Bu, ondan irəli gəlir ki, Azərbaycan hakimiyyəti korrupsiyaya bulaşıb. Bu, ondan irəli gəlir ki, Azərbaycan hakimiyyəti neft pullarının miqdarından və neftin qoxusundan bihuş olub və o, ölkə daxilində lazımı siyasi fəaliyyəti, iqtisadi diversifikasiyanı, iqtisadi gəlişməni həyata keçirməmişdi. Həmçinin Azərbaycan bu gün ən yüksək səviyyədə müxtəlif yanlış bəyanatlar verir. Mən onların bir neçə belə bəyanatlarının şahidi olmuşam. Sizin də yadınıza salım. İlk müşavirələrdə İ.Əliyev hamının “NAZ Lifan” almasını, yerli mebel istehsalı olan mebellərdən kabinetlərdə istifadə olunmasını tövsiyə etdi. Görmüsünüz ki, hər hansı məmur  “NAZ Lifan”-a əyləşsin və yaxud da hansısa məmurun iş otağında Azərbaycan istehsalı olan mebellərdən istifadə olunsun?

 

Özləri dağıtdıqlarını yenidən bərpa etmək tövsiyəsi verirlər bizə

 

– Axı o mebelləri də istehsal etmək üçün şərait yoxdur… İş adamlarını da müxtəlif yollarla sıradan çıxarırlar.

– O, tamamilə başqa bir məsələdir. Bəyanatlarından biri də o oldu ki, Azərbaycanda pambıqçılığı bərpa etmək lazımdır. Pambıqçılığı Azərbaycanda kim məhv etdi? YAP-ın monopolist siyasəti. Kəndlilər öz vəsaitləri, satdıqları əmlakın pulu hesabına pambıq əkdilər, satış məntəqələrində elə qiymət qoydular ki, zəhmətləri bir yana, qoyduqları vəsaiti geri götürə bilmədilər. Hamıya o sahənin kimin monopoliyasında olması da bəllidir. İndi Azərbaycanda pambığın kökü kəsildi. İndi də fındıqçılığın bərpası ilə bağlı bəyanat verir. Fındıqçılığı hansı nazirin Azərbaycanda monopoliyaya almasını kim bilmir ki? Bütün alternativ toplama məntəqələrinin qarşısını almaq üçün Azərbaycan imkanları ilə üst-üstə düşməyən bir zavod tikdilər və fındıqçılığı da həmin zavoda təhkim etdilər. Özləri dağıtdıqlarını yenidən bərpa etmək tövsiyəsi verirlər bizə. Bütün bunları etmək tək Azərbaycan cəmiyyətinin işi ola bilməz, Azərbaycan hökuməti düzgün istiqamətləndirilməlidir. Düzgün bank siyasəti olmalıdır. Azərbaycanın iş adamları kreditlərin faizləri altında can verirlər. Hansı azərbaycanlı iş adamı banklardan aldıqları yüksək faizli kreditlərlə iş qurub, onu inkişaf etdirə bilər? Hansı məhsulu istehsal edə bilər? Hansı iş yerini yarada bilər? Mümkün deyil. Bunların bütövlükdə iqtisadi məfkurəsi yanlışdır.

 

Kim nə qədər oğurlayıb – halal xoşu olsun…

qq-de eli eliyev

Monopoliya məhv edilməlidir, məmurlar xəzinəyə girmək imkanlarından mərhum edilməlidir. Gəlir deklorasiyası tətbiq edilməlidir. Mən dəfələrlə bu haqda demişəm ki, Azərbaycanda maliyyə amnistiyası tətbiq edilməlidir. Bilinməlidir ki, kim nə qədər oğurlayıb – halal xoşu olsun, bundan sonra oğurlamasınlar. Bunu dayandrmaq lazımdır. Hakimiyyət bunu eləmir, çünki maraqlı deyil. Ortaya “Panama sənədləri” çıxdı. Azərbaycanın Vergi naziri Fazil Məmmədovun adı çıxır oradan. Hakimiyyət bir dəfə də reaksiya vermir. Nə üçün onun adını çəkirəm? Fazil Məmmədov tutduğu vəzifəyə görə biznes fəaliyyəti ilə məşğul ola bilməzdi. Onun “Panama sənədləri”ndə adı çıxır ki, səhv etmirəmsə, Virciniya adalarında şirkət təsis edir. Nə ixtiyarı var? Azərbaycan qanunvericiliyi ilə cəzalandırılmalı olan cinayət əməlidir. Niyə ölçü götürülmür? Bu kimi fəaliyyət iqtisadiyyatı dirçəltmir, ona görə də Azərbaycan vətəndaşları da bu sualda səsləndirildiyi kimi pis durumdadırlar və bu gün məndə olan məlumata görə, banklarda 5 minə yaxın böyük şirkətin hesabları dondurulub. Vergilər Nazirliyi onlardan necə, hansı yolla vergi tutulacağı ilə bağlı suallara cavab tapa bilmir. Bu, bir reallıqdır. Ona görə də Azərbaycan hakimiyyətinin konseptual olaraq bu vəziyyətdən çıxışı haqqında bir məfkurəsi, təfəkkürü və yaxud da düşüncəsi mövcud deyil. Bunlar situativ olaraq vəziyyətə əks reaksiya verirlər. Amma əslində hakimiyyət strateji olaraq düşünməlidir – nefti nə ilə əvəz edə bilər? Azərbaycanın lojistik imkanları böyükdür, Azərbaycanın qaz ehtiyatları var, Azərbaycanın böyük intellektual potensialı, yaxşı kadrları var. Bizim coğrafi məkanımız Azərbaycanın iqtisadi payını müəyyənləşdirməkdə rol oynaya bilər. Azərbaycanın gözəl iqlimi var. Azərbaycanın gözəl kənd təssərrüfatı təcrübəsi var. Kənd təsərrüfatı mallarına ehtiyacı olan çox böyük şimal qonşumuz var.

 

Azərbaycan hakimiyyəti azad insandan qorxur

qq eli eliyev

Bütün bunlar olduğu halda, Azərbaycan hakimiyyəti kəndlini, iş adamını stimullaşdırmaqdansa, yenə də, “mənim adamlarım, mənim komandam necə yeni şərtlər daxilində biznesə nəzarət eləsin?” haqqında düşünürlər. Bunun kökündə duran bir məsələ var. Azərbaycan hakimiyyəti azad insandan qorxur. Mən hesab edirəm ki, Azərbaycana siyasi islahatlardan da əvvəl iqtisadi islahatlar gətirilməlidir. Çünki Azərbaycanda azad insan olmayana qədər azad cəmiyyət qurmaq mümkün olmayacaq. Yalnız azad, iqtisadi baxımdan müstəqil insan sərbəst, müstəqil fikirlərin daşıyıcısı ola bilər. Cəmiyyətə müsbət, pozitiv impuls yönəldə bilər. Bu gün partiyaların belə zəif olmasının səbəbi məhz həmin azad insanların, azad iş adamlarının, azad biznesin, orta təbəqənin cəmiyyətdə mövcud olmamasıdır.

– Çox sağ olun. Sizi tənqid edən suallar da çox idi. Bununla yanaşı, sizi müdafiə edənlər də var. Araz Zeynalov, Samir Əhmədov, Nağı Allahverdi Əli oğlu sizi müdafiə edən statuslar yazıblar. Mən Cahan Əliyevanın sözü ilə bitirmək istəyirəm: “O adamlar sizə çamur atmağa çalışırlar ki, artıq bütünlüklə çamurdadırlar. Sizə tutduğunuz bu yolda uğurlar arzulayıram və inanıram ki, tutduğunuz haqq yolu uğurlu nəticələr gətirəcək. Biz isə bu yolda axıra qədər sizinləyik”.

– Çox sağ olsun Cahan xanım. İnanıram ki, bizim tutduğumuz yol düz yoldur və yolumuzdan da dönmək niyyətində deyilik. Kimin nə deməsindən asılı olmayaraq, biz, inşallah bu yolda yürüməyə davam edəcəyik.

– Çox sağ olun, təşəkkür edirəm.   

– Siz də sağ olun.

Strateq.az