XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 13:24

Moskva-Ankara arasındakı çat:Ərdoğanın məktubuna niyə cavab verilmədi?

Rusya’ya iki koldan ‘barışalım’ mektubu

 

Türkiyə prezidenti və baş naziri rusiyalı həmkarlarına “Rus günü” münasibətilə təbrik məktubları göndərdilər. Məlum təyyarə böhranından sonra dəfələrlə Rusiyayla münasibətləri normallaşdırmağa çalışan rəsmi Ankaranın bu jesti də dünya ictimaiyyəti tərəfindən Moskvayla yaxınlaşma cəhdi kimi başa düşüldü.

Nə yazıq ki, Türkiyə yetkililərinin isti jesti yenə Moskva tərəfindən xeyli soyuq qarşılandı. Ankaranın bu addımını qiymətləndirən Kremlin sözçüsü Dmitri Peskov Türkiyədən gələn məktubun adi bir təbrik mesajı olduğunu və belə məktublara cavab verilmədiyini bildirdi. Peskov bu etinasız cavabı ilə də kifayətlənmədi. Türkiyənin həqiqətən də münasibətləri normallaşdırmaq istəyirsə, atacağı müəyyən addımların olduğunu xatırlatdı.

Peskov açıq şəkildə dilə gətirməsə də, “müəyyən addımların” nədən ibarət olduğu Moskva tərəfindən dəfələrlə ortaya qoyulub: vurulan təyyarəyə görə Moskvadan üzr istənilməsi, zərərçəkən pilotlara və ailələrinə təzminat ödənilməsi, hadisəni törədənlərin cəzalandırılması.

Moskvanın əsasən bu 3 məsələ üzərində fokuslanan tələbləri isə Ankara tərəfindən qəbul olunmur. Həqiqətən də Türkiyənin hava sərhədlərini pozan xarici ölkə təyyarəsinə qarşı aldığı zəruri tədbirlərə görə üzr istəməsi dövlət imicinə yaraşmır və heç bir hüquqi əsası da yoxdur. Ankara, uzaqbaşı, yaşanan bu hadisədən dolayı dərin təəssüfünü bildirə bilər ki, insafən, o, bundan daha artığını edib. Türklər hətta dəfələrlə ən yüksək səviyyələrdə təyyarənin ruslara aid olduğunu bilmədən vurduqlarını dilə gətiriblər. Moskvanın bu etirafı qəbul etməməsi “küsülülüyün” onun işinə yaradığından və əslində axtardığı bəhanəni əldə etdiyindən xəbər verir.

O halda sual yaranır: Moskva niyə “küsülü” qalmağın tərəfdarıdır? Ankara nə üçün barışmaqda bu qədər israr edir?

Zənnimizcə, bu müəmmaya aydınlıq gətirmək üçün ilk öncə, gözəl şairimiz Məmməd Arazın ifadələriylə desək, “bu oyunda kim uduzdu, kim uddu” sualına cavab axtarılmalıdır.

Əslində iki ölkənin bir-birinə zidd mövqelərindən hər ikisinin də ciddi itkilərinin olduğu aydındır. Bir müddət əvvəl bağlanan müqavilələrə əsasən, ticarət həcmini 100 milyard dollara çatdırmağı planlaşdıran iki ölkənin, az qala, bütün iqtisadi əlaqələrini dondurması, sözsüz ki, bütün tərəflər üçün ciddi itki deməkdir.

Bununla belə, bu itkidə Türkiyənin payı daha artıqdır. Rusiya isə bu gərginlikdən istifadə edərək, dünyanın idarə edilməsində söz haqqı qazanmağa, dolayısyla itkisini avantaja çevirməyə çalışır.

Gəlin, nə demək istədiyimizi daha dərindən anlamaq üçün bəzi təfsilatlara enək.

 

Türkiyənin itkiləri

 

Qardaş ölkənin başlıca itkisi, sözsüz ki, iqtisadi sahədə baş verdi. Ötən yazılarımızdan birində bu itkinin faktiki həcminin 10 milyard dollar olduğunu, perspektivdə isə bu rəqəmin daha da böyüyəcəyini bildirmişdik. Türkiyəli mütəxəssislərin hesablamalarına görə, faktiki itki belə bizim irəli sürdüyümüzdən ən azı iki dəfə çox olacaq. Rusiya ilə əlaqələrin pozulması nəticəsində 2016-cı ildə Ankaranın 20 milyard dollardan çox itirəcəyini güman edən iqtisadçılar Moskvaya yazılan məktublarda bu amilin müstəsna rol oynadığına inanırlar.

Türkiyəni bəlkə də iqtisadi itkidən daha çox narahat edən başqa bir məsələ isə təyyarə böhranından sonra Suriya sərhədlərində baş verən hadisələr və Ankaranın bu hadisələrin qarşısını almaq üçün əl-qolunun bağlanmasıdır. Qisas almaq üçün Aralıq dənizinə S-400 raketlərini göndərən Rusiya açıq şəkildə Türkiyə təyyarələrinin Suriya hava sahəsini pozacaqları halda vurulacağını bəyan edib. Dolayısyla haqlı, ya haqsız, Yaxın Şərqin jandarması rolunu öz üzərinə götürən Rusiya ilə əlavə gərginlik yaratmaq istəməyən Türkiyə artıq Suriyanın səmalarına əvvəlki kimi nəzarət edə bilmir. Bu isə onun kürd separatizminə qarşı mübarizə imkanlarını heçə endirir.

Raket gücündən daha çox, hərbi hava qüvvələrinə söykənən Türkiyə ordusunun bu xarakteri bölgədəki təsir gücünü itirməsinə, təklənməsinə səbəb olmaqla yanaşı, həm də qapısı ağzında yandırılan atəşin onun evinə sıçraya biləcəyi ehtimalı yaradır.

Prinsip etibarilə, Rusiyanın təyyarə böhranını bəhanə edərək, Qara dəniz donanmasının əsas gücünü Aralıq dənizinə yerləşdirməsi də Türkiyənin işinə yaramır. Çünki rus hərbi donanması əsasən Şərqi Aralıq dənizində toplanır ki, bu da dünyanın ən strateji su hövzəsində Türk hegemonluq sahəsini daraldır.

Üstəlik, onsuz da Qara dənizdə Türkiyənin manevr imkanlarını sıxışdıran rus donanmasının indi Aralıq dənizində peyda olması qardaş ölkənin sanki mühasirəyə düşməsinə yol açır.

Ən pisi isə odur ki, Aralıq dənizində rus hegemoniyasının artması uzun illərdən bəri Türkiyəylə düşmənlik siyasəti aparan Suriyanın xeyrinədir. Dəməşq 1967-ci ildə İsrailə uduzduğu 6 günlük müharibədən sonra öz təhlükəsizliyini təmin etmək üçün Aralıq dənizinə rus hərbi qüvvələrinin gətirilməsinə dəfələrlə çalışmış, lakin buna nail olmamışdı. Xüsusilə Rusiyanın raket hücumundan müdafiə sistemlərinin Aralıq dənizində yerləşdirilməsi Suriyanı Qərbdən gələ biləcək təhlükədən qoruya bilərdi. ABŞ və Qərb dünyası ilə konfliktdən qaçan SSRİ bu təklifi reallaşdıra bilməmişdi. İndisə Rusiyanın əlinə yaxşı bir bəhanə keçmiş və o, Aralıq dənizindəki hegemoniya dairəsini artırır. Bu da ən çox Bəşər Əsədin işinə yarayır.

Sözsüz ki,  Yaxın Şərqdə Türkiyənin də istər-istəməz tərəf olduğu məzhəb müharibəsində qüvvələr nisbətinin qarşı tərəfin xeyrinə dəyişilməsi Ankaranı çox narahat edir. Dünənə qədər bölgədə onunla bərabər hərəkət edən Səudiyyə Ərəbistanı və körfəz ölkələri Rusiyanın bölgəyə müdaxiləsiylə öz qınlarına çəkildilər. Bu qına çəkilmədə İŞİD-in Qərb dünyasında yaratdığı təhdidin də mühüm rolu oldu: Qərb dünyası bu qanlı terror təşkilatına qarşı Suriya ordusuyla bərabər hərəkət etməyin vacibliyi qənaətinə gəldi. Beləcə, hər şey sünni ittifaqın əleyhinə dəyişdi.

Ərəb ölkələrinin Ankaranı yalnız buraxmalarının digər bir səbəbi münaqişə bölgəsinin öz sərhədlərindən xeyli kənarda yerləşməsi və bu proseslərdən ən çox Türkiyənin zərər çəkəcəyi həqiqətilə bağlıdır. Baxmayaraq ki, ilk öncə “İslam ordusu” adlı koalisiya yaradaraq, Rusiyaya qarşı təhdid gücünü ortaya qoymaq istəyən həmin dövlətlər təsirli olmaq üçün müəyyən cəhdlərdə bulunmuşdular. Fəqət bu cəhdin Rusiyanı qorxutmadığı ortaya çıxınca hər kəs öz evinin önündəki qalanı gücləndirməyə qərar verdi. Nəticədə ortalığa atılan atəş Türkiyənin qucağında qaldı.

Ankara ən çox güvəndiyi NATO-dan da arzuladığı dəstəyi ala bilmir. Rusiya Suriyaya müdaxilə etməzdən əvvəl bu ölkəyə göndərilən “Patriot” raketdən müdafiə sistemləri ən lazım olduğu anda bölgədən çıxarıldı. Bu da azmış kimi, ABŞ İŞİD-ə qarşı mübarizədə ən yaxşı döyüşən və az təhlükəli qüvvə kimi kürd separatçılarını dəstəkləməyə qərar verdi. Bu isə Türkiyənin “qırmızı cizgilərini” heçə saymaqla eyni mənaya gəlir, müttəfiqlər arasında ziddiyyətlərə səbəb olur. Ankara, nəhayət, öz dayandığı yerdə hörmətli olmaq üçün qarşı tərəflə də körpüləri yandırmamağın vacibliyini anladı. Görünür, o, indi yanmış körpülərin bərpasına çalışır.

 

Rusiyanın itkiləri və avantajı

 

Rusiyaya gəlincə… Moskva əslində bu gərginlikdə böyük fürsətlər itirmir. Əvvəla, ona görə ki, Rusiyanın Türkiyəylə iqtisadi münasibətləri təbii sərvətlərini qardaş ölkəyə satmaq prinsipi əsasında qurulub. Ankara faktiki olaraq öz qaz və neft məhsulları ehtiyacının 60%-ni bu ölkədən alır. Bir növ, almağa da məhkumdur.

Türkiyəni onun enerji mənbələrindən asılılıqda saxlaması üçün isə Rusiyaya Suriyada gərginliyin davam etməsi və ya Bəşər Əsədin hakimiyyətdə qalması sərfəlidir. Çünki Rusiya qazının alternativi Qətərin təbii sərvətləridir ki, bu da Suriya ərazisindən keçib Türkiyəyə, ordan isə Avropaya axa bilər. Suriyadakı gərginlik bu marşrutun qarşını kəsdiyindən həm Türkiyə, həm də digər Avropa ölkələri rus qazı asılılğından xilas ola bilməzlər. Əldə etdiyi bu üstünlük Rusiyaya həm də öz qazını istədiyi qiymətə müştərilərinə satmaq imkanı verir.

Fars körfəzindən Avropaya axacağı gözlənilən enerji xətti üzərində yaradılan qeyri-müəyyənlik Rusiya üçün həmçinin Şərqi Avropada itirdiklərini əldə etmək fürsəti deməkdir. Zira enerji ehtiyacının 60%-ni şimal qonşumuzdan alan “yaşlı qitə”nin ən çox rus qazından asılı olduğu hissəsi Şərqi Avropadır. Orta və Qərbi Avropa ölkələrinin rus qazından asılılığı 30-50% arasında dəyişdiyi halda, Şərqi Avropada bu nisbət 80-90% civarındadır. Əlbəttə, bu vəziyyətin uzun zaman davam etməsi onları yenidən Rusiyanın qucağına sürükləyir. Üstəlik, Moskva Türkiyə-Yunanıstan arasındakı ziddiyyətdən də istifadə edib Afinanı özünə daha sıx bağlaya, Avropanı daxildən parçalaya bilər.

Türkiyəylə gərginliyin canlı tutulması Moskvaya həm də beynəlxalq müzakirələrdə ön plana çıxmaq şansı yaradır. Son zamanlar xüsusilə Suriya məsələsinin müzakirəsində masanın ön hissəsində oturması Rusiyanın artıq beynəlxalq oyunçu kimi tanındığını göstərir. Moskva bu xüsusiyyətini davam etdirib özü üzərindəki sanksiyaların ləğvinə nail ola və qlobal enerji bazarında qiymətləri müəyyənləşdirən güc kimi ortaya çıxa bilər. Artıq Fransa və Almaniya kimi ölkələrin sanksiyalara qarşı tövrləri Moskvanın öz istəklərinə doğru önəmli addım atdığından xəbər verir.

Ziddiyyətlər Moskvanın əlində Aralıq və Qara dənizdə öz hərbi qüvvələrini yerləşdirməsi üçün də yaxşı bəhanədir. Müasir dünya hegemoniyasının əsasını təşkil edən dənizlərə nəzarət prinsipi Rusiyanın dünyaya açılan “su qapılarında” möhkəmlənməsini tələb edir və Moskva, nəyin bahasına olursa olsun, bu avantajını qorumağa çalışır.

Bütün bu çarpışan maraqlardan Rusiya-Türkiyə münasibətlərinə nəzər salanda gərginliyin asanlıqla aradan qaldırılmayacağını anlaya bilərik. Hətta Türkiyə Rusiyanın bütün tələblərini yerinə yetirsə belə, Moskva növbəti su bulandıran quzu axtarışına çıxacaq…

 

  Heydər Oğuz

Strateq.az