XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 05:01

Putinin Sankt-Peterburqda Qarabağ sınağı:Ermənistan Rusiyanı dinləyəcəkmi? - Təhlil

Eliyev-Sarksyan-16

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü ətrafında müzakirələrin getdiyi bir zamanda ATƏT-in bu danışıqlarla bağlı sürpriz açıqlaması yeni  ehtimalların irəli sürülməsinə yol açıb. 

Xatırladaq ki, təşkilatın KİV-lə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nataşa Radjakoviç TASS-ın sorğusuna cavab olaraq bildirib: “ATƏT Sankt Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli sammitin təşkilində iştirak etmir və biz bu məsələni şərh edə bilmərik. Bizim bildiyimizə görə, sammit Rusiyanın təşəbbüsü ilə çağırılır. Bu səbəbdən də suallarınızı Rusiya tərəfinə yönəltməlisiniz”.

 

Prezidentlərin Vyana görüşündə nə baş vermişdi?

 

Qeyd edək ki, Qarabağ cəbhəsində baş vermiş  aprel döyüşlərindən sonra – 16 mayda Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ABŞ-ın təşəbbüsü və ATƏT-in vasitəçiliyi ilə baş tutmuşdu. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN başçıları – Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri iştirak etmişdilər. Həmin vaxt Lavrov görüşün daha çox ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu xüsusi vurğulamışdı.

Lavrov Vyana görüşünün nəticələrini şərh edərkən bildirmişdi ki, əgər kompromis imkanları olmasaydı, ABŞ və Rusiya bu münaqişə ilə məşğul olmazdı: “Biz məsələni sona çatdırmaqda qərarlıyıq. Tərəflər arasında gərginliyi nəzərə alaraq, münaqişənin mərhələli şəkildə həllinə çalışacağıq. Tənzimlənmənin birinci mərhələsini razılaşdırmaq üçün  imkanlar var. Bunlar Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə formalaşdırılıb. Bu, ABŞ və Fransa tərəfindən də dəstəklənib. Bizim belə hesab etməyə əsasımız var ki, Azərbaycan və Ermənistan bu güzəştlərin formalaşmasına köklənəcəklər". 

Mİnsk qrupunun Vyana danışıqları ilə bağlı bəyanatında isə əsas olaraq  tərəflərin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq etmələri vurğulanmışdı: “Tərəflər münaqişənin hərbi yolla həlli variantının olmadığını təsdiq ediblər. Həmsədrlər 1994 və 1995-ci illərdə əldə olunan atəşkəs sazişlərinə əməl olunmasının vacibliyinə təkid ediblər. 

Həmçinin prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər. Onlar bundan sonrakı zorakılıq risklərini azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırmaçı mexanizmləri üzərində işi başa çatdırmaq barədə razılığa gəliblər”.

Vyana görüşü ilə bağlı ekspertlərdə belə bir ümumi qənaət formalaşmışdı ki, vasitəçilər, xüsusən ABŞ və Fransa Qarabağ cəbhəsində hərbi əməliyyatların bərpa olunmaması məsələsini gündəlikdə saxlamağa çalışırlar. Bunun üçün ATƏT çərçivəsində müvafiq mexanizmlər formalaşmasına nail olmaq istəyir, tərəflərin bununla bağlı vasitəçilər qarşısında öhdəlik götürməsinə çalışırlar. Eyni zamanda bu məsələ ilə bağlı razılaşmadan sonra Qarabağ münaqişəsinin nizamlanması üçün “yol xəritəsi” üzərində danışıqların davam etdirilməsini vacib sayırlar.

Vyana görüşünün nəticəsi olaraq qoşunların təmas xəttində vəziyyət sabitləşdi və danışıqlar prosesi yenə ön plana çıxdı. Vasitəçilərin hərbi əməliyyatları gündəlikdən çıxararaq diplomatik təşəbbüslərə öncüllük verilməsi niyyəti indiki mərhələdə baş tutmuş sayıla bilər.

 

5 il əvvəl  Kazanda Rusiya da uduzmuşdu…

 

Prezidentlərin iyun ayında yenidən bir araya gələcəyi də Vyanada razılaşdırılmışdı. İndi ATƏT-dən səslənən açıqlamadan məlum olur ki, Sankt-Peterburq danışıqlarını əsas etibarı ilə Rusiya təşkil edir.

Əgər belədirsə, o zaman çox mühüm suallara cavab tapmalıyıq: Rusiya yenidən əsas vasitəçi missiyasını üzərinə götürməkmi istəyir? Moskva Qarabağ  münaqişəsinin sülh yolu ilə həlli üçün mövcud imkan və potensialından tam istifadə edəcəkmi? Yoxsa, Rusiya "nə müharibə, nə sülh" vəziyyətini uzatmaq niyyətindədir?  Qarabağ münaqişəsinin sülh yolu ilə həlli indiki mərhələdə Moskvanın prioritetləri sırasındadırmı?

Bu sullara cavab verməmişdən öncə isə 5 il əvvələ – 24 iyun 2011-ci ildə o zamankı Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə baş tutan Azərbaycan və Ermənistan dövlət başçılarının Kazan görüşünə qayıtmaq lazımdır. Rusiyanın vasitəçiliyi və ABŞ və Fransanın dəstəyi ilə hazırlanan “Qarabağ münaqişəsinin nizamlanması üçün “Yol xəritəsi”” bütün gözləntilərə, səylərə baxmayaraq, qəbul edilmədi. Kazan danışıqlarında masaya qoyulan təkliflər tərəfləri razı salmadı. Kazan danışıqlarından sonra məlum oldu ki, Moskva Qarabağ  münaqişəsinin sülh yolu ilə həlli üçün mövcud imkan və potensialından tam istifadə etmək əzmi nümayiş etdirməyib. Xüsusən,  Ermənistana münasibətdə, yumşaq desək, Moskva çox dözümlü davrandı.

Nəticədə, Medvedevin təşəbbüsü ilə 4 il ərzində aparılan proses uğurla yekunlaşmadı. Bu, həm də Kremlin məğlubiyyəti idi. Minsk qrupu həmsədrləri neytral tərəflər deyillər və onların hər birinin Cənub Qafqazda maraqları var. Rusiya, Medvedevin də vasitəçilik təşəbbüsləri də Rusiyanın maraqlarından qaynaqlanırdı. Deməli, hardasa Kazanda bu maraqlar da təmin olunmadı…

 

Rusiyanın Qarabağ siyasətində pozitiv dəyişikliklər olubmu?

 

5 il sonra yenidən Qarabağ danışıqlarında  Rusiya əsas vasitəçi olmağa səy göstərir. Moskvanı 5 il əvvəlki formata qaytaran səbəblər barədə də düşünmək vacibdir. Bir çox ekspertlər inamla qeyd edirlər ki, Rusiya Qarabağ münaqişəsinin həllində əsas rol oynamaq və öz maraqlarını da təmin etmək istəyirsə, indi ən yaxşı məqamdır. Rusiya ətrafında baş verən proseslər, Qərblə total qarşıdurmanın davam etməsi, iqtisadi gücün zəifləməsi və digər amillər yaxın gələcəkdə Moskvanın təsir imkanlarını azalda bilər.

Rusiyanın müttəfiqləri Belarus və Qazaxıstanın da Kremlin Qarabağ siyasəti ilə bağlı narazılığı diqqətdən yayınmamalıdır.

Eyni zamanda Azərbaycanın da bütün riskləri gözə alaraq Rusiyadan tədricən uzaqlaşması variantının real olduğu nəzərdən qaçmamalıdır.

Digər tərəfdən, Cənub Qafqazda Azərbaycan-Gürcüstan-Türkiyə hərbi-siyasi əməkdaşlığı önə çıxır. Gürcüstanın Qərb, NATO ilə əməkdaşlığı davam edir və gürcüləri bu kursdan saxlamaq gözlənildiyi qədər asan olmadı.

Bütün bu amillər orta perspektivdə regionda Rusiyanın maraqları üçün çox ciddi təhdidlər yaradır.

Uzaq perspektivdə Ermənistanı hərbi forposta çevrilməsinin verdiyi fayda ilə bu itkiləri kompensasiya etmək olacaqmı? Hazırda Cənub Qafqazla bağlı rusları düşündürən əsas suallardan biri də budur.  Buna görə, aprel döyüşlərindən sonra bir çox Rusiya analitikləri Ermənistanın Moskvanı zərbə altında qoyduğunu, ermənilərin nazını çəkməyin getdikcə ruslara daha çox baha başa gəldiyini qeyd etdilər.

Bütün bu amillər Rusiyanı yenidən Qarabağ danışıqlarında əsas vasitəçi olmağa təşviq edir.  Bu baxımdan Sankt-Peterburq görüşü Rusiya üçün də bir sınaqdır.

Ruslar dünyaya və Cənub Qafqaz ölkələrinə hansı mesajı verəcək? Rusiya Qarabağ məsələsində  taktiki maraqları ilə strateji məafelərini uzlaşdıra biləcəkmi? Moskva nə dərəcədə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün real səylər göstəirir və öz potensialından istifadə etməyə hazırdır? Nəhayət, 5 il sonra Rusiyanın Qarabağ siyasətində pozitiv dəyişikliklər olubmu? Sankt-Peterburq görüşü bu sualla tam da olmasa, qismən cavab  verməyə müəyyən qədər yardımçı olacaq.

Sank-Peterburq görüşü ilə bağlı  Azərbaycan və Ermənistanın mövqeyi üzərində dayanmadıq. Çünki ötən 5 ildə Azərbaycanın tələbləri dəyişməyib və Kazanda imza atmayan Bakı daha yaxşı şərtlər təklif olunmasa, Sankt-Peterburqda da masadan qalxacaq. 

Ermənilər də elə 5 ildir eyni məsələləri qabardırlar.

İndi əsas məsələ rusların erməniləri sülhü təmin edə biləcək təklifləri qəbul etməyə inandırmaq üçün real səy göstərib-göstərməyəcəkləridir. Aprel döyüşlərində Moskva ermənilərə bir çox məsələləri yenidən xatırlatdı, Sarkisyana da mesajlar verdi.  Kremlin iki gün susması bütün Ermənistanı sarsıtdı…

Bu mesajların davamının olub-olmayacağı da, çox güman, Sank-Peterburqda aydınlaşacaq.

 

Zaur İBRAHİMLİ

Strateq.az