XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 14:24

Qazaxıstana qarşı “Ukrayna ssenarisi”:Əməliyyata demilitarizə siyasətiylə start verildi - Təhlil

smerch-1

Rus ordusu Qazaxıstanı tərk edir. Ordu birliklərinin mərhələli qaydada ölkədən çıxacaqları qeyd olunur.

Strateq.az xəbər verir ki, bu iddianı Rusiyanın “Müstəqil Hərbi Araşdırma” jurnalında redaktor müavini Vladimir Qundarov irəli sürüb.

Yazarın məqaləsində Rusiyanın Qazaxıstanda hərbi məqsədlərlə kirayəyə götürdüyü ümumi sahəsi 2 milyon hektarlıq ərazini geri qaytaracağı, bu günə qədər təxminən 1.7 milyon hektarla bağlı sənədlərin imzalandığı bildirilir.

Sözügedən hərbi ərazilərin Aktobinsk vilayətindəki Sarı-Şagan hərbi təlim mərkəzinə aid olduğu sanılır. Bu bölgədə ən son olaraq 2014-ci ildə raket sınağı keçirilmişdi.

Rusiya Müdafiə naziri Sergey Şoyqunun son Qazaxıstan səfəri zamanı 1.7 milyon hektar hərbi ərazinin Qazaxıstana geri verildiyi, bununla yanaşı 300 min hektarlıq Emba hərbi bazasının da qaytarılması barədə razılıq protokolunun imzalanmağa hazırlandığı iddia olunur.

Qazaxıstana bu ərazilərin qaytarılması rus hərbi büdcəsinə qənaətlər gətirməsilə izah edilir. Guya, bununla Moskva Qazaxıstandakı hərbi ərazilər üçün ödədiyi illik kirayə haqqına qənaət edəcək.

Rusiyanın Astanaya ödədiyi illik kirayə haqqının 23.486 milyon dollar, ediləcək qənaətin isə cəmi 4 milyon dollar (hardasa, 17%) olduğunu nəzərə alsaq, bu arqument çox da ciddi səslənmir.

Boşaldılacaq ərazilərin bir müddət əvvəl terror aktıyla gündəmə gələn Aktobe rayonuna aid olması və bu terror aktında hərbi hissələrin hədəfə alınması başqa versiyalara yol açır.

Mümkündür ki, Rusiya Qazaxıstanda başlatmaq istədiyi separatizm hərəkətinə sivil əhalinin özfəaliyyəti görüntüsü vermək üçün bölgəni “hərbsizləşdirir”.

kazax-xerite-2

Rusiya sərhədlərinə yaxın ərazidə yerləşən Aktobe rayonunda rusların əksəriyyət təşkil etməsi və separatizm dalğasının ortaya çıxmasına “islamçı qazaxların” radikal dindarlığının yol açması kimi görüntünün yaradılması da bu mənada təsadüfə bənzəmir. Beləcə, birgə yaşamağın mümkünsüzlüyünün günahı “radikal dini görüşlü qazaxların” üzərində qala və rus separatçıları beynəlxalq aləm qarşısında öz fəaliyyətlərinə haqq qazandıra bilər.

Qeyd edək ki, Ukrayna ssenarisinin Qazaxıstanda da təkrarlana bilmə ehtimalı rəsmi Astana tərəfindən heç bir zaman istisna edilməyib. Nə qədər Rusiyaya yaxın siyasət yürütməsinə baxmayaraq, ölkə başçısı Nursultan Nazarbayev hakimiyyətdə olduğu müddət ərzində heç bir zaman ehtiyatını əldən verməyib. Hətta onun 15 il əvvəl ölkənin paytaxtını Almatıdan indiki Astanaya köçürməsi də rus separatizmi təhlükəsiylə izah olunur. Zira rus əhalinin çoxluqda olduğu Almatı qazax siyasi iradəsi tərəfindən həmişə təhlükə mənbəyi kimi görülür, separatizmin mərkəzi qalası hesab olunurdu.

Rusiyanın Kırımı və Şərqi Ukraynanı ilhaq etməsindən sonra Qazaxıstan rəsmiləri eyni aqibəti özlərinin yaşaya biləcəkləri ehtimalını istisna etməmiş, əndişələrini ən yüksək səviyyələrdə dilə gətirmişdilər. Ukrayna ilhaqının yaşandığı 2014-cü ilin avqust ayında Nursultan Nazarbayev açıq şəkildə bu ehtimaldan danışmış və əgər ruslar elə bir təşəbbüsə əl atarlarsa, yaxud Qazaxıstanın müstəqilliyinə təhlükə yaranarsa, Avrasiya İqtisadi Birliyindən çıxacaqlarını bildirmişdi.

Nazarbayevin bu qədər açıq şəkildə Moskvanı hədələməsi səbəbsiz deyildi. Bu bəyanatdan bir neçə gün əvvəl Gənclər Forumunda çıxış edən Vladimir Putin qeyd etmişdi ki, Qazaxıstan ərazisində heç vaxt dövlət olmayıb və Nursultan Nazarbayev əvvəllər dövlət olmayan bir ərazidə hakimiyyət qurub. Faktiki olaraq, Qazaxıstanda dövlətçilik tarixinin rus işğalıyla başladığını iddia edən Putin bu ölkənin suverenlıyinə dil uzatmışdı. Qazax liderinin rus həmkarına cavabı isə yarısiyasi, yarıtarix dərsi xarakterində özünü büruzə vermişdi:

nazarbayev-4

"Konvensiyada göstərilən qərarlar pozularsa, Qazaxıstan Avrasiya İqtisadiyyat Birliyindən çəkiləcək. Daha əvvəl qeyd etdim və təkrar söyləyirəm, Qazaxıstan müstəqilliyini təhdid edən bir təşkilatla əməkdaşlıq içində olmayacaq. Bizim müstəqilliyimiz babalarımızın qanlarıyla qazanılmış əhəmiyyətli bir xəzinədir. Onu qorumaq üçün əlimizdən gələni edəcəyik".

Maraqlıdır ki, Avrasiya Birliyi ideyasını ilk əvvəl elə Nursultan Nazarbayev irəli sürüb. Ukrayna böhranından sonra Avrasiya İttifaqından çıxa biləcəyini ilk bəyan edən də eyni adam idi. Bu təzad, Rusiya-Qazaxıstan əlaqələrinin qırılma nöqtəsinə gəlməsi bir neçə mətləbdən xəbər verirdi.

Əvvəla, bu bəyanat rus ilhaqı təhlükəsinin kifayət qədər real olduğunu göstərirdi. Həqiqətən də Rusiyanın elə həmin ərəfədə eyni iddialarla Krımı ilhaqı qazax liderin əndişələrinə kifayət qədər haqq qazandırırdı.

İkincisi, belə görünürdü ki, Nursultan Nazarbayev Qazaxıstanın təhlükəsizliyini qarantiya altına almaq üçün Avrasiya Birliyi adı altında rus-türk ittifaqı fikrini irəli sürmüş, Rusiyanın imperialist iştahasını bu yolla sakitləşdirmək istəmişdi. Ukrayna böhranından sonra Avrasiya İttifaqının ən önəmli potensial üzvlərindən biri Türkiyənin Rusiyaya qarşı çevrilməsi isə bu layihənin baş tutması ehtimalına kölgə salırdı. Son zamanlar Rusiyanın Avropa ölkələriylə əlaqələrini möhkəmlədirməyə çalışması və bu istiqamətdə bəzi real addımları atması da Moskvanın gözündə türk-rus ittifaqını əhəmiyyətsizləşdirir.

Üstəlik, Orta Asiya ölkələrində, xüsusilə Qazaxıstanda Çin iş dünyasının getdikcə hakim mövqeyə gəlməsi və Rusiyanı bu coğrafiyadan sıxışdırıb çıxarması Moskvanı narahat edir. Aktobe hadisəsindən əvvəl, daha konkret desək, martın axırında Qazaxıstan hökumətinin 1,7 milyon hektar ərazini hərraca çıxararaq Çin iş adamlarına satmaq istəməsi bölgənin tədricən rus nəzarətindən çıxması ehtimalına yol açırdı. Təsadüfi deyil ki, bu qərarın ardından ölkənin müxtəlif yerlərində başlayan etiraz aksiyaları rəsmi Astananı geri addım atmağa məcbur etdi.

putin-xerite

Beləcə, həm bir tərəfdən Çinin Qazaxıstandakı nüfuz dairəsi ciddi şəkildə sarsılır və Rusiya Orta Asiyadakı ənənəvi hegemonluq imkanını qoruyur, həm ölkə bütövlüyünü təhdid edən separatizmin təməlləri üçün qazax millətçiliyi artırılır, həm də Nazarbayevin geriçəkilməzlik mifi dağıdılırdı.

Separatizmin daha da dərinləşməsi üçün qalan məsələləri həyata keçirmək isə çətin deyildi. Bunun üçün bir neçə “radikal qazax"ın rusların əksəriyyət təşkil etdiyi ərazilərdə dini, yaxud milli ayrıseçkilik salması, “zərərçəkən” yerli əhalinin isə “özünü qorumaq instinkti”ylə buna cavab verməsi kifayət edərdi.

Ehtimal etdiyimiz yeni separatizm dalğasının yaradılması ssenarisinin zamanı da təsadüfi seçilməyib. ABŞ-ın hegemonluğu altında NATO qüvvələrinin Rusiyaya yaxınlaşdığı, hətta Finlandiyanın belə rus təhlükəsindən qorunmaq üçün alyansa üz tutacağını açıqladığı bir ərəfədə rus millətçilik duyğularını artırmağa ehtiyac var. Adətən, belə zamanlarda kiçik düşmənlər seçilir və qarşıqadan fil düzəldilir.

Rusiya indiki halda tamamilə NATO-nun çətiri altına girən Şərqi Avropa ölkələrindən birini hədəf seçə bilməz. Çünki NATO-nun Baş katibi Stoltenberq açıq şəkildə ittifaq üzvlərindən hər hansı birinə edilmiş hərbi müdaxiləyə bütün alyans tərəfindən cavab veriləcəyini bəyanlamışdı. Son qərarlarla aktiv hərbi qüvvələrinin gücünü 3 dəfədən çox artıran alyansla kəllə-kəlləyə gəlmək, təbii ki, Moskva üçün ağır nəticələnə bilər. Deməli, daha fərqli düşmən seçilməli və rus ictimai rəyinin diqqəti tamamilə başqa coğrafiyaya yönəlməlidir.

Görünür, ən salamatı Orta Asiya ölkələri ilə uğraşmaqdır. Axı necə olsa, bu ölkələr həm NATO üzvləri deyillər, həm də mədəniyyətlər çarpışmasının getdiyi indiki dövrdə Qərb ölkələriylə ayrı mədəni dünyanı paylaşırlar. Bu çarpışmada Moskva özünü ağıllı aparsa, hətta Qərbdən belə öz işğal siyasətinə dəstək ala bilər. Qazaxıstanın hadisələrdən əvvəl demilitarizə edilməsinin bir səbəbini də bu amildə axtarsaq, yəqin ki, yanılmarıq.

 

Heydər Oğuz

Strateq.az