Ərdoğan isə “yar peşində”
Alman hökumətinin mətbuat xidməti Baş nazir Angela Merkelin 10 Mayda Moskvaya gedib Vladimir Putinlə görüşəcəyini açıqladı. Amma açıqlamada xanım Merkelin 9 Mayda Moskvada keçiriləcək Qələbə Gününün 70-ci ildönümü paradına qatılıb qatılmayacağı haqqında heç bir məlumat verilmədi.
Alman mətbuatı daha əvvəl Merkelin 9 May paradına qatılmayacağını yazmışdı. “Die Welt” qəzetinə açıqlama verən və adının gizli saxlanmasını istəyən Almaniya hökumətinin bir yetkilisi Merkelin bu mövzuda çox uzun müddət düşündüyünü və sonunda getməməyə qərar verdiyini bildirmişdi.
Merkelin bu qərarında Rusiyanın Ukrayna siyasətinin təsirli olduğunu bildirən xəbərdə “Merkelin Moskva səfəri Ukrayna rəhbərliyi üçün təhqir anlamına gəlirdi” deyilmişdi. Görünür, xanım Merkel Rusiyanın da könlünü almaq üçün Qələbə Günündən bir gün sonra Kremlə getməyə qərar verib.
Qeyd edək ki, Merkelin getməyə tərəddüd etdiyi Qələbə paradında 20-dən çox dövlət liderinin iştirakı gözlənilir. Tarixin ironiyasına bax ki, bunlar əsasən Birinci Dünya Müharibəsini görməyən Asiya və MDB ölkələrinin liderləridir. Müharibənin altını üstünə çevirdiyi Avropa liderlərindən isə göndərilən dəvətə hələ də cavab gəlməyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu münasibətlə Moskvaya getməsi gözlənilir.