XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 03:29

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və Azərbaycanın perspektivləri –Təhlil

Shimal-Cenub-16

11 illik fasilədən sonra Azərbaycanın  tranzit ölkə statusunu möhkəmləndirəcək növbəti kontinental layihəyə start verilib və hazırda "Şimal-Cənub"  beynəlxalq nəqliyyat dəhlizinin işə salınması üçün ilk praktik addımlar atılmaqdadır. Bu il aprelin 20-də Azərbaycanla İranın dəmir yollarını birləşdirməyə imkan verəcək Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub. 2016-cı ilin sonuna qədər Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşdırılması nəzərdə tutulur.

 

8,3 km-lik yolun açdığı imkanlar  

 

Əslində 82 metrlik körpü və  8,3 km-lik yolun çəkilməsi qitələri birləşdirəcək  "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin işləməsi üçün atılan BÖYÜK ADDIM kimi qiymətləndirilməlidir. Azərbaycan 8,3 km-lik bu yolun çəkilməsini, nə az-nə çox, düz 11 il gözləyib və nəhayət, Bakı növbəti dəfə qlobal əhəmiyyətə malik layihənin gerçəkləşməsində oynadığı önəmli rolu qeyd edə bilər.

Digər tərəfdən Astarada tikilən körpü simvolik əhəmiyyətə malikdir. Bu körpü Azərbaycanın əlverişli coğrafi, geosiyasi mövqeyindən istifadə edərək “Asiya-Avropa körpüsü”nə çevrilməsi istiqamətində çox mühüm irəliləyişdir. Eyni zamanda, bu, Azərbaycanın növbəti dəfə inteqrasiya layihələrinin həyata keçirilməsində böyük təcrübəsini, lokomotiv kimi çıxış etmək bacarığının nümayişidir.

Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan indiyədək məhz “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələri ilə dünyanın diqqətini çəkib. Növbəti dəfə isə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin işləməsi üçün atılan addımlarla da gündəliyə gəlib. Azərbaycanın bu təşəbbüsləri ölkəmizin qlobal müstəvidə yerini və rolunu müəyyənləşdirməklə, potensialını da nümayiş etdirir. Bu təşəbbüslərin Azərbaycanın özünü də müsbətə doğru dəyişmək potensialı xeyli böyükdür. Beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında əhəmiyyətli rol oynanılması qlobal iqtisadiyyata daha səmərli inteqrasiyaya, qeyri-neft sektorunun inkişafına, modernləşməyə, iqtisadi islahatların sürətlənməsinə də impuls verə bilər.

Azərbaycan üçün indiki məqamda ən vacib strateji hədəflər, bu zamana qədər olduğu kimi, düzgün geosiyasi siyasət yürütməklə ölkə ərazsindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin işləməsinə əngəl ola biləcək mövcud risklərin önlənməsi, bu layihələrlə bağlı inteqrasiya və əməkdaşlıq trendinin saxlanılması, bütün maraqlı tərəflər üçün fayda verəcək imkanların gündəliyə gətirilməsi və təşviqdir.

 

11 ildən sonrakı revanş

  

Xatırladaq ki,  2005-ci ildə  Bakı ""Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş"ə qoşulub. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa – Cənubi Asiya – Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Hazırda dəhlizin Transxəzər və Şərq marşurtları fəaliyyət göstərir. Şərq marşrutu üzrə üzrə dəmir yol daşımaları 2014-cü ilin dekabrınadək Karakalpakdan (Qazaxıstan, Özbəkistan, Türkmənistan) keçərək Tedjen-Sərxas keçidi ilə  İranın dəmir yolu şəbəkəsinə birləşən xətt üzrə gerçəkləşirdi.

2014-cü ilin dekabrından isə Bolaşakdan keçərək, Qazaxıstandan birbaşa Türkmənistana, Etrek-Qorqan (Akayla) keçidi ilə isə İran dəmir yoluna birləşən yeni dəmir yolu xətti istifadəyə verilib.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin Qərb marşrutu (Həştərxan-Mahaçqala  (Rusiya) – Samur – Astara (Azərbaycan) – Astara – Rəşt – Qəzvin (İran)) bu dəhlizin strateji hədəfi, məqsədləri baxımından ən optimal olanıdır. Amma ən ucuz və daha tez başa gəlməli olan, daha az resurs tələb edən Qərb marşurutunun tam gücü ilə işləməsi 11 ildir ləngiyirdi. Halbuki, bu marşrutla dəmir yol daşımaları Şərq marşrutu ilə müqayisəyəgəlməz dərəcədə üstünlüklərə malikdir.  

Dəhlizin Qərb marşrutu ilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatıdırılacaqdır.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçən Qərb marşrutunun reallaşmasının zəruriliyi ilə bağlı İran prezidenti Həsən Ruhaninin 2014-cü ildə Azərbaycana səfəri zamanı bir daha gündəliyə gəldi. Prezident İlham Əliyev və Həsən Ruhani Bakıda iki il əvvəl, 12 noyabrda birgə bəyanatla çıxış etdilər. Dövlət başçıları "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılmasının hər iki tərəfin marağında olmasını, nəqliyyat dəhlizinin bütün bölgə üçün əhəmiyyətini, İranın Qara dənizə və Avropaya, Rusiyaya çıxının təmin edəcəyini açıqladılar. Bu bəyanatın Bakıda verilməsi də mühüm mesaj idi və Azərbaycanın "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin işləməsi üçün uzun illərdən bəri göstərdiyi səylərin ilk bəhrəsi sayıla bilərdi.

Cavid-Qurbanov-Soci

Azərbaycanın "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə qoşulması ilə bağlı  saziş imzalandıqdan 10 il sonra – 2015-ci ildə avqust ayında Tehranda «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanovun  İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundi və  nazir müavini – İran Dəmir Yolunun  baş direktoru Mohsen Purseyid Ağayinin görüşündə  bu layihə üzrə işçi qrupu yaradılmasının qərara alınması Bakının növbəti uğuru oldu.

Artıq bu görüşdən 1 ildən də az müddət keçib və bu il iyunun 2-də Rusiyanın Soçi şəhərində Cavid Qurbanovun rusiyalı və iranlı həmkarları ilə görüşündə nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsi üçün Şimal-Cənub dəhlizində Koordinasiya Komitəsinin yaradılmasına dair qərar qəbul olunub və bununla bağlı müvafiq protokol imzalanıb. Bir neçə aydan sonra isə Azərbaycan-İran dəmir yol şəbəkəsinin birləşdirilməsi istiqamətində ilk əhəmiyətli addım reallaşacaq.

 

Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə necə “nəfəs verdi”?

 

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin Qərb marşrutunun işə salınmasının aktullaşması Azərbaycanın Astara (İran) -Sankt Peterburq marşrutunun gerçəkləşməsi ideyasından başladı.  «Azərbaycan Dəmir Yolları» QSC-nin bu istiqamətdə təşəbbüsləri mövcud imkanlardan və potensialdan istifadə edərək "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin Qərb marşrutunun heç olmasa qismən işə salınmasını hədəfləyirdi. Ölkənin siyasi rəhbərliyinin də fəal dəstəyi ilə «Azərbaycan Dəmir Yolları» QSC-nin bu ideyası Rusiya və İranı da hərəkətə gətirə bildi. 

Bu marşrutun bütün maraqlı tərəflər üçün isə faydası göz qabağında idi. Sərxas-Sankt Peterburq marşrutu Astara (İran) -Sankt Peterburq marşrutundan 1055 km uzundur. Bu marşrutla dəmir yol daşımalarında teplovozlarla 20 tonluq konteyner daşınması 50 faiz, 60 ton filizlərin daşınması 54 faiz baha başa gəlir.

Astara (İran) – Sankt Peterburq marşrutu ilə müqayisədə Qorqan-Sankt Peterburq marşrutu üzrə dəmiryol daşımalarını həyata keçirmək üçün 974 km çox yol qət etmək lazımdır. Astara (İran) -Sankt Peterburq marşrutunun yük bazası da kifayət qədərdir. Hər il İran Rusiyadan 1,5  milyon tondan çox buğda və digər dənli bitkilər, müxtəlif növ filizlər, taxta-şalban, avadanlıq idxal edir. Eyni zamanda İran Rusiyaya meyvə-tərəvəz, kənd təsərrüfatı malları ixrac edir. 2014-cü ildə İranla Rusiya arasında ticarət dövriyyəsi 5 faiz artaraq 1.68 milyard dollara çatıb. Rusiya İrana 2014-2015 ildə buğda ixracını iki dəfə artıraraq 2.8 milyon tona çatdırıb.

Bu təşəbbüs doğurdan da sonradan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin Qərb marşrutunun işə salınması üçün əhəmiyyətli irəliləyişlərin əsasını qoydu.

 

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi və Azərbaycanın perspektivləri

 

Shimal-Cenub dehlizi-1.jpg

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Hindistan və Cənubi-Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər-Abbas limanından Azərbaycan üzərindən daşınmasını təmin edəcək. Bu marşrut üzrə ilə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu, təxminən, ildə 250-300 milyon dollar deməkdir.

Bu dəhlizlə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcəkdir. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatdırılacaqdır. Təqribi hesablamalara görə, hər 15 ton yükün daşınmasında 2500 dolardan çox vəsaitin qənaət edilməsi imkanı var. Finlandiyanın dəhlizə qoşulması isə nəqliyyat dəhlizinin potensialını daha da gücləndirəcək.

Bu baxımdan Azərbaycan üçün "Şimal-Cənub" nəqliyyat dəhlizinin Qərb marşrutu (Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara – Rəşt – Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir) işləməsi strateji əhəmiyyət kəsb edir.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənub Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir.

Azərbaycan Rusiyanın Cənuba, İranın isə Şimala önünü açmaqla region üçün geosiyasi sabitliyin təmin edilməsi və risklərin önlənməsidə mühüm rola malik olur. 

Qitələrarası körpü” statusu Azərbaycanın perspektivi və qlobal müstəvidə mövqeyi baxımdan çox vacibdir. Geosiyasi riskərin getdikcə artdığı və qlobal miqyasda rəqabət və qarşıdurma meyillərinin güclənməsi fonunda Azərbaycanın bu rolu ölkənin sabit məcrada inkişafına yeni təminatlar yarada biləcək potensiala malikdir.

İqtisadi fayda ilə yanaşı, bu məqamların da xüsusi olaraq diqqətə alınması və düzgün qiymətləndirilməsi orta və uzaq perspektivdəki planlamalarda mütləq nəzərə alınmalıdır. Beynəlxalq nəqliyyat dəhlizləri, xüsusən “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin gerçəkləşməsinin çox mürəkkəb gesosiyasi məkanda yer alan Azərbaycanı dünya güclərinin getdikcə kəskinləşən qlobal rəqabətindən qorumağa, yaxud bu proseslərin neqativ təsirini azaltmağa zəminlər yaratdığı da hesaba alınmalıdır. 

Bu baxımdan, əvvəldə qeyd edtiyimiz kimi, Azərbaycan ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin işə salınmasını strateji hədəflər kimi nəzərdən keçirilməli və mühüm rolunun gündəlikdə qalması üçün maksimum səylər göstərməlidir.

 

Zaur İBRAHİMLİ

Strateq.az