XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 04:27

Avropa İttifaqını gözləyən təhlükələr –Britaniya Çörçillə niyə xəyanət etdi? - Təhlil

European union

 

Böyük Britaniyanın Avropa İttifaqından çıxması, şübhəsiz, 21-ci əsrin əvvəllərinin ən mühüm siyasi hadisəsi kimi tarixə düşəcək. Çünki Londonun Avropa İttifaqı ölkələri ilə yollarını ayırması, hər şeydən əvvəl, birləşmiş Avropa ideyasını zərbə altında qoymaqla, tarixin ən böyük və ən uğurlu inteqrasiya layihəsi və modelini təhlükəyə atması ilə diqqət çəkir. Söhbət, obrazlı ifadə etsək, yalnız fiziki və sərhədlər baxımından ayrılmadan getmir. Britaniyalıların bu qərarı eyni zamanda onların ümumavropa ideyasından kənara çəkilməsi anlamındadır ki, bu da ümumilikdə Qərb dünyasında son 50 ilin ən böyük fikir ayrılığı, parçalanması deməkdir. Ciddi təhlilçilər iqtisadi məsələləri bir kənara qoyub, məhz bu məqamlar üzərində düşünürlər.  20-ci əsrin ən böyük nailiyyətlərindən sayılan və bəşər övladının hər zaman öndə tutduğu birgəyaşayış, həmrəylik ideyalarının ən uğurlü təcəssümünə çevrilən,  siyasi, hərbi güc mərkəzi ilə yanaşı, uzun əsrlər boyu bir-biri ilə qanlı müharibələr aparmış xalqların birliyinin rəmzinə çevrilmiş Avropa İttifaqının perspektivləri ilə bağlı artıq ciddi sullar yaranıb.

İqtisadi məsələlərin bir neçə ilə bu və digər dərəcədə həllini tapacağına diqqət çəkən analitiklər Britaniyanı belə taleyüklü qərar verməyə məcbur edən daha dərində gizlənmiş səbəblər barədə düşünməyi vacib hesab edirlər.

Bu birlik modelində ən vacib hansı məsələlər diqqətdən qaçmışdı? Dünənə qədər bu qərarın verilməməsi üçün nələrisə dəyişmək mümkün idimi? Yoxsa dünyada artıq elə bir vəziyyət yetişib ki, bu tipli inteqrasiya modelləri özünü doğrultmur? Bəlkə, yeni inteqrasiya modelləri üzərində düşünmək və yaxud bu cur qlobal ideyalardan imtina etmək lazımdır?

Britaniyanın Avropa İttifaqı sıralarından getməsi bu sualları aktuallaşdırıb və bu məsələlər yalnız artıq qurumda qalan 27 ölkə üçün deyil, onların qonşuları və bütün dünya üçün aktualdır.

 

Avropa İttifaqı niyə və necə yaranmışdı?

 

Avropa İttifaqının yaranması, müqavilələr, bu prosesdə öncüllük etmiş fiqurlar barədə faktlar hər kəsə məlumdur. Yuxarıda qeyd etdiyimiz suallara qismən aydınlıq gətirmək üçün bunlar üzərində dayanmadan, Birləşmiş Avropa ideyasının mahiyyəti ilə bağlı bir neçə məqamı qeyd etmək vacibdir.

Xatıqladaq ki, Birləşmiş Avropa ideyası bütün bəşəriyyəti sarsıdan I Dünya Müharibəsindən sonra xüsusilə aktuallaşdı. Bu müharibədən sonra qlobal müstəvidə koordinasiya funksiyalarına və dünyada böyük müharibələrin önlənməsi üçün preventiv tədbirlər görmək səlahiyyətlərinə malik qurumlar yaradılması ideyasi gündəliyə gəldi. Uğursuz Millətlər Liqası ideyası bu yanaşmanın məhsulu idi. Bu ideya ilə yanaşı, ötən əsrin 20-ci illərində vahid Avropa məkanının yaradılması ilə bağlı təşəbbüslər də yenidən irəli sürüldü. Çünki hələ I Dünya Müharibəsi böyük ölkələrin ambisiyalarının hansı dəhşətlərə səbəb olduğunu nümayiş etdirmişdi və ilk növbədə iqtisadi, mədəni, humanitar məsələlərdə, daha sonra isə siyasi müstəvidə inteqrasiya layihələrinin gerçəkləşməsinin bu cür ambisiyaların qarşısını ala biləcək, rəqabətin əməkdaşlığa çevrilməsinin daha böyük fayda verəcəyinə inandırmaq gücündə olacağına inam yaranmışdı. Bu ideya tərəfdarları inteqrasiya üçün oxşar sosiomədəni dəyərləri, oxşar tarixi keçmişi, çoğrafi və dini amilləri birlik üçün əsas fundament kimi qeyd edirdilər. Lakin ötən əsrin 20-ci illərində bu ideya reallaşa bilmədi, Avropa ölkələrinin buna hazır olmadığı məlum oldu.

II Dünya Mühraibəsindən sonra isə vahid Avropa Evi ideyası yenidən aktuallaşdı və az sonra bu istiqamətdə ilkin addımlar atıldı. Avropa inteqrasiya məsələlərinin araşdırıcıları bunun bir neçə vacib səbəbini qeyd edirlər. II Dünya Müharibəsindən sonra SSRİ-nin Şərqi Avropa ölkələrini nəzarətə götürməsi, Almaniyanın iki yerə parçlanması xarici düşmən amilini qabartdı və nəticədə biləşmək, həm də təhlükəsizlik məsələsinə çevrildi. Qərbi Avropa ölkələri anladılar ki, çox zəif vəziyyətə düşüblər və yenidən dirçəlmək üçün sıx tərəfdaşlıq əsas məsələyə çevrilib.

Eyni zamanda ənənəvi rəqabət və düşmənçiliyin yenidən böyük tənəzzülə səbəb olmaqla yanaşı, SSRİ-nin pəncəsi altında qalmaq perspektivini qaçılmaz edəcəyi göz önünə alındı. NATO çərçivəsində əməkdaşlıq da çox uğurlu təcrübə oldu. Eyni zamanda texnologiyaların və kommunikasiyaların inkişafı əvvəllər inteqrsiya üçün ciddi əngəllərdən sayılan bir çox texniki problemləri həll etməyə imkan verdi. SSRİ-nin – “Şər imperiyası”nın mövcudluğu alternativ ideologiya, azad, müstəqil, demokratik dəyərlər və insan haqlarına hörmət üzərində birlik yaradılması ideologiyasının uğur qazanmasına kömək etdi. “Şər imperiyası”na qarşı mübarizədə demokratiya rəmzinə çevriləcək, xalqların suverenliyini saxlamaqla bir araya gəlməsi ideyası bütün mümkün müqaviməti üstələdi.

Bu işdə ABŞ-ın da xüsusi marağı və rolu qeyd edilməlidir. Prezident Ruzveltdən sonra prezident Trumen və ardıcılları bütün mümkün səylərlə SSRİ-yə qarşı Avropanın birləşməsinə təkan verdilər.

80-ci illərdən sonra isə  iqtisadi sahədə inteqrasiya artıq siyasi müstəviyə keçdi və sonunda dövlət elementlərinə sahib Avropa İttifaqı formalaşa bildi.

Eyni zamanda birləşmiş Avropanın dünyada xüsusi tarixi missiyasının olması ideyası da çox populyarlaşmışdı və birlik tərəfdarlarına əlavə arqumentlər verirdi.

Avropa İttifaqı həm də ona görə uğurlu model sayılırdı ki, birliyə üzv ölkələrin suverenliyi saxlanılmaqla ümumi siyasət formalaşdırılması mexanizmləri yaradılmışdı. Bu mexanizmlər suverenlikdən irəli gələn maraq və ambissiyalarla, birliyin tələb etdiyi kompomisslərə gedilməsini təmin edə bilirdi. Eyni zamanda vahid Avropa dəyərləri, sosiomədəni identiklik, kollektiv məsuliyyət birliyin əsas ideoloji təməlləri kimi vurğulanırdı.

Birləşmədən sonra  Almaniyanın Avropada yenidən şəksiz lider ölkəyə çevrilməsi potensialının yaranması mərkəzdənqaçma ideyalarının meydana gələcəyi qorxusu yaratsa da,  almanlar inteqrasiyaya üstünlük verdiklərini hər fürsətdə nümayiş etdirdilər.

Britaniya isə hər zaman Avropa İttifaqında inteqrasiyanın möhkəmliyi baxımdan zəif bənd sayılırdı və illər öncə ingilislərin “müstəqil və qürurlu ada dövlət” fobiyasının baş qaldıracağı ilə bağlı proqnozlar, nəhayət ki, özünü doğrultdu. İngilislər yenə fərqlənməyə üstünlük verdilər…

 

Britaniyalılar niyə Çörçilə xəyanət etdilər?

 

Cercill

Vahid Avropanın ideya müəlliflərindən və təşviqçilərindən bir kimi, Britaniyanın əfsanəvi lidelərindən olmuş Uinston Çörçilli də xatırlatmaq gərəkdir. 1946-cı ildə Sürixdə məhşur çıxışında Çörçill kommunist rejimini bütün Avropa üçün təhlükə kimi qiymətləndirərək, “Avropa Birləşmiş Ştatları”nın yaradılmasına çağırmışdı. 70 il sonra isə, obrazlı şəkildə ifadə etsək, ingilislər ən böyük həmvətənlərinə xəyanət etdilər…

Britaniyanın Avropa İttifaqından çıxması ətrafında iqtisadi məsələlərlə bağlı yaradılmış hay-küyü bir kənara qoysaq, bu addımın çox ciddi digər səbəbləri var.

İlk növbədə məlum oldu ki, ingilislər  bütün Avropa ilə qitədə baş verənlərlə bağlı kollektiv məsuliyyəti bölüşmək, yükü çəkmək istəmirlər. 

İkincisi, Avropa İttifaqının genişlənməsi və bundan irəli gələn daha çox mərkəzləşmə və Brüsselin əsas idarəetmə hələqəsinə çevrilməsi ada sakinlərini qane etmir. Baxmayaraq ki, Britaniya bir çox məsələlərdə xüsusi imtiyaza malik idi, yaxud Londona bir az ərköyün münasibət sərgilənirdi. Məlum oldu ki, Dumanlı Albionda daha çox mərkəzləşməyə və taleyüklu məsələlərdə kompomiss qərarlar verilməsini həzm edə bilmirlər.

Üçüncüsü, aydınlaşdı ki, Britaniyada vahid Avropa ideyasının xüsusi tarixi missiyaya malik olması ilə bağlı deyilənlərə o qədər də inanmırlar. Ən vacibi isə bundan da irəli gələrək, Avropa İttifaqının perspektivinə inam azalıb.  

Dördüncüsu, ingilislər hesab etdilər ki, indiki mürəkkəb zamanda kompomisslərə söykənən, kollektiv qərarlar verilməsi və kollektiv məsuliyyət götürülməsi onların milli maraqlarına uyğun deyil…

Şübhəsiz ki, Britaniyanın çıxması bu məsələlərlə bağlı Avropa İttifaqının 27 ölkəsi üçün də çox ciddi dillemmalar yaradacaq. Onlar üçün də bu məsələlər yaxın perspektivdə aktuallaşacaq və yeni çağrışlar meydana gətirəcək. Avropa İttifaqında bundan artıq mərkəzləşmənin zəruri və düzgün olub-olmadığı ilə bağlı suallar daha israrla səslənəcək. Avropa İttifaqında qazanc və məsuliyyət, kiçik və böyük ölkələr, iyerarxiya məsələləri gündəliyə gələcək. Millətçi qüvvələr əlavə arqumentlər və dəstək əldə edəcəklər. Kiçik ölkələrdə isə böyük ölkələrin kritik anlarda onları atıb gedəcəyi ilə bağlı hər zaman mövcud olan qorxular yenidən gündəliyə gələcək.

Yəqin ki, Avropa İttifaqının gələcəyi də elə bu yeni çağrışlara nə dərəcədə adekvat cavab verilməsindən asılı olacaq.

Doğrudur, Britaniyanın getməsinə baxmayaraq, vahid Avropa ideyası, hələ də cazibadarlığını qoruyur və fəlakət ssenarilərinin reallaşmasını lap tezlikdə gözləməyə dəyməz. Ancaq Londondan verilən mesaj, şübhəsiz ki, Avropa İttifaqında ciddi islahatlara yol açacaq.

Avropa İttifaqının qonşuları da bu dəyişiklikləri hiss edəcəklər. 

Çox böyük ehtimalla genişlənmə, yaxud yaxın qonşuluqla bağlı planlara ciddi dəyişiklik ediləcək. Brüssel bu məsələlərdə ehtiyatlı mövqe tutacaq. Avropa İttifaqında özünəqapanma meyilləri is daha da güclənəcək. Avropa İttifaqı daha çox ikitərəfli münasibətlərə üstünlük verəcək. Avropa İttifaqı ilə Assosiativ Saziş imzalamış MDB ölkələri (Ukrayna, Moldova, Gürcüstan) bu dəyişiklikləri tez bir zamanda hiss edəcəklər. Güman etmək olar ki, bu ölkələrlə münasibətlərdə Brüsseldə daha ehtiyatlı mövqe tutacaqlar və çətin ki, əvvəlki entuziazmı müşahidə edəcəyik.

Britaniyanın Avropa İttifaqından ayrılması dünyanın da yeni mərhələyə qədəm qoymasının ilk mühüm işarələrindən biri sayıla bilər. Dünyada parçalanmalar, qopmalar artıq aparıcı trendə çevrilib. Bu isə öz növbəsində dünya nizamının kökündən dəyişməsi və xaotik proseslərin daha geniş arealı əhatə edəcəyinin xəbərçisidir. Hətta uzun müddət aksioma kimi qəbul olunan inteqrasiya ideyaları da puça çıxır. Məlum olur ki, çox möhkəm iqtisadi əlaqələrin siyasi inteqrasiyanı təmin edə biləcəyi ilə bağlı gözləntilər artıq özünü doğrultmur. Necə ki, Rusiya və Türkiyə ilə bağlı məsələlərdə bu, bir daha nümayiş olundu…

Bir sözlə, dünya daha mürəkkəb, ziddiyətli və proqnozlaşdırıla bilməyən yeni mərhələyə qədəm qoymaqdadır…

Britaniyanın Avropa Birliyindən ayrılması isə bunun çox aydın mesajı oldu. İngilislər yenə öz adalarına çəkilməyi seçirlər. Bu isə çox şeydən xəbər verir…

 

Zaur İBRAHİMLİ

Strateq.az