XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 14:17

“Brexit”in altında yatan gizlinlər:Ya qiyamət, ya da daha möhkəm bufer zona...

brexit-88

İngiltərədə keçirilən referendumun nəticələri Avropa Birliyindən ayrılmaq yönündə oldu. Vətəndaşların 52%-ə yaxını ayrılığa səs verdi.

Bununla belə, ölkənin ayrılıb-ayrılmayacağı da tam bəlli deyil. Lissabon sammitində imzalanan sazişin 50-ci maddəsinə görə, AB-dən ayrılmaq istəyən üzvlərin bu arzusu ittifaqın müvafiq qurumlarıyla 2 il müddətində müzakirəyə çıxarılmalıdır və ayrılıq səbəbi ortadan qalxmayacağı təqdirdə, “boşanma” qərarı təsdiqlənməlidir. AB-nin əlində isə İngiltərəni bu istəyindən daşındıracaq vasitələr var.

Ən başlıca vasitələrdən biri ayrılıq yolunu tutan İngiltərənin bu qərardan sonra beynəlxalq qurumlarla münasibətlərini necə davam etdirəcəyi problemidir. Xüsuslə Dünya Ticarət Təşkilatına (DTT) üzvlük məsələsində London ciddi problemlər yaşaya bilər. Nədən ki, İngiltərənin iş dünyası AB-dən ayrıldıqdan sonra öz fəaliyyətini bu təşkilat çərçivəsində davam etdirməlidir. Amma İngiltərə bu təşkilata AB-nin çətiri altında girib və AB liderləri birgə bağladıqları müqavilənin “bir hissəsinin kəsib kopyalanmasına” icazə vermək niyyətində deyillər. Bu, AB Komissiyasının sədri Jan Klod Yunkerin "tərk edənlərə nəzakətlə davranılmayacaq" sözlərində də öz əksini tapıb.

 Dolayısıyla İngiltərənin DTT-ə yenidən müraciəti və tamamilə başqa qaydalar əsasında yoluna davam etməsi lazımdır. Bu isə xeyli müzakirələrə və zaman itkisinə səbəb ola bilər.

Londonu referendumun nəticələrini həyata keçirməkdən yayındıracaq başqa səbəblər də var. Hətta DTT-yə üzvlükdən belə daha vacib məsələ referendum qərarından sonra İngiltərə toplumunun daxildən parçalanma perspektividir.

İki il bundan əvvəl İngiltərənin tərkibində qalıb-qalmamaq üçün referenduma gedən şotlandlar Avropa Birliyində təmsilçilik xətrinə ingilislərlə birgəliyi davam etdirməyə qərar vermişdilər. Şotlandiyanın AB məhəbbəti son referendumda da öz sözünü dedi. AB-də qalmaqdan yana olan Böyük Britaniya subyektləri arasında Şotlandiya digərlərindən daha çox önə çıxdı və ölkə vətəndaşlarının böyük əksəriyyəti ayrılığa “yox” dedi.

Faktiki olaraq şotland xalqının iradəsinin əleyhinə nəticələnən son referendum Şotlandiyada yenidən Böyük Britaniyadan ayrılmaq ritorikasını gündəmə gətirib. Yerli hakimiyyətin baş naziri Nikola Sturgeon təmsilçisi olduğu xalqın gələcəyini Avropa Birliyində gördüyünü açıq elan etdi və yenidən müstəqillik referendumuna gedə biləcəklərini dilə gətirdi. Qeyd edək ki, 2014-cü ildəki referendumdan fərqli olaraq, keçirilməsi gözlənilən növbəti xalq səsverməsində şotlandların böyük əksəriyyətinin ayrılığı seçmək ehtimalı yüksəkdir. Nədən ki, Nikola xanımın dediyi kimi, həqiqətən də bu ölkənin böyük əksəiyyəti öz taleyini AB-də görür. Son referendumun nəticələrində də bu öz əksini tapmışdı. Məlumata görə, şotlandların 62%-i AB-də qalmağa səs verib.

 Səsvermədə “yox” deyən təkcə şotlandlar da olmadı. Şimali İrlandiya və London əhalisi də şotlandlarla eyni mövqeyi bölüşürlər. Səsvermənin nəticələrinə görə, londonluların  və irlandiyalıların 60%-ə yaxını AB-də qalmağı tərcih edib. Maraqlıdır ki, hər iki bölgənin yerli idarəçiləri referendumun indiki nəticələrini İngiltərədən ayrılıq səbəbi kimi qəbul edirlər.

Referendumdan əvvəl paytaxtın bir sıra elm xadimləri və ziyalıları səsvermədə AB-yə “yox” nəticəsi ortaya çıxarsa, Londonun da Şotlandiya və İrlandiya kimi Böyük Britaniya krallığından ayrılma qərarını ala biləcəyini önə sürürdülər. “London School of Economics At (LSE)”-ın professoru Toni Travers bu ayrılıq tərəfdarlarının başında gəlirdi. Professorun fikrincə, bir halda ki, Londan istər əhali, istərsə də iqtisadi güc baxımından həm Şotlandiyadan, həm də İrlandiyadan daha yüksək göstəricilərə sahibdirsə, niyə digər subyektlərlə eyni haqqa malik olmasın? 

İngiltərənin bank araşdırma qurumu KBL-in strateji məsələlər üzrə bölüm rəhbəri olan Kevin Doran da bu ehtimalı mümkün hesab edənlərdəndir. O, 2014-cü ildə Şotlandiyada müstəqillik referenduma keçiriləndə həmin fikrini ortaya atmışdı. Kevin Doran bildirmişdi ki, hətta referendumların nəticəsindən asılı olmayaraq, Böyük Britaniya Krallığı bölünməyə və Londonu itirməyə məhkumdur: "Uzağı, 20-30 il içində londonlular İngiltərədən ayrılmaq barədə referenduma gedəcəklər".

Londonun bu addımı atıb-atmayacağı gələcəyin işi olsa da, son referendumdan sonra Şimali İrlandiyadan ayrılıq mesajları aydın şəkildə eşidilirdi. Artıq bu bölgədə fəaliyyət göstərən bir sıra partiyalar İrlandiyaya birləşmək barədə məsələ qaldırıblar.

Göründüyü kimi, İngiltərənin AB-dən ayrılma qərarı onun özünü parçalaya bilər. Böyük Britaniyanın bu prosesin qarşısını zorakı üsullarla almaq şansı isə yox səviyyəsindədir. Çünki ölkənin bütün kəsimlərində AB-də qalmaq və qalmamaq məsələsi ciddi müzakirə mövzusuna çevrilib, xüsusilə gənclər arasında avropalı kimi qalmaq təmayülləri aydın sezilir. Aparılan rəy yoxlamalarına əsasən, gənclərin ən azı 3/2-si birlikdən yanadır. Belə çıxır ki, İngiltərənin AB-dən ayrılmasına əsasən qocalar qərar verib. Qocalıq müavinətlərinin bol olması xətrinə verilən bu qərar gənclərin dünyaya daha rahat açılmasının qarşısında əngələ çevrilir və bu da, təbii ki, ölkədə sosial parçalanmanı sürətləndirir. Deməli, İngiltərənin separatizmə yuvarlanan vətəndaşlarını zorakı yolla əldə saxlamaq cəhdi daha ciddi parçalanmalara yol aça, prosesin bütün ölkəyə yayılmasını tətikləyə bilər.

Görünür, elə bu səbəbdən də İngiltərənin indiki hakimiyyəti xeyli məsuliyyət tələb edən bu qərarın altına imza qoymaq niyyətində deyil. Millət vəkillərinin və partiyasının bütün israrlarına rəğmən, İngiltərə baş naziri David Kameron istefa verərək, qucağındakı atəş topunu yeni qurulacaq kabinenin üstünə atdı. Yeni hökumət, yəqin ki, ittifaqa qarşı olan partiyalardan təşəkkül tapacaq və ayrılıq qərarını AB yetkililərinə təqdim edəcəklər.

Zənnimizcə, müxalifətindən tutmuş, iqtidarına qədər İngiltərənin bütün siyasi qurum və təşkilatları son referendumun nəticələrinin xeyrini də, şərini də düzgün hesablaya bilirlər. Odur ki, bu gün hakimiyyətə gəlmək naminə siyasi manevr edənlərin gələcəkdə eyni mövqeni davam etdirib-etdirməyəcəklərini proqnozlaşdırmaq asan deyil. Amma böyük ehtimalla, İngiltərə siyasi iradəsi həqiqətən ayrılıq üçün yox, sadəcə AB-dən daha artıq güzəşt qoparmaq üçün ayrılığa səs verməyi məsləhət görüb.

Məsələ burasındadır ki, ingilislərin ayrılması öz dövlətləri kimi, AB-yə də ciddi zərbə vura bilər. “Bu zərbə əsasən hansı sahələrdə ola bilər” sualı ətrafında xeyli danışıldığından biz görünən dağa lüzumsuz bələdçilik etmək istəmirik. Sadəcə, ehtimallardan bəzilərini maddələr halında sadalamağa üstünlük veririk:

1. İngiltərənin AB-dən ayrılma qərarı, ilk növbədə, “qoca qitə”nin iqtisadiyyatına mənfi təsir göstərəcək. AB ölkələri arasında asanlaşdırılmış tranzit şərtləri ortadan qalxacaq, vahid maliyyə siyasəti iflasa uğrayacaq. Bu da öz növbəsində avro və milli valyutaların dəyərdən düşməsinə yol açacaq.

2. AB-dən ayrılma qərarı neft məhsullarının qiymətinə də mənfi təsir göstərəcək ki, bundan daha çox Yaxın Şərq və post-sovet məkanları əziyyət çəkəcək. Referendumdan dərhal sonra “Brent” markalı neftin, hardasa, 6%-dən çox ucuzlaşması artıq baş verib və prosesin Azərbaycan iqtisadiyyatının da daha da zəifləməsinə yol açacağı gözlənilir.

3. İngiltərənin bu addımının domino effektilə bütün Avropaya yayılma ehtimalı da istisna olunumur. Referendumdan sonra Fransa və Hollandada bir sıra müxalif qüvvələr eyni tipli səsvermənin onlarda da keçirilməsini tələb edir. Təsadüfi deyil ki, İngiltərədəki səsvermədən əvvəl Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştanmayer AB-dən ayrılma qərarı çıxarsa, AB-nin dağıla biləcəyini açıq şəkildə bəyan etmişdi. Onun fransalı həmkarı Jean-Mark Ayrault da eyni həssasiyyəti bölüşmüş və Avropa xalqlarını ittifaq ölkələrini bir-birinə düşürəcək millətçi axımlardan qaçmağa səsləmişdi.

4. Avropa Birliyində ayrılıq tendensiyasının yayılması qitənin şərq ölkələrini istər-istəməz çətin vəziyyətə salacaq. Hətta bu ölkələrin yenidən Rusiyanın qucağına düşməsi ehtimalı var. Bir sözlə, ingilis siyasəti, ilk baxışdan Rusiyanın xeyrinə işlədi.

ABŞ-Rusiya arasındakı ziddiyyətlərin nəticəsində “köhnə dostla” düşmən olan bu ölkələrin beynəlxalq çəkişmələrdə yalnız buraxılması, sözsüz ki, Rusiyanın gücləndirilməsi deməkdir. Odur ki, Brexitin ABŞ-la strateji müttəfiq olan Böyük Britaniyadan başlanması bu yazı müəllifinə “blef” kimi görünür. Referendumdan əvvəl ən şiddətli ayrılıq tərəfdarı kimi çıxış edən ingilis deputatlarından birinin öldürülməsi də irəli sürdüyümüz ehtimalı qüvvətləndirir. Zira o hadisədən sonra ayrılıq tərəfdarların mövqeyi qüvvətlənmiş, nəticədə qələbə qazana bilmişdilər. Fikrimizcə, bütün bunların hamısı indiki nəticəyə nail olmaq üçün şüurlu şəkildə planlaşdırılmış, bir növ ictimai rəy qəsdən ayrılıqdan yana formalaşdırılmışdır.

dogu Avropa

Elədirsə, sual oluna bilər: Əslində özünün bütövlüyünü də təhdid edən "Brexit" referendumu İngiltərəyə niyə lazım idi. Londan bu tərs addımı atmaqla nəyə nail olmaq istəyir?

Fikrimizcə, əsas məqsədlərdən biri İngiltərəni AB-nin bir çox qərarlarından yayındırmaq idi. Bu qərarlar arasında daha az iş saatı və istirahətə daha geniş vaxt ayırmaq kimi sosial məsələlər də var. Amma ən başlıca məsələ Yaxın Şərqdən Avropaya axışan qaçqınları harada yerləşdirmək problemidir. Referendum öncəsi debatlarda bu məsələ açıq şəkildə ortaya çıxarılmış və hətta Türkiyənin belə AB-yə girmək ehtimalı ciddi təhdid kimi vurğulanmışdı.

Bildiyimiz kimi, AB Yaxın Şərqdən gələn qaçqınları müxtəlif ölkələrdə yerləşdirmək üçün kvotalar ayırır. Bu kvotaya ən çox qarşı çıxan isə Şərqi Avropa ölkələridir. Avropa Birliyinə girərkən, iqtisadi inkişaf hədəflərini qarşıya qoyan şərqlilər qitənin “çağrılmamış qonaqlarına” öz qoyunlarında yer vermək istəmirlər. Başqa sözlə desək, “ortada yeyib, gendə gəzməyə” üstünlük verirlər. Bir çox Avropa ölkələri kimi, İngiltərə də şərqlilərin bu “çoxbilmişliyindən” xoşlanmırlar. Əksinə Qərbi Avropa ölkələri qocalmış və iş qabiliyyətini itirmiş əhalisini Şərqi avropalılar hesabına kompensasiya etmək istəyir. Yaxın Şərqdən gələn müsəlmanları isə Qərbə köç nəticəsində boşalan Şərqi Avropaya yerləşdirməyi daha münasib hesab edirlər. Bu, həm də bölgədə rus “yumşaq gücünün” zəifləməsi, perspektiv planda daha davamiyyətli bufer zona yaratmaq deməkdir.

Nədən ki, əsasən slavyanlardan və uzun illər rus işğalında yaşayan əhalidən formalaşan Balkanların bir müddətdən sonra umduğunu tapa bilməyən Qərbdən üz döndərib Moskvaya yönəlmək ehtimalı hər zaman Avropanı qorxudur. Müsəlmanlaşmış Balkan yarımadası isə onları yerindən-yurdundan didərgin salan Rusiyanı əsla bağışlamazlar. Hətta lazım gələrsə, onunla vuruşmaq naminə bütün riskləri göz önünə alarlar.

Kim bilir, bəlkə də ingilislər Şərqi Avropa xalqlarına bu niyyətlərini qəbul etdirmək üçün "Brexit" referendumuna getdi. Əks halda, onlara oturduqları budağın kəsilə biləcəyi mesajını verdi. Əgər belədirsə, bu mesaj həqiqətən də imtinası mümkün olmayacaq qədər ciddi və güclü xəbərdarlıqdır.

Heydər Oğuz

Strateq.az