XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 10:38

Məşhur maliyyəçi Soros da “Brexit”dən yazdı:"Bütün dünya üzrə maliyyə bazarlarında sabitsizlik saxlanacaq"

soros

Corc Soros

Project Syndicate (ABŞ), 26.06.2016

 

Məncə, Böyük Britaniyanın Avropa Birliyi ilə sazişi mümkün olanlardan ən yaxşısı idi, çünki milli valyutanı saxlamaqla Avropa Birliyinin tələblərini yerinə yetirməkdə bir sıra başqa güzəşətlər əldə edərək ümumi bazarın üzvü oldu. Bununla belə, bu, Birləşmiş Krallıq elektoratının ölkənin Avropa Birliyinin tərkibində qalmağına səs verməsi üçün yetərsiz göründü. Nə üçün?

Bu sualın cavabını “Brexit” üzrə referendumadək bir neçə ay ərzində müntəzəm keçirilmiş ictimai rəy sorğularının nəticələrində tapmaq olar. Avropa mühacir böhranı və “Brexit” ətrafında mübahisələr bir-birinə züy tutdu. AB-dən çıxmaq tərəfdarları qaçqınlarla bağlı durumun pisləşməyindən istifadə etdilər. Kaledə toplaşmış və mümkün istənilən üsulla Böyük Britaniyaya keçməyə can atan minlərlə qaçqının obrazı Avropa Birliyinin digər üzv ölkələrindən mühacirlərin “nəzarətsiz” axını ilə qorxutmaqdan ötrü əsas rəmzə çevrildi.

Avropa rəsmiləri Britaniya referendumunun nəticələrinə mənfi təsirindən yayınmaq üçün isə mühacir siyasətinə dair qərar qəbulu anını təxirə saldı və bu qayda ilə insanların şüurunda Kaledəki kimi hərc-mərclik səhnələrini möhkəmləndirdi. Almaniya kansleri Angela Merkelin ölkə qapılarını qaçqınların üzünə açmaq qərarı yetərincə təsirli jest oldu, lakin sonadək düşünülməmişdi, çünki cazibə amili nəzərə alınmamışdı. Qəfil qaçqın axını bütün Avropa Birliyi üzrə adət olunmuş həyat tərzini məhv etdi. Hətta uyğun nəzarət tədbirlərinin yoxluğu hamıya – yerli əhali, ictimai təhlükəsizliyə sorumlu hökumət və qaçqınların özünə toxunan çaxnaşma törətdi.

Bu, ölkənin AB-dən çıxması kampaniyasına başçılıq edən Birləşmiş Krallığın müstəqilliyi partiyası kimi ksenofob və antiavropa partiyalarının sürətli yüksəlişi üçün əlverişli şərait yaratdı. Çünki milli hökumətlər və Avropa institutları böhranın öhdəsindən gəlməkdə bacarıqsız çıxdı.

Çoxlarının qorxduğu fəlakətli ssenari Avropa Birliyinin dağılmasını praktik olaraq dönməz edərək indi maddiləşib. Son nəticədə Böyük Britaniyaya AB-siz nisbətən yaxşı və ola bilsin, daha pis ola bilər, lakin iqtisadiyyatı və vətəndaşları qısa və ortamüddətli perspektivdə ciddi çətinliklərlə çarpışmalı olacaq. Funt-sterlinq səsvermədən dərhal sonra son otuz ildə ən aşağı səviyyəyə çökdü və Avropa Birliyi ilə siyasi və iqtisadi “boşanma” üzrə uzun və mürəkkəb danışıqlar prosesi davam edincə, çox güman ki, bütün dünya üzrə maliyyə bazarlarında sabitsizlik saxlanacaq. Gerçək iqtisadiyyat üçün çıxmağın nəticələrini yalnız 2007-2008-ci illərin maliyyə böhranı ilə tutuşdurmaq olar.

Şübhəsiz, bu proses daha böyük sabitsizlik və siyasi risklərlə doludur, çünki təkcə Böyük Britaniya üçün hansısa gerçək və ya xəyali səmərə deyil, həm də Avropa layihəsinin varlığının özü riskə qoyulur. “Brexit” başqa ölkələrdə də antiavropa gücləri üçün şlüzləri açacaq. Birləşmiş Krallıqda referendumun nəticələri elan edilən kimi Fransanın “Milli Cəbhə” partiyası bir səslə “Frexit”ə, holland populist Gert Vilders isə “Nekxit”ə çağırdı.

Hətta Birləşmiş Krallıq da “Brexit”dən sonra yaşamaya bilər. Seçicilərin əksəriyyətinin Avropa Birliyinin tərkibində qalmağa səs verdiyi Şotlandiya yenidən müstəqillik qazanmağa cəhdlər edə bilər, “Qalmaq” kampaniyasını səs əksəriyyəti ilə dəstəkləmiş Şimali İrlandiyanın bəzi məmurları isə artıq İrlandiya ilə birləşmək çağırışları ilə çıxış ediblər.

Avropa Birliyinin “Brexit”ə reaksiyası da Avropa məmurları tərəfdən ciddi səhvlərə dönüşə bilər. Avropa liderləri digər üzvlərin birliyi tərk etmək cəhdlərini cilovlamaq səylərində Birləşmiş Krallığa ayrılmağın mənfi nəticələrini yumşalda biləcək bu cür şərtlər təklif etməyə bilər – bu xüsusən də Avropa Birliyinin vahid bazarına çıxışa aiddir. Böyük Britaniyanın ticarət dövriyyəsinin yarısı Avropa Birliyinin payına düşdüyündən “boşanma”nın nəticələri Britaniya ixracatçıları üçün dağıdıcı ola bilər. Nəzərə alınsa ki, maliyyə institutları ən yaxın illərdə öz əməliyyat və əməkdaşlarını avrozonaya keçirəcək, London Sitisi (və London daşınmaz əmlak bazarı da) ciddi çətinliklərlə üzləşəcək.

Lakin Avropa üçün nəticələr lap pis çıxa bilər. AB üzvləri arasında təkcə qaçqınlarla bağlı durum üzündən deyil, həm də avrozonadakı kreditor ölkələrlə borclu dövlətlər arasındakı müstəsna gərginliyə görə çəkişmələr son həddə çatıb. Bu arada isə zəifləmiş Fransa və Almaniyanın liderləri diqqətini yalnız daxili problemlərə cəmləşdirib. Referendumun nəticələri elan edilən kimi, İtaliya fond bazarının 10% iflası bu ölkənin irimiqyaslı bank böhranı qarşısında zəifliyini əyani şəkildə nümayiş etdirdi. Nəticədə “Beş ulduz hərəkatı” artıq növbət ildə tam şəkildə hakimiyyətə gələ bilər.  

Cari hadisələr avrozonanın islahatı üzrə proqrama mənfi təsir edəcək. İslahat birbaşa bank birliyinin yaradılması, maliyyə ittifaqının məhdudlaşdırılması və demokratik məsuliyyətin daha effektli mexanizmlərini ehtiva etməli idi. Və zaman hazırda AB-nin tərəfində deyil, çünki nifaqlardan öz maraqları üçün yararlanmağa cəhd edən Türkiyə və Rusiya kimi dövlətlər tərəfdən basqılar AB daxilindəki siyasi problemləri yalnız ağırlaşdırır.

Bu gün məhz bu vəziyyətə düşmüşük. Böyük Britaniya daxil olmaqla AB-nin bütün ölkələri ümumi bazarın itirilməsi və AB-nin müdafiə etməli olduğu ümumi dəyərləri itirməkdən əziyyət çəkir. Bununla belə, Avropa Birliyi həqiqətən də məğlubiyyətə uğradı və vətəndaşlarının ehtiyac və niyyətlərini ödəyə bilmədi. O, hazırda Avropa Birliyinin heç vaxt mövcud olmadığı halda necə ola biləcəyi durumla müqayisədə Avropanı daha çətin vəzyyətə salacaq nizamsız dezinteqrasiya yönündə hərəkət edir.

Lakin biz təslim olmamalıyıq. Şübhəsiz ki, Avropa Birliyi qüsursuz struktur deyil. “Brexit”dən sonra Avropa Birliyinin dəstəkləməyə borclu olduğu dəyər və prinsiplərə inananların hamısı birləşməlidir ki, rekonstruksiya yoluyla onu xilas etsin. Əminəm ki, adamlar ən yaxın həftələrdə və aylarda “Brexit”in nəticələrini əyani şəkildə görərkən, sıralarımız durmadan artmağa başlayacaq.

 

Tərcümə Strateq.az-ındır.