XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 17:05

Çin Mərkəzi Asiyada –Pekin "Bir zolaq və bir yol"la sürətlə irəliləyir - Təhlil (I məqalə)

ipekyolu-esas

EurasiaNet.org Çinlə keçmiş SSRİ-nin Mərkəzi Asiya respublikaları arasındakı münasibətlər haqda silsilə məqalələrin dərcinə başlayıb. Bu silsilənin ilk materialı Rafaello Pantuççinin ÇXR-in bölgədəki rolu barədə məqaləsidir. Xatırladaq ki, Rafaello Pantuççi "Royal United Services Institute"nun beynəlxalq təhlükəsizlik məsələlərinin araşdırılması üzrə şöbəsinin direktoru və "China in Central Asia" bloqunun həmredaktorudur.

Aşağıda həmin məqaləni Strateq.az oxucularına təqdim edirik:

 

Çinin Mərkəzi Asiyada rolunun artması yeni minillikdə bölgəsəl geopolitkada ən irimiqyaslı tendensiyalardan biridir. ÇXR prezidenti Si Szinpin 2013-cü ilin sentyabrında Astanadakı çıxışı zamanı “Bir zolaq və bir yol” təşəbbüsünü – administrasiyasının ən görkəmli xarici siyasət layihəsini təqdim edərkən, Çin bölgədə mühüm oyunçu olmaq niyyətini elan edib. Lakin bu proqramın varlığına baxmayaraq, Çinin Mərkəzi Asiyaya münasibətdə dəqiq planının olub-olmadığı qeyri-müəyyən qalır. Pekinin bölgədə rolu artmaqda davam edir, lakin yeni qazanılmış təsirin istifadəsi üzrə mükəmməl strategiya gözə dəymir.  

Çinin bölgədə nüfuzunun genişləndiyi haqda söz-söhbət yenilik deyil. Səmalar ölkəsinin Mərkəz Asiyada güclənən rolunun əlamətləri müşahidə olunur. Yerli bazarlar Çin malları ilə doludur, infrastrukturları, əsasən, Çin kreditləri ilə Çin firmaları inşa edir, yüksəkçinli simaların səfərlərinin adınca isə – Çindən bölgəyə və əksinə – böyük sövdələşmələr haqda açıqlamalar gəlir.

Bundan başqa, ÇXR təhlükəsizlik sahəsində getdikcə daha önəmli rol oynayır. Bununla belə, bölgədə özünü ehtiyatlı, hətta qətiyyətsiz aparır və Rusiyanın Mərkəz Asiyadakı birinci dərəcəli rolu haqda açıqlamaları davam etdirir.

Pekin həmçinin yerli iqtisadi və siyasi çəkişmələrə qarışmamağa çalışır. Bu cür çəkişmələrə son misal hökumətin torpağı əcnəbilərə daha uzun müddətə icarəyə verməyə imkan yaradan qanunvericiliyə dəyişikliklər etməyi xüsusunda vətəndaşların qıcıq verməyə başladığı Qazaxıstandakı etirazlar oldu. İnsanların narahatlığı birinci növbədə bununla izah olunur ki, Çin firmaları Qazaxıstan torpaqlarının daha böyük qismini icarəyə götürməkdən ötrü yeni qanunvericilikdən istifadə edə bilər.

Bu cür problemlər əvvəllər də, xüsusən prezident Nursultan Nazarbayevin torpaqların Çinə icarəyə verilməsi haqda 2009-cu il açıqlamasından sonra meydana çıxıb. Çin və Tacikistandakı senzura bununla bağlı KİV-də 2011-ci ildəki oxşar Pekin-Düşənbə sövdələşməsi haqda xatırlatmaları pozur.

Bundan başqa, korrupsiya qalmaqalları vaxtı Çin bəzən diqqət  mərkəzində görünür. Qırğızıstanın bu yaxınlarda vəzifədən götürülmüş baş naziri Temir Sariyev Çinin "Longhai" şirkətinə verilmiş yol çəkilişinin müqaviləsi çərçivəsində rüşvətxorluqda ittiham edilərək vəzifəsini tərk etdi. Oxşar şübhələr digər ölkələrdə də dilə gətirilir, amma, adətən, konkret təfərrüatlar səsləndirilmir.

Üstəlik, Çin bölgədə təhlükəsizlik problemi ilə üzləşib. Xırda cinayətkarlar Çin iş adamlarını sadəlövh və asan qənimət sayaraq onları təngə gətirir. Pekin hökumət səviyyəsində isə, hesab edildiyi kimi, Mərkəzi Asiyada fəaliyyət göstərən terrorçu qruplaşma və şəbəkələr haqda narahatlığını ifadə etməkdədir.

Çin üçün ən böyük problem onun haqında formalaşmış müəyyən baxışlardır. Mərkəzi Asiyada xüsusən də ekspert və məmurlar arasında fikir möhkəmlənib ki, ÇXR yatırımlarının arxasında hansısa gizli niyyətlər durur. Bu cür şübhə bu əminliklə möhkəmlənir ki, bölgə Çini ancaq təbii ehtiyatlar qaynağı və yaxud daha əlverişli bazarlara çıxış imkanı olan tranzit ərazi kimi maraqlandırır.

Çin belə imic probleminin varlığını bilərək bunu həll etməyə çalışır. ÇXR xarici işlər naziri Van İ Qırğızıstana may səfəri zamanı Çin zavodlarının bu respublikaya mümkün köçürülməyi haqda qırğız həmkarı ilə danışıqlar apardı.

Bundan başqa, "Huawei" və "ZTE" telekommunikasiya şirkətləri Özbəkistanda yığma istehsalat açıb, "Xuzhou Construction Machinery Group" (XCMG) firması isə “Bir zolaq və bir yol” təşəbbüsünün himayəsi altında irmiqyaslı inşaat çərçivəsində eyni addımı atmaq niyyətindədir.

Qazaxıstanda hökumət ümidini itirmir ki, “Xorqos” SBƏM-də (sərhədyanı beynəlxalq əməkdaşlıq mərkəzi-tərc.) və başqa yerlərdə açılmış özəl iqtisadi zonalar Çin malları üçün tranzit məntəqələrindən iri istehsalat mərkəzlərinə çevriləcək.  

Çin həmçinin bölgədən enerji daşıyıcılarının ən böyük idxalatçısı olaraq qalır. Düzdür, Türkmənistanın ötən il aydınlaşdırdığı kimi, Çinin istehlak etdiyi qazın həcmi sonsuz deyil.

Hazırda bütün diqqət Transəfqanıstan TƏPH layihəsinə yönəlsə də, getdikcə daha çox əlamətlər üzə çıxır ki, Türkmənistandan ÇXR-ə yeni qaz kəmərlərinin inşası hələlik dondurulub. Həm də Çin bazarından artan asılılıq və Rusiya iqtisadiyyatının kəskin çöküşü Mərkəzi Asiya hökumətlərini narahat edir.

Çinin Mərkəzi Asiyada əsas fəaliyyət mühərriki “Bir zolaq və bir yol” təşəbbüsü olaraq qalır. Çin xarici işlər naziri Bişkekə bu yaxındakı səfərində bu proqramın Pekin üçün nə qədər ciddi prioritet olduğunu vurğulayaraq bildirdi ki, Çin “ŞƏT-i “İpək yolunun iqtisadi zolağı” layihəsinin Avrasiya iqtisadi birliyi ilə calaşmasının sürətləndirilməyi üçün platforma kimi” görmək istəyir. “İpək yolunun iqtisadi zolağı” – “Bir zolaq və bir yol” təşəbüsünün lokal hissəsi – əlaqələrin genişlənməyi, bölgəsəl inkişaf və yatırımları ehtiva edən əhatəli konsepsiyadır. Təəssürat yaranır ki, Çin bu layihə çərçivəsində bölgə ilə əməkdaşlığı daha da genişləndirəcək.

Bu fakt Mərkəzi Asiya üçün potensial olaraq həm plyus, həm də minusları daşıyır. “İpək yolunun iqtisadi zolağı” və “Bir zolaq və bir yol” təşəbbüsünün şəxsən Si Szinpin üçün əhəmiyyəti nəzər alınmaqla bölgə bundan sonra da ÇXR tərəfdən diqqətə güvənə bilər. Lakin Mərkəzi Asiyanın bu şansdan istifadə edib, edə bilməyəcəyi və əməkdaşlıqdan tranzit rüsumlarından daha böyük şey qazanıb-qazanmayacağı qeyri-müəyyən qalır. Aydındır ki, Çin hesab edir ki, onun səs hüququ var və bəzən bundan istifadə etmək istəyir – ÇXR vətəndaşlarının viza alarkən üzləşdiyi çətinliklərə görə Çinin özündən çıxmış Qazaxıstan səfiri ilə bağlı məsələdə olduğu kimi. Lakin Çinin uzunmüddətli perspektivdə bölgə ilə münasibətləri necə gördüyü hələlik tam aydın deyil.

Çinlə əməkdaşlıqdan səmərənin maksimallaşdırılması üçün Pekinə nə dərəcədə təsir edə bilmək Mərkəzi Asiya hökumətləri üçün açıq məsələdir. Mərkəzi Asiya liderləri həm də istəyərdilər ki, Çin bölgənin təhlükəsizlik məsələlərinin həllində daha fəal iştirak etsin. Bölgənin Pekinin ideoloji prioriteti “İpək yolunun iqtsadi zolağı”nda ilk dayanacaq olduğu nəzərə alınsa, şübhəsiz, Mərkəz Asiya bundan sonra da ÇXR-in xarici siyasət fəaliyyətində iştirak edəcək. Lakin bu əməkdaşlığın uzunmüddətli bəhrəsinin necə olacağını zaman göstərəcək.

 

 

Tərcümə Strateq.az-ındır.

 

 

 




Yuxarı Əvvələ Ana Səhifə