XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 16:02

İran-ABŞ əlaqələrində bilinməyənlər:Üzdə düşmən, arxada müttəfiq iki ölkə

ABD Iran

“İran olmasaydı, amerikalılar Əfqanıstana girə bilməzdilər. Onlar Əfqanıstana girmə fürsətini ələ keçirənə qədər bizimlə keçirdikləri görüşlərdən faydalandılar, ancaq məqsədlərinə çatan kimi də İranı “şər üçbucağı”nın ölkələrindən biri elan etdilər. "

Strateq.az xəbər verir ki, indiyə qədər bilinən bir çox əzbərləri pozacaq bu etiraf İranın dini lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayətinin dilindən səslənib.

Ölkənin yüksək tirajlı qəzetlərindən birinə müsahibəsində Vilayəti keçmişdə İraq və Əfqanıstanla bağlı bir çox mövzularda ABŞ ilə əməkdaşlıq etdiklərini bildirib. Tehranın daha əvvəl ABŞ-la bir neçə dəfə danışıqlar apardığını qeyd edən Vilayəti, ABŞ-ın müzakirələrdə əldə edilən razılığın əksinə hərəkət etdiyini də gizlətməyib.

Vшlayəti İranın ABŞ-la ilk dəfə Əfqanıstan mövzusunda müzakirələr apardığını bildirərək, etiraf edib ki, ölkəsi bu danışıqları Birləşmiş Millətlər Təşkilatının (BMT) bayrağı altında Talibanla ortaq mübarizə məqsədilə aparıb: “Danışıqlar sırasında təmsilçimiz də o dövrdə BMT-dəki daimi nümayəndəmiz (İranın indiki xarici işlər naziri – red.) Məhəmməd Cavad Zarif idi. O vaxt biz Pencşir vadisində Talibana qarşı döyüşən Əhməd Şah Məsuda dəstək verirdik. Əfqanıstanın böyük bir hissəsi Talibanın nəzarətində idi”.

Vilayətiyə görə, məhz İranın dəstəyi və məsləhətlərilə ABŞ Əfqanıstana girə bilib.

İraq məsələsində də bənzər hadisələrin yaşandığını ifadə edən Vilayəti deyib: "İran və ABŞ Səddamın devrilməsindən sonra İraqda təhlükəsizliyin bərqərar olunmasına kömək etmək məqsədiylə danışıqlar aparıb. Ancaq onlar yenə bu danışıqlara bağlı qalmayaraq, öz yollarıyla gediblər."

Nüvə proqramı məsələsində də Vaşinqton rəhbərliyini söylədiklərinin əksinə hərəkət etməkdə günahlandıran Vilayətiyə görə, amerikalılar əvvəl İranın nüvə hüquqlarını tanıyaraq, sanksiyaları ləğv edəcəklərilə bağlı Tehrana mesaj göndəriblər: “ABŞ prezidenti Barak Obamanın İrana məktubu və göndərilən mesajlar bu dediklərimi ehtiva edir, ancaq bunlar da reallaşmadı. "

Vilayəti dini lider Xameneyinin İranın bağladığı nüvə anlaşmalarına sadiq qaldığını, qarşı tərəfin isə öhdəliklərini yerinə gətirmədiyini bildirərək, deyib: “Buna baxmayaraq, Xameneyi, qarşı tərəf saziş ləğv edilmədiyi müddətcə nüvə razılaşmanın tətbiqinin və bu istiqamətdə müzakirələrin davam etdirilməsinin lazım olduğunu vurğulayır”.

Qeyd edək ki, ən maraqlı etiraf bir müddət öncə Haşimi Rəfsancanidən gəlmişdi. Sabiq prezident İraq və Əfqanıstan konstitusiyalarının ABŞ-İran danışıqları əsasında yazıldığını açıqlamışdı: "Əfqanıstanda Taliban savaşından sonra yeni mövzular gündəmə gələndə biz ABŞ-la əməkdaşlıq edər və danışıqlar aparardıq. İraq üçün də belə danışıqlarımız olub. Hər iki məsələdə danışıqlarımız faydalı alındı və iki ölkə üçün yaxşı bir konstitusiya yaza bildim. Əfqanıstan və İraq xalqının fikirlərini bu konsitusiyalarda əks etdirdik”.

Rəfsəncani ABŞ ilə həyata keçirilən bütün müzakirələrin İranın dini liderinin bilgisi və iradəsi altında aparıldığını da etiraf edib: "Hazırda belə, ABŞ-la aparılan danışıqlar rəhbərlik məqamı (dini lider Əli Xameneyi) tərəfindən daha əvvəl verilən icazəyə söykənir”.

 

Heydər

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə