XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 01:02

İranın Azərbaycandakı keçmiş səfiri:“Rusiyayla İran heç vaxt müttəfiq ola bilməzlər” - Müsahibə

afshar

Bir zamanlar İranın Azərbaycandakı səfiri olmuş Əfşar Süleymaniylə söhbətimizin bu qədər maraqlı alınacağını təxmin etmirdim. Amma alındı. Etiraf edim ki, Əfşar bəy mənim bütün suallarımı diplomatiyanın imkan verdiyi çərçivədə kifayət qədər səmimi cavablandırdı.

Təcrübəli İran diplomatıyla Azərbaycan-Türkiyə-İran əlaqələrindən tutmuş, İran-Rusiya müttəfiqliyinə, cənub qonşumuzun milli azlıqlar siyasətinə qədər bir çox məsələlər barədə etdiyimiz söhbəti Strateq.az oxucularına təqdim edirik:

 

 

– Əfşar bəy, İran prezidenti Həsən Ruhani bu yaxınlarda İran konstitusiyasının 15-ci maddəsinə əsasən, ölkədə milli məktəblərin açılmasına başlanacağını bildirmişdi. Konstitusiyanın 15-ci maddəsi nələri ehtiva edir?

– Konstitusiyanin 15-ci maddəsi deyir ki, fars dili İranın rəsmi dilidir və butun rəsmi yazılar  fars dilində olmalıdır və eləcə də məktəblərdə və universitetlərdə  butun dərsliklər fars dilində tədris olunmalıdır. Amma eyni zamanda ölkə vətəndaşlarının ana dilləri də məktəblərdə tədris edilə bilər. Bu maddə konkret olaraq hökümətin boynuna qoymayıb ki, ana dillərinin məktəblərdə tədrisinə birbaşa şərait yaratsın və bunu icra etsin. Amma Ruhani seçki kampaniyasında seçicilərə söz vermişdi ki, bu maddənin icrası üçün lazımi göstərişlər verəcək və bu istiqamətdə İranda yaşayan xalqların tələblərinin yerinə yetirilməsi üçün addımlar atacaq. Bunun üçün də o, İranın Xatəmi vaxtı milli təhlükəsizlik naziri olmuş Yunisini özünə müavin seçdi. Hər halda, bu 3 il ki Ruhaninin vaxtından keçir, dilin tədrisi məsələsi öyrənilib və sizin işarə etdiniz qərar ortaya çıxıb. Amma söhbət milli məktəblərin açılmasından yox, sadəcə ana dillərin tədrisi üçün mərkəzlərin qurulmasından gedir. Yəni bu mərkəzlər yaranarsa, ancaq dilin ədəbiyyatı və qrammatikası tədris olunacaq və başlanğıc olaraq yalnız Azəri türkcəsi və kürd dili, azərilər, yaxud türklər və kürdlər yaşayan rayonlarda tədris olunacaq. Mənim fikrimcə, bu proses həm uzun çəkəcək, həm də bu mərkəzlərin yaradılmasına çoxlu vəsait lazım olacaq. Amma bu addım tam olaraq 15-ci maddəyə də uyğun deyil. Çünki bu maddədə söhbət məktəblərdə ana dilinin tədrisindən gedir. Hazır məktəblər varkən, başqa mərkəzlərin açılmasına və əlavə büdcəyə də ehtiyac yoxdur. Sadəcə  ibtidai məktəbin 1-ci sinfindən  orta məktəbin sonuna qədər  hər sinifdə dillərin, o cümlədən Azərbaycan dilinin tədrisi təşkil oluna bilər. Bunun üçün dərsliklərin və müəllimlərin hazırlanmasına start vermək üçün lazımi tədbirlərin görülməsi lazımdir ki, gələn ildən tədrisə başlansın.

– Bildiyimə görə, 15-ci maddə konstitusiyaya yeni salınmayıb. İran İslam İnqilabının ilk dövrlərindən bu maddə mövcuddur. Bəs, bu günə qədər nə üçün bu maddə "gözəgörünməzliyi"ni qoruyurdu?

– Əlbəttə, elədir, bu maddə 1980-ci ildən konstitusiyada var, sadəcə 8 il İraq-İran muharibəsi və hökumətlərin, müxtəlif orqanların  fərqli düşüncələri, İslam Şura məclislərinin dəstəkləməməsi bu maddənin indiyədək icra olunmamasına səbəb olub.

– İranın indiki hakimiyyətinin mövqeyinin zaman-zaman dini rəhbərliklə ayrıldığı müşahidə olunur. Ruhani hakimiyyətinin başlatdığı islahatlar yarımçıq qala bilərmi?

– İnkişaf etməyən və hələ inkişaf yolunu keçən ölkələrdə,  özəlliklə də müsəlman ölkələrində, o cümlədən İranda  ümumiyyətlə islahatlar həmişə yarımçıq qalıb. Ən azından, məşrutiyyət inqilabından başlayaraq Müsəddiqin milli hərəkatıyla və İslam inqilabıyla davam edən islahatlar müxtəlif daxili və xarici səbəblər ucbatından yarımçıq kəsilib və bu proses həm İranda, həm də islam dünyasında və o olkələrdə ki, siyasi və iqtisadi azad rəqabət  zəif gedir, davam edəcək. O cümlədən də bəzi Asiya, Amerika, Afrika ölkələrində, hətta Çində və Rusiyada…

Dini rəhbərlə prezident arasında olan fərqli mövqelərə və fikirlərə gəldikdə, bunu deməliyəm ki, əslində dini rəhbər ifadəsi, məncə, düzgün deyil, çünki konstitusiyaya əsasən, dini  rəhbər ölkənin birinci şəxsidir və bütün qüvvələr birbaşa və dolayısıyla ona tabedir və onun nəzarətindədir.

– Dünya mətbuatında İran dini rəhbərinin yaxın zamanlarda dəyişdirilməsi ehtimalı da tez-tez gündəmə gətirilir. Allah hər kəsə şəfa nəsib etsin, bu ehtimalın reallaşacağı təqdirdə, dini hakimiyyətin də islahatçıların əlinə keçməsi mümkündürmü və bu islahatları daha da sürətləndirə bilərmi?

– Əlbəttə ki, ömür Allah əlindədi və rəhbərin də səhhəti yerindədir, amma konstitusiyaya əsasən, belə durumlarda  Xübrələr Məclisi yeni  rəhbəri seçməlidir. Necə ki, keçmiş rəhbər  rəhmətə gədəndən sonra həmin məclis indiki rəhbəri 27 il öncə seçdi. Xübrələr Məclisinin tərkibinə baxınca, sizin dediyiniz proqnozu ən azından indidən vermək olmaz.

– İranın son zamanlar Yaxın Şərqdə fəallığı gözdən yayınmır. Maraqlıdır ki, Türkiyə də eyni coğrafiyada əks-qütbdə yer alır. Bölgənin iki böyük yerli gücünün Yaxın Şərq məsələsində ortaq mövqeyə gəlməsi, təbii ki, məzhəb müharibələrini də qismən səngidə bilər. İran bu sahədə hansısa addımlar atırmı? Siz təcrübəli diplomat kimi tərəflərə nə tövsiyə edərdiniz?

– Əslində İranla Türkiyə arasında yalnız Suriya məsələsində fərqli mövqelər var, başqa məsələrdə o qədər də fərqli mövqelər sərgilənmir, ən azindan fərqli düşüncələrin və fərqli istiqamətlərin ikitərəfli əlaqələrə mənfi təsirinin qarşısını ala biliblər və əlaqələri daha artıq iqtisadi əməkdaşlıqlara yönəldiblər. Məncə, iki tərəf də bu istiqaməti daha da artiq gücləndirməlidirlər və region məsələlərinə daha real baxaraq, davamlı məsləhətləşmə aparmalıdırlar. İslam dünyasını bu durumdan çıxarmaq üçun və dostluqları gücləndirmək üçün başqa ölkələrlə də bu işi davam etdirməlirdilər. İqtisadi faktorlar, o cümlədən enerji faktoru bu məsələdə onəmli rol oynaya bilər. Məsəl üçün, Türkiyənin bir güclü şirkəti İran qazının Ərəbistana satılmasi üçün vasitəçi ola bilər və müştərək bir şirkət yarada bilərlər ki, bu proyekti irəli aparsınlar. Çünki Ərəbistan 2030-cu ilə qədər plan hazırlayıb və bu istiqamətdə İranın və Türkiyənin müsbət rolu ola bilər. Beləliklə, iqtisadi əlaqələrin  güclənməsi İslam ölkələrini də gücləndirər, savaşlar dayanar, inkişaf tempi artar, güclü olkələr qarşısında söz sahibi ola bilərlər. Əlbəttə, bunun üçun daxildə demokratiyanın inkişafı və xarici siyasətdə birlik və rasional siyasətlər yürütmək lazımdır.

– Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin İranla münaqişəsi regionda İsrailin mövqeyini daha da gücləndirir. Artıq sionist politoloqlar açıq etiraf edirlər ki, son zamanlardakı fəaliyyətlərilə "qonşularla 0 problem" məsələsini həll ediblər. Bütün bunlar isə islam dünyasının bir-birinin qanına susaması müqabilində baş verir. Niyə islam ölkələrini idarə edənlər bu mənzərəni görə bilmirlər?

– İslam dünyasında demokratiyanın olmamasi və liderlərin milli maraqlardan çox, öz şəxsi maraqlarının düşünmələri bunun əsas səbələrindəndir.

– Rusiya-İran münasibətlərinin perspektivinə necə baxırsınız? Bu gün iki ölkə regionda müttəfiq kimi çıxış edirlər. Amma fakt budur ki, ən azından, enerji maraqları baxımından bu iki ölkə həm də rəqibdirlər. Bu rəqabət gələcəkdə münasibətləri korlaya bilərmi? Belə bir ehtimal varsa, o zaman İranın öz perspektiv rəqibini gücləndirməsi nə dərəcədə doğrudur?

– Ümumiyyətlə, İranın Amerikayla və Qərblə əlaqələrinin olmaması, yaxud zəif olması və Rusiyanın da həmin  ölkələrlə  problemli əlaqələri bu iki ölkəni  yaxınlaşdırıb. Amma dediyiniz kimi, heç vaxt bu iki ölkə müttəfiq olmayıb və ola da biməzlər. Enerji rəqabəti ciddi problem olsa belə, yoluna qoyula bilər. Rusiyanın əsas nigarançılığı İranın Qərbə yönəlməsi və regionda güclənməsi, özünün isə zəifləməsi ehtimalıdır.

– Azərbaycan-İran münasibətləri sizi qane edirmi?

– Təbii ki, İran-Azərbaycan əlaqələri heç vaxt qaneedici olmayıb. Əlbəttə, Xatəminin prezidentliyi dövründə bu əlaqələr daha yaxşı olub, indi isə Əhmədinejad zamanıyla müqayisədə yaxşıdı, amma heç vaxt tam imkanlardan istifadə olunmayıb.

– İran-Türkiyə əlaqələrinin möhkəmlənməsində Azərbaycan nə kimi rollar oynaya bilər və bunu oynayırmı?

– İran, Azərbaycan, Türkiyə iqtisadi və enerji, mədəniyyət və turizm sahələrində əlaqələrini gucləndirsələr, xalqlarımızın, eyni zamanda regionda sabitliyin və inkişafın xeyrinə olar. Bu əlaqələr həm də  təhlukəsizlik və regional əlaqələrinin inkişafina gətirib çıxarar.

– İran Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ola bilərmi? Çin və digər Asiya ölkələri ilə iqtisadi əlaqələr perspektivi İranın Qərbə yönəlməsi ehtiyacının aradan qaldırılmasında nə kimi rol oynamaq imkanına malikdir? Sizcə, İran üzünü hansı istiqamətə tutmalıdır?

-Əslində Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərilə İran arasında xarici siyasət məsələlərində və dini baxışlarda fərqli mövqelər var. Onlar istəmirlər İranın daimi üzv olmasına ki, Amerika və Qərb qıcıqlana bilərlər. Eyni zamanda  istəmirlər, Amerika onlara desin ki, Fələstini və Livan Hizbullahını dəstəklədiyinə gorə İrana sanksiyalar tətbiq etmişik və siz necə onunla birləşmək istəyirsiz? Təbii ki, onlar buna getməzlər. Bu səbəbdən də onlar İranın üzv olma prosesini uzatmaq istəyəcəklər ki, onu əllərində saxlasinlar və Amerikadan bəhrələnsinlər. Digər tərəfdən, Şanxay ölkələri İran hökümətinin  dini xarakterindən çəkinirlər. Mənim fikrimcə, İran xarici siyasətində balans yaradılmadır və bütün ölkələrlə mill maraqların təmin olması məqsədilə əlaqələrini normallaşdırmalıdır və hansı ölkə daha artıq milli maraqlara xeyir verir, onunla əlaqələrini gücləndirməli və möhkəmləndirməlidir.

 

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az