XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 12:53

Ankara-Moskva barışığının pərdəarxası –Putin “kürəyə zərbə"ni niyə bağışladı?

erdoqan-putin-09

Türkiyə səmasında Rusiyanın hərbi  təyyarəsinin vurulmasına prezident Putinin reaksiyası çox sərt oldu. Putin bu addımı “kürəyə zərbə” kimi qiymətləndirdi. Kreml sahibinin sərt tonuna öyrəşmiş təhlilçilər belə, onun Türkiyəyə  münasibətdə xüsusilə kəskin ifadələr işlətməsini qeyd etdilər. Çünki təyyarənin vurulması, həm də şəxsən Putinin imicinə çox böyük zərbə idi. 2008-ci ildə Gürcüstanı dizə gətirən, 2014-cü ildə Ukraynanı ram edən, Krımı özünə birləşdirən, Suriyada İŞİD-lə burun-buruna döyüşən, Qərblə kəllələşən Putinin məğlubedilməz, qüdrətli, parlaq lider obrazı Ankaranın zərbəsi ilə bir xeyli solğunlaşdı.

Kremlin cavabları da çox sərt oldu. Ölkələr arasında illik 42 milyard dollara yaxınlaşan ticarət dövriyyəsi olmasına baxmayaraq, Moskva Ankara ilə bütün iqtisadi əlaqələri kəsdi. Türkiyəyə qarşı total informasiya və diplomatiya müharibəsinə start verildi. Ruslar Ankaranın bu addımını heç cür həzm edə bilmirdilər və onların tezliklə sakitləşəcəyini də heç kim gözləmirdi.

Xüsusən, hər iki ölkənin oxşar, döyüşçü xüsusiyyətlərinə malik liderlərinin xarakteri və davranışları da barışığın tezliklə baş verəcəyini sual altında qoyurdu. Amma görünür, Ərdoğan və Putinin populist olduqları qədər, hər zaman real siyasət prinsiplərinə sadiq qaldıqlarını, ifrat praqmatik siyasət yürütdüklərini də nəzərə almaq lazım imiş…

3 gün əvvəl Moskvadan, daha sonra isə Ankaradan hamını heyrətə salan açıqlamalar verildi: prezident Ərdoğan  həlak olmuş rus pilotun ailəsindən üzr istədi; Kremldə isə linqvistik nüansları bir kənara qoyaraq, bu addımı ikitərəfli münasibətlərin normallaşmasına start verilməsi üçün yetərli hesab etdilər. 

Hər iki ölkənin prezidentlərinin telefon danışığı isə Ankara və Moskvanın barışıq niyyətlərində ciddi olduqlarını bütün dünyaya nümayiş etdirdi.

Türkiyənin Rusiya ilə barışığa getməsinə, üzr istənilməsinə rəvac verən səbəblər barədə çox müzakirə açılsa da, Moskvanın maraqları ilə bağlı məqamlar kölgədə qalır. Halbuki Ankara ilə barışıq Putin üçün çox mühümdür. 

Birincisi, ona görə ki, hər iki dövlət Avrasiya ölkəsidir və gücüdür. Avrasiya kimi çox böyük geosiyasi regionda sərt rəqabət tərəfləri gücsüz edir və xarici təsirlərə müqaviməti zəiflədir. Türkiyə ilə düşmənçilik və sərt rəqabətin davam etməsinin orta və uzaq perspektivdə Rusiyanın Orta Asiyada çox böyük dərəcədə enerjisini alacağı şübhə doğurmurdu. Sirr deyildi ki, Ankaranın bu regionda fəal işləməyə başlaması, Kreml üçün çox böyük çətinlik yaradacaqdı. Onsuz da Çinin bu regionla bağlı iddialarının qarşısını almaqda getdikcə daha çox çətinlik çəkən Kreml üçün Türkiyə ilə də sərt rəqabət, məhdud resursların tezliklə tükənməsinə səbəb olacaqdı.

İkincisi, Rusiya üçün çox vacib olan Cənubi Qafqazda öz mövqelərini qorumaqda Türkiyənin loyallığı vacib amillərdən biridir. Bu vaxta qədər Ankara Rusiyanın bu regionla bağlı siyasətinə qarşı ciddi addımlar atmayıb. Kremlin Ermənistanı hərbi "forpost"a çevirməsi narahatlıq yaratsa da, Ankara kifayət qədər dözüm nümayiş etdirib. Hər iki ölkə  bu regionda rəqabətin müəyyən çərçivələri aşmamasına çalışaraq, buna nail olublar.

Üçüncüsü, getdikcə güclənən İran amilini də nəzərdən qaçırmaq olmaz. Tehran-Moskva münasibətləri hazırda müttəfiqliyə yaxın səviyyədədir. Amma bunun nə qədər davam edəcəyi sual altındadır və İranın iddialarını çərçivədə saxlamaqda Türkiyə ilə normal münasibətlər Rusiya üçün çox mühümdür. Rusiya-Türkiyə rəqabəti Cənubi Qafqazda, Yaxın Şərqdə, Orta Asiyada İranın daha sərbəst hərəkətinə yol açacaq amillərdəndir. Moskvada isə bunu hər zaman diqqətdə saxlayırlar.

Dördüncüsü, Yaxın Şərqdə Rusiya üçün Türkiyə ilə açıq, sərt rəqabət əlavə enerji, güc sərf edilməsi deməkdir.  Eyni zamanda ABŞ və Qərb ölkələri üçün Rusiyanın planlarına daha çox əngəl olmaq imkanları açır.

Beşincisi, Türkiyə ilə normal münasibətlər Kremlin Avropa ölkələri ilə münasibətlərdə “əlini möhkəmləndirir”. Rusiya qaz ixracı ilə bağlı alternativ marşrutları gündəlikdə saxlaya bilir.

Altıncısı, Türkiyənin Ukrayna ilə daha sıx münasibətləri və Ankaranın Kiyevə dəstək verməsi Rusiya üçün ən arzuolunmaz variantlardan biridir. Çünki Ankarının açıq dəstəyi Rusiya üçün ciddi problemlər yarada bilər.

Yeddincisi, Rusiya üçün Avropa və ümumilikdə Qərbə qarşı “Avrasiya gücü” nümayiş etdirmək də strateji əhəmiyyətə malikdir. Bu, Türkiyə üçün də mühümdür. Ankara və Moskva bununla qismən də olsa strateji tarazlığa nail ola və kənar təsirləri neytrallaşdıra bilərlər.

Xüsusi olaraq, Rusiyada yaşayan milyonlarla müsəlman amilini də qeyd etmək gərəkdir. Türkiyə bu məsələlərdə indiyə qədər Moskvanı qıcıqlandıra biləcək addımlardan çəkinib. Moskva üçün isə dini zəmində ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə bu, olduqca vacibdir. Türkiyə ilə düşmənçilik Moskva üçün bu məsələlərdə çox böyük risklər vəd edirdi…

Məhz bu sadalanan səbəblər Putini “kürəyə zərbəni” unutmağı vadar etdi. 

Şübhəsiz ki, prezident Ərdoğanın müraciəti, Moskvanın reaksiyası, dövlət başçılarının telefon danışığı əvvəlcədən razılaşdırılmışdı. Bu baxımdan, Ərdoğanın müraciətinin linqvistik təhlilinə də elə ciddi ehtiyac yoxdur. Əsas diqqət yetiriləsi məsələ barışıq faktının özüdür. Görünür, Rusiya və Türkiyənin, yuxarıda qeyd etdiyimiz kimi, gözləniləndən daha tez barışmasını çoxları gözləmirmiş. Ehtimal etmək olar, Moskva və Ankaranın bu sürprizi Yaxın Şərq, Avrasiya regionu ilə bağlı “böyük güclərin” müəyyən planlarını da pozub. İstanbulun Atatürk hava limanındakı terror aktını buna işarə və müvafiq mesaj kimi də qəbul etmək olar…

 

Zaur İBRAHİMLİ

Strateq.az