XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2016 - 20:50

Kerri Gürcüstana niyə gəlir? –ABŞ Gürcüstandakı şanslarını yenidən qiymətləndirir - Təhlil

kerri-con-1

ATƏT Parlament Assambleyasının 25-ci  illik  sessiyasının keçirildiyi Gürcüstan qarşıdakı günlərdə də diqqət mərkəzində qalmaqda davam edəcək.  ATƏT  Parlament Assambleyasının başa catdığı günün ertəsi – 6 iyulda ABŞ dövlət katibi Con Kerri Tbilisidə danışıqlara başlayacaq. Səfər zamanı iki ölkə arasında əməkdaşlığa dair geniş sayda məsələlər ətrafında müzakirələr aparılacaq. Tərəflər iqtisadi, təhlükəsizlik, müdafiə, siyasi sahədə əməkdaşlığın dərinləşməsini müzakirə masasına yatıracaqlar.

Qeyd edək ki, Gürcüstan və ABŞ 2009-ci ilin yanvarında Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar. Hər il ölkələrin birində bu sənədin həyata keçirilməsinə dair görüşlər kecirilir. Əvvəldə bildirildiyi kimi, bu dəfə görüş iyulun 6-da Tbilisidə baş tutacaq.  Dövlət katibi Gürcüstan prezidenti və müxalifət partiyalarının liderləri ilə də görüşəcək.

Kerrinin  marşrutu və onun  gəlişinin Gürcüstanada payızda keçiriləcək parlament seçkilərinə hazırlığın ən qızğın vaxtına, NATO-nun Varşava sammitindən əvvələ təsadüf etməsi ABŞ dövlət katibinin səfərinə xüsusi diqqət yetirilməsini vacib edir.

Belə ki, oktyabrın 8-də keçiriləcək parlament seçkilərində 2012-ci ildə Saakaşvilinin 9 illik hakimiyyətinə son qoyan "Gürcü arzusu – demokratik Gürcüstan" partiyası ilə Vahid Milli Hərəkat Partiyası yenə üz-üzə gələcək.

4 il  əvvəl  milyarder Bidzina İvanişvilinin liderliyi ilə hakimiyyəti götürən, Saakaşvilini isə vətəndən didərgin salan  "Gürcü arzusu – demokratik Gürcüstan" partiyası gözlənildiyinin əksinə olaraq, strateji qərarlar səviyyəsində Qərblə əməkdaşlığı davam etdirdi. Saakaşvilini uzaqlaşdırmaqda ona yardımçı olan qərbpərəst  Respublikaçılar Partiyası və Azad Demokratlar Partiyasının liderləri də hakimiyyətdə mühüm postlarda təmsil olundular. Təhlilçilər qeyd edirdilər ki, Bidzina İvanişvilinin Qərblə əvvəlki səviyyədə əlaqələri saxlamasında Respublikaçılar Pratiyası və Azad Demokratlar Partiyasının böyük rolu olub. Eyni zamanda “ana müxlifət” Vahid Milli Hərəkat Partiyasının qərarlara təsir etmək imkanı qaldığından, Gürcüstan cəmiyyətində qərbyönümlü siyasətə dəstək böyük olduğundan "Gürcü arzusu – demokratik Gürcüstan" radikal kurs dəyişikliyinə gedə bilməyib. 

Digər tərəfdən, ABŞ və Qərb ölkələri Saakaşvilinin getməsindən sonra da Gürcüstanın əsas sponsorları olaraq qalıblar. Bu da öz rolunu oynayıb. Rusiya ilə münasibətlər  qismən normallaşsa da, Tbilisi tam Şimala üz çevirməyib.

Bu il payıza isə hər şey dəyişə bilər. 8 oktyabr seçkilərinə "Gürcü arzusu – demokratik Gürcüstan" partiyası təkbaşına gedir və inamlı qələbə Bidzina İvanişvilinin əl-qolunu aça bilər. Gürcüstanın Rusiya ilə çox yaxınlaşması isə Cənubi Qafqazdakı indiki qüvvələr nisbətini və konfiqurasiyanı Rusiyanın xeyrinə ciddi şəkildə dəyişə bilər. Məhz buna görə, Kerri özü bu ərəfədə Tbilisiyə təşrif buyurub və həlledici seçkilərədn əvvəl yerində vəziyyətlə tanış olmaq, perspektivləri qiymətləndirmək istəyib.

Vaşinqton üçün payızda maksimum tapşırıq Vahid Milli Hərəkat Partiyasının hakimiyyətə qayıtması, minumum vəzifə isə qərbmeyilli qüvvələrin parlamentdə elə təmsilçiliyinə nail olunmasıdır ki, qərarlara təsir etmək, indiki mövqeləri qoruyub saxlamaq mümkün olsun. 

Sirr deyil ki, Gürcüstanla yaxşı münasibətlər ABŞ üçün Qara dəniz regionunda, Cənub Qafqaz bölgəsində möhkəmlənməyin əsas şərtlərindən biridir.  Gürcüstan Xəzər höfzəsindən Qərbə doğru  enerji, nəqliyyat dəhlizlərinin açıq qalmasında strateji əhəmiyyətə malikdir. Bu isə Avropaya Rusiyanın təzyiqlərini qismən də olsa azaltmağa yardım edir, alternativ enerji mənbələrinə çıxışa, nəqliyyat layihələrinin genişlənməsinə imkan yaradır. Bu baxımdan Gürcüstanda payız seçkilərin nəticələri bütün region üçün çox mühümdür.  

Digər tərəfdən, Gürcüstanda məğlubiyyət, yaxud qərbpərəst qüvvələrin tam sıradan çıxarılması "domino effekti" verə, Ukrayna, Azərbaycan, hətta Ermənistanda da ABŞ üçün arzuolunmaz proseslərin başlamasına rəvac verə bilər.

Gürcüstanda uduzmaqla ABŞ çox böyük psixoloji zərbə almaqdan qaça bilməyəcək. Şübhəsiz ki, Rusiya ilə Gürcüstanda başlamış 14 illik açıq savaşda məğlubiyyət Vaşinqtonun nokauta düşməsi kimi də qiymətləndiriləcək. Tbilisidə başlayan bu prosesin çox uzağa gedən nəticələri ola bilər…

Kerri Gürcüstandan sonra Kiyevə gedəcək, ayın 8-də isə prezident Obamanı NATO-nun Varşava sammitində müşaiyət edəcək.

Tbilisiyə və Kiyevə səfərlər eyni zamanda Ukrayna və Gürcüstanı NATO-nun Varşava toplantısından əvvəl “ev tapşırığı” ilə tanış etməkdir.  NATO-nun Varşava sammitində Alyansın daha çox Rusiyanı hədəfə alan yeni təhlükəsizlik strategiyası ilə bağlı müzakirələr aparılacaq, yeni hədəflər müəyyənləşəcək. Ukrayna və Gürcüstana bu məsələlərdə xüsusi rol ayrılıb və ABŞ üçün bu ölkələri həmin qərarlara hazırlamaq  çox  vacibdir.

Kerrinin səfəri Rusiya üçün də bir mesajdır. ABŞ Avropa İttifaqında baş verənlərə, Türkiyə-Moskva barışığına baxmayaraq, Kiyev və Tbilisi ilə müttəfiqliyə sadiq qaldığını bəyan edir.

ABŞ Dövlət Katibinin Gürcüstan səfəri Azərbaycanda da çox diqqətlə izləniləcək. Kerrinin Qarabağ münaqişəsi, regionda “dondurulmuş münaqişələr”in həlli ilə bağlı verəcəyi açıqlamalar intensivləşmiş Qarabağ müzakirləri fonunda çox əhəmiyyətlidir və Vaşinqtonun mövqeyini daha yaxşı anlamağa kömək edəcək.

Digər tərəfdən, Gürcüstan Azərbaycanın Qərbə yeganə “qapısıdır” və Vaşinqtonun bu “qapının”  açıq qalması üçün göstərdiyi səylər Azərbaycan üçün də çox əhəmiyyətlidir…

 

Zaur İBRAHİMLİ

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə