XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 İyul 2016 - 13:09

İranın Silahlı Qüvvələrində mühüm dəyişikliklər:Yeni Baş Qərargah rəisi təyinatının arxasında nə durur? - Təhlil

iran0rdu-1

Kirill Cavlax

Regnum İA, 02.07.2016

 

İranın ali lideri Əli Xamenei iyunun 28-də İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəis təyin edib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) general-mayoru Məhəmməd Baqiri Baş Qəragah rəisi vəzifəsində Həsən Firuzabadini əvəz edib. Bu barədə İran ali liderinin mətbuat xidməti məlumat yayıb.

58 yaşlı Baqiri əvvəllər İİKK komandirinin kəşfiyyat və informasiya üzrə müavini vəzifəsini tuturdu, son zamanlar Baş Qərargahda oxşar mövqedə idi.

General Firuzabadi isə elə həmin gün ali liderin ali hərbi müşaviri vəzifəsinə təyin edilib.

Hərbi idarənin "Defa press" informasiya portalı hərbi rəisin İran təhlükəsizlik siyasətinin “qırmızı xət”lərini açıqladığı müsabibəni dərc edib. General bildirib: “İraqdakı müqəddəs ocaqlar və imamların məzarları İran üçün qırmızı xətdir. Onlar məhv edilmək təhlükəsində olsa, islam respublikasının silahlı qüvvələri müqəddəs yerlərin müdafiəsində duracaq”.

O vurğulayıb ki, “düşmən yardımının fəallaşması və son üç ildə əks-inqilabçı qüvvələrin maliyyələşdirilməyinə baxmayarq”, KürdüstanBəlucistan bölgələri İran xüsusi xidmətlərinin tam nəzarətindədir. Baqiri sərhədyanı bölgələrdə iş yerləri yaradılması, investisiyalar və sosial durumun sabitləşdirilməyi üzrə hökumət, İİKK və biznesin səylərini qeyd edib.

General həmçinin 1979-cu ildə ABŞ səfirliyinin tutulmasında öz iştirakından danışıb.

Onun böyük qardaşı Həsən Baqiri İraq-İran müharibəsi dövrünün ən məşhur komandirlərindən biriydi. İİKK quru qüvvələri komandirinin müavini vəzifəsində xidmət edib və Xürrəmşəhrin azad edilməsi üzrə əməliyyatda mühüm rol oynayıb. “Müqəddəs müdafiə”nin bu zəfər epizodu İranda hər il mayın 24-də qeyd olunur.

Həsən Baqiri müharibənin rəmz və qəhrəmanlarından biri sayılmaqla, 1983-cü ildə həlak oldu.

Firuzabadi İranın 27 il ərzində Baş Qərargahın əvəz edilməyən başçısı olub. Həm də özünü rəhbərin sadiq tərəfdarı kimi göstərib. Rəsmi KİV-lərin məlumatına görə, generalın səhhətində problem var, piylənmə ilə mübarizə aparır və artıq bir dəfə əməliyyat olunub. İstefanın səbəbləri məhz bu problemlər ola bilərdi.

Lakin İİKK-in keçmiş başçısı Möhsün Rəzaiyə yaxın olan Tabnak.ir analitik portalı başqa versiya irəli sürür. Portalda dərc edilmiş məqalədə deyilir ki, istefa üçün bəhanə Firuzabadinin “nüvə sazişi” və İran prezidenti Həsən Ruhaninin xarici siyasətinə fəal dəstəyi olub. Ali Milli Təhlükəsizlik Şurası katibinin keçmiş müavini və mühafizəkar “Keyhan” qəzetinin siyasət şöbəsinin keçmiş redaktoru Mehdi Məhəmmədi yeni təyinata ilkin reaksiya verənlərdən biri oldu. Onun fikrincə, Baş qərargah rəhbərliyində dəyişiklik “ondan xəbər verir ki, kibertəhlükəsizlik də daxil olmaqla yeni təhdidlər ön plana çıxır. İİKK-in “Əl-Qüds” xüsusi bölməsinin və hərbi kəşfiyyatın xarici əməliyyatları isə böyük qüvvə ilə həyata keçiriləcək”.

Yeni təyinat İİKK-in hərbi iyerarxiyada nüfuzunun artdığını bildirir. Axı Baş Qqərargah rəisi vəzifəsi ordunun və İİKK-in fəaliyyətinə göz qoymaq, hərbi idarələr arasındakı mübahisələrin nizamlanması üçün yaradılıb. Baqirinin gəlişi Baş Qərargahın xarici siyasətdə rolunun yüksələcəyindən xəbər verə bilər. İran-İraq müharibəsindən bəri və Suriya münaqişəsinədək məhz İİKK İran güc strukturlarının xaricdə fəaliyyət göstərən yeganə bölməsi idi. Lakin ordu da 2016-cı ildə Suriya əməliyyatına qoşuldu.

Sağ mühafizəkar "Tasnim News" agentliyi Suriyada xüsusi təyinatlı 65-ci hava-desant briqadasının iştirakı haqda əvvəllər məlumat vermişdi. Baqirinin təcrübə və səriştəsi ordunun potensialını hərəkətə gətirməyə, həmçinin İİKK-lə ordu arasında daha sıx əməkdaşlıq qurmağa imkan verir. Bu təyinat İran rəhbərliyinin Suriyada hərbi iştirakı gücləndirmək və İranın Yaxın Şərqdə mövqelərinin güclənməyinə etibarlı zəmin yaratmaq niyyətindən xəbər verə bilər.  

 

İran prezidenti dörd bankın rəhbərini işdən çıxartdı

 

Hökumətyönlü "İRNA" agentliyi xəbər verir ki, İran prezidenti Həsən Ruhani iyunun 30-da “Sadərat”, “Millət”, “Mehr” və “Rifah” banklarının rəhbərlərini işdən azad edib. Bir ay öncə Mərkəzi sığorta şirkərtinin rəhbəri Məhəmməd İbrahim Rəhimin və əməkdaşların gəlirləri haqda bəyannamələrin internetdə dərcindən sonra İran dövlət şirkətlərində yüksəkvəzifəli şəxslərin yüksək maaşları ilə bağlı qalmaqal qızışdı. Dərc edilmiş məlumatlara görə, İranda dövlət qulluqçusunun  orta maaşı 400 dollara yaxın olduğu halda məmurların maaşı 20 min dollardan 300 min dollara qədərdir. Rəhim iyunun 1-də istefa verib. Eyni zamanda bəyannamələr haqda sızıntı qaynağı naməlum qalır. Lakin bəyannamələrin ilk dərci mühafizəkarlara yaxın KİV-də baş tutub. Ruhani administrasiyası başçıların yüksək maaşları haqda araşdırmanı ali lider Əli Xameneinin iyunun 22-də “araşdırma aparmaq və nəticələr haqda xalqı məlumatlandırmağın” zəruriliyi haqda göstərişindən sonra başlayıb. Rəhbər “məmurların astronomik əməkhaqqından, İranın milli və inqilabi dəyərlərinə hücumdan” danışıb. Ruhani cavabında Xameneini əmin edib ki, “araşdırma çox vaxt aparmaz” və “nəticələr haqda da əhaliyə tezliklə məlumat veriləcək”.

Ali liderin dəftərxanasının nəzdindəki İstintaq komitəsinin rəhbəri Əliəkbər Natiq Nuri sonradan “Cavan” qəzetinə (İİKK-ə yaxındır) müsahibədə diqqəti buna yönəltdi ki, “korrupsiya halları nəsə yeni bir şey deyil, bu kimi məsələlər əvvəlki hökumətlərin tərkibində də olub”. O, Ruhanidən xahiş edib ki, yüksək maaşlar məsələsini sərt şəkildə araşdırsın.

Ruhani administrasiyasına növbəti hücum qarşıdakı 2017-ci il prezident seçkilərilə bağlıdır. Məsələ burasındadır ki, mühafizkar düşərgənin Ruhani ilə rəqabətə qadir namizədi yoxdur. KİV-də hökumətə daim hücum, son korrupsiya qalmaqalı prezidenti nüfuzdan salmaq və cəmiyyətdəki dəstəyini zəiflətmək cəhdləridir.

 

İran Kürdüstanını sabitsizləşdirmək cəhdləri

 

İİKK-in İran Kürdüstanı əyalətindəki komandiri Məhəmməd Hüseyn iyunun 28-dən "Fars News" agentliyinə terrorçu qruplaşmanın 11 üzvünün məhv edildiyi haqda məlumat verib. İran xüsusi xidmətləri bu toqquşmada üç nəfər itirib. İran Kürdüstanı Demokratik Partiyasının məlumatına görə, İİKK-in itkisi 20 nəfər təşkil edib.

İran parlamentinin spikeri Əli Laricani düşmənlərin İranın sabitsizləşdirilməyinə yönəlik səylərinin güclənməsi haqda həmin gün xəbərdarlıq etdi. Press TV spikerin sözlərini misal gətirir: “Səudlar əks-inqilabi qüvvələrdən istifadə edərək İrandakı durumu sabitsizləşdirməyə cəhd edirlər”.

İİKK quru qüvvələrinin komandanı Məhəmməd Pakpur toqquşma ərəfəsində İran hərbçilərinin “bölgənin istənilən nöqtəsində əks-inqilabçı qüvvələri məhv etməyə hazır olduğu” xəbərdarlığını edib.

"Sepah News" komandandan sitat gətirir: “Terrorçuların əsas bazalarının İraqın şimalında yerləşdiyi nəzərə alınsa, öhdəliklərə və sərhəddə sabitliyə əməl edilmədiyi halda harada yerləşdiyindən asılı olmayaraq terrorçuları məhv edəcəyik”.

"Mehr News" agentliyi xəbər verir ki, İraq Kürdüstanının baş naziri Nəçirvan Bərzani iyunun 29-da yüksəkçinli İran nümayəndəsi ilə görüşüb. Bununla belə, Bərzani ilə danışıqlar aparan iranlı məmurun adı çəkilmir. Məlumdur ki, görüşdə ikitərəfli əməkdaşlıq, İran-İraq sərhədinə nəzarət və İŞİD-lə mübarizə məsələləri müzakirə edilib. Baş nazir sərhəddəki son toqquşmalarla bağlı narahatlığını ifadə edib.

Bu, İİKK-in kürd yaraqlıları ilə son on gündə artıq ikinci toqquşmasıdır. Birincisi Qərbi Azərbaycan əyalətinin Uşaviyyə bölgəsində baş verib. 1945-ci ildə yaradılmış İran Kürd Demokratik Partiyası ölkənin soydaşlarının məskunlaşdığı qərb bölgəsində on illər boyunca müstəqillik uğrunda mübarizə aparır.

Xatırladaq ki, İranda İslamın sünni təriqətinə etiqad edən 7 milyona yaxın kürd yaşayır. Təşkilatın mənzil qərargahı və lideri hazırda İraq Kürdüstanında yerləşir. İran Kürdüstanının silahlı qüvvələri – “Peşmərgə” – öz qüvvələrini İraqla sərhədə düzüb.

 

Tərcümə Strateq.az-ındr.