XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2016 - 16:31

İncirlik müəmması:Çavuşoğlu niyə özünü təkzib etdi?

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dünən “TRT Xəbər”ə verdiyi açıqlama xeyli müzakirələrə səbəb olub. Bir çox dünya mediasında “İncirlik hərbi bazası Rusiyanın ixtiyarına verilir” mesajının anonsu kimi qəbul edilən açıqlama hətta Kremldə də təəccüb yaradıb.

Strateq.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov açıqlamayla bağlı suallara cavab verərkən, bildirib: "İncirlik bazasının Rusiyaya açılması barədə Türkiyədən hər hansı təklif almamışıq. Hərbi orqanlar arasında bu barədə rəsmi təmasın qurulub-qurulmadığını isə bilmirəm. Yanılmıramsa, heç bir təmas olmayıb".

Rus yetkilisinin təkzibindən sonra Mövlud Çavuşoğlu yenidən jurnalistlər önünə çıxaraq, fikirlərinin səhv anlaşıldığını demək məcburiyyətində qalıb:  

"Mənim belə bir ifadəm olmayıb. Sadəcə “hər kəslə əməkdaşlıq edə bilərik” demişəm. Hörmətli prezidentimizin Putinə daha əvvəl dəfələrlə dediyi “DAEŞ-lə (İŞİD), gəlin, birlikdə mübarizə edək" sözünü xatırlatmışam. Bundan sonra Rusiya ilə əməkdaşlıq edə biləcəyimizi söyləmişəm”.

Bəs, görəsən, doğrudanmı Çavuşoğlu öz fikirlərini “məsəl üçün” anlamında deyib? Gəlin, onun beynəlxalq aləmdə ciddi rezonans yaradan fikirlərinə yenidən nəzər salaq:

"DEAŞ terror təşkilatına qarşı biz hər kəslə əməkdaşlıq edə bilərik. Başından bəri, biz bu təşkilatla mübarizə aparırıq və bu mübarizəyə aktiv qatılmaq istəyənlərə də, bilirsiniz ki, İncirlik hava bazamızı açıq tutmuşuq. Rusiya ilə də eyni əməkdaşlığı niyə etməyək? Axı, bu terror təşkilatı hamımızın düşmənidir və onunla mübarizə etməyimiz lazımdır. Bu səbəbdən, bütün mexanizmlərin təkrar həyata keçirilməsi bölgə üçün də, terrorla mübarizə üçün də, hər hansı bir mənfi hadisənin yaşanmaması baxımından da son dərəcə əhəmiyyətlidir. Bu mövzuda da, Sergey Lavrovun da söylədiyi kimi, ortaq fikrə gəldik”.

Çavuşoğlunun bu sözlərinin İncirlik hərbi bazasının Rusiyanın ixtiyarına verilməsi kimi başa düşülməsinin başlıca səbəblərindən biri də ona yönəldilən sual idi. Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri  Rusiyanın Soçi şəhərində rusiyalı həmkarı Sergey Lavrovla görüşünün detalları barədə suala cavab verərkən belə deyib.

Bütün bu faktlar məlum fikirləri dilə gətirərkən, Çavuşoğlunun heç də “məsəl üçün”lərdən danışmadığını göstərir. O halda növbəti sual ortaya çıxır: bəs, bu təkziblər niyə?

Mümkündür ki, Soçi görüşündə tərəflər arasında həqiqətən də bu barədə ilkin razılaşma olub. Sadəcə, Ankara son zamanlar ona arxadan zərbə vuran müttəfiqi ABŞ-a “heç bir tərəfdaş alternativsiz deyil” mesajını vermək üçün detalları hələ tam aydınlaşdırılmayan ilkin razılaşmanı ictimailəşdirib. Yəni bir az tələsib. Moskva isə İncirlik hərbi bazasında ABŞ-la birgə fəaliyyətin xeyri ilə şərini tam hesablaya bilmədiyi üçün xəbəri təkzib edib, amma qəti mövqe bildirməyə zaman qazanmaq xətrinə, rəsmi müraciət olarsa, düşünə biləcəyinə eyham vurub. Nəhayət, Türkiyə Xarici İşlər naziri daha çətin vəziyyətə düşməmək naminə, fikirlərinin səhv anlaşıldığını iddia edərək, “məsəl üçün diplomatiyası” görüntüsünü ortaya atıb.

Heydər Oğuz

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə