XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 14:21

240 ilin ABŞ-ı:Qlobal imperiya, yoxsa “demokratiya beşiyi”?

ABSH-16

4 iyul ABŞ-ın Müstəqillik Günü kimi qeyd edilir. Məhz 240 il bundan əvvəl ABŞ-ın Böyük Britaniyadan müstəqilliyini bəyan edən, dünyanın ən çox populyar mətnlərindən biri sayılan ABŞ Müstəqillik Bəyyannaməsi qəbul olunub. 4 iyul yalnız ABŞ-da deyil, bütün dünyada amerikalılara xas təntənə və təmtəraqla, çox böyük ehtiramla qeyd edilir.  Bu da təbiidir, çünki  240 il əvvəl Şimali Amerika qitəsində yaranan, 13 koloniyanın qüdrətli Britaniya imperiyası ilə  3 illik savaşından sonra doğulan ABŞ hazırda yeganə dünya supergücüdür.

İnsanlığa məlum tarixdə heç bir ölkə bu qədər qısa müddətdə,  bu qədər qüdrətli qlobal imperiyaya çevrilə bilməyib. İmperiya sözünü işlətməyimiz təsadüfi deyil, bundan sonra da ABŞ-dan söz açarkən bu termindən tez-tez istifadə etməli olacağıq. 

ABŞ-ın özü kimi, bu ölkəyə münasibət də təzadlıdır. ABŞ-a münasibət müxtəlif tarixi mərhələlərdə müxtəlif cür olub, amma hər zaman ziddiyyətli xüsusiyyəti ilə seçilib. Bu gün də bu dəyişməyib və ABŞ-a münasibətdə hər gün çox böyük ehtiramın, eyni zamanda ən güclü nifrətin şahidi oluruq. Əslində tarix boyu bütün güclü dövlətlərə oxşar münasibət sərgilənib. Amma etiraf olunmalıdır ki, dünya tarixində ABŞ-ın məxsusi yeri var və heç bir dövlət, imperiya  bu qədər təzadlı siyasəti ilə fərqlənməyib. 

Bəziləri üçün ABŞ demokratik ölkələrin lideri, demokratiya avanqardı, “demokratiya beşiyi”, bəziləri üçünsə güclü "şər qüvvə", dünyada xaos yaradan, dünya hökmranlığı üçün milyonları qurban verən XXI əsrin imperialist ölkəsidir.  

Əslində klassik geopolitikanın bir çox parametrlərinə əsasən, ABŞ-ı doğurdan da imperiya adlandırmaq olar. Ərazisinə görə dünyada 4-cü, əhalisnə görə 3-cü yeri tutur. ABŞ son 50 ildə dünya ümumdaxili məhsulunun (ÜDM)  dördə birini verir.  ABŞ iqtisadiyyatı dünyada ən çox şaxələndirilmiş iqtisadiyyatdır və son 100 ildə liderliyi saxlaya bilir. 2015-ci ildə ABŞ-ın ÜDM-i 18 trilyon dollar təşkil edib. 2015-ci ildə təkcə Kaliforniya ştatının ÜDM-i Fransaının ÜDM-dən çox olub.

240 ildə ABŞ 25 müharibədə iştirak edib. ABŞ-ın 2016-cı ildə hərbi büdcəsi 607 milyard dollar təşkil edib. Hələ nəzərə almaq lazımdır ki, son beş ildə ABŞ-ın hərbi xərcləri 25% azalıb. 

Dünyadakı xarici hərbi bazaların 95% ABŞ-ın payına düşür. ABŞ-ın 38 ölkədə hərbi bazaları var. 171 ölkədə isə ABŞ-ın hərbi iştirakı müşahidə olunur. Ümimilikdə, ABŞ-ın xaricdə 800-ə yaxın hərbi baza və qarnizonunun olduğu deyilir.

Dünyada silah ixracının 30%-dən çoxu ABŞ-ın payına düşür. 

ABŞ əsas dəniz ticarət yollarına, kommunikasiya xətlərinə də nəzarət edir.

Bütün bunlarla yanaşı, dünyada ən yaxşı və reytinqli universitetlər də məhz ABŞ-dadır. Nüfuzlu "Times" qəzetinin bu il üçün hazırladığı “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə  (Times Higher Education-THE) ilk 10-luqda 8 ABŞ universiteti var.

Dünyanın ən nüfuzlu, modern şirkətləri, brendləri də məhz ABŞ-a məxsusdur. 

2015-ci ilin statistikasına görə, Nobel mükafatçılarının sayına görə, ABŞ liderliyini qoruyur. ABŞ alimləri indiyə qədər 315 dəfə Nobel mükafatı alıb. Müqayisə üçün qeyd edək ki, Rusiya alimləri 25 dəfə Nobel mükafatı alıblar və ruslar bu göstəriciyiə görə 6-cı yeri tutur.

Qeyd etmək lazımdır ki, qlobal maliyyə sisteminə, internetə ABŞ-ın çox böyük təsiri var və Vaşinqtonda qəbul olunan qərarlar həlledici əhəmiyyətə malikdir.

Bu faktların və rəqəmlərin sayını artırmaq da olar, amma elə bunlar da kifayət edir ki, ABŞ-ın qüdrəti barədə aydın təsəvvür yaransın…

ABŞ-ın qüdrəti bütün dünyada etiraf olunur və onun dünya liderliyi mübahisələndirilə bilməz. Yəni bu, müzakirə mövzusu deyil. Əsas müzakirə mövzusu ABŞ-ın bu qüdrətindən necə yararlanması ilə bağlıdır. Bu məsələdə isə o qədər fərqli, ziddiyyətli, dolaşıq fikirlər səslənir ki…  

Yəqin ki, əsrlər sonra da bu məsələlərlə bağlı bu cür vəziyyət davam edəcək. Yanaşmalar zamana, tarixi kontekstə görə dəyişəcək.

ABŞ-ın dünyadakı siyasəti və missiyası ilə bağlı ən ziddiyyətli dövr isə SSRİ-nin dağılmasından sonrakı mərhələdir.  SSRİ-nin dağılması ilə ABŞ dünyada de-fakto alternativsiz supergücə çevrildi və Vaşinqton planetin əsas siyasi güc mərkəzi kimi çıxış etməyə başladı. SSRİ-nin süqutundan sonra dünyanın yenidən şəkilləndirilməsində amerikalılar həlledici rola malik oldular.  26 ildən sonra keçmişə nəzər saldıqda ABŞ-ın nə dərəcədə müdrik addımlar atması, dünyada sabitlik və sülh, iqtisadi rifah uğrunda nə qədər səy göstərdiyi barədə müəyyən fikirlər söyləmək mümkündür.

İlk növbədə qeyd edək ki, SSRİ-nin dağılması, “Şər imperiyası”nın çökməsi ilə bağlı optimist gözləntilər özünü doğrultmadı. Dünya daha təhlükəli, münaqişəli vəziyyətə gəldi və bunda Vaşintonun da rolu az deyil. ABŞ klassik imperiya kimi hərkət etməyə çalışaraq, yaranmış fürsətlərdən yararlanaraq  qlobal hegomonluğunu möhkəmlədirməyə çalışdı. Strateji nöqtələrdə, Yaxın Şərqdə, Avropa və xüsusən Şərqi Avropada, Asiyada, Avrasiya çoğrafiyasında mövqelərini gücləndirmək üçün dərhal hərəkətə keçdi.

Təhlilçilər qeyd edirlər ki, ABŞ-da qələbə eyforiyası bir çox səhv qərarların verilməsinə səbəb oldu. Vaşinqton qlobal təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi üçün səy göstərmədi, əksinə məqsədli şəkildə BMT kimi təsisatları zəiflətdi. İraqda, Əfqanıstanda müharibələr, Yaxın Şərqdə münaqişələr, Rusiya ilə mütəmadi açıq rəqabət Vaşinqtonun qlobal hegomonluq ambisiyalarının nəticəsiydi. Xüsusən, İraqa hərbi müdaxiləylə başlayan proseslər bu gün Yaxın Şərqi müharibə poliqonuna çevirib, terrorizm dalğasının görünməmiş həddə vüsət almasına yol açıb. “Rəngli inqilablar”,  Liviyada, Tunisdə, Misirdə, Suriyada, Ukraynada baş verənlərdə ABŞ-ın alternativsiz supergüc statusunun möhkəmlənməsi üçün atdığı addımların çox böyük rolu var.

Bir çox təhlilçilər isə idda edirlər ki, Vaşinqton dünyadakı xaosda maraqlıdır və bütün bunlar hələ uzun müddətə Amerikanın qlobal hegemonluğunun qorunub saxlanılmasına xidmət edir. Xaos Amerika üçün ciddi təhdidlər yarada biləcək geosiyasi ittifaqların yaranmasına imkan vermir və Qərb ölkələrini Vaşinqtonun yardımından asılı vəziyyətdə saxlamağa imkan yaradır. Xaos ABŞ-ın əsas arbitr rolunu da aktual saxlayır və Vaşinton üçün dünyanı öz maraqlarına uyğun dizyan etməkdə əsas vaistədir.

Alternativ mövqedən çıxış edənlər isə əskini iddia edirlər. Bildirirlər ki, ABŞ-ın bu cür siyasəti olmasaydı, dünya Səddam Hüseyn, Müəmmar Qəzzafi, Hüsnü Mübarək ailəsi və digər diktatorların təhdidləri altında yaşamağa məcbur qalar, nüvə silahı nəzarətsiz yayılar, Moskvanın səyləri ilə SSRİ başqa formada bərpa edilə bilərdi…  

Bu cür mübahisələrin sonu yoxdur və  kimlərin daha çox haqlı olduğuna tarix qərar verəcək.

Ancaq o da gerçəklikdir ki, son 20 ildə ABŞ-ın siyasəti, dünyadakı rolu ilə bağlı gözləntilərin bir çoxu doğrulmadı. Dünya daha ədalətli Amerika görməyi arzulayırdı. Bu günkü ABŞ, xarici siyasətində bir çox parametrlərinə görə “Şər imperiyası” adlandırılan SSRİ-yə daha çox bənzəməyə başlayıb: SRRİ-i sol qüvvələri öz maraqlarına görə açıq dəstəkləyirdi, Vaşinqtondan isə "demokratik qüvvələr" adı altında Amerika maraqlarını önə çəkənlər dəstəklənir; SSRİ-i lokal müharibələrdən daha çox öz maraqları üçün yararlanırdı, hazırda Amerikanın siyasətində də bu aspekt lap çox önə çıxıb; SSRİ bloklar yaradır, təsir qüvvəsini bu şəkildə artırırdı və tərəfdaşlarını bu formada sərt nəzarətdə saxlayırdı, indi də ABŞ ticarət sazişləri bağlayır, maliyyə bazarlarına, ticarət yollarına nəzarət edir, sanksiyalar tətbiq edir və sovetlərin siyasətini başqa formada davam etdirir…

Halbuki, dünya ABŞ-ın qlobal sabitlik üçün daha çox töhfə verəcəyinə ümid edirdi. Amerikanın geosiyasi layihələri isə müharibələr, milyonlarla qaçqınlar, köçkünlər gətirdi…

Bununla belə, ABŞ-ın dünyadakı nizamın qorunması, sabitliyin bərpası, qlobal səviyyədə təhlükəli həddə çatan qeyri-bərabərliyin azaldılması və s. üçün səylər göstərilməsində çox böyük potensialı var. Ümidvarıq ki, yaranmasının 250-ci ildönümündə ABŞ üçün daha xoş sözlər yaza, söyləyə biləcəyik.

ABŞ-ın ən məhşur liderlərindən biri, 16-cı prezident Avraam Linkoln qeyd edirdi: "Biz insanların edə biləcəklərini onların əvəzinə etməklə onlara kömək etməyəcəyik”.

Düşünürəm ki, ABŞ siyasətinin də əsas devizlərindən biri Linkolnun  bu sözləri olmalıdır. Onda bəlkə də, dünya bugünkündən daha sakit olardı…

 

Zaur İBRAHİMLİ

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə