XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 08:29

Türkiyə çətin qərar ərəfəsində: onu Suriyada hansı sürprizlər gözləyir? – Təhlil

Türkiyə bu gün tarixinin ən mühüm qərarlarından birinə imza atacaq. Uzun müddətdən bəri müzakirə olunan Suriyaya girib-girməmək məsələsinin bu gün keçiriləcək Milli Təhlükəsizlik Şurasının iclasında öz həllini tapacağı gözlənilir. Bunu ölkənin Xarici İşlər naziri Mövlud çavuşoğlu mətbuat nümayəndələrinə verdiyi açıqlamasında bildirib.

Əslində MTŞ-nın toplantısından hansı qərarın çıxacağı, demək olar ki, indidən bəllidir. Böyük ehtimalla, türk siyasi iradəsi Suriyanın ərazisinə girmək və orada bufer zona yaratmaq haqqında qərara gələcək. Sərhəd boyu 110 kim uzunluğunda yaradılacaq bufer zonanın coğrafi relyeflər nəzərə alınaraq Suriyanın içərilərinə doğru 40-50 km uzanacağı gözlənilir. Türk ordusunun nəzarəti altına alınması planlaşdırılan ərazidə başqa hərbi ünsürlərin hər hansı hərəkətlərinə izn verilməyəcək. Zonaya yaxınlaşan bütün silahlı qüvvələr təhlükə mənbəyi hesab olunaraq zərərsizləşdiriləcək.

ölkə mətbuatının yazdığına görə, içərilərində prezident, baş nazir, xarici işlər naziri və ən yüksək çinli əsgərlərin bulunduğu türk siyasi iradəsi günlərlə davam edən gərgin müzakirələrdən sonra bu qərara gəlib. Maraqlıdır ki, bu hərbi-strateji təklifi ordu mənsubları yox, siyasilər irəli sürüblər. Hətta əsgəri yetkililərin ciddi riskləri nəzərə alaraq öz tərəddüdlərini açıq şəkildə ortaya qoyduqları və təklifə müsbət yanaşmadıqları bildirilir. Hökumət öz qərarında israr edincə, Türk orudusu məsuliyyəti öz çiyinlərindən atmaq üçün yazılı təlimat istəyib. 2014-ci ildə parlamentin verdiyi səlahiyyətə söykənərək Davudoğlunun bu rəsmi təlimatı orduya göndərdiyi xəbər verilir. Beləcə, hökumətin hərbi strategiyasını nə qədər riskli hesab etsə də, ordunun həmin təlimatları yerinə yetirməkdən başqa çarəsi də qalmayıb.

Türk Silahlı Qüvvələrinin bu plana etiraz edərkən söykəndiyi arqimentlər də mətbuata sızdırılıb. “Hürriyet” qəzetinin yazdığına görə, əsgərin tərəddüdlərini əsasən belə təsnifatlandırmaq olar:

1. Belə bir əməliyyatın arqumenti nə olacaq? “Sərhədlərimizdə kürd dövləti qurulacaq deyə, başqa bir ölkə torpaqlarına giririk”- deyə bilmərik.

2. Suriyadakı hadisələrdə əhəmiyyətli rol oynayan qüvvələri, o cümlədən ABŞ, Rusiya və İranı razı salmadan belə bir addım atmaq Türkiyəni bu ölkələrlə qarşı-qarşıya gətirə bilər.

3. Nəhayətində başqa bir ölkənin torpağına giriləcək. Beynəlxalq hüquqa uyğun olaraq, Əsəd rejimi ilə razılaşmaq şərtdir. Əks halda Türkiyə qonşu ölkənin torpağına təcavüz edən ölkə mövqeyinə düşə bilər.

4. Ordu bu bölgəyə daxil olacağı və irəliləyəcəyi təqdirdə, birdən-birə həm PYD-PKK, həm İŞİD, həm də Əsəd rejiminin hədəfinə çevrilə bilər.

5. Hətta PKK-PYD məsələsində ABŞ ilə qarşı-qarşıya qalınacağı da unudulmamalıdır. Əməliyyat ssenariləri bu ehtimallar göz önünə alınaraq hazırlanmalıdır…

Bütün risklərə baxmayaraq, Türkiyə prezident Rəcəb Tayib Ərdoğan artıq başlanması gözlənilən əməliyyatın səbəbini yüksək bir səslə elan edib. Bir neçə gün bundan əvvəl etdiyi çıxışnda o, ölkəsinin sərhədlərində yeni bir dövlətin yaranmasına imkan verməyəcəyini deməklə əsas hədəfi açıq şəkildə göstərib.

Bəs hədəf kimdir və onu zərərsizləşdirmək üçün niyə bu qədər riskli addım atılır?

Son zamanlar kürd separatçılarının ABŞ-ın dəstəyi ilə Şimali Suriyada bir de-fakto dövlət qurmağa çalışdığı, yaranacaq siyasi-inzibati ərazinin bağlantı nöqtələrini İŞİD-dən aldığı heç kimə sirr deyil. İŞİD-in strateji məntəqə hesab olunan Tel-Abyadı gözləniləndən daha tez kürd separatçılarına təslim etməsi hər şeyin bir qurama olduğu versiyasını ağla gətirir. Sanki, hansısa qüvvə İŞİD-ə “Böyük Kürdüstan” layihəsində nəzərdə tutulan əraziləri işğal etdirir və daha sonra onu PKK-nın Suriya uzantısı olan PYD qarşısında məğlub vəziyyətə düşürərək öz xəyallarını reallaşdırır.

Maraqlıdır ki, Tel-Abyadda kürdlərin önündən çəkildikdən sonra İŞİD Azad Suriya Ordusunun təsirli olduğu Cərablusa yönəldi və orda nəzarəti əlinə keçirdi. Tel-Abyadda olduğu kimi, qurama bir hərbi oyunla Cərablus kürd separatçılarına təhvil verilərsə, bu, həyata keçirildiyi ehtimal olunan “Böyük Kürdüstan” layihəsinin son mərhələsi ola bilər. ( Bu barədə daha ətraflı məlumat almaq üçün baxa bilərsiniz:Türkiyə Yaxın Şərqdəki son qalasını da itirə bilər: Ankara “kürd kartı”na qarşı Rusiya və İranla birgə hərəkət edəcək – Təhlil )

Bir müddət öncə qələmə aldığımız yazılarda da qeyd edildiyi kimi, Türkiyə özü üçün həyati əhəmiyyət daşıyan bu gedişata seyrçi qala bilməzdi. Son zamanlar qardaş ölkədə Suriyaya hərbi müdaxilənin müzakirəyə çıxarılması və bu gün MTŞ-da veriləcəyi gözlənilən qərar yanılmadığımızı sübut edir. O da maraqlıdır ki, qardaş ölkənin bufer zona elan edərək girəcəyi bölgə də tamamilə Cərablus vilayətini əhatə edir.

Türkiyə Silahlı Qüvvələrinin bu bölgəni İŞİD və kürd separatizmi təhlükəsindən təmizləyərək nəzarəti Azad Suriya Ordusuna təhvil verib ölkə sərhədlərinə qayıdacağı təxmin olunur. Sərhədlərinə çəkildikdən sonra isə o, sadəcə bufer zona üzərində təyyarələrin uçmasına imkan verməyəcək.

Prinsip etibarilə, bu niyyət Cərablusun müdafiəsi üçün kifayət edəcək tədbirdir. Zira istər PYG-nin, istərsə də İŞİD-in son zamanlar irəliləyişində onlara verilən hava dəstəyi önəmli rol oyanıyır. ABŞ və koalisiya qüvvələri kürd separatçılarının hücumundan əvvəl bölgədəki silahlı qüvvələri hava hücumlarıyla ya tamamilə məhv etdikdən, ya da xeyli zəiflətdikdən sonra YPG-nin işğalına şərait yaradır. Tel-Abyadda bunun ən bariz nümunələrini gördük. Adı çəkilən strateji qəsəbənin asanlıqla YPG-nin əlinə keçməsində hava dəstəyinin həlledici olduğunu kürd yetkililəri də qəbul edirlər.

Bəşər Əsəd rejimini hədəfə alan Azad Suriya Ordusu da eyni qaydada İŞİD qarşısında məğlubiyyətə uğradılır. Rejim müxaliflərinin zorən girdiyi İŞİD-lə mübarizə zamanı havada peyda olan Suriya təyyarələri onların başına bombalar yağdırır və məğlubiyyətlərinə şərait yaradırlar. Bəşər Əsəd əsgəri gücü bu yolla düşməni düşmənə qırdıraraq həm özünə qarşı yönəlmiş təhlükəni zəiflədir, həm də özü hər iki düşmənin hədəflərindən yayınır. Sözsüz ki, bufer zonada təyyarələrin uçuşuna imkan verilməsə, bölgə
dəki qüvvələr nisbəti bərabərləşər və xarici qüvvələrin məkrli planları asanlıqla reallaşmaz.

Rəsmi Ankaranın bu mövqeyi dövlət maraqları baxımından nə qədər haqlı görünsə də, Türk Silahlı Qüvvələrinin yetkililərinin dediyi kimi, kifayət qədər risklidir də. Nədən ki, öz başının hayına qalan Bəşər Əsəd rejiminin təyyarələrinin uçuşunu əngəlləmək, yeri gələndə onları vurmaq Ankara üçün çətin olmaz. Amma bu uçuşları ABŞ yerinə yetirsə, vəziyyət necə olacaq? Zənnimizcə, bu sualın cavabı hələ də açıq qalır.

Heydər Oğuz

Strateq.az