XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 İyul 2016 - 10:36

Çin Mərkəzi Asiyada: Qırğızıstanın Çin investisiyalarına ümidi doğrulacaqmı? –Təhlil (IV məqalə)

QC 

EurasiaNet.org (ABŞ), 06.07.2016

 

Xəbər verdiyimiz kimi, EurasiaNet.org (ABŞ) Çinlə keçmiş SSRİ-nin Mərkəzi Asiya respublikaları arasındakı münasibətlər haqda silsilə məqalələrin dərcinə başlayıb. Ötən saylarımızda bu silsilədən olan iki məqaləni Strateq.az oxucularına təqdim etmişdik (Aşağıdakı linklər vasitəsi ilə həmin məqalələrlə tanış ola bilərsiniz:

Çin Mərkəzi Asiyada –Pekin "Bir zolaq və bir yol"la sürətlə irəliləyir – Təhlil (I məqalə)

Çin Mərkəzi Asiyada –Pekin Özbəkistan üçün də cazibə mərkəzinə çevrilir – Təhlil (II məqalə)

Çin Mərkəzi Asiyada:Tacikistan və Türkmənistan da Çindən asılı duruma düşüb – Təhlil (III məqalə)

Bu dəfə isə EurasiaNet.org-un bu mövzuda IV materialını – Çinin Qırğızıstanla iqtisadi münasibətlərindən bəhs edən məqaləsini Strateq.az-ın oxucularına təqdim edirik:

 

Çin XİN başçısı mayda Qırğızıstana səfər edərkən ona bir sıra cəsarətli təkliflər verilib. Xüsusən də ÇXR xarici işlər naziri Van İdən soruşublar ki, Pekin Çindən Qırğızıstana 40 və ya daha çox istehsalat köçürmək imkanını niyə də nəzərdən keçirtməsin?

Qırğızıstan iqtisadiyyat naziri bildirib ki, bu cür addım hər iki tərəfə sərfəli olardı, çünki ÇXR bu qayda ilə Qırğızıstanda istehsal dayağı əldə edər, Mərkəzi Asiya respublikası isə dayanmış zavodlara həyat verə bilərdi. 

Təklif edilən zavodların siyahısı silisium, sürmə, elektrik lampaları istehsalı üzrə obyektləri, həmçinin Qaraqol və Qara-Balta spirt zavodlarını və respublikanın güneyində tekstil istehsalını ehtiva edir. Çin tərəfi bu təklifə hələlik cavab verməyib.   

Bu qədər qeyri-adi təklifə təhrik edən əsas amil keçən il Qırğızıstanın Çin mallarının idxalına maneələr yaradan Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmasıdır. Qırğızıstan hökumətinin məlumatına əsasən, ÇXR-dən idxal 2013-cü ildəki 1,45 milyard dollardan (29%) 2015-ci ildəki 1,03 milyard dollara düşüb.

İnvestisiyaların hərəkəti üzrə Agentliyin direktor müavini Şumkarbek Adilbekkulu EurasiaNet.org-a bildirir: “Qırğızıstan AİB-ə daxil olanadək Çin Qırğızıstana mal ixracatından böyük fayda götürürdü, çünki biz onları təzədən ixrac edirdik və ticarət prioritet sahə idi. Çinli iş adamları indi görürlər ki, durum dəyişilib və istehsal etmək və mal yığmaq sərfəlidir. Ona görə də bu sahəyə keçiblər”.

Qırğızıstan nəhəng şərq qonşusu ilə əməkdaşlıqdan əsas səmərəni hələlik ticarət sahəsində götürürdü. Respublika müstəqillik əldə edəndən sonra Bişkek ətrafında yerləşən Dordoy bazarı Çinin ucuz malları hesabına inkişaf etmişdi. Qırğızıstan 1988-ci ildə ÜTİ-yə (Ümumdünya ticarət təşkialtı) girdikdən sonra tacirlər daşınan malların aşağı tarifləri sayəsində daha çox gəlir əldə etməyə başladılar.

Ancaq yerli adı ilə – Mədinə – çağrılmağı xahiş edən çinli iş adamı Jonqaydakı “Çin bazarı”nda xalça və digər mallar satır. O, Qırğızıstan AİB-ə girdikdən sonra öz biznes modelini kökündən dəyişməli olub. Əvvəlki kimi, Qırğızıstanın güney vilayətindəki Narın sərhəd məntəqəsindən respublikaya Çindən birbaşa mal gətirmək əvəzinə “Xorqos” azad iqtisadi zonasından mal ixdalı və Qazaxıstan dəmiryolu vasitəsilə tədarük etmək sərfəli olub. Bununla belə, onun daşıdığı malın həcmi iki dəfə azalıb. Onun sözlərinə görə, işlər qaydaya düşməsə, güman ki, Qırğızıstandan getməli olacaq.

Lakin AİB daxilində işlər də bundan yaxşı getmir. İş adamları gileylənirlər ki, bürokratik süründürmə və blokun bir sıra ölkələrinin, xüsusən də Rusiya və Qazaxıstan valyutalarının iflası Qırğızıstanın ixracat potensialını sarsıdır. Ayturqay Zaitova artıq on ildən çoxdur ki, “Dordoy” bazarında qadın geyimlərinin alverini edir. Əvvəllər keçmiş SSRİ ölkələrindən alıcılar onun malını topdan alırdırlar. Lakin indi “Qırğızıstanda istehsal olunub” damğası vurulmuş malların asıldığı alver vaqonuna heç nə almaq niyyəti olmayan, boş-boşuna veyllənən hansısa adam təkdənbir baş çəkir.

“Jurnalıma baxsanız, keçən həftə gündə dörd-beş mal satmışam. Bəzən bütün günü heç bir əşya da getmir, – o deyir. – Keçən illərdə Rusiya, Qazaxıstan, Özbəkistan və hətta Ukraynadan yanımıza topdan alverçilər gəlirdilər. Səhər saat altıdan işə başlayır və artıq günortaya praktik olaraq bütün malı satırdıq”.

Çin investisiyaları nəzəri olaraq iqtisadiyyyatın bu sahəsini canlandıra bilər. Lakin ÇXR-lə bağlı məsələlərin vasvası səciyyəsi nəzərə alınsa, məmurlar Çinlə birgə ortaq layihələrin başlanması haqda ehtiyatla danışırlar. Bir çox problemlər iş yerlərinin yaradılması və maaşın ödənişi ilə bağlıdır. 2013-cü ildə Qara-Balta şəhərində yerli sakinlər Çinin dəstəyi ilə Zhongda neft emalı zavodunun inşasına qarşı etiraz aksiyası təşkil etdilər. Zavod işə salınandan sonra oxşar ixtisas sahibi olan çinli mütəxəssislərlə bərabər əməkhaqqı tələb edən qırğız fəhlələrin tətili başlandı. ÇXR-lə şərikli açılmış qızıl hasil edən və Çuysk vilayətinin Orlovka kəndində yerləşən “Altınken” şirkətində də eyni səbəbdən tətillər olub.

Həmişə təkrarlanan tələb budur ki, xarici şirkətlər yerli işçiləri kifayət qədər işə götürmür. Qırğızıstan Respublikası miqrasiya Xidməti bu problemin həlli üçün Qırğızıstanda yeləşən xarici şirkətlərin xarici işçilərini sayını 20% azaltmağı təklif edib. Potensial əcnəbi investorların bu cür təklifə necə yanaşdığı hələlik məlum deyil.

Bişkekin mərkəzində xırda bazarda pendir alveri edən Svertlana Rıjova şübhə edir ki, Çin firmalarını yerliləri işə götürməyə məcbur etmək mümkün olar.

Yerli işçilər Çin biznesmenlərinin nəyinə lazım? Onlara o dildə danışan çinli fəhlələri gətirmək daha asandır, – o deyir. – Düşünürəm ki, bütün məsələlər bundadır ki… məmurlar sadə adamların maraqlarındansa öz maraqlarının qayğısına daha çox qalırlar”.

Mərkəzi Asiyanın başqa ölkələrində olduğu kimi Qırğızıstanda da gizli, lakin bəzən aşkar üzə çıxan sinofobiya (Çinə aid hər şeydən xoflanma) sindromu var. Bu bəzən 2014-cü ilin dekabrındakı kimi üzə çıxır – özünü “Kırkçoro” milli-vətənpərvərlik hərəkatı kimi qələmə verən aqressiv ruhlu bir qrup gənc kişi özəl karaoke bara reyd təşkil etmişdi. Keçədən ənənəvi baş örtüyü qoymuş gənc oğlanlar orada işləyən qızları bayıra sürüyərək fahişəlikdə ittiham etmiş və müəssisənin çinli müştərilərini qırğız qadınların şərəfini alçaltmaqda ittiham edərək onlara  əl qaldırmışdılar.

Qırğızıstan hökuməti Çin investisiyaları əldə etməyə ümid bəsləyir, lakin vətəndaşların əksəriyyəti Rusiya ilə daha sıx münasibətlərə üstünük verərək bu ideyaya şübhə ilə yanaşır.

Qəzet köşkündə işləyən 66 yaşlı Ertabıldı Mamıtov respublikaya Moskvadan pulların axdığı 1980-ci illərdə kənd təsərrüfatı texnikasının istehsalı üzrə zavodda işləyib.

Rusiyadan Qırğızıstana istehsal köçürülsəydi, daha yaxşı olardı. Rusiya ilə uzunmüddətli ümumi tariximiz var. Çinə gəlincə, hər şeyin necə başa çatdığını artıq gördük. Çin investisiyalı müəssisələrdə tətillər baş verib, – o, EurasiaNet.org-a deyir. – Başqa investorla iş görmək daha yaxşıdır, lakin özgə variant olmasa, onda istehsalın bərpası üçün Çinlə də əməkdaşlıq edə bilərik”.

Lakin Rusiyanın vəd etdiyi investisiyalar hələ də maddiləşməyib. Pekin isə, ən azı, nəzərə olaraq göstərib ki, bu zəmində Rusiyanı əvəz edə bilər.

Respublika parlamenti yanvarda səs əksəriyyəti ilə Rusiya şirkətlərinin iki əsas SES-də müqavilə üzrə inşaat işlərinə başlamadığı üçün onlarla sazişi pozub. Sonra respublika baş nazirinin müavini Oleq Pankratov Narın çayı üzərində dörd kaskaddan ibarət SES-in inşasını müzakirə etməkdən ötrü apreldə Çin dövlət şirkəti State Power Investment Corporation-in nümayəndə heyəti ilə görüşüb. Kaskadın gücü 4,6 milyard kilovatt olacaq ki, bu da ləğv edilmiş Rusiya layihələrindən hər birinin göstəricilərini üstələyir və ölkənin ən böyük Toktoqul SES-nin göstəricilərinə bərabərdir.

Bişkek BizExpert konsaltinq şirkətinin analitiki Gülnur Çekirova iddia edir ki, ÇXR-in Qırğızıstandakı fəaliyyətini məqsədi Pekinin iqtisadi nüfuzunu genişləndirmək olan qitələrarası logistik layihələr şəbəkəsi “Bir zolaq və bir yol” təşəbbüsünün tərkib hissəsi kimi nəzərdən keçirtmək lazımdır.

“Çin öz tərəfdaşlarının iqtisadiyyatına, onların dedikləri kimi, siyasi deyil, iqtisadi hədəflər güdməklə investisiya qoyur. ÇXR hökmən gəlir vəd edən müəssisəyə pul qoymur. Onlar məsələyə strateji baxımdan yanaşırlar. Başa düşdüyüm qədər, onlar infrastruktura sərmayə qoyur və uzunmüddətli əməkdaşlıq qurmaqdan ötrü onları maraqlandıran ölkələri dəstəkləyirlər”.

Çekirovanın sözlərinə görə, Qırğızıstan Çini satış bazarından daha çox ərazisindən başqa bölgələrə çıxış əldə etmək mümkün olan ölkə kimi maraqlandırır.

 

Tərcümə Strateq.az-ındır.