Tanınmış jurnalist, Lider TV-nin əməkdaşı İlqar Qulusoy bu gün axşam saatlarında qəflətən vəfat edib.
Strateq.az xəbər verir ki, o, dostları ilə "Azərbaycan" nəşriyyatının həyətindəki meydançada futbol oynayarkən, qəfildən başını tutaraq yıxılıb. Dostları nə baş verdiyini anlayana qədərsə, o, dünyasını dəyişib.
İlkin ehtimala görə, İlqar Qulusoy ürəktutmasından vəfat edib.
Həmkarlarımızdan aldığımız məlumata görə, hadisə yerinə çağrılan təcli tibbi yardımın həkimləri onun nəşini ekspertizaya aparıblar… Gözlənilir ki, İlqar Qulusoyun cənazəsi doğulduğu Naxçıvana aparılacaq…
Xatırladaq ki, İlqar Qulusoy 1980-ci ildə Naxçvan Muxtar Respublikasınının Kəngərli rayonunun Böyük Düz kəndində anadan olub, əvvəllər Naxçvan Dövlət Televiziyasında işləyib. Son illər isə Lider televiziyasında çalışırdı… Ailəli idi.
Strateq.az-ın kollektivi dəyərli həmkarımızın vəfatından kədərləndiyini bildirir, mərhuma Allahdan rəhmət, əzizlərinə səbr diləyir!
Allah rəhmət eləsin!
İlqar Qulusoyun yazdığı şeirlərdən birini aşağıda oxuculara təqdim edirik:
Mən bir vaxtlar var idim, bu gün itib gəlmişəm.
Əllərimlə saçımı didib-didib, gəlmişəm…
İlahi, öz içimdən zühur edib gəlmişəm,
Bağışla məni, Tanrım, şeyx olmaq istəyirəm…
Sonsuz miras verdiyin kədərinə min şükür,
Bir az vərəm kimiyəm – vərəminə min şükür.
Məni dəli yaratdın, kərəminə min şükür,
Bağışla məni, Tanrım, şeyx olmaq istəyirəm…
Başdan böyük danışan, özündən söz çıxardan,
İçimdə duz dağı var, ağlayıb, duz çıxardam.
Bu, mənəm – öz dərdimlə bəzənib göz çıxardan…
Bağışla məni, Tanrım, şeyx olmaq istəyirəm…
Mən şeir yazmıram ki, sözə əzab verirəm,
Mən ağlaya bilmirəm – gözə əzab verirəm.
Bağışlayın, siz allah, sizə əzab verirəm…
Bağışla məni, Tanrım, şeyx olmaq istəyirəm…
Bir az ağlayan yaxşı, bir az gülən yaxşıdır.
Ölü yaşayandansa, diri ölən yaxşıdır.
Yenə böyük özünsən, özün bilən yaxşıdır,
Bağışla məni, Tanrım, şeyx olmaq istəyirəm…