XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2016 - 15:04

ABŞ-ın Varşava məğlubiyyəti:Son sammit sonuncu sammit də ola bilər

nato-4

Dünən NATO-nun Varşava sammiti öz işini tamamladı. 27 ölkənin dövlət və hökumət başçıları,media nümayəndələrinin iştirakı ilə keçirilən bu sammit Alyansın tarixində ən geniş həcmli toplantılardan biri kimi tarixə düşəcək. İlk dəfə konfrans zalında yox, stadionda keçirilməsiylə yadda qalan sammitin belə geniş tərkibdə bir araya gəlməsi təsadüfi deyildi: toplantıdan çox tarixi və məsuliyyətli qərarlar gözlənilirdi. Bu qərarlar, təbii ki, dar çərçivədə verilə bilməzdi.

Sammit öncəsi açıqlamalara nəzər salanda müzakirəyə çıxarılacaq əsas mövzuların əsasən 4 maddə üzrə qruplaşdırıldığını görə bilərik:

  1. Rusiya: Ukraynanın şərqini və Krımı ələ keçirən, Şərqi Avropanı təhdid edən Rusiyanın bu siyasətinin qarşısını almaq üçün Qərb ölkələri öz mövqelərini ortaya qoymalı və Moskvanı çəkindirəcək addımlar atmalı idi.
  2. İŞİD-lə mübarizə: Yaxın Şərqi qan gölünə çevirən İŞİD terroru artıq Avropa və Qərb ölkələrini də təhdid edir. Fransada, Belçikada və son zamanlar Türkiyədə baş verən terror hadisələri mühüm addımlar atılmasını gündəmə gətirmişdi. ABŞ liderliyində koalisiya qüvvələrinin isə İŞİD-ə qarşı mübarizədə yetərsizliyi ortada idi. Daha genişmiqyaslı hərbi müdaxilə üçün isə ya BMT-nin, ya da NATO-nun qərarı tələb olunurdu.
  3. Qara dəniz məsələsi: Alyans Qara dənizin "rus gölü"nə çevrilməsinin qarşını almaq və özünün Şərq cinahını müdafiə etmək üçün bu bölgədə  qüdrətini artırmalı idi.
  4. NATO-nun maliyyələşdirilməsi: Dünyanın ən böyük hərbi alyansının maliyyə yükünün böyük hissəsi ABŞ-ın çiyinlərinə düşürdü. Nizamnaməyə görə, üzvlər öz ÜDM-nun 2%-ni hərbi güclərini artırmağa yönəltməli olsalar da, bu şərtə ABŞ və Şərqi Avropa dövlətlərindən başqa heç bir NATO ölkəsi əməl etmək istəmirdi. Xüsusilə,  Fransa və Almaniyanın daha xəsis davrandığı müşahidə olunurdu. Bu isə istər-istəməz hər il 900 milyardlıq NATO büdcəsinə 650 milyard dollar ayıran ABŞ-da ciddi narazılıqlara səbəb olur, hətta ölkənin bir çox siyasiləri Alyansdan ayrılmağı gündəmə gətirirdilər.

Göründüyü kimi, Varşava sammitinin əsas gündəm maddəsi Rusiya ilə bağlı idi. İstər İŞİD-ə qarşı mübarizə, istər Qara dənizdə möhkəmlənmək, istərsə də büdcəyə daha çox vəsait ayırmaq kimi məsələlər Alyansın Rusiya qərarından daha çox asılı idi: Suriya hadisələrində göründüyü kimi, Moskvanın razılığını almadan Yaxın Şərqdə hər hansı ciddi uğurlara imza atmaq mümkün deyildi. Rusiya bölgədə yerləşən digər dövlətləri də ətrafına toplayaraq, həyata keçirdiyi hərbi əməliyyatlarla bütün planları alt-üst edə bilərdi. Eynilə, NATO ölkələrinin əsas təhdid olaraq gördükləri Rusiyaya qarşı hər hansı qərar alınmayacaqsa, Avropa ölkələrinin hərbi büdcələrinə daha artıq maliyyə ayırmağın da anlamı yox idi.

Varşava sammitindən gələn xəbərlər isə Alyans üzvlərinin Rusiyaya qarşı addım atmaqda yekdil olmadıqlarını ortaya qoyurdu. Sammitinin açılış mərasimindən əvvəl jurnalistlərə müsahibəsində Fransa prezidenti Fransua Olland açıq şəkildə Rusiyaya qarşı alınacaq hər hansı qərarı dəstəkləməyəcəklərini bildirirdi: "Rusiya Fransa üçün nə təhdid, nə düşməndir. NATO da heç Avropanın Rusiya ilə əlaqələrinə təsir etmək niyyətində deyil".

Fransa prezidentinin bu sözləri çox mətləblərdən xəbər verir və səbəbsiz deyildi. Sammitdən bir müddət əvvəl Fransa senatı Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə qərar qəbul etmiş və bu addım Avropa İttifaqında ciddi müzakirələr yol açmışdı.

Avropa İttifaqının digər əsas söz sahiblərindən olan Almaniya da Rusiya ilə konfliktdən artıq yorulmuşdu və bu səylərin mənasız olduğuna inanırdı. Təsadüfi deyil ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer sammit öncəsi mətbuat açıqlamasında Polşa və Şərqi Avropa ölkələrinə NATO qüvvələrini yerləşdirmək qərarlarını bəyənmədiyini açıq şəkildə ortaya qoyurdu. O,  öz açıqlamasında deyirdi: "Bizdən hazırda tələb olunan bir şey varsa, o da yüksəksəsli döyüş təhdidləri və avantüralarla vəziyyəti mürəkkəbləşdirməməkdir. NATO-nun şərq sərhədlərində simvolik bir şəkildə tankların hərəkətiylə təhlükəsizliyimizi artıracağımızı düşünənlər varsa, yanılırlar".

Moskvanı qıcıqlandırmağı açıq şəkildə avantüra adlandıran Almaniyanın xarici işlər nazirinin bu mövqeyi əslində başadüşüləndir. Başlıca səbəb hər iki ölkənin enerji maraqları ilə bağlıdır.  Belə ki, sanksiyalara baxmayaraq, Almaniya rus qazının Avropaya nəqlində Moskva ilə əməkdaşlıq etmək niyyətindədir və bunu indi belə həyata keçirir. NATO-nun bu ölkəni hədəfə alması isə, təbii ki, almanların da maraqlarına uyğun deyil.

Almaniyanın Rusiyayla konfliktdən qaçmaq səbəblərindən biri isə ölkənin ictimai rəyi ilə izah olunur. Xüsusilə, bir zamanlar Rusiyanın təsir dairəsində qalan Şərqi Almaniya əhalisi arasında köhnə nostalgiyaların hələ də davam etdiyi və bunun zaman-zaman rus "yumşaq gücü"nə çevrildiyi bildirilir. Bu mənada təsadüfi deyil ki, Avropa İttifaqı siyasiləri arasında Rusiyaya münasibətdə ən yumşaq mövqeyi ilə seçilən Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Qərb ölkələrində sərt təpkilərlə qarşılaşsa da, öz vətənində ən çox sevilən dövlət adamlarından biridir. “Bild” qəzetinin keçirdiyi rəy sorğusuna görə, respondentlərin 70%-i Ştaynmayerdən ya  razı, ya da çox razı olduqlarını ifadə edib. Yenə eyni rəy sorğusu almanların 81%-nin Rusiya ilə problem yaşamaq istəmədiyini göstərir. Rəy sorğusunun bu nəticəsi Ştaynmayerə duyulan ümumxalq məhəbbətinə aydınlıq gətirdiyi kimi, Almaniya baş naziri xanım Angela Merkelin Varşavada ortaya qoyduğu mövqeyinə də işıq tutur. Məlumata görə, Merkel sammitdəki çıxışı zamanı deyib: "Avropada daimi təhlükəsizliyə Rusiyaya qarşı yox, Rusiya ilə birlikdə vara biləcəyimiz məsələsində həmfikirik".

Enerji maraqları təkcə Almaniyanı deyil, həmçinin Bolqarıstanı, Türkiyəni, Yunanıstanı da Rusiyaya yaxınlaşdıran əsas amillərdən biridir. Nədən ki, Ukrayna böhranından sonra Avropaya qaz nəqlinin 60%-nin keçdiyi marşrut xəttini itirən Rusiya alternativ layihələr baxımından bu ölkələrə yönəlmiş, müəyyən müqavilələr imzalamışdı. Bu səbəbdən də adı keçən bütün ölkələrin Rusiyaya münasibətdə radikal addımları istəmədiyi müşahidə olunur.

Xüsusilə,  Bolqarıstanın məsələyə xeyli sülhpərvər yanaşdığı sezilir. Bolqarıstan baş naziri Boyko Borisovun sammitdən öncəki çıxışlarında Varşavada “silahdan arındırılmış Qara dəniz” ideyasını dilə gətirəcəyini bildirməsi də bu fikri təsdiqləyir. Borisovun fikrincə, “bölgədə turizm, neft və təbii qaz qaynaqları, istəsəniz, balıqçılıq da inkişaf etsin, rifaha çatsın. Bölgədə yaxınlaşma körpüləri salınsın. Geri qalan hər şey təhlükəli ola bilər”.

Sammitdən əvvəl Rusiyayla münasibətlərini normallaşdıran Türkiyənin də mövqeyi çəkindirici hərbi güclə yanaşı, dialoqdan yana idi. Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan tərəfindən açıq şəkildə etiraf olunan bu yumşaq mövqenin iqtisadi maraqlardan qaynaqlandığı şəksizdir. Ümumiyyətlə, ABŞ-ın təkidi ilə tətbiq olunan sanksiyalar təkcə Rusiyanı iqtisadi cəhətdən zəiflətmədi, qarşı tərəflərə də ciddi zərbələr vurdu. Ən çox zərərə uğrayan isə Türkiyə oldu. Ərdoğanın dialoq çağırışları da bu zərəri aradan qaldırmağa hesablanıb.

Yunanıstanın Rusiyayla bağlı mövqeyi aydın olduğundan, görünən dağa bələdçilik etmək niyyətində deyilik.

Görünür, NATO ölkələri arasındakı bu cür fikir ayrılıqları Varşava sammitində heç bir qərarın qəbul edilməməsiylə nəticələndi. Bir müddət əvvəl antirus mövqeyilə seçilən NATO yetkililəri belə Varşava sammitindən sonra xeyli yumşaldılar. Nəticədə Alyansın baş katibi Yens Stoltenberq Rusiyaya qarşı heç bir qərarın alınmadığını etiraf edərək, atılacaq addımların oktyabr ayında müəyyənləşəcəyini bildirdi. Oktyabr ayına qədər isə NATO-nun Rusiya ilə dialoq qurmağa çalışacağı qeyd olunur. Bu çərçivədə ilk görüş isə bir neçə gündən sonra, yəni ayın 13-də keçiriləcək.

Varşava sammitinin nəticəsiz başa çatmasından çıxarılacaq nəticələr bunlardır: Alyansın Rusiya ilə bağlı mövqeyi tam aydın olmadığından, yəqin ki, bundan sonra da heç bir ortaq mövqe əldə edilməyəcək. Bu isə NATO-nun maliyyələşməsinə ciddi maliyyə  ayıran ABŞ-ın mövqeyinə ziddir və bu qədər fədakarlığı mənasız hala gətirir. ABŞ-ın prezidentliyinə hər iki namizədinin bu maliyyə yükünün ağır olduğunu bildirərək, ölkələrinin Alyansdan ayrılması barədə qərar qəbul edəcəklərini dəfələrlə dilə gətirməsi perspektiv haqqından kifayət qədər ipucları verir.

Bir sözlə, mümkündür ki, NATO-nun son sammiti onun həm də sonuncu sammiti kimi tarixə düşsün.

Heydər Oğuz

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə