XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 13:46

NATO-nun yeni Cənub sərhədləri strategiyası:Məzhəb savaşları bitəcəkmi? - Təhlil

 

Erdogan NATO

Varşava sammitinin müzakirəyə çıxardığı əsas məsələlərdən biri də İŞİD-ə və əl-Qaidəyə qarşı mübarizə strategiyası idi. Sammitin qəbul etdiyi qərarlara görə, bu çərçivədə atılacaq addımlardan biri “AWACS” təyyarələrinin Suriya və İraq sərhədlərinə nəzarət etməsi, digəri isə bölgə ölkələrinin təhlükəsizlik qüvvələrini yetişdirilməsi olacaq.

Yeni strategiyaya uyğun olaraq, bir növ, uçan radar xarakteri daşıyan “AWACS”lar Türk və beynəlxalq hava sahəsində xidmət göstərəcək, Suriya və İraqdakı İŞİD hədəfləri ilə əlaqədar məlumatlar toplayıb lazımi hərbi qurumlara ötürəcək. Yerli təhlükəsizlik qüvvələri də bu məlumatlar istiqamətində hərəkət edəcək və hədəfləri zərərsizləşdirəcəklər.

Onların təlimi isə yalnız İordaniyada deyil, həm də İraqda həyata keçiriləcək. Həmçinin, Liviya və Tunisdə də hərbi təhlükəsizlik strukturlarının qurulması və inkişaf etdirilməsi üçün əməkdaşlıqların gücləndirilməsi nəzərdə tutulur.

Varşava sammitinin bu qərarından anlaşılan odur ki, dini radikalizmə qarşı mübarizəni NATO hərbçiləri özləri birbaşa yox, yetişdirdikləri yerli qüvvələr vasitəsilə həyata keçirəcəklər.

Sual oluna bilər: İŞİD-ə qarşı mübarizədə niyə bu cür vasitəli metoda üstünlük verilir?

NATO yetkililəri bu suala birbaşa mübarizənin yarada biləcəyi əks-effektlə əsaslandırırlar. Onların fikrincə, istər Əfqanıstan, istərsə də İraq təcrübəsi dünyaya yeni nizam gətirmək istəyənlər üçün əsil ibrət dərsi olub. Nədən ki, dini həssasiyyəti ilə seçilən bu coğrafiyaya başqa inanc daşıyıcılarının gətirdiyi “xoşbəxtlik” yanlış anlaşılır, müqavimətlə qarşılanır. Odur ki, yürüdülən siyasətin yerli qüvvələr vasitəsilə həyata keçirilməsi daha məqsədəuyğundur. Bunu Varşava sammiti çərçivəsində keçirilən forumların birində Norveç xarici işlər naziri Borge Brende də etiraf edərək deyib:

"NATO üzvlərində İŞİD-ə qarşı təkbaşına, yəni yalnız Qərb ölkələrinin hərbi qüvvələriylə yox, həm də ərəb və sünnilərin də iştirak etdiyi daha geniş koalisiya ilə mübarizə aparılmasının lazım olduğu qənaəti hakimdir. Əslində, doğru olan da budur. İŞİD və əl-Qaidənin bu mübarizəni "müsəlmanlarla Qərb arasında döyüş” kimi təqdim etmələrinə yol verilməməlidir. Çünki bu, həqiqətən, həm müsəlmanlar, həm də xristianlar olaraq hamımızın sahib olduğu universal dəyərlər adına yürütdüyümüz bir mübarizədir".

NATO-nun “universal dəyərlər” uğrunda mübarizədə sünni və ərəb əsillilərə üstünlük verməsinin altında yatan hikmət də anlaşılandır. Məlum olduğu kimi, İŞİD üzvləri dini əqidəcə sünnilərdən təşəkkül tapır. Odur ki, İŞİD-ə qarşı mübarizə bu həssasiyyətlər nəzərə alınaraq aparılmalı, tərəf-müqabillər etina ilə seçilməlidir. Zira dini duyğuları ön plana çıxaran bu zümrə üçün bir şiənin bir xristiandan o qədər də fərqi yoxdur. Hətta islam dünyasının məzhəb yarası səlib yürüşlərindən daha qədim və dərin olduğundan, mübarizəyə şiələrin qarışması daha ağır əks-effektlər verə bilər – necə ki, verir də. Aparılan mübarizənin indiyə qədər İŞİD-i zəiflətməməsi, əksinə daha da gücləndirməsi terror təşkilatının məzhəbçi və ya dini ritorikasının gücləndirməyə yarayan metodlara söykənməsindən doğub. Bu mənada NATO-nun xüsusilə sünni əqidədən gələnlərə üstünlük verməsi başadüşüləndir.

Yeni mübarizə taktikasında ərəb əsillilərə önəm verilməsi də səbəbsiz deyil. Məlumdur ki, istər əl-Qaidə, istərsə də İŞİD bu zamana qədər ideoloji və maliyyə baxımından, başda Səudiyyə Ərəbistanı olmaqla, ərəb ölkələrindən qidalanıb. Əl-Qaidənin qurucusu Üsamə bin-Ladenin Səudiyyə krallığının ən böyük oliqarx ailələrindən birinə mənsub olması və həmin ailənin indiyə qədər bu statusunu əlində tutmağı bacarması bu mənada təəccüblü deyil. İŞİD də həmçinin sünni Səddam Hüseynin devrilməsindən sonra İraqda hakimiyyətə gələn şiələrin yürütdüyü siyasətə reaksiya olaraq doğub və bu zamana qədər neft zəngini ərəb ölkələri tərəfindən həm maddi, həm mənəvi cəhətdən dəstəklənib.

Varşava sammitində qəbul olunan qərardan isə belə çıxır ki, alyans üzvləri ərəb ölkələrinin ənənəvi siyasətlərini dəyişəcəyinə əmindirlər. Həqiqətən də bu əminliyin müəyyən əsasları da var. Səudiyyə Ərəbistanında son zamanlar dalbadal törədilən terror hadisələri öz əliylə aslan yemləyənlərin aqibətlərinin də yemə çevrilmək olacağı həqiqətini rəsmi Riyada əyani şəkildə göstərdi və krallığa öz siyasətini dəyişdirməsi üçün bəhanə verdi. Rəsmi Riyad bundan sonra öz ictimai rəyinə İŞİD-lə mübarizənin zəruriliyini rahatlıqla izah edə bilər.

Bununla belə, ərəb ölkələrinin ənənəvi siyasətdən imtina edib yeni strategiya mənimsəməsi asan olmayacaq. Bu mövqe dəyişikliyinin həm körfəz ölkələrinin daxili vəziyyətinə təsir göstərəcəyi, həm də regionda qüvvələrarası ziddiyyətləri tamamilə başqa müstəviyə daşıyacağı ehtimalı var. Belə ki, yeni siyasət çərçivəsində ilk iş ərəb ölkələri daxilindəki İŞİD və əl-Qaidə təşkilatlarına bağlı radikal qüvvələrə qarşı mübarizəyə start vermək olmalıdır. Sözsüz ki, bu da ciddi müqavimətə yol açacaq, hədəfə alınan təşkilatlar status-kvonu qorumaq üçün məzhəblərarası konflikti körükləyən terror aktları törətməyə çalışacaqlar. Ramazanın son günü Mədinədəki Məscidi-Nəbəvi  və Səudiyyə krallığındakı şiələrin məskunlaşdığı Katib şəhərindəki məscidlərə qarşı törədilən terror hadisələri staus-kvonu qorumaq üçün atılan ilk addımlardan biridir.

İŞİD və əl-Qaidəyə qarşı yeni mübarizə taktikasında ərəb dünyasına bağlanan ümidlər istər Rusiya, istərsə də İran üçün qəbuledilməzdir. Baxmayaraq ki, görünüşdə yeni strategiya hər iki dövlətin hədəflərinə uyğundur, amma bölgənin körfəz ölkələrinin nəzarətinə keçməsi ehtimalı həm Moskvanın, həm də Tehranın geosiyasi maraqlarına cavab vermir.

Tehran bir müddət əvvəl açıq şəkildə Suriyanı növbəti mərhələdə İranla ABŞ arasında başlanacağı gözlənilən hesablaşmanın cəbhə xətti olaraq elan etmiş və çarpışmanı öz sərhədlərindən kənarda aparmaqda maraqlı olduğunu ortaya qoymuşdu. Rusiya da eyni şəkildə Suriya problemi başa çatdıqdan sonra NATO qüvvələrinin onu Aralıq dənizindən sıxışdırıb çıxaracağını və Qara dəniz çıxmazına salacağını anlayır. Digər Əsəd dostu Hizbullaha da özünün silah və digər hərbi ləvazimatlarla təchizatı üçün İrandan Livana qədər uzanan nəzarətdənkənar bölgə lazımdır. Əks halda o, bir tərəfdən İsrail, digər tərəfdən isə Səudiyyə Ərəbistanının mühasirəsi altına düşə bilər.

Deməli, NATO-nun İŞİD və əl-Qaidə ilə bağlı yeni strategiyasının regional güclərin maraqlarına cavab vermədiyindən, nəinki illərdən bəri davam edən məzhəb münaqişlərini səngitməyəcəyi, əksinə, atəşi daha artıq körükləyəcəyi gözlənilir. Münaqişələrin yeganə həll yolu isə Qərbin hərbi güc mərkəzlərinin bir-birinə qarşı düşmənçilik siyasətlərindən vaz keçməsindən və regional qüvvələrin məzhəblərarası düşüncə fərqlərini İslamın zənginliyi kimi qədul etməsindən asılıdır. Nə yazıq ki, bunların hamısı hələ də xəyal kimi görünür və Qərbin region üzərində qovğaları bitmədikcə, müsəlmanlar arasındakı dini əqidədən doğan ziddiyyətlər imperializmin əsas silahı olaraq qalacaq.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə