XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 00:19

Moskvadan NATO-ya erkən cavab:Suriyadan nüvə təhdidli mesaj

tu-22m3

Rusiya bu gün Suriyanın Palmira vilayətində hava əməliyyatları keçirib.

Strateq.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hava əməliyyatında bir hərbi düşərgə, 3 silah anbarı, 3 tank, 4 hərbi texnika və ağır silah quraşdırılmış 8 maşın vurulub. Məlumatda həmçinin, çox sayda terrorçunun öldürüldüyü bildirilir.

Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra hər gün yaşanan adi hadisələrdən biri kimi görünsə də, xəbərin bəzi detallarına nəzər salanda bugünkü əməliyyatla Moskvanın olduqca mühüm mesaj verdiyi aydın olur. Başlıca detal isə hərbi əməliyyatları həyata keçirən təyyarələrlə bağlıdır.

Müdafiə Nazirliyinin etirafına görə, bu təyyarələr Tu-22M3-lərdir və altı ədəd Tu-22M3 Suriya ərazilərindəki hava bazalarından deyil, Rusiyadan havalanaraq, Palmiraya gəlib.

Bəs, Tu-22M3-lər hansı xüsusiyyətlərə malikdir  və Palmirada bir neçə terrorçunu məhv etmək üçün bu təyyarələrə ehtiyac var idimi?

Tu-22M3 tipli təyyarələr Rusiyanın ən ağır və  strateji bombardımançı təyyarələri kimi tanınır. Sözsüz ki, terrorizmə qarşı mübarizədə bu cür ağır təyyarələrdən istidadə etməyə nə ehtiyac var, nə də onlar əslində bu məqsəd üçün yararlıdırlar. Terrorçularla mübarizədə daha cəld manevr imkanlarına malik təyyarələrlə effektli nəticə almaq mümkün olduğundan, Rusiyanın bugünkü hava əməliyyatında “ağırçəkili döyüş qartalları"na  üstünlük verməsi təəccüblü görünür və əsl məqsədin fərqli olduğunu ortaya qoyur.

Ekspertlər də məqsədin “terrorçu ovu” deyil, kimlərəsə mesaj və ya göz dağı vermək ola biləcəyini bildirirlər. Rusiya Federasiyası Şurasının Müdafiə və Təhlükəsizlik komissiyasının sədri Frans Klintseviç bu cür düşünənlərdəndir. Onun fikrincə, Rusiya son əməliyyatı ilə “anlaması lazım olanlara konkret mesaj vermişdir”.

Bəs, anlaması lazım olanlar kimlərdir?

Nə yazıq ki, Frans Klintseviç konkret ad çəkmir. Buna baxmayaraq, o, açıq şəkildə “hərbi intiqam”dan bəhs edir: "Heç kim əməliyyatlara "intiqam" adı qoymur. Ancaq hərbi məntiq ona "intiqam" deyir."

İlk baxışdan Rusiya bir neçə gün bundan əvvəl Palmirada vurulan və iki pilotu öldürülən vertolyotunun qisasını alır. Amma hərbi qüdrəti zəif qüvvədən alınan qisasda strateji bombardıman təyyarələrindən istifadə etmək o qədər də inandırıcı görünmür.

Zənnimizcə, Rusiyanın Tu-22M3  təyyarələrini səhnəyə çıxarması qisasdan çox, göz dağıdır. Özü də bu göz dağı terrorçulara yox, Rusiyanın həqiqi rəqiblərinə, daha konkret desək, NATO-ya verilir. Təəccüblü deyil ki, sözügedən əməliyyat NATO-nun Varşava sammitindən dəhral sonraya və Alyansın Rusiyayla dialoqa başlayacağı vaxtdan bir gün əvvələ təsadüf edir.

Bilindiyi kimi, Varşava sammitində Balkan və Baltik ölkələrindəki hərbi qüvvələrini gücləndirməyi qərara alan NATO Qara dəniz məsələsində Rusiyaya oktyabra qədər vaxt vermiş, münasibətləri aydınlaşdırmaq üçün bu ayın 13-dən (artıq bu gündən) etibarən, dialoqlara yenidən başlamaq yolunu seçmişdi. Ukraynanın işğalından sonra kəsilən, Varşava sammitinin ardından isə aktivləşən dialoqlar heç bir nəticə verməsə, oktyabrda toplanması gözlənilən növbəti sammit Rusiyaya qarşı daha ciddi və konkret addımlar atılmasını gündəmə gətirə bilər. Böyük ehtimalla, həyata keçiriləcək növbəti tədbir NATO qüvvələrinin Qara dənizdə öz mövqelərini gücləndirmək olacaq.

Qara dənizə ölüm-qalım məsələsi kimi baxan Rusiyanın bu addımlara reaksiyası isə xeyli sərtliyi ilə seçilə bilər. Varşava sammiti ərəfəsində bunu keçmiş SSRi-nin ilk və son prezidenti Mixail Qorbaçov da açıq ifadə etmiş, dünyanın sonunu gətirə biləcək müharibə ehtimalından danışmışdı. Rusiyanın və NATO qüvvələrinin nüvə silahlarına sahib olması Qorbaçovun qorxunc müharibə deyərkən, nəyi nəzərdə tutduğunu göstərir. Tu-22M3-lərin də strateji bombardıman təyyarələri olduğunu hesaba qatsaq, mənzərə tam çılpaqlığı ilə ortaya çıxır və Moskvanın öz rəqibinə hansı mesajları verdiyini andınlaşdırır.

Əslində Tu-22M3-lü nüvə təhdidi mesajları Rusiyanın ilk barmaq silkələməsi deyil. Ötən ilin avqust ayında ABŞ Rumıniyada raketdənmüdafiə sistemləri qurmaq fəaliyyətini genişləndirəndə Moskva eyni təyyarələri Krımda yerləşdirmiş və onlar vasitəsilə Qara dənizdən kənar əraziləri də nəzarət altına alacağını söyləmişdi. Görünür, Kreml bir il bundan əvvəl dediyi fikirlərin zarafat olmadığını indi əməli fəaliyyətilə sübut etmək niyyətindədir.

Məsələyə bu aspektdən baxanda, keçirilməsi planlaşdırılan Rusiya-NATO görüşündə Moskvanın öz düşməninə nə cavab verəcəyi aydınlaşır. Yəqin ki, bu cavab “yox” olacaq.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə