Kasıbın Haqq savaşı yağdı Firon dürməyinə,
Oğuz, onlar çıxarır çünki savaşdan çörəyi.
Heydər Oğuz
“Bizim istehsalat gücümüz günü-gündən böyüyür. Hər nə qədər raketdən müdafiə sistemləri sahəsində daha çox böyümələrə imza atsaq da, digər sahələrdə də mühüm qazanclar əldə etmişik".
Strateq.az xəbər verir ki, bu etiraf nəhəng silah şirkətlərindən olan “Raytheon”un icraçı direktoru Tomas Kennediyə məxsusdur.
Onun bildirdiyinə görə, rəhbərlik etdiyi şirkət təkcə ötən il silah və müdafiə sistemlərinin satışından 23 milyard dollar qazanıb, bu il isə mənfəətin 5 və ya 3% artacağı gözlənilir.
Maraqlıdır ki, Kennedi dünyanın getdikcə müharibəyə daha çox sürüklənməsinin onların işinə yaradığını da gizlətməyib. Yaxın Şərqdən Uzaq Şərqə və Asiyaya qədər ərazilərdə döyüşlərin yaşandığını ifadə edən Kennedi deyib: "Müqavimət döyüşləri davam etdiyi müddətcə silahlara tələblər də artır".
“Raytheon” şirkətinin hesabatları da icraçı direktorun fikirlərini təsdiqləyir. Hesabata görə, İranın ballistik raketlərindən çəkinən bir çox Yaxın Şərq ölkəsi şirkət tərəfindən istehsal olunan “Patriot” sifarişlərini artırıb.
Qeyd edək ki, ABŞ-da nəşr edən "İntercept" adlı xəbər saytı da ötən il yaydığı bir məqaləsində silah şirkətlərinin Suriyadakı daxili döyüşdən milyardlarla dolar mənfəət əldə etdiyi bildirmişdi.
Mütəxəssislər Türkiyənin hava sahəsini pozan rus döyüş təyyarəsini vurmasının da silah satışlarına müsbət təsir göstərdiyini irəli sürürlər.
Ümumiyyətlə, Rusiyanın Suriyaya müdaxiləsinin daha çox “Lockheed Martin”in də işinə yaradığı, 1995-ci ildə qurulan bu yüksək texnologiya və hava hücumundan müdafiə şirkətinin istehsal etdiyi F-22 və F-35 təyyarələrinə duyulan ehtiyacı yüksəltdiyi, Yəmən döyüşlərindən sonra isə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin raket və bənzər silah sifarişlərinin artdığı bildirilir.
Məsələyə bu aspektdən yanaşanda, ABŞ-ın Rusiya ilə münasibətlərində niyə gərginliyi artırmaq xəttini tutduğu aydınlaşır. Prinsipcə, Rusiya da müharibənin “çörəyini yemək”dən geri qalmır.
Bir müddət əvvəl Rusiyanın Suriyada Tu-22M3 təyyarələri ilə hava əməliyyatı keçirməsinin başlıca səbəblərindən biri də silah ticarətilə izah olunur. Mülahizələrə görə, 2012-ci ildən sonra bir ədəd belə Tu-22M3 təyyarəsi sata bilməyən Moskva əslində Suriya səmalarında öz strateji təyyarəsini nümayiş etdirirdi. Əks təqdirdə hərbi gücü məhdud terrorçulara qarşı atom bombası daşımaq üçün nəzərdə tutulan təyyarələrdən istifadə olunmasının başqa səbəblərlə izahı mümkün deyil.
Strateq.az