XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2015 - 06:19

“Bəlkə Putin sünnət olunub?”

Heyder Oguz

“Utanmasalar, “Putin sünnət olunub, bu səbəbdən də bir həftədir ki, camaat arasına çıxa bilmir”-deyərlər”.

Bunu Ədalət Partiyasının sədr müavini Heydər Oğuz Putin haqqında yayılan xəbərləri şərh edərkən deyib. Şair- publisist Strateq.az-a açıqlamasında qeyd edib ki, Putinin yoxa çıxması xəbərindən sonra bu cür söz-söhbətlərin yayılması və az qala, rəsmən təsdiqlənməsi təsadüfi deyil, bəlkə də Kreml tərəfindən məqsədli şəkildə yayılıb: “Mümkündür ki, Rusiya böyük əks-sədaya səbəb olacaq hansısa addım atmağa hazırlaşır. İnsanların diqqətini tamamilə başqa istiqamətə yönəltmək üçün isə belə bir fikir ortaya atır.”

Qeyd edək ki, Putinin müsəlmanlığı qəbul etməsi xəbərini onun mətbuat xidmətinin rəhbəri Dmitri Peskov “lifenews” saytına müsahibəsi zamanı dilə gətirmiş və Rusiya liderinin əvvəldən İslama meylli olduğunu bildirmişdi. Kreml tərəfindən şüurlu şəkildə yayılan bu mülahizələrin ABŞ və Qərblə imperialist savaşlarda məzlum müsəlman xalqlardan istifadə etmək məqsədi güddüyünü düşünən Heydər Oğuz Putinin səhhətiylə bağlı deyilənləri isə şərh etməyə tələsmir:

“Bu barədə rəsmi məlumat verilməyənə qədər hadisəni şərh etmək yalnış olardı. Siyasət kahinlik deyil ki, qeybdən xəbər verəsən. Təsdiqini tapmamış hadisə haqqında mülahizə irəli sürmək elə kəhanət kimi bir şeydir. üstəlik, Putinin səhhəti barədə yayılan xəbərlər də spekulyativ məqsəd güdə bilər”-deyən həmsöhbətimiz bu şaiyənin də qarşı tərəfi sakitləşdirmək niyyəti ilə ortaya atıla biləcəyini düşünür:

“Bilirsiniz ki, istənilən müharibəni qazanmağın ən gözəl metodlarından biri psixoloji savaşdır. Psixoloji savaşdan bəzən qarşı tərəfi qorxutmaq, bəzən isə ona vaxtından əvvəl yalançı qələbə sevinci yaşatmaq üçün istifadə olunur. Əksər hallarda bu metod xof yaratmaq missiyasını yerinə yetirsə belə, önəmli hücumlardan öncə düşməni psixolojik olaraq rahatlatmağa da xidmət edir. Tarixdə özünü zəif göstərib düşmən qarşısından qaçan və onu tələyə salan yüzlərlə sərkərdə var. Düşünürəm ki, son zamanlar Putin barəsində yayılan xəbərlər məhz bu niyyətə qulluq edir”.

Ədalət yetkilisi Qərbin ağır sanksiyaları qarşısında iqtisadi gücü sarsılan Rusiyanın qəfil addımlar atmağa ehtiyacının olduğunu və bu şaiyələrin həmin addım öncəsi zəmini yaratmaq üçün də yayıla biləcəyini düşünür: “Bəziləri post-sovet məkanının demokratikləşməsinin önündə maneə kimi gördükləri Putinin sıradan çıxmasına sevinirlər. Halbuki, bu qədər ucuz qələbəyə sevinmək olmaz. Biz belə ucuz qələbənin acı nəticəsini indi də yaşayırıq. Unudulmamalıdır ki, vaxtından əvvəl qeyd olunan “zəfərlər” çox zaman məğlubiyyətlə sonuclanır. Əksinə, indiki zamanda Qərb ölkələri və onun tərəfində dayanan qüvvələr daha diqqətlə hadisələri izləməli, hər cür sürprizlərə hazır olmalıdırlar. Hətta o da mümkündür ki, hər kəsin qələbə çığlıqları atdığı bir vaxtda müsəlman donunda peyda olan Putin heç kimin gözləmədiyi addımlar atsın və ABŞ imperializmindən əziyyət çəkən müsəlman dünyasını öz arxasınca sürükləsin”.

Əslində dünyanın geopolitik düzənin indiki anında Putinin hər hansı səbəbdən oyundankənar vəziyyətə düşməsini arzulamadığını gizlətməyən Heydər Oğuz fikirlərini belə əsaslandırdı: “Putin bizim əzəli düşmənimiz olan rus imperializminin sələf dövlətinə rəhbərlik edə və bu dövlət yenə imperialist maraqlarını əldə rəhbər tuta bilər. Bununla belə onun qarşısında başqa bir imperialist qüvvə var və həmin qüvvə Putin Rusiyasından daha ədalətli, insaflı deyil. Xüsusilə ABŞ-ın Yaxın Şərq ölkələrində törətdikləri insanlıq tarixinin ən vəhşi təxribatları, zülmü kimi yaddaşlara yazılacaq. Hal-hazırda bu iki qüvvənin bir-biriylə çarpışması hər ikisinin zəifləməsinə gətirib çıxara bilər. Bunlardan birinin vaxtından əvvəl oyundankənar vəziyyətə düşməsi isə xüsusilə Şərq dünyasının (deməli həm də bizim) imperializm caynağında daha artıq çabalaması deməkdir”.




Yuxarı Əvvələ Ana Səhifə