XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 15:18

Türkiyədəki son hərbi çevrilişdə ABŞ izi –Sosial medianın ordu üzərində qələbəsi - Təhlil

çevriliş

Türkiyədəki son hərbi çevriliş cəhdi nəticəsiz alındı. Hərbi qiyam nəticəsində 200-ə yaxın vətəndaşın öldürüldüyü, mindən çox insanın yaralandığı bildirilir.

Ordu qüvvələri arasında da ciddi itkilər yaşanıb. İlkin məlumata görə, onlarla qiyamçı həyatını itirib, 3000-ə yaxın hərbçi həbs olunub. Həbs olunanlar arasında generallar, polkovniklər və digər yüksək rütbəli hərbçilər var. Öldürülənlərdən birinin də general olduğu xəbər verilir. Qiyamda iştirak edən iki vertolyotun vurulduğu da gələn xəbərlər arasındadır.

Son hərbi çevriliş cəhdi Türkiyə tarixində ilk dəfə xalqın ordu qarşısında ciddi dirəniş göstərməsi və qələbə çalmasıyla yadda qaldı. Bundan əvvəlki çevrilişlərdə isə, adətən, hərbçilər üstünlük qazanır və hakimiyyəti ələ keçirirdilər.

Sözsüz ki, ordu mənsublarının budəfəki uğursuzluğu səbəbsiz deyil və bu, heç də deyildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin tam şəkildə qiyamda iştirak etmədiyindən irəli gəlmir. Zira bundan əvvəlki çevrilişlərdə də bütün ordunun prosesdə iştirak etdiyini söyləmək mümkün deyil və Türkiyə tarixində yaşanmış hərbi qiyamlar ssenarisi bu dəfə də eynilə təkrarlandı. Bu dəfə də hərbçilər paytaxtın ən strateji məkanlarını, TRT-ni, Prezidentlik iqamətgahını ələ keçirdilər… Əvvəlki çevrilişdə olduğu kimi, TRT vasitəsilə qiyam bəyannaməsini oxudular.

Bu dəfə də Baş qərargah və digər hərbi hissələr tamamilə üsyançıların nəzarətində idi. Düzdür, əvvəlki çevrilişlərdən fərqli olaraq bu dəfə Baş qərargah rəisinin girov götürüldüyü xəbər verilsə də, ardınca gələn bir sıra məlumatlar müəyyən şübhələrə yol açır. Məsələn, Türkiyə hökumətinin Baş qərargah rəisini dəyişdirmək haqqında sərəncamı onun girov götürülməsi amiliylə əsaslandırılır. Sərəncama görə, Hulusi Akar girov götürüldüyündən, onun yerinə müvəqqəti olaraq 1-ci ordu komandiri general Ümid Dindar təyin olundu. Amma Hulusi Akarın girovluqdan xilas olunmasından sonra yenidən vəzifəsinin başına dönməməsi, növbəti Baş qərargah rəisi təyin olunana qədər Ümid Dindarın bu görəvi davam etdirəcəyi “Rəsmi qəzet”də yayınlandı. Bu ziddiyyətli sərəncamdan belə nəticə çıxır ki, Ankara açıq-ağartmamağa çalışsa belə, Baş qərargah rəisi də hərbi qiyamda iştirak edib.

Hulusi Akarın asilərin əlində olan Akıncılar hərbi bazasında girovluqdan azad olunması barədə yayılan xəbərlər də bu ehtimalı qüvvələndirir və bəzi suallara yol açır – o, həqiqətən də girovluqda idisə, niyə Baş qərargahda deyil, Akıncılar hərbi bazasında saxlanılırdı? Axı, məlumata görə, Baş Qərargah binası da qiyamçılar tərəfindən ələ keçirilmişdi və ən son təslim olanlar elə bu məkandakı hərbçilər idilər.

Cavabı hələ də verilməyən bu suallar Hulusi Akarın hərbi əməliyyatlara birbaşa nəzarət etmək üçün Akıncılar bazasına öz iradəsilə təşrif buyurması barədə şübhələri artırır. Görünür, hakimiyyət də bu şübhələrə kifayət qədər aydınlıq gətirilmədiyinə görə, generala əvvəlki postunu yenidən həvalə etmədi.

Sual oluna bilər: hər şeyiylə öncəki çevrilişlərdən fərqlənməyən bu qiyam niyə əvvəlkilər kimi, son hədəfinə çata bilmədən yatırıldı?

Zənnimizcə, son qiyamın uğursuzluğunun başlıca səbəbi hakimiyyətin iradəsindən və onun xalq üzərindəki təsir gücündən doğurdu. Görünən bu idi ki, Ərdoğanın xalqa müraciətindən sonra Türkiyənin bütün şəhərlərində ayağa qalxan yüzminlərlə vətəndaşın çəkinmədən hərbçilərin üstünə yürüməsi, Ankarada, İstanbulda qiyama qoşulan tankların üzərinə çıxması və asiləri həbs etməyə çalışan polisləri dəstəkləməsi ordunun geri çəkilməsiylə nəticələndi. Ordu mənsublarının gecə boyu vətəndaşlara güllə açması və tankları onların üzərinə sürməsi də qiyamçıların öz üsyanlarını davam etdirə bilmələri üçün əllərindən gələni əsirgəmədiyini sübut edir. Fəqət bütün bu aqressivliklər çevrilişlərdən zinhara gələn və dəfələrlə ağır bədəllər ödəyən Türkiyə xalqının əzmini qırmadı. Sonunda bu psixoloji mübarizədə qazanan xalqın iradəsi oldu.

Hərbi çevrilişə qarşı dirənişin yalnız İstanbul və Ankara şəhərlərində yaşanmaması da qiyamı ordudakı kiçik qrupun özbaşınalığı kimi yozmağa imkan vermir. Böyük şəhərlərlə yanaşı, demək olar ki, bütün vilayət və əyalətlərdə xalq-ordu arasında çəkişmələrin yaşandığı gələn xəbərlərdən aydınlaşır. Təsadüfi deyil ki, hərbi qiyamda iştirak etdiyi üçün 5-i general, 29-u polkovnik olmaqla, 34 yüksək vəzifəli komandir həbs olunub. Bu generallar arasında Ərzincan vilayətində yerləşən 3-ci ordu qərargahının rəisi Əkrəm Çağlar da var. Xalq və polis qüvvələrinin Qaziantəp vilayətində 5-ci zirehli hərbi briqadanın önünə gedib hərbi texnikaların bazadan çıxmasının qarşısını aldığı da gələn məlumatlar arasındadır. Açıqlanan və gizli tutulan bu hadisələr dünən Türkiyədə bir qrup ordu mənsubunun deyil, böyük əksəriyyətinin qiyama qoşulduğunu, amma xalq dirənişiylə üzləşərək, geri çəkildiyini təsdiqləyir.

Son hərbi qiyamın qarşısının alınmasında KİV-lərin də mühüm rolu oldu. Əvvəlki hərbi çevrilişlər zamanı Türkiyədə dövlət iradəsindən asılı olan TRT kanalı var idisə, bu gün ölkənin onlarla, hətta yüzlərlə televiziyaları mövcuddur və onların böyük əksəriyyəti Ərdoğan hakimiyyətinə bağlıdır. İnformasiya vasitələri üzərindəki bu hegemonluq hakimiyyətin gücünə güc qatır, onun xalqı daha rahat təşkilatlandırmasına imkan yaradır. Məhz bu məqam ötən çevrilişlərdə Türkiyə Silahlı Qüvvələrinin həyata keçirməyi bacardığı taktikaları tamamilə işləməz hala gətirmişdi. Hərbi qiyamçılar bu dəfə də TRT-ni ələ keçirmiş və hazırladıqları hərbi bəyannaməni bu kanal vasitəsilə xalqa çatdırmağa çalışsalar da, eyni xofu yarada bilməmişdilər. Bəyannamədə bütün telekanallardan bu sənədi ictimaiyyətə çatdırmaq tələb olunsa da, ələ keçirilən KİV-lərdən başqa heç bir media qurumu əmrə riayyət etmir, əskinə, hökumətin xalqı dirənişə çağırışlarına yer verirdi. Beləcə, ölkə xalqını öz tərəfinə çəkməyi bacaran hökumət bu rəqabəti qazandı.

İctimaiyyətin proseslərdə fəal iştirakının təmin olunmasında  sosial media və şəbəkələrin xidməti də unudulmamalıdır. Hərbi çevrilişçilər nə qədər çalışsalar da, qlobal dünyanın bir parçasına çevrilən sosial medianın yaratdığı səddi keçə bilmədilər.

pentaqon-2

Hərbi çevrilişin zamanlaması da müəyyən ehtimallara yol açır. lum olduğu kimi, Türkiyə son zamanlar öz xarici siyasətində kardinal dəyişikliklərə imza atmışdı. Ənənəvi Qərbə yönəliş siyasətindən geri çəkilən qardaş ölkə qonşularıyla “sıfır problem” siyasətinə geri dönmüşdü. Hətta bu məqsədlə Türkiyə xarici siyasətinin uzun illər ideya rəhbəri kimi tanınan Əhməd Davudoğlunu və onun komandasını postlarından uzaqlaşdırmış, yerlərinə Binali Yıldırımın rəhbərliyi altında yeni qüvvələr gətirmişdi. Binali Yıldırım komandasının ilk işi isə Rusiya və digər qonşu ölkələrlə münasibətləri düzəltmək olmuşdu.

Əlbəttə ki, bu kardinal dəyişikliklər ənənəvi müttəfiqləri narahat etməyə bilməzdi. Xüsusilə ordunun NATO-ya və Alyansın əsas gücü sayılan ABŞ-a bağlılığı generalitetin Ərdoğanın yeni siyasi kursundan narazı düşməsi üçün yetərli sayıla bilər. 

Türkiyənin qiyam əsnasındakı Baş qərargah rəisi Hulusi Akarın da ABŞ-la çox sıx əlaqələri olduğu üzə çıxmaqdadır. Məlumata görə, Akar 1987-ci ildə Türkiyənin Hərb Akademiyasını bitirdikdən sonra ABŞ Silahlı Qüvvələrinin Qərargah kollecinə daxil olmuş və bu məktəbi yüksək nəticələrlə bitirmişdir. Akarın bundan sonra başladığı ilk işi də xeyli maraqlıdır – 1990-93-cü illər arasında NATO-nun Napolidəki bazasında kəşfiyyat zabiti. O, 2000-2002-ci illərdə yenə eyni bazada dairə rəisi kimi fəaliyyətini davam etdirmişdi.

Bütün bu keyfiyyətləri generalın ABŞ tərəfindən ən çox sevilən Türk generalı kimi tanınmasına yol açmışdı. Məlumata görə, 2012-ci ilin 18 oktyabr tarixində ABŞ-ın Ankara səfirliyinin Pentaqon komandirləri üçün hazırladığı raportda deyilir: "Sizin əsl həmsöhbətinizin Baş qərargahın ikinci rəisi General Hulusi Akar olması tövsiyə edilir. Bu general gözəl ingiliscə danışır, parlaq zəkalı və Türk Silahlı Qüvvələrinin fəaliyyətinə və inkişafina tamamilə hakim birisidir".

ABŞ-a yaxınlığına görə, Hulusi Akarın hələ 2003-cü ildə Pentaqondan “Ləyaqət legionu” medalı alması türk mətbuatında uzun müddət müzakirə mövzusuna çevrilmişdi. Maraqlıdır ki, o, bu mükafatı məhz “NATO-ya analoqsuz xidmətinə” görə qazanmışdır.

Türkiyədəki hərbi qiyamın NATO-nun Varşava sammitindən dərhal sonra baş verməsi də təsadüfə bənzəmir. Xatırladaq ki, bu sammitdən əvvəl Moskvayla münasibətlərini normallaşdıran Ankara Fransa və Almaniya ilə bərabər Rusiyayla qarşıdurmanın deyil, dialoqun daha uğurlu olacağı fikrini müdafiə etmişdi. Maraqlıdır ki, sammitdən az keçdikdən sonra Fransada qanlı terror hadisəsi baş verdi. Bu hadisədən cəmi bir gün keçməmişsə Türkiyə hərbi qiyamla qarşılaşdı…

gaziantep

Bu hadisələr arasında üzvi əlaqənin olub-olmamasını Türkiyə yetkiləri, yəqin ki, araşdıracaq. Bizə düşən isə baş tutmayan hərbi qiyamın ibrət dərslərindən danışmaqdır.

Zənnimizcə, Türkiyədəki son hərbi qiyamın ən böyük ibrət dərsi qloballaşan dünyada hərbi qüdrətdən daha güclü faktorların mövcudluğu faktının ortaya qoyulmasıdır. Qiyamın uğursuzluğu bir daha sübut etdi ki, ölkələrin idarə olunmasında ən güclü faktor xalq və onu rahatlıqla təşkilatlandıra bilən sosial mediadır. Bu mənada Türkiyədəki son çevriliş cəhdini sosial medianın ordu üzərində qələbəsi də saymaq olar…

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə