XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

17 İyul 2016 - 12:23

Türkiyədəki qiyamın mühüm detalları:"ABŞ izi" şübhələri getdikcə güclənir

TC

Türk Silahlı Qüvvələrindəki nurçu şəbəkənin həyata keçirdiyi iddia olunan 15 iyul çevriliş cəhdinin bəzi detalları açıqlanıb.

Strateq.az-ın türk mətbuatına istinadən verdiyi məlumatına görə, çevriliş planında Jandarma Baş Qərargahı mərkəzi baza kimi istifadə olunub. Hava Qüvvələrindəki asilər Ankara yaxınlığındakı Akıncı hərbi bazasını ələ keçirərək qiyama dəstək verərkən, Adanadakı İncirlik hərbi bazasındakı tanker təyyarələr isə qiyamçı “şahinlər”i havada yanacaqla təmin ediblər. Ankara və İstanbuldakı zirehli birliklər də qiyamda yer alıblar.

Hərbi çevrilişin mərkəzi qərargahı halına gətirilən Jandarma Baş Komandanlığının binasının Türkiyə Prezident Administrasiyası sarayının çox yaxınlığında yerləşdiyi bildirilir. Mərkəzin buraya salınması isə təsadüfi deyil və bir nömrəli hədəfin kimliyindən xəbər verir. Belə aydın olur ki, məqsəd Ərdoğanı ələ keçirdikdən sonra qiyama qalxmaq imiş.

Türkiyə prezidentinin qiyamdan öncəki bir neçə gün ərzində ortalıqdan yox olmasının üsyançıların planını pozduğu güman olunur.

Məlumatlara görə, Ərdoğanın bu sirli “qeybə çəkilişi” qiyamçıları şübhələndirib və onlar planlaşdırılandan əvvəl hərəkətə keçməyə məcbur olublar. Uğursuzluğun başlıca səbəblərindən birinin də tələskənliklə bağlı ola biləcəyi ehtimal edilir.

Asi hərbçilərin qiyamına "Etimesgut" zirehli birliklər diviziya komandirliyindəki tank və zirehli texnikalar da dəstək veriblər. Tanklar və zirehli texnikalar Ankara və İstanbulun strateji bölgələrini, xüsusilə də Atatürk hava limanına gedən yolları bağlayıblar.

Çevriliş cəhdinə hava dəstəyi Akıncı hərbi bazasından verilib. Ankaranın 50 km-liyində yerləşən Kazan rayonundakı bu bazanı ələ keçirən qiyamçılar təyyarələrlə Baş qərargah, Parlament binası ətrafında alçaqdan uçuşlar keçiriblər. Parlament və Prezident Sarayları bombalanıb.

Akıncı bazası Türk Hava Qüvvələrinin təlim uçuşları keçridiyi məkan olaraq tanınır. Bu bazada həmçinin F-16 və müxtəlif vertolyot flotları yerləşir. Qiyamdan sonra havalanan bir çox vertolyotun hələ də bazaya qayıtmadığı bildirilir. Onların başqa ölkələrə keçə biləcəklərindən əndişə edilir.

Ən maraqlı məqam qiyama Adana İncirlik hərbi bazasının qoşulmasıdır. Məlumatlara inansaq, qiyamçı təyyarələrın yanacaqla təminatı İncirlik bazasının öhdəsində imiş. Bu bazadan qalxan tanker təyyarələri qiyamçı “şahinlərə” göydə yanacaq doldururmuşlar. İncirliyin bir müddət əvvəl ABŞ hərbi qüvvələrinin istifadəsinə verilməsi qiyam müəmmasının üzərindəki xarici barmaq şübhəsini artırır.

Hərbi çevrilişə start veriləndən qiyam yatırılana qədər ABŞ rəsmilərindən heç bir açıqlama gəlməməsi də şübhələri qüvvətləndirən amillərdəndir. Uzunmüddətli susqunluq nəticənin necə olacağını gözləməklə izah olunur. Versiyalara görə, qiyam baş tutacağı təqdirdə, ABŞ ikibaşlı açıqlamalarla asilərə passiv dəstək verəcəkmiş.

Həqiqətən də çevriliş cəhdinin ilk anlarında Moskvada rəsmi səfərdə olan ABŞ dövlət katibi Con Kerrinin ilk açıqlaması ikibaşlılığı ilə seçilirdi. Kerri qiyama konkret münasibət bildirmək əvəzinə, "sülh, sabitlik və davamlılıq"dan danışaraq, jurnalistləri yola vermişdi. ABŞ-ın və NATO-nun çevrilişə qarşı konkret mövqeyi qiyam yatırıldıqdan sonra məlum olmuşdu.

İstanbulda isə 2 zirehli briqada qiyama qoşulub. Maltepedəki briqadaya aid tank və zirehli texnikalar boğaz körpülərinin Anadolu girişini bağlayıb. Bəzi zirehli texnikalar Atatürk hava limanını nəzarətə götürüb.

Qiyamdan əvvəl bir çox yüksək səlahiyyətli hərbçilərin “qeybə çəkildiyi” bildirilir. Baş qərargah rəisi Hulusi Akar və qərargahın İkinci rəisi Yaşar Gülərin girov götürüldükləri sonradan ortaya çıxıb. Bu hərbçilərin daha sonra Akıncı bazasına aparıldıqları və proseslərdə birbaşa iştirak etdikləri təsəvvürü yaradılıb. Xüsusilə Hulusi Akarın girovluqdan azad edildikdən sonra vertolyotla Çankaya Köşkünə gətirildiyini və baş nazirlə bir yerdə olduğunu göstərən kadrlar ortaya çıxana qədər çevrilişdə iştirak etdiyi sanılırdı.

Generallardan Quru qüvvələri Komandiri Saleh Zeki Çolak, Hava qüvvələri Komandiri Abidin Ünal, Jandarma Baş Komandiri Qalib Mendi, 2-ci Ordu Komandiri Adəm Huduti ilə Donanma Komandiri Veysel Köselenin də harada olduqları uzun müddət aydınlaşmayıb. Axşam saatlarında Huduti hüquq mühafizə orqanları tərəfindən nəzarət altına alınıb və beləcə, bir çox “itkin” generalların üsyanda iştirakı aydınlaşıb…

 

Heydər Oğuz

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə