XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 16:40

Hərbi qiyamın uğursuzluq səbəbiylə bağlı yeni iddia:Hərbçilər “B” planına keçmək məcburiyyətində qalıblar

b plani

Türkiyədə uğursuz çevriliş cəhdindən sonra hərbçilərlə yanaşı, hüquq sistemində də təmizləmə əməliyyatı başladı. Minlərlə hakim və prokuror tutduğu vəzifəsindən istefaya göndərildi, bəziləri daha sonra həbsə atıldı.

Yüksək rütbəli hərbçilərdən də az adam tutulmadı. Məlumata görə, indiyə qədər həbs olunmuş general sayı 50-ni keçib. Türk Silahlı Qüvvələrində 347 general olduğunu nəzərə alsaq, bu rəqəm generalitetin 15%-dən artığının zərərsizləşdirilməsi mənasına gəlir. Sayın daha da artacağı gözlənilir.

Hüquq-mühafizə orqanlarının genişmiqyaslı əməliyyatlara başlamasının, hərbçilərlə yanaşı, həm də qiyamda iştirak etməyən hüquqçuların nəzarət altına alınmasının, ən əsası, bu qədər generalın iştirak etdiyi qiyamın nəticəsiz qalmasının səbəbi tədricən aydınlaşır.

Strateq.az türk mətbuatına istinadən xəbər verir ki, qiyamçılar əslində “B” planını həyata keçirməyə məcbur qalıblar. Bu da çevrilişin planlaşdırıldığı kimi alınmamasına səbəb olub.

Türk mediasının iddiasına görə, hərbçilərin tələsik addım atmalarına səbəb gecikəcəkləri təqdirdə, Türkiyə hakimiyyətinin qiyam hazırlığında olan hərbçilərə qarşı bir neçə saatdan sonra əməliyyata başlaması ehtimalı ilə bağlıymış.

Məlumata görə, ordudakı "nurçu qruplaşması"na (?) qarşı əməliyyatın 16 iyul tarixində səhər tezdən başlaması planlaşdırılıbmış. Hətta İzmir hərbi prokuroru Okan Batonun hazırladığı iddianamədə adı çəkilən şübhəlilər siyahısında qiyamçı hərbçilərin hamısının nəzarət altına alınması qərarı varmış. Bundan başqa, vəzifəli bir çox rütbəlinin də həbsini ehtiva edən sanksiya verilibmiş.

Planda, həmçinin, şərti olaraq FETÖ (Fəthullah Gülən Örgütü) adlanan quruma mənsub olduğu düşünülən hüquqşunasların da həbsi nəzərdə tutulubmuş. Hərbçilər zərərsizləşdiriləndən sonra növbə hüquqşunaslara gələcəkmiş…

Bildirilir ki, İzmir hərbi prokuroru Okan Batonun hazırladığı iddianamə prezident Ərdoğan tərəfindən qəbul olunub, Baş qərargah bu barədə məlumatlandırılıb və hərbi iradənin də razılığı alınıb (Bu məlumat Baş qərargah rəisi Hulusi Akarın da qiyamçılarla bir yerdə olması versiyasını gücləndirir).  Əməliyyat səhər saat 4-də həyata keçiriləcəkmiş.

İddia edilir ki, görünür, ordu yetkililəri bu xəbəri alar-almaz hərəkətə keçmək məcburiyyətində qalıblar.

Məlumata görə, aralarında qiyam təşəbbüsündə günahkar bilinənlərin də yer aldığı bütün heyət izlənilirmiş. Onları təqib edən qurumlar 15 iyul tarixində gündüz saatlarında bu şəxslərin hərəkətlərində qeyri-adi aktivlik müşahidə ediblər. Ancaq nələr olduğunu aydınlaşdırmaq mümkün olmayıb. Gecə isə çevriliş cəhdi ortaya çıxıb. Təxminlərə əsasən, daha sonrakı tarix üçün planlaşdırılan çevriliş ssenarisi, beləcə, “B planı” ilə əvəzlənib.

Jandarma və Hərbi Hava Qüvvələri mərkəzli çevriliş cəhdinin beyninin nurçular olduğu bildirilir, ancaq onların sayları çox deyil, ordu içindəki dəstəkləri də zəif imiş. Bunu özləri də bilirmişlər, sadəcə bəzi mənbələrdən yardım alacaqlarını düşünüblər.

Görünür, hərbçilərin hesablarında yanılmaları da qiyamın uğursuzluğunda başlıca rol oynayıb.

Maraqlıdır ki, məlumatlarda qiyamçıların hansı hesablarında yanıldığından da bəhs olunur.

İddia edilir ki, yanılmada əsas məqam AKP və Ərdoğan əleyhdarı olan sosial bazanı yanlarına çəkə biləcəklərinə yüksək inam olub.

PKK ilə döyüşlərin davam etməsinin onlara qarşı ciddi tədbirlər almağı çətinləşdirəcəyini və qarşı tərəfin bölünəcəyini də hesaba qatıblar ki, bu xəyalları da baş  tutmayıb.

Ən ciddi xəyal qırıqlığını isə I Ordu Komandanı Ümid Dündarın mövqeyində yaşayıblar. "Devrimçi" olduğuna inandıqları generalın qiyamı dəstəkləməməsi asilərin əllərini xeyli zəiflədib.

Əməliyyatların davam edəcəyi, əvvəldən həbsi müəyyənləşdirilən əsgər, polis və hakimlər başda olmaqla, bir çox bürokratın nəzarət altına alınacağı güman olunur…

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə