XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 16:01

Bölünə bilməyən Xəzər:Statussuzluq ən səmərəli statusdur - Təhlil

 

xezer

“İran Xəzər dənizinin 13%-nə sahib olmasıyla razılaşa bilməz. Bu bölgü bizim ölkəmiz üçün qeyri-kafidir və Xəzərin bölünməsi bərabərlik prinsipinə söykənməlidir”.

Strateq.az xəbər verir ki, bunu İranın Xarici İşlər nazirinin müavini İbrahim Rəhimpur avqust ayında Xəzərin status ilə bağlı Tehranda keçirilməsi planlaşdırılan toplantının məqsədlərini şərh edərkən bildirib. O, bölgünün 20%-lik əsaslarda aparılmasında da israr etmədiklərini xatırladıb, amma digər qonşuları ilə ortaq mövqeyə gəlmək istədiklərini söyləyib.

Rəhimpurun fikrincə, beynəlxalq dəniz hüququna görə, İranın payına Xəzərin 13%-i düşür, ancaq Tehran bununla razılaşa bilməz: “Çünki İran Dəniz hüququ barədə BMT-nin 1982-ci il Konvensiyasını imzalamayıb və Xəzərin coğrafi vəziyyəti xüsusi yanaşma tələb edir”.

Əslində Tehranın irəli sürdüyü bu fikirlər yeni deyil. SSRİ dağılandan bəri, o, Xəzərin status ilə bağlı uzlaşmaz mövqe sərgiləyib. Ekspertlər bu mövqeni bir neçə amillə əsaslandırırlar. Onların fikrincə, başlıca səbəb  Xəzər sahilində yerləşən dövlətlərdə neft və qaz çıxaran Qərb şirkətlərinin enerji təhlükəsizliyini əsas gətirib bölgəyə yerləşməsinin qarşısını almaq niyyətindən doğur. Region dövlətləri Xəzərə yad hərbi qüvvələrin bu dənizdə oturmasına razılıq verməyəcəklərini dəfələrlə açıq-aşkar bəyan etsələr də, bu bəyanatlar İranı inandırmaq gücündə olmayıb.

Digər tərəfdən, onun Xəzər dənizindəki yataqları xeyli dərinlikdə yerləşdiyindən, bu su hövzəsindəki neft və qaz hasilatı İran üçün rentabelli də deyil. Xüsusilə neftin qiymətinin yenidən enməyə başladığı indiki şəraitdə İrana Xəzərdəki ehtiyatlarının istismarını sonrakı dövrlərə daşımaq daha çox sərf edir.

SSRİ-nin dağılmasıyla ortaya çıxan yeni respublikaların etnik kimlikləri və apardıqları siyasətlər də Tehranı tam razı sala bilməz. Xüsusilə Azərbaycanın müstəqilliyi bu ölkənin parçalanma ehtimalını potensial olaraq diri tutur və İranı qarşı siyasətlər yürütməyə sürükləyir. Öz bütövlüyünə təhdid olaraq gördüyü bu təhlükəni İran iqtisadi cəhətdən çökdürməklə aradan qaldıra biləcəyini düşünür. Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi ölkələrin əsas iqtisadi gücləri isə Xəzərdən çıxartdıqları neftdən asılıdır. Deməli, statusunun qeyri-müəyyənliyi Xəzəri çörək təknəsi olmaqdan çıxara və regionun Rusiyanın, yaxud İranın təsir dairəsinə düşməsinə şərait yarada bilər. Hər iki ehtimal isə İrana Xəzər neftindən daha sərfəlidir.

Президент РФ В.Путин принял участие в работе Каспийского саммита в Астрахани

Tehranın bu mövqeyi prinsip etibarilə Moskvanın da maraqlarına uyğundur. İmperialist maraqlar Moskvanın Xəzər üzərindəki ən azı 200 illik hegemonluğundan vaz keçməməsini, yeni iddialar ortaya atmasını şərtləndirir. Təsadüfi deyil ki, SSRİ-nin dağılmasının ilk illərində beynəlxalq neft şirkətlərinin Azərbaycanla bağladığı müqavilələrə etirazını dilə gətirən Rusiya Xəzərdəki bütün mənbələrdən haqq istəməyə başlamışdı. Rusiya Xarici İşlər Nazirliyinin 5 oktyabr 1994-cü il tarixində BMT-də gündəmə gətirdiyi memorandum da bunun bariz nümunələrindəndir. Memorandumda deyilirdi:

Xəzər dənizində təktərəfli fəaliyyət hüquqdan kənardır və qanuni nizamı təmin etmək və təktərəfli hərəkətlərin nəticələrini aradan qaldırmaq üçün lazımi və uyğun tədbirləri görmək haqqını özündə saxlayan Rusiya Federasiyası tərəfindən tanınmayacaq. Bu cür hadisələrin bütün məsuliyyəti, maddi zərərlər daxil olmaqla, təktərəfli hərəkətə cəhd edənlərin üzərinə düşür”.

bmt

Bu memorandumdan da göründüyü kimi, Rusiya özünü Xəzərin yeganə sahibi hesab edir və onun razılığını alınmadan həyata keçiriləcək bütün layihələrə mane törədəcəyini bildirirdi.

“Əsrin müqaviləsi” bağlanan zaman Azərbaycan tərəfinin özünə düşən payın 10%-dən Moskvanın xeyrinə imtina etməsi və daha sonra Xəzərdən çıxarılan karbohidrogen resurslarının Rusiyadan keçən borular vasitəsilə keçəməsiylə razılaşması onun etirazlarını qismən səngitsə də, Xəzərin statusuyla bağlı mövqeyini dəyişməmişdi. Rusiya da İran kimi müxtəlif fikirlər ortaya ataraq, sahildaş dövlətlərin suverenlik haqlarını tam mənasıyla yerinə yetirməsinə qarşı olmuşdu.

İstər Rusiyanın, istərsə də İranın öz mövqelərini əsaslandırmaq üçün söykəndiyi prinsiplər təzadlarıyla seçilir. Məsələn, Rusiya gah özünün də imzalamadığı BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasına əsaslanaraq, Xəzərin mərkəzində olan bütün dəniztəki və dəniziçi sərvətlərin ortaq şəkildə bölünməsini tələb edir. Konvensiyanın digər maddələrinə gələndə isə bu su hövzəsinin dəniz yox, göl olduğunu iddia edərək, onun tələblərini yerinə yetirməkdən boyun qaçırır. Zira Konvensiyanın  122-ci maddəsinə görə, qapalı və yarıqapalı dənizlərin özləri kimi, okeana çıxışları da ortaq istifadə sahələridir. Yəni, Rusiya ərazisində yerləşən Volqa və Don çayları və bu çayları birləşdirən kanal da 5 Xəzərsahili ölkənin ortaq istifadəsinə verilməlidir. Moskva isə Volqa-Don kanalının süni çəkilmiş su sahəsi olduğunu və kanalın SSRİ tərəfindən salındığını, sovet imperiyasının varislik haqqının isə özünə çatdığını iddia edir. Dolayısıyla Xəzərin qapalı və ya yarıqapalı dəniz deyil, göl olduğunu təsdiqləyir. Di gəl ki, Azərbaycanın irəli sürdüyü “əgər göldürsə, bütün tərəflər arasında bərabər bölünməlidir” (hər dövlətə 20%) prinsipiylə də razılaşmır.

xezer2

Azərbaycanın Xəzərin statusu ilə bağlı mövqeyi Qazaxıstandan başqa bütün sahil ölkələrinin, ən çox isə Rusiya və İranın maraqlarına cavab verməsinə baxmayaraq, indiyə qədər ən ciddi etiraz da bu ölkələrdən gəlirdi. Hər iki ölkə beynəlxalq hüquqları bir kənara atıb bir-biriylə bağladıqları tarixi müqavilələri gündəmə gətirir, statusun bu müqavilələr əsasında həllini tələb edirdilər (İndisə Rəhimpurun mövqeyindən belə anlaşılır ki, İran bir zamanlar Azərbaycanın irəli sürdüyü bölgüylə razılaşır, hətta Xəzər üzərindəki 20%-lik haqqı ən optimal imtiyaz kimi qəbul edir). Rusiya ilə İran arasında isə Xəzərlə bağlı 4 müqavilə mövcuddur və onların heç biri digər sahildaş ölkələrin suverenlik haqlarını tanımır.

İranla bağlanan ilk müqavilə Türkmənçay sazişidir. Sazişin 4-cü maddəsində Xəzərin adı sərhədləri müəyyənləşdirən məkan kimi keçir. Yəni, Rusiya ilə İran arasında sərhədlərin Xəzərdən başlandığı qeyd olunur. Müqavilənin 8-ci maddəsi isə Xəzərdə hərbi donanma saxlamaq hüququnu Rusiyaya verir və faktiki olaraq, İranın bu haqqını tanımır.

Daha sonra SSRİ-nin qurulmasıyla bərabər, 1921-ci ildə bağlanmış “Dostluq müqaviləsi” İran üçün təslimiyyət aktı hesab olunan Türkmənçay sazişinin tələblərini ortadan qaldırmış, İrana da Xəzərdə donanma saxlamaq haqqı vermişdir.

1935-ci ildə bağlanmış Ticarət sazişində isə SSRİ ilə İranın Xəzərdə balıqçılıq və ticarət gəmilərinin hərəkətini tənzimləyir, hər iki dövlətin bərabər hüquqlu olduğunu bildirir.

1940-cı il müqaviləsi də əslində 1935-ci il müqaviləsinin hökmlərini bir daha tanımaq sənədindən başqa bir şey deyil. Bu sazişin yeganə fərqi 10 millik sahil zolağından kənarda qalan bölgələrin, yəni Xəzərin mərkəzinin birgə istismarını qəbul etməsidir. İran da Xəzərin statusunun müəyyənləşdirilməsində məhz bu sənədə əsaslanmağın vacibliyini irəli sürür.

Azeri Ciraq

Maraqlıdır ki, bu dörd müqavilənin heç birində Xəzərin su sərhədləri tam mənada müəyyənləşdirilməyib. Bununla belə, hər iki dövlət statusun qeyri-müəyyənliyindən istifadə edib, Xəzəri daha çox öz hegemoniyaları altına almağa çalışırlar. Bu isə digər 3 türk dilli dövlətin mövcudluğunu tanımamaq anlamına gəlir. Halbuki, SSRİ dövründə İranın yadına, demək olar ki, Xəzər düşmür və o, hansısa iddia ortaya atmırdı.

Rusiya isə bu dənizi sovet respublikaları arasında formal olaraq bölmüş, ən az payı özünə götürmüşdü. Baş aldatmaqdan başqa bir işə yaramayan bu bölgüyə görə, Qazaxıstanın payına 113.000 km2, Rusiyaya 64.000 km2, Azərbaycan və Türkmənistana isə 80.000 km2-lik sahə düşmüşdü. Əgər İranla bağlanan 1940-cı il müqaviləsi əsas götürüləcəksə, SSRİ-nin öz ərazisində tətbiq etdiyi bölgü də eynilə tətbiq edilməlidir. Nədən ki, SSRİ-nin tək varisi Rusiya deyil, həm də bu respublikalardır. Ədalət naminə onların hər biri də varislik hüququna malikdir.

Varislik hüququ həm də Volqo-Dondan da birgə istifadə hüququ verir. Çünki bu kanal da Xəzərlə bağlıdır və sahildaş post-sovet ölkələrinin okeanlara başqa çıxışları yoxdur. Beynəlxalq hüquqa əsasən, belə vəziyyətlərdə coğrafi cəhətdən əlverişsiz şəraitdə olan region ölkələrinin okeanlara çıxış kanallarından istifadə etmək hüquqları var. BMT Dəniz Hüquqları Konvensiyasının 124-cü maddəsi açıq şəkildə bunu ifadə edir.

Göründüyü kimi, Xəzərə dəniz statusu verilməsi əslində Rusiyanın çox işinə yaramır. Üstəlik, dənizin mərkəzindəki neft hasilatının gəlirləri bölüşüləcəksə, Azərbaycanın da Qazaxıstandan, Türkmənistandan, Rusiyadan, əgər sabah İran hasilata başlayacaqsa, həm də ondan haqq tələb etmək hüququ doğacaq. İndiki halda Azərbaycan Xəzərdən ən az çörəyini çıxaran ölkə durumuna düşüb. Rusiya və Qazaxıstan isə Azərbaycanı xeyli geridə qoyub. Prinsipcə, Türkmənistan qazının da böyük hissəsi öz 10 millik sahil zolağından xeyli uzaqlarda çıxarılır. Deməli, Rusiyanın irəli sürdüyü təklifdə də ən çox uduzanlardan biri elə Moskva ola bilər.

 Yəqin, bu səbəbdən də Rusiyanın istər Azərbaycan, istər Qazaxıstan, istərsə də Türkmənistanla indiyə qədər bağladığı müqavilələr onun ortaya qoyduğu mövqeylə uzlaşmır. Məsələn, “Lukoil” şirkətinin Azərbaycanın “Əsrin Müqaviləsi”ndəki payının 10%-ni qəbul etməsi faktiki olaraq rəsmi Bakının irəli sürdüyü regional bölgü prinsipləriylə razılaşmaq deməkdir. Çünki Rusiya dövlət şirkəti olan "Lukoil"in iştirakçısı olduğu Azəri-Çıraq-Günəşli yataqları Xəzərin tam ortasında yerləşir. Başqa sözlə desək, Moskvanın qəbul etmədiyi regional bölgü prinsipinə əsasən salınıb.

Rusiyanın öz prinsiplərində bu cür prinsipsizliyi İranın etirazına səbəb olur. İran Xarici İşlər Nazirliyinin sözçüsü Rəhimpurun 1982-ci il Konvensiyasıyla öz paylarına düşən 13%-lə razılaşmadığı, heç 20%-i də istəmədiyini, amma ümumi razılığın vacib olduğunu bildirməsi də bundan qaynaqlanır. Tez-tez mövqe dəyişdirən İranın sabah bu prinsiplərdə ortaq fikrə gəlindiyi zaman hansı təklifi irəli sürəcəyinə isə etibar yoxdur. Çünki İran üçün ən yaxşı status elə statussuzluqdur.

Bir sözlə, böyük ehtimalla, avqustda Tehranda keçiriləcək sammit Xəzərin statusunu deyil, əksinə, Rusiya və İranın çözümsüzlük istəyi  sammitin uğur dərəcəsini müəyyənləşdirəcək.

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə