Əli Xamenei: “İran ABŞ-la barışsa, Qərb casusları ölkəni başına alar”
Qərb jurnalistləri dəfələrlə qeyd ediblər ki, İranın keçmiş rəhbəri Xomeynidən fərqli olaraq, Xameneidə xarizma çatışmır. Xamenei, həqiqətən də, bir qədər kölgədə qalır: fotokameraların obyektivinə düşməyi və müsahibə verməyi xoşlamır. ABŞ-da yaşayan iranlı yazıçı Human Məc yazır: “Ali dini rəhbər ancaq cümə ibadətlərində, ya da hansısa rəsmi bir mərasimdə çıxış edir. Xamenei ancaq müsəlman liderlərini qəbul edir, prinsipial olaraq, Qərb liderləri ilə görüşmür və ölkəni tərk etmir. Kimsə onunla görüşmək istəyirsə, İrana uçmalı olur”.
Ayətullah camaat içində görünməməyini bununla kompensasiya edir ki, hakimiyyətin hər üç qanadına, kəşfiyyat qurumlarına, polisə və orduya tam nəzarət onun əlində cəmləşib. O, parlamentlə birlikdə Konstitusiya Nəzarətçiləri Şurasını (dövlətin bütün qərarlarına veto qoymaq hüququna malik özəl hakimiyyət orqanı) müəyyən edir. Ali dini rəhbər deputatların razılığı ilə müharibə elan etmək hüququna sahibdir.
Silahlı qüvvələrin Ali Baş Komandanı və ölkənin baş ideoloqu KİV üçün toxunulmaz avtoritetdir. Ayətullah “İran İslam Respublikasının səsi” dövlət teleradio şirkətinin başçısını şəxsən təyin edir.
İlahiyyatçı oğlu
O, 1939-cu ildə İranın şimalındakı Məşhəd şəhərində azərbaycanlı ilahiyyatçının ailəsində doğulub. Hələ uşaqlıqdan atası və iki qardaşının yoluyla getməyi qət edərək, Qum şəhərində mədrəsəni bitirib. 1962-ci ildə İran İslam Respublikasının gələcək banisi ayətullah Xomeyninin müxalif dini hərəkatının sıralarına daxil olub. “Müsəlman qardaşları” ideoloqlarının, xüsusən də misirli Səid Qütbinin əsərlərini diqqətlə oxuyub. Sonradan onun bəzi əsərlərini ərəbcədən farscaya çevirib.
Amerikanın oyuncağı hesab edilən Şah Rza Pəhləvi 1979-cu ildə İslam inqilabı nəticəsində devrilir. Hakimiyyətə Xomeyni gəlir. Onun yaxın silahdaşlarından olan Əli Xamenei İslam İnqilabı Şurasına daxil olur, bundan başqa, müdafiə nazirinin müavini təyin edilir, elitar hərbi-siyasi İslam İnqilabı Keşikçiləri Korpusunun sədri vəzifəsini icra edir, həmçinin Ali Müdafiə Şurasında Xomeynini təmsil edir.
Xamenei bir neçə ildən sonra səslərin 95%-ni toplayıb prezident seçilir. Xomeyni bu postda dünyəvi təhsilli sima görürdü, lakin silahdaşının namizədliyi ilə razılaşıb öz baxışlarını dəyişdirir. 1989-cu ildə Xomeyninin vəfatından sonra Xameneini İranın Ali Dini rəhbəri seçirlər.
Qərb nümunəsi üzrə
Bununla belə, mühafizəkar rəhbər Xamenei Qərb elminə və texnoloji tərəqqiyə dəstək verir. Belə ki, o, İslam ruhaniləri içində ilk dəfə olaraq gövdə hüceyrələri sahəsində tədqiqatları və terapevtik klonlaşdırmanı bəyənir. O, 1999-cu ilin fevralında İran gəncliyi ilə söhbətində bildirir:
“Qərb mədəniyyəti gözəlliklə eybəcərliyin çulğaşmasıdır. Ağıllı xalq və ayrı-ayrı adamlar pisi rədd etməklə yaxşı nə varsa, hamısını mənimsəyib öz mədəniyyətinə əlavə etməlidir ki, onu zənginləşdirsin… Qərb hər şeyi ancaq bir ölçüdə görür, onun üçün yalnız maddi rifah önəmlidir“.
Ayətullah tələbələrə üz tutub etiraf edib ki, təkcə İran müəlliflərini sevmir, həmçinin Lev Tolstoyu, Mixail Şoloxovu, Onore de Balzak və Mişel Zevakonu yüksək qiymətləndirir, Viktor Hüqonu isə ən yaxşı yazıçı sayır. O deyib: “Mənə elə gəlir ki, Viktor Hüqonun “Səfillər”i bütün ədəbiyyat tarixində ən yaxşı əsər, əsl mirvaridir. Bu, bir kitabdakı tarix, sosiologiya, tənqid, sevgi tarixçəsi və insan hissləridir”.
Lakin ədəbiyyat və musiqiyə sevgisi musiqinin uşaqların ağlını korlaması barədə Xameneinin fitva verməsinə mane ola bilmədi: “Ənənəvi İran musiqisi də Qərb musiqisi kimi, məktəblərdə uşaqların ağlını korlayır”. ölkədə dərhal xeyli musiqi məktəbləri bağlandı.
Xamenei fitva verib ki, nüvə silahının istehsalı, toplanması və tətbiqi İslam tərəfindən qadağan olunub. Lakin sonradan “neft və qaz ehtiyatlarının sonsuz olmadığını” qeyd edərək, dinc nüvə proqramını bəyənib…
“Böyük şeytan”la münasibət
Xamenei bütün bu onilliklərdə İranda “Böyük Şeytan” adlandırılan Birləşmiş Ştatları həmişə tənqid edib. Ali dini rəhbər mütəmadi olaraq öz çıxşlarında həm Səddamın 1980-ci ildə İrana hücumunu ABŞ-ın qınamaqdan imtina etməsini, həm də amerikalıların 1988-ci ildə Fars körfəzi üzərində sərnişin təyyarəsini necə vurmasını xatırladır. Həmin aviaqəzada 66-sı uşaq olmaqla, 290 nəfər həlak olmuşdu…
Ancaq ali dini rəhbərin ritorikasının kəskinliyi son illərdə tədricən zəiflədi. Məsələn, 2000-ci ildə İran hökuməti qrşısında çıxşı edərkən söylədi: “Amerikalılar islam respublikası quruluşunun dağılması üçün əhatəli plan işləyib hazırlayıblar… Onu SSRİ-nin məhv edilməsi üzrə planın eynisi adlandırmaq mümkündür”.
Artıq bir neçə ildən sonra isə Yəzd şəhərində tələbələrlə görüşündə dəqiqləşdirdi: “Xarici siyasətimizin təməli ABŞ-la münasibətləri kəsməkdir. Amma heç vaxt bildirməmişik ki, münasibətlər həmişəlik kəsilib”.
2009-cu ilin martında ABŞ-ın təzəcə seçilmiş prezidenti Barak Obama Vaşinqtonla Tehranın diplomatik münasibətlərində yeni mərhələdən danışdı. Xamenei buna cavab olaraq dedi: “Baxarıq və qərara gələrik. Siz dəyişilsəniz, onda bizim davranışımz da dəyişiləcək”.
Xameneinin 2014-cü ildə yazın ilk günündə Məşhəddə ənənəvi çıxışından sonra iki dövlətin münasibətindəki mülayimləşmədən danışmağa başladılar. Ayətullah vərdişi üzrə ABŞ-la birbaşa təmaslar barədə nikbinliyin olmamasını qeyd edərək qəflətən əlavə etdi: “Lakin mən bunun əleyhinə də deyiləm”.
Rusiya EA Dünya İqtisadiyyatı və Beynəlxcalq Münasibətlər İnstitutunun elmi əməkdaşı Georgi Mirskinin “Lenta.ru”-ya bildirdiyi kimi, rəhbərin xoşuna gəlməsə də, İran hazırda Qərbə bəzi güzəştlər etməli olur: “Hər bir rəhbərin siyasəti vəziyyətdən asılıdır. İran iqtisadiyyatı ağır durumdadır. Xamenei bununla, həmçinin öz elitasının rəyi ilə razılaşmalıdır. Əlbəttə, hər şey ancaq Xameneidən asılı olsaydı, Qərblə hər cür yaxınlaşmanın əleyhinə olardı. Baş ayətullah dəfələrlə deyib ki, İran ABŞ-la barışsaydı, “Qərb casusları ölkəni başına alardı”. İran Respublikasının banisi də hey deyirdi: “Biz Qərbin ordusundan deyil, universitetlərindən ehtiyat edirik””.
Daxili və xarici tənqidlər
Solçu “Mucahiddin-e xəlq” radikal partizan təşkilatı 1981-ci ilin iyununda Əli Xameneiyə sui-qəsd etdi. Mətbuat konfransında siyasətçinin lap yanında partlamış bombanı maqnitofonda gizlətmişdilər. Nəticədə onun sağ qolu işləmədi.
İran MSK-sı 2009-cu ildə prezident seçkilərinin nəticələrini elan edəndən sonra (Mahmud Əhmədine
cad səslərin 63%-ni toplayıb qalib gəlmişdi) ölkəni etiraz dalğaları bürüdü. “Yaşıl hərəkat” adını almış yürüş iştirakçıları qışqırırdılar: “Mənim səsimi kim oğurladı?”, “Rədd olsun diktatura!”. Etirazçıların 11-i öldürüldü, yüzlərlə insan həbs edildi. Bir müddətdən sonra Ağsaqqallar Şurasına (ölkənin ali rəhbərini seçən dövlət orqanına) bir neçə anonim məktub gəldi. Onların birində Xameneinin ölkəni idarə etməyə qabil olub-olmamasının araşdırlması tələb olunur, o birində isə ruhanilərin hansısa təmsilçiləri rəhbəri diktator adlandırıb istefasını tələb edirdilər. “The New York Times”-ın yazdığı kimi, Tehranın küçələrində hətta “Xameneiyə ölüm!”çağrışı ilə divar yazıları göründü…
Qərbdə Ali dini rəhbərin halına çox da acımırlar. Almanların “Fokus” dərgisi bir neçə il əvvəl iddia edirdi ki, Xamenei 100 milyard dollarlıq biznes imperiyasının sahibidir. Yəni, 1979-cu ildə devrilmiş şah Pəhləvidən varlıdır. Nəşrin məlumatına görə, biznes-aktivlər “neft, maliyyə, telekommunikasiya və hətta dəvəquşu yetişdirilməsi də daxil olmaqla” İran iqtisadiyyatının praktik olaraq hər bir sahəsində mövcud olan SETAD (İmamın sərəncamlarının icrası üçün mənzil-qərargah) adlı holdinqdə cəmləşib. SETAD yoxsullara və veteranlara yardım üçün yaradılıb. Lakin daşınmaz əmlakın idarə olunmasına girişib və İranın onlarla şirkətində payını artırıb. Holdinq barədə məlumat gizli saxlansa da, bəzi məlumatlara görə, ümumi məbləğ 95 milyard dollar həcmində qiymətləndirilir ki, bu da İran neftinin illik idxalını 40 % üstələyir.
Xələf intizarında
75 yaşlı Ali dini rəhbər ötən ilin sentyabrında xəstəxanaya düşdü və ciddi əməliyyata mərtuz qaldı. Onun özünü pis hiss etməsi barədə çoxdan danışırdılar. İndi isə rəsmən etiraf edildi. ölkədə şayiələr gəzirdi ki, xələf axtarmağın vaxtıdır. Ayətullah həmvətənlərini inadırırdı ki, onun sağlamlığına görə rahatsız olmağına dəyməz, lakin rica edirdi ki, ona və “millətin birliyinə görə” dua etsinlər…
Xameneinin varisi kimin olacağı aydın deyil. Ondan sonra kimin gəlməsindən asılı olmayaraq, ökənin daxili və xarici siyasətinin güclü şəkildə dəyişiləcəyini güman etməyinə dəyməz. İran öz mühafizəkar elitası ilə kəskin hərəkətlərə dözmür.
Kseniya Melnikova, Лента.ru
Materialı Fərzuq Seyidbəyli tərcümə edib.