XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 İyul 2016 - 21:49

Türkiyədəki hərbi çevrilişlərin altındakı müəmma:Səbəblər nə, nəticələr nə?

darbe-2

15 iyul 2016-cı il. Bu tarixdə Türkiyənin siyasi həyatını tamamilə dəyişdirəcək bir hadisə baş verdi: Türk ordusunun xeyli sayda yüksək rütbəli zabitinin iştirakıyla siyasi hakimiyyətin çevriliş planı baş tutmayınca, xalq dəstəyini arxasına alan AKP hakimiyyəti ordudan tutmuş hüquq mühafizə orqanlarına, təhsil sisteminə qədər bütün rəsmi qurum və quruluşlarda FETÖ-çü ovuna başladı.

Ən ciddi təmizləmə əməliyyatı isə, təbii ki, Türk Silahlı Qüvvələrində aparıldı. Məlumata görə, ordudan minlərlə hərbi qulluqçu uzaqlaşdırıldı, 150-dən çox general nəzarət altına alındı, həbsə atıldı. Türk ordusunda bu zamana qədər generalların sayının 347 nəfər olduğunu nəzərə alsaq, onların, az qala, yarısının sıradan çıxarıldığını görə bilərik.

Dəyişikliklər bununla da qalmadı. Bütövlüklə Türk ordusunun strukturu dəyişdirildi. Dünən Türkiyənin “Rəsmi Qəzet”ində dərc edilən qanun hökmündə qərarnamə ilə ordunun Baş Qərargahı Müdafiə Nazirliyinin tabeçiliyinə verildi. Yüksək Əsgəri Şuranın tərkibinə Prezident, Baş nazir, Müdaifə naziri kimi mülki şəxslər də əlavə olundu və əsas qərarvericilik hüququ da bu şəxslərə keçdi. Hərbi məktəblər bağlandı və hərbi kadr yetişdirən bütün təhsil ocaqları yeni yaradılan əsgəri universitetə tabe olundu.

Bir sözlə, Türkiyə ordusunun yenidən nizamlanması prosesinə start verildi.

Bəs, görəsən, bu islahatlar baş tutacaqmı? Ən əsası, arxasında ABŞ-ın dayandığı iddia edilən 15 iyul çevriliş cəhdinin hədəfləri nə idi? Niyə təkcə hərbi qiyamda iştirak edənlərin cəzalandırılmasıyla kifayətlənilmədi, bütün hərbi strukturda radikal islahatlara qərar veririldi?

Bütün bu suallara cavab vermək və ümumiyyətlə, qardaş ölkədə tez-tez baş verən hərbi çevrilişlərin mahiyyətini anlamaq üçün Türkiyəli araşdırmaçı Sinan Tavukçunun 17 noyabr 2011-ci ildə qələmə aldığı “27 maydan günümüzə ordunun yenidən qurulması və professional əsgərlilk" adlı məqaləsini oxumaq yetərlidir. Məqalə xeyli uzun olduğundan oxucularımızı yormamaq məqsədilə onu hissə-hissə diqqətinizə təqdim edəcəyik.

Strateq.az-ın Azərbaycan türkçəsinə sadələşdirdiyi məqaləni təqdim etməmişdən əvvəl kiçik bir haşiyəyə ehtiyac duyuruq.

Haşiyə: 

İkinci dünya müharibəsi dövründə ABŞ, İngiltərə və Rusiyanın hədə-qorxuları nəticəsində Almaniyaya dəstək verən bir sıra ölkələr geri addım atmaq məcburiyyətində qaldılar. Türkiyə də məcburən faşist Almaniyasından üz döndərən, hətta faşizmə qarşı müharibə elan edən ölkələrdən idi. Di gəl ki, Ankara bu addımını atanda artıq müharibə də bitmişdi.

İddialara görə, Almaniyanın məğlubiyyətindən sonra Hitlerə yazılmış məxfi məktublar sovetlərin əlinə keçmişdi. Həmin məktublardan bəziləri isə Türkiyə rəsmilərinə aidiydi. Məktublardan bəhanə kimi istifadə edən Stalinin rus qoşunlarını Türkiyəyə tərəf yönləndirmə ehtimalı yaranmışdı. Qardaş ölkə bu təhlükədən xilas olmaq üçün 1946-cı ildən etibarən NATO-nun çətiri altına girmək məcburiyyətində qalmışdı. NATO isə qardaş ölkə qarşısında şərt qoymuşdu: Türk ordusu Alyansın standartlarına uyğunlaşmalı, onun hərbi doktrinasını qəbul etməliydi.

İllərlə davam edən yenidən nizamlanma prosesindən və Koreya müharibəsinə yeni müttəfiqləriylə birgə qoşulduqdan sonra, nəhayət, 1952-ci ildə Türkiyə  NATO-nun üzvu olmaq hüququ qazandı. Bununla da Türkiyə tarixinin tez-tez təkrarlanan dövlət çevrilişləri mərhələsi başladı…

 

“27 maydan günümüzə ordunun yenidən qurulması və professional əsgərlilk"

Sinan Tavukçu, 17 noyabr 2011 

 

1960-ci ilin əvvəlindən etibarən Menderes hökuməti ABŞ-a və NATO-ya kor-koranə təslim olma siyasətindən imtina etmək, Sovetlər Birliyi başda olmaqla, qonşu ölkələrlə qarşılıqlı güvən və əməkdaşlığa söykənən siyasətlər yürütmək istiqamətində addımlar atmağa başlamışdı. Təsadüfi deyil ki, hökumət ABŞ-dan gizli olaraq, 15 iyulda Baş nazirin Sovetlər Birliyinə ziyarətini planlaşdırmışdı. Bu yeni tendensiya dərhal sona çatdırıldı. Özü də hamısı ABŞ-da hərbi təhsil almış 38 qiyamçı zabit tərəfindən. 1960-cı il 27 may hərbi çevrilişi ilə Menderes hökuməti yıxıldı.

Qiyam edən Milli Birlik Komitəsi yayınladığı çevriliş bəyannaməsində açıq-aşkar NATO və CENTO-ya bağlılıqlarını elan etdi, Cemal Gürsel çevrilişin ertəsi günü ABŞ səfiri Fletçer Varrenlə görüşdü, ABŞ ilə müttəfiq olduğuna və Amerikayla bağlı siyasətini qətiyyən dəyişdirilməyəcəyinə zəmanət verdi. Vaşinqton çevrilişçi zabitlərin əliylə Türkiyənin ABŞ orbitindən kənara çıxmasının qarşısını almış, NATO, CENTO və ABŞ-a bağlılıq deviziylə çevriliş edənlərin bu əməllərini 30 may 1960 tarixində tanımaqla mükafatlandırmışdı.

Çevriliş yalnız DP hökumətinin yıxılmasıyla nəticələnməmişdi. Orduda ABŞ-NATO məhvərinin planlaşdırma və maliyyələşdirilməsi ilə böyük bir təmizlik əməliyyatı başlanmışdı. 27 may çevrilişindən sonra 275 general və admiral, 7.000 polkovnik, podpolkovnik və mayor rütbəsindəki zabit ordudan uzaqlaşdırılmışdı. ABŞ səfiri Varrenin 11 avqust 1960-ci il tarixli hesabatına görə, təqaüdə göndərilən zabitlər generalların 90% -i, polkovniklərin 55%-i, podpolkovniklərin 40%-i, mayorların isə 5%-ni əhatə edirdi. Təqaüdçü İnqilab Zabitləri (EMİNSU) olaraq bilinən bu təmizlik hərəkatının maliyyələşdirilməsi tamamilə ABŞ tərəfindən təmin edilmişdi. Təmizlik əməliyyatının məqsədi 1952-ci ildə NATO-ya rəsmi üzv olan Türk ordusunun həm təşkilat quruluşu, həm də tarix və düşmən qəbulu baxımından NATO standartlarına uyğun hala gətirilməsi idi. Türkiyənin NATO orbitindən kənara çıxmaması üçün, ordunun bu Alyansın anlayışını mənimsəməsi, Amerika hərb doktrinalarına görə formalaşdırılması lazım idi. Bu əməliyyatla Türkiyə Silahlı Qüvvələrinin (TSQ) NATO standartlarına və anlayışına uyğun olaraq, yenidən formalaşdırılmasına başlanıldı. Ötən əsrin modernləşmə səyləri alman hakimiyyətinə təslim olmaqla nəticələndiyi kimi, ABŞ-NATO əliylə modernləşmə təşəbbüsü də bu güclərin Türkiyədə hakimiyyət qurmasıyla nəticələnəcəkdi.

27 May 1960-cı ildə qiyama qalxan xuntanın 1954-ci ildə qurulduğu məlumdur. Bu tarix, çevriliş səbəbi olaraq göstərilən iddiaların heç birinin yaşanmadığı dövr idi. 1946-ci ilə qədər istər parlamentdə, istərsə də Nazirlər Kabinetində ağırlıqlı olaraq təmsil edilən hərbi seqment çoxpartiyalı sistemə keçildikdən sonra ağırlığını və sistem üzərindəki mütləq idarəsini itirmişdi. Seçkilər yolu ilə işləyən demokratik sistem davam etdiyi müddətcə, onun təkrar hakimiyyət qurması, pozitivist düşüncənin hədəfi olan "işıqlı" cəmiyyəti inşa etməsi mümkün deyildi. Xunta pusquya yatıb uyğun zamanı gözləmişdi. 1960-ci il çevrilişi eyni dünya görüşünü bölüşən və "qabaqcıl qüvvələr" olaraq adlandırılan alim, jurnalist, ziyalı, bürokrat, hüquqşünasların əməkdaşlığı ilə reallaşdırılmışdı. Yassıada məhkəməsinin (Menderesin mühakimə olunduğu məhkəmə-H.O) nəticəsində DP iqtidarının baş nazirinin, xarici işlər və maliyyə nazirinin edama məhkum edilməsi siyasi yaddaşda dərin izlər buraxmışdı. Bu edamlar daha sonrakı dövrlərdə, hərbi qəyyumluq sistemi xaricinə çıxma meyli göstərən mülki siyasiləri əndazəyə salmaq üçün davamlı xatırladılacaqdı.

Çevrilişdən bir müddət sonra xuntacılar (Milli Birlik Komitəsi – MBK) arasında qarşıdurma çıxdı və iqtidarı vətəndaşlara təhvil vermək istəməyən 14 hərbçi xaricə göndərilərək, yenidən təmizlik əməliyyatı aparıldı. Konstitusiyada aparılan dəyişikliklərlə asılılıq rejimini zəmanət altına alan Milli Birlik Komitəsinin seçkilərə gedərək, iqtidarı siyasi partiyalara təhvil vermək istəyi ordu içərisində bəzi reaksiyalara səbəb oldu. İqtidarı vətəndaşlara ötürmək siyasəti bəzi yüksək rütbəli komandirlərin də dəstəklədiyi "Silahlı Qüvvələr Birliyi" (SQB) adlı bir başqa xunta quruluşunu meydana çıxardı. Bu xuntaya görə, inqilab seçkilərə getmək üçün deyil, ictimai quruluşun dəyişdirilməsi və Atatürkçülüyə dönüşü təmin etmək üçün həyata keçirilmişdi, ancaq bu hədəflər hələ də gerçəkləşməmişdi. Bu düşüncədəki zabitlər 27 may ideallarının seçkilərlə sıradan çıxarıldığını və "Atatürkçülüyə deyil, İnönüçülüyə dönüldüyünü" iddia edirdilər. Onların fikrincə, seçkilər demaqogiya və avanturist vədlərlə xalqı aldadan siyasətçilərin seçilməsi nəticəsini doğururdu və daim mühafizəkar zehniyyət sahibləri iqtidarı ələ keçirirdi, xalqın xeyrinə olan inqilabları edəcək kadrların rəhbərliyə gəlməsi ancaq seçki qutularından kənarda, qiyamlar yolu ilə mümkün idi.

Xunta mənsublarının 22 fevral 1962-ci və 21 may 1963-cü il tarixlərindəki iki dəfə çevriliş cəhdləri yüksək rütbəli zabit və siyasətçilərin əməkdaşlığı nəticəsində yatırıldı. Xunta liderlərindən polkovnik Tələt Aydemir ilə mayor Fəthi Gürcan edam edildi. Bu xuntayla əlaqəsi olan bir çox zabit ordudan ixrac edildi. Ancaq xuntaçılıq damarı bəzi mülki qüvvələrin də dəstəyi ilə TSQ içində qüvvətli şəkildə mövcudluğunu qorudu.

27 may çevrilişindən sonra mülki vətəndaşların zabitləri mürtəceləşdirmə (!) ehtimalından qorunmaq üçün sürətlə lojmanlaşma (zabit şəhərcikləri -H.O.) prosesinə start verildi. Beləcə, zabitlərin həyatı qərargah ilə lojman, ordu evləri və tətil düşərgələri arasında məhdudlaşdırıldı və istər-istəməz əsgərlə qeyri-əsgər seqmentləri arasında özgələşmə ortaya çıxdı.

1908-ci ildən etibarən, ölkəni idarə etməkdə olan hərbi quruluş çoxpartiyalı siyasi sistemə keçildikdən sonra itirmiş olduğu mövqeyini geri qaytarmaq və dövlət üzərindəki hegomonluğunu davam etmək üçün bir sıra qurumlar yaratdı və onları 1961 Konstitusiyasına montaj etdi. 1961 Konstitusiyasının 111-ci maddəsiylə qurulan Milli Təhlükəsizlik Şurası (MTŞ) bu məqsədlə yaradılan təşkilatlardandır. Qurulduğundan etibarən MTŞ müşavirə funksiyasını aşan bir şəkildə ordunun daxili siyasətə müdaxiləsinə zəmin hazırlayan və yığıncaqlarında əsgəri təlimatlarını diktə edən qurum olaraq fəaliyyət göstərir. “Respublika qurulduqdan sonra dörd bir yanımızın düşmənlə çevrildiyini” və “Türkün türkdən başqa dostu” olmadığı təbliğatının güclü bir şəkildə aparılması və yayılması, əsgərin təsir gücünü mülki sahələri də əhatə edəcək şəkildə genişləndirilməsi legitimləşdirildi. Buna içəridəki irtica və separatçılıq təhlükəsi də əlavə edildiyindən, qəyyumluq rejiminə etiraz edəcək bir səbəb qalmadı. Çünki söhbət təhlükəsizlikdən gedirsə, demokratik tələblər fantaziyadan başqa məna daşımır. Necə ki, 28 fevraldan sonra "Söhbət vətəndən gedirsə gerisi təfərrüattır" şüarı ortaya atılacaq, qəyyumluq rejiminin bəzi vətəndaşlar tərəfindən mənimsənilməsi təmin ediləcək, demokratiya və insan hüquqları tələbləri təfərrüata endiriləcəkdi.

Türkiyənin ABŞ-NATO əlaqələrində Kipr məsələsi ən təyinedici faktora çevrildi. Kipr rumlarının silahlanması və adada yaşayan türklərə qarşı qırğına başlamasından sonra  Türk hökuməti 2 iyun 1964 tarixində Kiprə hərbi müdaxilə etmək qərarını açıqladı. Bu qərara ABŞ çox sərt reaksiya göstərdi. ABŞ prezidenti Lyndon B. Johnson Baş nazir İsmət İnönüyə olduqca kobud və ləyaqəti alçaldan üslubla yazılmış bir məktub göndərdi. Məktubda NATO müttəfiqlərinin tam razılığı olmadan Türkiyənin Kiprə qoşun yeritməsi nəticəsində ortaya çıxa biləcək Sovet müdaxiləsinə qarşı NATO-nun Türkiyəni müdafiə etmək mükəlləfiyyətinin olmadığı, Birləşmiş Millətlər Təşkilatının Türkiyənin təktərəfli hərəkətinə ən sərt şəkildə reaksiya göstərəcəyi, Kiprə müdaxilə ediləcəyi təqdirdə, Amerika tərəfindən göndərilmiş hərbi vəsaitin istifadəsinə imkan verilməyəcəyi, Ankaranın Vaşinqtonla yenidən və ən geniş ölçüdə məşvərət etmədən belə bir hərəkətə girişməyəcəyinə dair prezident Consona təminat verilməsi, əks təqdirdə, NATO Şurası ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasınin təcili yığıncağının çağrılacağı bildirilirdi. Məktubun ardından Türkiyə müdaxilə qərarından vaz keçmişdi.

Bu məktub 1947-ci ildən 1964-cü ildə qədər davam edən Türkiyə-Amerika münasibətlərində qırılma yaratmış, xarici siyasətini ABŞ-a indeksləyən, təhlükəsizliyini NATO-ya buraxan Ankaranı şoka salmışdı. Məktub həmçinin 1960-ci ildə başladılan, lakin hərbi çevrilişlə yarıda buraxılan Türk-Sovet münasibətlərinin təkrar canlanmasına səbəb oldu. Türk-Amerika əlaqələrinin xeyli zəiflədiyi bu dövrdə Sovetlərin dəvətilə Türkiyə xarici işlər naziri Feridun Cemal Erkin 30 oktyabr 1964 tarixində Moskvaya səfər etdi, Türk-Sovet əlaqələrində yeni bir dövr başladı. Sovetlər Birliyinin o zamankı Baş naziri Aleksey Kosıginin 3 iyul 1965-ci ildə mətbuata verdiyi açıqlamada "Biz siyasi, iqtisadi, mədəni sahədə əməkdaşlıq etməliyik … Sovetlər Birliyinin Türkiyədən heç bir torpaq tələbi olmadığını bəyan edirəm" sözləri hər iki ölkə arasında yeni bir güvən və əməkdaşlıq havasının doğmasına zəmin hazırladı. Dostluq əlaqəsi 12-21 noyabr 1969-cu il tarixlərində prezident Cövdət Sunayın Sovetlər Birliyinə ziyarəti ilə kuliminasiya nöqtəsinə çatdı. Bu dövrdə İskəndərunda dəmir-polad sənaye, İzmirdə Əliağa rafineri, Seydişehir alüminium kompleksi kimi böyük sənaye layihələri Sovet krediti və mühəndisliyi ilə reallaşdırılmışdı.

Bir dəmir pərdə ölkəsi ilə inkişaf etdirilən bu əlaqə ABŞ-ı çox narahat etmiş, Türkiyə ABŞ-ın “qırmızı xəttləri”ni pozmuşdu. 27 may çevrilişindən sonra hazırlanan 05 oktyabr 1960-ci il tarixli ABŞ Milli Təhlükəsizlik Hesabatında Türkiyənin ABŞ xəttindən kənara çıxmasının və Sovetlərlə müstəqil əlaqəyə girməsinin qarşısının alınması məsləhət edilirdi. Hesabatda deyilir:

 "ABŞ-ın iqtisadi müdafiə siyasətinə uyğun olaraq, Sovet bloku üçün lazımlı strateji mallarının ixracını məhdudlaşdırmaq və Türkiyəni qadağalara uymağa məcbur etmək və onu:

a) Müəyyən həssas sahələrdə Sovet blokunun köməyini qəbul etməmək,

b) Bu bloka iqtisadi bağlılıq yaradacaq ticarət əlaqələrini inkişaf etdirmək, ya da ABŞ maraqlarını ciddi şəkildə təhdidə yönəlik əlaqələrə girməmək barədə xəbərdar etmək lazımdır”.

1967-ci ildən etibarən Türkiyənin Yaxın Şərq siyasəti də dəyişmişdi. Həmin il ərəb-İsrail müharibəsi başlayan kimi, Türk hökuməti ölkədəki Amerika bazalarının ərəblərə qarşı istifadə edilməyəcəyini bəyan etmiş, İsraillə döyüşən Misir, İordaniya və Suriyaya yemək və geyim göndərmiş, İsrailin işğal etdiyi torpaqlardan çəkilməsi tezisini gündəmə gətirmiş, Rabatda toplanan İslam sammiti Konfransına xarici işlər naziri səviyyəsində qatılaraq, uzun illərdən bəri, İslam aləmiylə bir araya gəlmişdi.

Xarici siyasi kursda bu dəyişikliklər istər ABŞ, istərsə də NATO tərəfindən qəbul edilməsi mümkün olmayan hadisələr idi. Sovetlərlə yaxşı əlaqələrin yüksəlişə keçdiyi dövrdə ölkədə sol və antikommunist milliyyətçi təşkilatlar törəməyə başladı, daha əvvəl qarşılaşılmayan hadisələr ölkəni bürüdü. Nəticədə 12 mart 1971-ci ildə TSQ “yurdumuzu anarxiya, qardaş döyüşü, ictimai və iqtisadi narahatlıqlar içinə soxan” parlament və hökumətə qarşı ultimativ bəyanat verdi. Dəmirəl hökuməti istefaya getmək məcburiyyətində qaldı. Bu bəyanatdan sonra aralarında İstanbul, Ankara və İzmirin də olduğu 11 vilayətdə hərbi vəziyyət elan edildi. Ölkədə kommunist ovuna çıxılaraq geniş əhatəli həbslər həyata keçirildi. Ordu içərisində “9 martçılar” olaraq bilinən sol düşüncəli hərbi çevriliş tərəfdarı olan zabit heyəti vəzifəsindən uzaqlaşdırıldı. Nəticədə Sovetlərlə qurulan isti əlaqələr növbəti dəfə sona çatdırıldı…

(ardı var)