XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2016 - 16:22

Putin Bakıdan Sarkisyana cavab verəcəkmi? –Rusiyanın yeni vasitəçilik təşəbbüsü sınaq qarşısında – Təhlil

Eliyev-Sarksyan-16

Bakı avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünə ev sahibliyi edəcək. Diplomatların açıqlamalarından məlum olur ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi əsas müzakirə mövzusu  olacaq. Bununla yanaşı, Xəzərin hüquqi statusu, ticarət, mədəniyyət və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də danışıqlar predmeti olacaq.

Şübhəsiz ki, Rusiya prezidentinin Bakı səfəri Qarabağ danışıqlarındakı vəziyyəti də əsas diqqət mərkəzinə gətirəcək. Rusiya Prezidenti Adminstrasiyasının məlumatında qeyd olunub ki, Vladimir Putinin  ikitərəfli görüşlər keçirməsi planlaşdırıb. 

Rusların Bakıda məhz Qarabağ mövzusunda danışmalarını isə Sank-Peterburq şəhərində Azərbaycan, Rusiya, Ermənistan prezidentlərinin son görüşündən sonra yaranmış vəziyyət dikə edir.

 

Sankt-Peterburq görüşünün əks-sədası Yerevanda “fırtına” yaradıb

 

Məlum olduğu kimi, Rusiya bu il – 20 iyunda Sank-Peterburq şəhərində Azərbaycan, Rusiya, Ermənistan prezidentlərinin görüşü ilə başlamış Qarabağ danışıqlarının növbəti mərhələsində əsas vasitəçi missiyasını üzərinə götürüb.

Xatırladaq ki, Sankt-Peterburq görüşünün yekunları ilə bağlı danışıqlardan iki gün sonra Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov detalları açıqlamışdı: “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır: əvvəlcə, Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”.

Sankt-Peterburq danışıqlarından 5 gün sonra isə prezident İlham Əliyev hərbçilərlə görüşdə  bəzi məqamlara aydınlıq gətirmişdi. Prezident bir daha vurğulamışdı ki, proses sürətlənməli və görüntü naminə aparılmamalıdır. Azərbaycan mərhələli həll planını ən məqbul variant hesab edir. Azərbaycan Dağlıq Qarabağın statusu ilə bağlı məsələlərin müzakirəsinə hazırdır. Amma bu status Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində olmalıdır.

Sank-Peterburq görüşündən keçən 44 gün ərzində oradakı müzakirələrinin əks-sədası Bakı və Yerevanda fərqli proseslərə start verib.

Bakıda Azərbaycan rəsmiləri və ictimaiyyəti təmkin nümayiş etdirir və Qarabağ danışıqları ilə bağlı müzakirələr KİV müstəvisində ekspertlər tərəfindən aparılır.

Yerevanda isə  Sankt-Peterburq müzakirələri əsil fırtına yaradıb.  Bu il – iyulun 17-də  keçmiş döyüşçü, "Təsisçi parlament" müxalifət hərəkatının lideri Jirayr Sefilyanın bir qrup silhalı tərəfdarının Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirməsi ilə başlayan proseslər son 4 gündə etiraz aksiyaları ilə nəticlənib. Sarkisyan komandasının sərt cəza tədbiləri, dinc aksiyaların amansızlıqla dağıdılması, Ermənistan prezidentinin üzr istəməsi də ehtirasları sakitləşdirə bilmir.

Ermənistanda heç kim şübhə etmir ki,  J.Sefilyan məhz Sarkisyanı satqın kimi qələmə verdiyi üçün həbs olunub. Sarkisyanın Qarabağ mövzusunda bu qədər cəsarətlə danışan keçmiş döyüşçünü həbs etməklə cəmiyyətə açıq hədə mesajı verdiyi hər kəsə bəllidir. 

Sarkisyanın dünənki açıqlaması isə onun etirazların genişlənəcəyindən necə ehtiyatlandığını bir daha nümayiş etdirdi. Ermənistan prezidenti ictimaiyyət nümayəndələri qarşısındakı çıxışında Qarabağ məsələsində birtərəfli güzəştlərin olmayacağını xüsusi vurğulayıb: "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, istisnadır. Bir daha təkrar edirəm ki, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram". 

 

 Kim kimə təzyiq edir?

 

Yerevandakı hadisələr, Qarabağ danışılqarı intesivləşən və irəliləyişlər barədə açıqlamalar verilən kimi, Ermənistanda işə salınan ənənəvi ssenarilərin yeni formatda təzahürü və Rusiyanın vasitçilik səylərinə əks-reaksiya təəssüratı yaradır. Çox maraqlıdır ki, bu dəfə Sarkisyana qarşı etirazlar erməni diasporu ilə sıx əlaqələrə malik qüvvələr tərəfindən təşkil olunur. Belə qənaətə gəlmək olar ki, açıq söylənməsə də, bu, həm də Rusiyaya və şəxsən prezident Putinə qarşı təpkilərdir.

Çünki budəfəki danışıqlar raundu məhz Rusiyanın və şəxsən prezident Putinin təşəbbüsü ilə aparılır. Bakı və Yerevan səfərlərində Rusiya XİN başçısı Sergey Lavrov dəfələrlə prezident Putinin şəxsi tapşırığı ilə danışıqlar apardığını vurğulayıb.

Adətən, Ermənistandakı proseslərə olduqca həssas yanaşan Rusiya rəsmiləri və ekspertlərinin Yerevandakı etiraz aksiyaları və Sarkisyanın açıqlamaları ilə bağlı sükut etmələri də diqqət çəkir. Ermənistandakı hadisələrlə bağlı bir neçə ekspert artıq dəfələrlə eşitdiyimiz açıqlamalar verirlər.

Prezident Putinin Bakı səfəri isə Rusiyanın mövqeyinin aydınlaşdırılması baxımından çox əhəmiyyətli olacaq. 

Bəs Putin Yerevanda baş verənlərlə bağlı Bakıda danışacaqamı? Məntiqlə Rusiya prezidenti Bakıda erməni həmkarının cavabını verməlidir. Bu kontekstdə Rusiya prezidenti və rus diplomatlarının Qarabağ mövzusunda açıqlamalarını maraqla gözləməyə dəyər.

 

Rusiya prezidentinin  səyləri puça çıxacaq?  

 

Bu mövzuda əvvəlki təhlillərimizdən birində qeyd etmişdik ki, (Putin “Qarabağ düyünü”nü çözməyə kömək edəcəkmi? – 5+2 formulunun məchulları​- Təhlil ) Moskvanın bütün səylərinə baxmayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin 2011-ci ilin 24 iyununda keçirilən Kazan görüşündə tərəflər bu plan üzrə razılığa gələ bilməmişdi. İndi 5 ildən sonra Moskva yenidən danışıqlarda əsas vasitəçiliyi öz üzərinə götürüb. Rusların Qarabağ danışıqlarında irəli getmək niyyəti açıqca hiss olunur. Bunun motivləri barədə çox müzakirə açmaq olar.  Amma rusların yalnız münaqişənin “donmuş” vəziyyətdə saxlanılması üçün bu qədər səy göstərməsi inandırıcı görünmür. Bunun üçün Moskvanın digər təsir imkanları var və ruslar, yəqin ki, özlərini bu qədər çətinə salmazdılar. Axı ortada Rusiya və prezident Putinin imici məsələsi də var.

Moskvanın mərhələli həll variantı üzərində ciddi dayandığı da nəzərdən qaçmır. Prezidentlərin 19 mayda keçirilən Vyana görüşündən sonra Rusiya XİN başçısı bunu çox açıq söyləmişdi: “Biz məsələni sona çatdırmaqda qərarlıyıq. Tərəflər arasında gərginliyi nəzərə alaraq, münaqişənin mərhələli şəkildə həllinə çalışacağıq. Tənzimlənmənin birinci mərhələsini razılaşdırmaq üçün imkanlar var. Bunlar Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə formalaşdırılıb. Bu, ABŞ və Fransa tərəfindən də dəstəklənib. Bizim belə hesab etməyə əsasımız var ki, Azərbaycan və Ermənistan bu güzəştlərin formalaşmasına köklənəcəklər".

Yerevanda baş verənlər isə Rusiyanın səyələrinin əksinə olaraq, Ermənistanın yenə danışıqlar masasından qaçmağa kökləndiyini nümayiş etdirir. Yaxud Yerevanı buna kökləməyə səy göstərirlər.

Bu məsələlərə rusların mövqeyinin öyrənilməsi üçün Putinin Bakı səfərindən çox gözləntilər var. Yenə qeyd edək ki, məntiqlə Putin və rus diplomatları bu hadisələrə, Sarkisyanın son açıqlamalarına münasibət bildirməlidirlər. Bu, həm də Moskvanın vasitəçi kimi nə dərəcədə qətiyyətli mövqe tutduğunun sınağı olacaq.

 

Zaur İBRAHİMLİ

Strateq.az