XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

07 Avqust 2016 - 11:09

Putin-Ərdoğan görüşündə Gülən mövzusu:Ankara manerasını dəyişəcəkmi? -Təhlil

GE

Hakan Aksay

T24 (Türkiyə), 06.08.2016


 

“Gülənin məktəbləri xüsusunda Ərdoğanın Putinə münasibətdə hücumu”… Bu, arxivimdəki xəbərlərdən birinin başlığıdır.

Bunu oxuyarkən nə barədə düşündünüz? Yəqin, hesab edirsiniz ki, Ərdoğan Gülən məktəblərinin bağlanmasını tələb edərək Putinə qarşı “kəskin şəkildə çıxış edib” (Düzdür, bilirik ki, Ərdoğan o vaxtlar Putinə meydan oxuyacaq halda deyildi, lakin bu, ayrı məsələdir). Buradakı  fikir isə sıradakıdır: Ərdoğan ona görə Putinin üzərinə gedib ki, “Gülən məktəbləri bağlanmasın”, yəni buna eyham vurub…

Bir vaxtlar…

Kəşfiyyatdan çıxmış və 1999-cu ilin sonunda Rusiyanın başında durmuş Putin Gülən Camaatına məxsus təşkilat və məktəblər sarıdan narahat idi. Bir müddətdən sonra Tatarıstan, Başqırdıstan, Dağıstan, Yakutiya, Qaraçay-Çərkəz respublikalarında, həmçinin Həştərxanda bu cür məktəblər bağlandı. Sonra isə digərləri. Əksər məktəblərin əməkdaşları ölkədən çıxarıldı. Rusiya mətbuatında “bu məktəblərin ABŞ-la əlaqəsi”, “bu müəssisələrdə çalışan bəzi türk və amerikalıların MKİ-nin agenti olduğu”, bu məktəblərdə “terrorçuların hazırlandığı”, “pantürkizimin yeridildiyi” və “dini təşkilatlar üçün kadrlar yetişdirildiyi” haqda çox yazıblar.

(“Yeni Akit” qəzeti bir neçə ildən sonra yazmışdı: “Paralel dövlət strukturunu 2000-ci ildə ilk dəfə Rusiya faş edib”; 10 may, 2015-ci il).

Təxminən, səkkiz il öncə BBC-nin məqaləsində bildirilirdi ki, Rusiyada və türkdilli respublikalarda gülənçilərlə bağlı 236 məktəb və 500 yataqxana var.

O vaxtlar prezident Gül və baş nazir Ərdoğan dəfələrlə xəbərdarlıq və Moskvadan bu məktəblərin bağlanmasına mane olmağı xahiş ediblər.  Gülənin təşkilatları bu cür təşəbbüslər üzündən Rusiyada bir qrup qırğı kəşfiyyatçıda narazılıq yaransa da, bütünlükdə öz varlığını saxlamağa və gücünü möhkəmlətməyə nail oldu.

 

Gülən Putin-Ərdoğan sammitinin gündəliyində

 

Rasim Ozan Kütahyalı 2013-cüv il avqustun 13-də “Sabah” qəzetindəki “Rusiya, Gülən Camaatı və Ərdoğan” başlıqlı məqaləsində qeyd edib: “Yeni Türkiyənin iki ən önəmli oyunçusu Tayib Ərdoğan və Fətulla Güləndir” və sıradakını yazıb: “Xeyli əziyyət çəkərək Rusiya hinterlendində məktəblər açmış Gülən hərəkatı bu çirkin əməliyyatdan çox qorxdu və ziyan gördü. Rusiya kəşfiyyatının məqsədi bundan ibarət idi ki, Ərdoğan hökuməti ilə Gülən hərəkatı arasındakı soyuq münasibətdən faydalansın və Ərdoğandan “Güləndən təhlükə qaynaqlanır” təqdirini alsın. Heç şübhəsiz, Gülən hərəkatı ilə bağlı türk məktəbləri bu ölkənin qürur qaynağıdır”.

2013-cü il 17-25 dekabr qalmaqalından sonra (dörd nazirin və Ərdoğanın oğlunun dəxli olduğu “Böyük rüşvət” qalmaqalı-tərc.) durum kökündən dəyişildi. Ankara bu dəfə Moskvadan xahiş etdi ki, gülənçilərin istənilən fəaliyyətinə mane olsun. Lakin Rusiya rəhbərliyi Camaata qarşı fəal tədbirlər görmədi.

Tamamilə mümkündür ki, bir neçə gündən sonra Sankt-Peterburqda baş tutacaq Putin-Ərdoğan sammitinin gündəliyindəki maddələrdən biri elə bu məsələ olacaq. Ərdoğan öz tələbini təkrar edəcək. Hətta Gülən hərəkatı ilə bağlı ruslardan kəşfiyyat məlumatları əldə etməyə çalışacaq. İstənilən halda sammitdən sonra gülənçilərin Rusiyada işləməyi əvvəlkindən çətin olacaq. Çünki həm Rusiya, həm də Türkiyə çox böyük manevrə hazırlaşır ki, bir-birilə yaxınlaşsın və fayda götürsün. Görünür, gülənçilər, kürdlər, Krım, və digər bir xeyli potensial mübahisə mövzuları asanlıqla ikinci plana keçəcək.

 

“Tayib abi” demiş lider “nanəcibdir”?

 

17-25 dekabrdan və xüsusən də çevriliş cəhdindən sonra Türkiyə “Fətulla Gülənin FETÖ terrorçu təşkilatının dünyadakı bütün məktəblərini” bağlatdırmaq üçün beynəlxalq səfərbərlik elan edib. Bir qiymətləndirməyə görə, Camaatın dünyanın 150, digərinə görə, 170 ölkəsində minlərlə (müxtəlif qaynaqlarda iki, üç min göstərilir) məktəbi, litseyi, universiteti var. Türkiyənin çağırışından dərhal sonra bu məktəblərin bağlanması (və yaxud ən azı, bu cür addım görüntüsü) istiqamətində addım atılıb: məsələn, Azərbaycan, İordaniya, Somali, Şimali Kipr Türk Respublikası.

Əksəriyyəti susur və durumu “yönəltməyə” cəh edir. Amma kimsə Ankaraya mənfi cavabdan özünü saxlaya bilmir: məsələn, Keniya, Nigeriya, İndoneziya, Qırğızıstan.

Əlbəttə, Qırğızıstan tamamilə ayrıca və Ankaranı sarsıdan əhvalatdır. Bundan başlayaq ki, o, “türkdilli” ölkədir. Hətta dedikcə balaca (əhalisi cəmi altı milyondur) və zəif iqtisadiyyatlı ölkədir. Türkiyədən dəfələrlə yardım və kredit alıb. Bundan başqa, türk dilini bilən prezident Almazbek Atambayev bu yaxınlaradək təkcə Ərdoğana “Tayib abi” deyirdi. Xarici işlər naziri Çavuşoğlunun Qırğızıstanda teraktlar və hətta çevriliş baş verə biləcəyi haqda xəbərdarlığı təhdidi keçdi: “Onlara (FETÖ üzvlərinə) münasibətinizi dəyişməsəniz, biz sizə yanaşmağımızı dəyişəcəyik”.

Qırğızısatn XİN-in mənfi reaksiyasından sonra Atambayevin kəskin reaksiyası gəldi: “Çevriliş xəbərdarlığı cəfəngiyyatdır! Madam onlar bu qədər ağıllıdırlar, onda niyə öz ölkələrindəki çevrilşi əvvəlcədən görmədilər? Qoy heç kim bizi qorxutmağa cəhd etməsin! Biz müstəqil ölkəyik və bizə nəyin gərək olduğunu özümüz qət edərik”.

Qazaxıstan təhsil nazirliyinin Türkiyədən gəlmiş “FETÖ məktəblərinin təcili bağlanması” haqda çağırışa mənfi cavabı da Türkiyə rəhbərliyinə xoş gəlməyib. Bu nazirlik 2014-cü ilin aprelində bildirib ki, türk-qazax litseyləri bağlanmayacaq, çünki Qazaxıstan dövlətinin himayəsində, yerli büdcədən maliyyələşdirilən strukturun çərçivəsindədir. Həmçinin siqnal verilib: “Türkiyə rəhbərliyinin bu məktəblərdə səs hüququ yoxdur”.

Gözlənilir ki, bu məsələ bu gün (dünən-tərc.) Ankaraya səfər edən prezident Nursultan Nazarbayevlə müzakirə ediləcək.

 

Postsovet respublikaları strateji önəmə malikdir

 

Gülən Camaatının (və yaxud Xidmət Hərəkatının) beynəlxalq təşkilati sxemində keçmiş sovet respubklikaları böyük əhəmiyyətə sahibdir. Camaat bu bölgədə təkcə məktəblər deyil, həm də iş adamları assosiasiyaları, mədəni cəmiyyətlər, tibb qurumları, beyin mərkəzləri yaradıb. Bəziləri bağlanıb, digərlərinin rəhbərləri dəyişdirilib və idarəçiliyi yerləşdiyi ölkənin vətəndaşları ələ alıb. Bu gün Türkiyənin gülənçilərə amansız münasibəti üzündən Rusiyadan Gürcüstana, Azərbaycandan Tacikistana qədər bir sıra ölkələrdə bu və ya digər dərəcədə gərginlik hiss olunur. Deyə bilərik ki, Özbəkistan və Türkmənistanda başqa durumdur. Çünki orada da Gülən strukturlarına münasibət amansızdır. Özbəkistanda 65 türk məktəbi qurulmuşdu. Lakin 1999-cu ildə Ankara ilə Daşkəndin münasibətləri korlanarkən (böhranı müxalif lider Məhəmməd Salihin Türkiyədə yaşamağı törətdi) Özbəkistan hökuməti bir neçə gün ərzində məktəbləri bağladı və əməkdaşlarını ölkədən çıxartdı. Türkmənistanda meydana çıxmış rahatsızlıq Özbəkistandakı qədər kəskin formada olmasa da, oxşar nəticələrə gətirib çıxartdı. 2011-ci ildə “nurçuluğun artan təhlükəsi” (nurçuluq – ilahiyyatçı Səid Nursunun ideyalarını yayan ideoloji hərəkatdır, Fətulla Gülənin versiyasında isə İslamı və pantürkizmi yayır-tərc.) ilə bağlı 1992-ci ildən fəaliyyət göstərən 14 türkmən-türk məktəbi işini dayandırdı.

2015-ci ilin yanvarında Tacikistan rəhbərliyi isə 1994-cü ildə imzalanmış saziş çərçivəsində yaradılmış altı tacik-türk məktəbinin strukturunun dəyişdirildiyini bildirdi. Lakin bu məktəblərin əsas maliyyələşmə qaynağı kimi çıxış edən “Şalola” şirkəti fəaliyyəti davam etdirdiyinə görə Ankara qəbul edilmiş qərardan tam məmnun qalmadı.

Azərbaycan Ərdoğanın basqısı altında 2014-cü ildə 11 litseyi bağladı. Lakin bu litseylərin bir aydan sonra başqa ad altında yenidən açılması və SOKAR neft şirkətinə bağlı olduğunu çoxları “hiyləgərlik” kimi şərh edir. Bakı bu günlərdə isə Camaatla bağlı olan “Qafqaz” universitetinin və çevrilişə cəhdin gedişində yayımı diqqətdən kənarda qalmayan ANS telekanalının fəaliyyətini dayandırıb.

 

Qırğızıstan və Qazaxıstanda hər şey başqa cürdür

 

Qırğızıstan Gülən strukturunun ən uğurlu və geniş yayıldığı ilk ölklərdən biridir. “Səbat” adıyla təşkil edilmiş qırğız-türk məktəbləri 1992-ci ildən mövcuddur. Bəzi ekspertlərin fikrincə, Gülən Camaatı ilə bağlı məktəblər bu günki qırğız təhsil sisteminin bünövrəsidir. 16 litsey, iki beynəlxalq məktəb, bir universitet (Atatürk-Alatoo) hər il 11 minə yaxın məzun buraxır.

Qeyd olunur ki, Qırğızıstanda hakimiyyətdə olanların və hakimiyətə yaxın sosial qrupları (müxtəlif partiya və nəsilləri) təmsil edənlərin, təxminən, yarısı son on beş ildə Gülən məktəblərində təhsil alıb. Buna o faktı da əlavə edək ki, bu gün praktik olarq bütün siyasətçilərin, biznesmenlərin və mədəni aləmin təmsilçilərinin övladları bu məktəblərdə oxuyur. Qazaxıstanda Camaatla bağlı olan və 1993-cü ildən yayılmağa başlayan məktəblər isə 1997-ci ildə Qazaxıstan-Türkiyə təhsil fondunun (KATEV) himayəsi altına yığılıb. KATEV 29 litsey, bir universitet (Süleyman Dəmirəl adına), bir kollec, bir ibtidai məktəb və bir orta məktəbi birləşdirməklə tədricən kompleks srtuktura çevrilib. 

Qazaxıstanın müasir elitasının dörddə biri bu təhsil müəssisələrini bitirmiş şəxslərdir; Qazaxıstanda 40 yaşa qədərki dövlət qulluqçularının hər beş nəfərindən biri Gülən məktəbini qurtarıb; bu gün ölkənin bu elitar dairələrinin uşaqlarının 85%-i  bu məktəblərdə oxuyur. Bütün bunlar nəzərə alınarkən Qazaxıstan hökumətinin mövqeyi daha başadüşülən olur.

 

Kimsə soruşa bilər: “Sizi niyə aldatdılar?

 

Yəqin ki, bu mövzu hələ uzun müddət gündəlikdə qalacaq. Ola bilsin, Ankaranın mövqe və manerasını dəyişməyi tələb olunur. Məsələ burasındadır ki, hələ dünən tozunu üfürdüyün, var gücünlə dəstəklədiyin, dövlətin birinci şəxsləri səviyyəsində ziyarət etdiyin, uyğun ölkələrin rəhbərləri tərəfdən də hədiyyə gözlədiyin məktəbləri bağlamağı tələb edir və “terrorçu yuvaları” adlandırırsan. Ola bilsin, ölkə daxilində bunu demək asandır, lakin Türkiyədə baş verənlərdən bu qədər uzaq başqa dövlətlərlə neyləyək?

Dövlət siyasəti çərçivəsində və rəsmi dəstəklə möhkəmlənmiş məktəblərin bağlanmasını tələb etdiyin ölkələrin xalqları nə düşünəcəklər? Məgər onlar öz hökumətlərinə basqı etməyəcəklər: “Əgər bunlar terrorçudurlarsa, onda niyə əvvəlcədən aydınlaşdırmadınız və başa düşmədiniz? Niyə onlara lap başdan mane olmadınız?”

Ölkə daxilində asandır… Sən deyirsəsn: “Əgər adam FETÖ üzvüdürsə, qanun üzrə cavab verməlidir” və onu həbsxanaya basırsan. Harada sənin şəxsi məsuliyyətin meydana çıxırsa, deyirsən: “Qoy Tanrı, xalqım məni bağışlasın” və bu mövzunu qapayırsan.

Lakin axı bu formulu dünyanın bütün ölkələrinə təklif edə bilməzsən!..

Türkiyə bütün dünya deyil!..

 

Tərcümə Strateq.az-ındır.   




Yuxarı Əvvələ Ana Səhifə